Icma.az
close
up
RU
Adını tarixə qızıl hərflərlə yazdıran Azərbaycan gəncliyi etibarlı gələcəyimizin qarantı

Adını tarixə qızıl hərflərlə yazdıran Azərbaycan gəncliyi etibarlı gələcəyimizin qarantı

Azərbaycanda əlamətdar tarixi gün – Gənclər Günüdür. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla həmin gün ölkəmizdə qeyd olunur. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb.

Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də gənclər siyasəti uğurla davam etdirilir. Həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Məhz gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında gənclərin rolu əvəzsizdir. Üç il öncə keçirilən Gənclər Forumunda çıxış edən Prezident İlham Əliyev də bunu xüsusi qeyd edib. “Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyə dövlət başçısı xüsusi vurğulayıb. Bəli, Vətənə bağlılıq, sevgi və dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur və Azərbaycan gənci də bu vəzifənin öhdəsindən şərəflə gəlməyə müvəffəq olub.

“Çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək”

Azərbaycanda gənclərə böyük önəm verilib. Bununla bağlı yeni Prezidentin söylədiyi fikirlər diqqət cəlb edir. 2022-ci ildə gənclərlə tarixi görüşdə etdiyi səmimi çıxışını yenə xatırlamaq yerinə düşür. “Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.

Şübhəsiz ki, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Azərbaycan gəncləri də vətənpərvərlik ruhda tərbiyə olunublar. Müharibədə sinəsini qabağa verənlər arasında gənclər əksəriyyət təşkil etdi. Dövlət də bu istiqamətdə ardıcıl, məqsədyönlü proqram və layihələr həyata keçirib. Təsadüfi deyil ki, bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncləri öz əməlləri ilə yeni yetişən nəsil üçün nümunədirlər.

Xaricdə gənclərin təhsili prioritet məsələdir

Azərbaycan gəncləri tək müharibə meydanında deyil, elm, təhsil və digər sahələrdə ciddi uğurlara imza atıblar. Azərbaycan hökumətinin ən ciddi uğurlarından biri şübhəsiz ki, gənclərin xaricdə təhsil proqramlarının həyata keçirilməsidir. Şübhəsiz ki, gənclərin xaricdə təhsili məsələsi də prioritetdir. Bununla bağlı proqramlara 2007-ci ildə başlanılıb. Əvvəlcə 2006-cı ildə qərar verildi, Prezident Sərəncamı imzalandı. İlkin olaraq 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı proqram icra olunmağa başlandı. İlkin mərhələdə gənclər 30-dan çox ölkəyə, müxtəlif ölkələrin 300-dən çox ali məktəbinə ezam edildi, bu məqsədlər üçün 200 milyon manat vəsait xərcləndi.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu sahədə ən mühüm təşəbbüslərdən biri olub. Hazırda “2022-2026-cı illər üçün Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanır. Bundan əlavə, gənclərin ictimai fəallığını artırmaq və onların təşəbbüslərini dəstəkləmək üçün bir sıra layihələr həyata keçirilir. 2011-ci ildə yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin sosial və mədəni inkişafına yönəlmiş layihələrə maliyyə dəstəyi verir. Fondun təşkil etdiyi müxtəlif qrant müsabiqələri minlərlə gəncin fərdi ideyalarının reallaşdırmasına imkan yaradıb.

Məhz həmin xaricdə təhsil alan Azərbaycan gəncləri bu gün ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır. Onlar təkcə elmi və innovativ layihələrdə deyil, həm də ölkənin müdafiəsi və beynəlxalq arenada təbliğatı sahəsində böyük uğurlar əldə ediblər.

Azərbaycan dövləti gənclərin innovasiya və sahibkarlıq sahəsində uğur qazanmasına da xüsusi diqqət yetirir. Son illərdə startap ekosisteminin inkişafı üçün yaradılan fondlar və təşəbbüslər gənc sahibkarların öz ideyalarını reallaşdırmasına kömək edir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilən müxtəlif dəstək proqramları gənc sahibkarların fəaliyyətini stimullaşdırır. Bundan başqa, texnologiya sahəsində istedadlı gənclərin inkişafı üçün müxtəlif hakatonlar və innovativ müsabiqələr təşkil edilir.

Bu gün Azərbaycan gəncləri müasir biliklərə yiyələnir, milli dəyərlərinə sadiq qalaraq ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynayır. Onlar dövlətin yaratdığı imkanlardan maksimum faydalanaraq təhsil, elm, idman, innovasiya və sahibkarlıq sahələrində böyük uğurlar qazanırlar. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə aktiv iştirakı, idmanda qazandığı nailiyyətlər və texnoloji yeniliklər sahəsindəki uğurları onların potensialının göstəricisidir.

COP29 və Azərbaycan gəncliyi

Şübhəsiz ki, Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi əsas istiqamətlərdən biridir. Azərbaycanın ev sahibliyi ilə keçirilən hər bir tədbirdə gənclərimizin aktiv iştirakı və ölkəmizi layiqincə təmsil etməsi sözün həqiqi mənasında bir vətənpərvərlik işidir. 2024-cü il noyabrın 11-də Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) COP tədbirlərində Azərbaycan gəncləri, xüsusən də tələbələr, könüllülər, müxtəlif təşkilatları təmsil edən gənclərimiz xüsusi fəallıqları ilə yadda qaldılar. İstər panel iclaslarında təşkil edilən müzakirələrdə, istərsə də təqdimatlarda gənclərin iştirakı yadda qalan olub. COP29 tədbirlərində gənclərimiz, gənclər təşkilatları kütləvi şəkildə təmsil olundular. Azərbaycan gəncliyi həmişə olduğu kimi, bu dəfə də dövlətimizin gördüyü bu uğurlu və əhəmiyyətli işə böyük dəstək oldular. Gənclərimiz bu prosesə öz töhfələrini verməklə həm bir vətənpərvərlik nümunəsi sərgilədilər, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə öz layihə və ideyaları, fikirləri, təqdimatları ilə töhfələr verdilər.

COP29-da könüllülərin, ümumilikdə, 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyət göstərdilər halının şahidi olduq. Könüllülər bu tədbirin təşkilati işlərinə cəlb olunaraq fərqli sahələrdə öz işinin peşəkarları ilə eyni komandalarda çalışmaq imkanı əldə ediblər. COP29 çərçivəsində COP29 Gənc Liderlik Forumu keçirildi. BMT-nin İqlim Dəyişikliyi Konfransının Gənc Danışıqçılar Akademiyasının (YNA) həyata keçirdiyi beynəlxalq münasibətlər, mətbuat, lobbiçilik və s. kimi müxtəlif sahələrdə çalışan iqlim lideri gənclər bir araya gəldilər. Qeyd olunurdu ki, iqlim dəyişikliyi haqqında fikir mübadiləsi nəsillərarası əlaqəni həll etmək və qlobal iqlim siyasətini formalaşdırmaq məqsədi daşıyır. Forum çərçivəsində gənclərin öz səslərini harada, necə və hansı şəkildə eşitdirə biləcəyi və cəsarətli iqlim fəaliyyətində onların iştirakı kimi məsələlərə toxunuldu. YNA-nın vəkillik lideri Çarli Bevis bildirirdi ki, gənclər iqlim böhranı ilə maraqlanır və təşkilat üçüncü ildir, COP-da iştirak edir.

COP29 da daxil olmaqla, bu kimi qlobal və yerli miqyaslı tədbirlər Azərbaycan gəncliyi üçün bir sınaq meydanı oldu və onlar bu meydanda özlərini milli mənlik şüuruna sahib vətənpərvər gənclər olaraq göstərdilər. Eyni zamanda sübut etdilər ki, onlar Azərbaycan gənci olaraq qlobal dünyanın çətin anlarında, sınaq dövründə çəkilib bir kənarda dayanmırlar və bu sahədə də öz töhfələrini verə bilirlər. Bundan əlavə, 2023-cü ilin fevralında qardaş Türkiyə Respublikasında baş verən zəlzələ zamanı Azərbaycan könüllüləri böyük fədakarlıq nümayiş etdiriblər. Bir ay ərzində 150 könüllüdən ibarət Azərbaycan nümayəndə heyəti on minlərlə zərərçəkmişə müxtəlif humanitar yardımlar göstərib. Xüsusi vurğulamaq lazımdır ki, bu, Azərbaycan gənclərinin həm müddət, həm də iştirakçı sayı baxımından xarici ölkədə təşkil olunmuş ən genişmiqyaslı humanitar yardım fəaliyyəti kimi tarixə düşüb.

Onu da qeyd edək ki, bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı gənclər ön cəbhədə və arxa cəbhədə əsl qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpasında müstəsna rol oynadılar.

Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə xalqımızı sevindirəcək.

seeBaxış sayı:92
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri