“Afrikaya köhnə baxış, yeni üsullar: Qərb hələ də sərvət dalğasında”
Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Həm ABŞ, həm də Avropa Birliyi ölkələri Afrika ölkələrinə müstəmləkə kimi yanaşır və əsas məqsədləri Afrika ölkələrinin sərvətlərini talayaraq öz iqtisadi yüksəlişlərini təmin etməkdir. Məsələn, Avropa Birliyində bəzi ölkələrin, xüsusən də Fransanın iqtisadiyyatı Afrika ölkələrinin təbii sərvətlərindən əldə edilən xammallarla təmin olunur. Buna baxaraq, ABŞ-ın Somalilənd bölgəsinin müraciətinə verəcəyi cavab önəmli olacaq”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, Afrika qitəsində yerləşən Somalilənd muxtar bölgəsinin rəhbərliyi ABŞ-dan dövlət kimi tanınmağı xahiş edib. Bunun müqabilində, Vaşinqtona Somaliləndin Berbera limanı və aviabazasından icarə əsasında istifadə təklif edilib.
Siyasi şərhçi qeyd edib ki, əgər həmin bölgə ABŞ-ın iqtisadi və strateji maraqlarına cavab verərsə, o zaman həmin ərazinin müstəqil dövlət kimi tanınması və təbii sərvətlərinin ABŞ-a axması mümkün ola bilər.
“Bu baxımdan, Afrikada analoji hadisələrin baş verməsi heç də təəccüb doğurmamalıdır. Çünki Afrika, ABŞ və Qərb ölkələri tərəfindən yuxarıdan aşağı şəkildə, yalnız öz iqtisadi yüksəlişləri üçün xammal mənbəyi kimi qəbul edilir. Onilliklər boyunca Afrikanın təbii sərvətləri Qərb ölkələrinin inkişafında əsas rol oynayıb”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az


