Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 14 oktyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) yeni proqnozlarına görə, Böyük Britaniya bu il dünyanın ən inkişaf etmiş iqtisadiyyatları arasında, yəni G7 ölkələri arasında ABŞ-dan sonra ikinci ən sürətlə böyüyən ölkə olacaq.
Bu barədə AZƏRTAC BBC-yə istinadla xəbər verir.
Bununla belə, BVF xəbərdarlıq edir ki, Britaniya, eyni zamanda bu il və gələn il G7 ölkələri arasında ən yüksək inflyasiya səviyyəsi ilə üzləşəcək. Artan enerji və kommunal xərclər qiymət artımlarına əsas səbəb kimi göstərilir. Proqnoza əsasən, qiymətlər bu il 3,4 faiz, 2026-cı ildə isə 2,5 faiz artacaq. BVF hesab edir ki, yüksək inflyasiya müvəqqətidir və gələn ilin sonuna qədər 2 faizə enəcək.
İqtisadi artım templəri nisbətən mülayim, 2025 və 2026-cı illər üçün 1,3 faiz səviyyəsində olsa da, bu göstərici ABŞ-dan sonra G7 ölkələri arasında ən yüksək nəticə sayılır.
BVF-nin proqnozuna görə, Böyük Britaniya bu il Kanadanı geridə qoyaraq G7 ölkələri arasında ikinci yeri tutacaq. Kanada iqtisadiyyatının ticarət müharibələrinin təsiri ilə zəifləməsi nəticəsində 2025 və 2026-cı illər üçün proqnozları aşağı salınıb. Almaniya, Fransa və İtaliya üçün isə artım templəri daha zəif, 0,2 faiz ilə 0,9 faiz arasında dəyişəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London


