Adnan Əhmədzadə özü ilə “cəhənnəmə” kimləri aparır? Oliqarxiya qorxu içində: Şok adlar...
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Sentyabrın 19-da həbs edilən Adnan Əhmədzadə ilə bağlı müzakirələr intensivləşməkdə davam edir. İddia olunur ki, onun qanunsuz fəaliyyətləri təkcə dövlət büdcəsinə milyonlarla manatlıq ziyan vurmayıb, eyni zamanda Azərbaycanın beynəlxalq imicinə də zərbə endirib.
Adnan Əhmədzadənin adı “Azərbaycan neftinin zəhərlənməsi” kimi təqdim edilən qalmaqallı proseslə də əlaqələndirilir. Bu isə məsələnin miqyasını daha da genişləndirir.
Bu cinayət işi daha kimləri əhatə edə bilər? Adnan Əhmədzadənin həbsi hansı yüksək vəzifəli şəxsləri narahat etməlidir? Uzun illər neft sektorunda söz sahibi olmuş oliqarx məmurlar da istintaqın təsir dairəsinə düşə bilərmi?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, Adnan Əhmədzadə ağır cinayətlərdə ittiham olunur:
“Yeni faktlar üzə çıxacaq”
“İbtidai istintaq dövründə yeni faktların da ortaya çıxacağı gözlənilir. Onun Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində şübhəli bilinməsi ciddiyə alınmalıdır. Qeyd edim ki, hüquqi baxımdan külli miqdar dedikdə 500 min manatdan artıq məbləğ nəzərdə tutulur”.
Xəyal Bəşirov qeyd edir ki, Adnan Əhmədzadə son zamanlar ictimaiyyətin diqqət mərkəzinə düşmüşdü və sosial şəbəkələrdə onun dəbdəbəli həyat tərzi geniş müzakirələrə səbəb olmuşdu:
“Oliqarxa çevrilmiş şəxslərin də araşdırılacağı gözləniləndir”
“Uzun illər Dövlət Neft Şirkətində (SOCAR) çalışan bir şəxsin vəzifədən getdikdən sonra Avropada və dünyanın müxtəlif ölkələrində lüks həyat tərzi sərgiləməsi cəmiyyətdə narazılıqla qarşılanırdı. Belə bir yaşam tərzi ya uzun illərin uğurlu iş adamına, ya da vəzifədən sui-istifadə edən şəxsə xas ola bilər. Bu baxımdan onun barəsində irəli sürülən ittihamların gerçəkliyinə dair ictimai rəy formalaşıb. Qaldırılan məsələlər bir nəfərin imkanlarını aşan miqyasdadır.
Adnan Əhmədzadə SOCAR-da vitse-prezidentin müavini vəzifəsində çalışıb. Bu strukturda isə həmin dövrdə 10-dan çox vitse-prezident olub. Yəni vəzifə baxımından ilk 20-liyə belə çətinliklə daxil olan bir şəxsin bu miqyasda korrupsiyada iştirakı, SOCAR-da daha yüksək postlar tutmuş şəxslərin də bu işdə adlarının hallana biləcəyini istisna etmir. Uzun illər bu vəzifələrdə olmuş və sonradan oliqarxa çevrilmiş şəxslərin də araşdırılacağı gözləniləndir.
Xəyal Bəşirov
Hazırda bu ittihamlar yalnız ibtidai istintaq mərhələsindədir və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan yekun fikir söyləmək olmaz.
Bu, hüquqi yanaşmadır. Amma son dövrlər Adnan Əhmədzadənin fəaliyyəti və barəsində yayılan iddialar müəyyən uyğunluq təşkil edir. Bu da ittihamların ehtimallarını artırır”.
Hüquqşünas istisna etmir ki, Adnan Əhmədzadənin SOCAR-da işlədiyi dövrdə formalaşmış komanda üzvləri də araşdırma predmetinə çevrilə bilər:
“Onunla əlbir olan iş adamları və biznesmenlərin də…”
“Hətta hazırda SOCAR-da çalışan bəzi yüksək vəzifəli şəxslərin də bu siyahıya daxil edilə biləcəyi istisna olunmur. Əgər mətbuatda yayılan, hazırda rəsmi təsdiqini tapmamış məlumatlar doğrudursa, bu, onu göstərir ki, Adnan Əhmədzadə həmin vəzifəli şəxslərin iştirakı və himayəsi olmadan bu miqyasda fəaliyyət göstərə bilməzdi.
Burada söhbət dövlətə məxsus olan və səhmlərinin böyük əksəriyyəti dövlətə aid olan SOCAR-ın resurslarının mənimsənilməsindən gedir:
Bu, ağır cinayətlər kateqoriyasına daxildir. Onunla əlbir olan digər iş adamları və biznesmenlərin də bu prosesə cəlb olunacağı istisna deyil. Bunu yaxın vaxtlarda görəcəyik.
SOCAR Azərbaycan üçün sadəcə neft şirkəti deyil, həm də ölkənin beynəlxalq brendidir.
Bu qurumda çalışmış şəxsin belə qalmaqallı addımlar atması dövlət üçün mənfi imic formalaşdırır. Hətta bu, ölkənin xarici tərəfdaşları ilə münasibətlərinə belə təsir edə bilər”.
Safura Bənnayeva
Globalinfo.az


