Ağ Ev və Moskvanın hesabı dəyişir: Avropa Ukrayna danışıqlarına qayıdır
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Birincisi, Moskva Avropa dövlətlərinin əksəriyyətini Ukraynanın hərbi və maliyyə dəstəkçiləri kimi görür. Bu səbəbdən həmin ölkələrin danışıqlarda vasitəçi və ya neytral tərəf kimi çıxış etməsinə şübhə ilə yanaşır.
İkincisi, Kreml müharibənin dayandırılmasını yalnız Ukrayna ilə münasibətlərin normallaşdırılması kimi deyil, Rusiya ilə Qərb arasında daha geniş təhlükəsizlik münasibətlərinin yenidən qurulması kimi təqdim edir. Bu baxımdan Moskva Avropanın təhlükəsizlik arxitekturasına dair məsələlərin də müzakirəyə daxil edilməsində maraqlı ola bilər.
Üçüncüsü, Rusiya ABŞ-la birbaşa dialoq kanalını qorumağa çalışır. Çünki Vaşinqtonun hərbi, iqtisadi və siyasi imkanları Moskvanın hesablamalarında xüsusi yer tutur. Avropanın prosesə geniş şəkildə daxil olması isə danışıqların mövzu dairəsini və iştirakçıların sayını artıraraq razılaşmanın əldə olunmasını çətinləşdirə bilər.
Dördüncüsü, Trampın mövqeyinin zəifləməsi Kremli belə bir addım atmağa vadar edir.
Bununla belə, Avropanın iştirakı olmadan əldə ediləcək razılaşmanın uzunmüddətli təhlükəsizlik təminatları yaratması da asan görünmür. Moskva da bu reallığı nəzərə almağa məcburdur.
Dublin qərarı: Avropa artıq öz nümayəndə heyətini müəyyənləşdirir
Noyabrın 13-də Dublində keçirilən Avropa liderlərinin görüşündə danışıqlarda iştirak edəcək Avropa nümayəndə heyətinin tərkibi barədə razılıq əldə olunması prosesin növbəti mərhələsi oldu.
Avropa Şurasının Prezidenti Antonio Koştanın açıqlamasına əsasən, nümayəndə heyətində Avropa İttifaqı institutlarının təmsilçiləri və “Könüllülər koalisiyası”nın beş ölkəsi- Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşa yer alacaq. Bu format Avropanın danışıqlarda vahid mövqe ilə təmsil olunması cəhdi kimi diqqət çəkir.
Burada Böyük Britaniyanın da yer alması xüsusi əhəmiyyət daşıyır. London Avropa İttifaqının üzvü olmasa da, Ukraynanın təhlükəsizliyi və Avropanın müdafiə arxitekturası məsələlərində əsas aktorlardan biridir. Polşanın nümayəndə heyətinə daxil edilməsi isə Şərqi Avropanın təhlükəsizlik narahatlıqlarının da nəzərə alınmasına imkan yaradır.
Koştanın açıqlamasına görə, Avropa İttifaqı Ukraynanın Avropa gələcəyi, bərpası və rifahı məsələlərini öz gündəliyində saxlayacaq. Təhlükəsizlik təminatları isə “Könüllülər koalisiyası” çərçivəsində və NATO ilə sıx koordinasiyada müzakirə olunacaq.
Bu qərarın əhəmiyyəti ondan ibarətdir ki, Avropa artıq yalnız ayrı-ayrı dövlətlərin təşəbbüsləri ilə deyil, institusional və siyasi koordinasiya əsasında prosesə qoşulmağa çalışır. Lakin vahid nümayəndə heyətinin müəyyənləşdirilməsi vahid siyasi mövqenin tam formalaşması demək deyil. Bu, hələ qarşıda həll edilməli olan ən ciddi məsələlərdən biridir.
Avropanın iştirakı Kiyevin mövqeyini gücləndirəcəkmi?
Avropanın danışıqlara qoşulması, şübhəsiz ki, Kiyev üçün mühüm diplomatik imkan yaradır. Ukrayna müharibənin dayandırılması ilə bağlı qərarların yalnız ABŞ və Rusiya arasında razılaşdırılmasını istəmir. Kiyev hesab edir ki, ölkənin gələcək təhlükəsizliyinə, ərazi bütövlüyünə və müdafiə imkanlarına təsir edəcək razılaşmaların hazırlanmasında Avropa da iştirak etməlidir.
Bunun obyektiv səbəbləri var. Müharibədən sonra Ukraynanın müdafiə qabiliyyətinin qorunması, iqtisadiyyatının bərpası, maliyyə ehtiyaclarının qarşılanması və təhlükəsizlik təminatlarının həyata keçirilməsi üçün Avropa dövlətlərinin resursları mühüm əhəmiyyət daşıyacaq.
Əgər Vaşinqton və Moskva arasında əldə olunan razılaşma Avropanın iştirak etmədiyi mexanizmlərə əsaslansa, onun icrası zamanı ciddi problemlər yarana bilər. Məsələn, Ukraynaya təhlükəsizlik təminatları verilməsi, gələcək hərbi dəstəyin həcmi, sərhədlərin təhlükəsizliyi və müharibədən sonrakı bərpa məsələlərində Avropa dövlətlərinin razılığı və iştirakı vacib olacaq.
Bu baxımdan Kiyev üçün Avropanın danışıqlara cəlb olunması təkcə siyasi dəstək deyil, həm də mümkün razılaşmanın icrasına əlavə təminat əldə etmək cəhdidir.
Lakin Avropanın iştirakı avtomatik olaraq Ukraynanın bütün tələblərinin qəbul olunacağı anlamına gəlmir. Avropa dövlətlərinin özləri də müharibənin dayandırılması, Rusiyaya münasibət, təhlükəsizlik təminatları və gələcək hərbi xərclər məsələsində fərqli yanaşmalara malikdirlər.
Əsas problem: Qərb hələ də vahid mövqedən çıxış edə bilmir
Danışıqların perspektivinə təsir edən ən ciddi amillərdən biri Qərbin daxilində mövcud olan fikir ayrılıqlarıdır.
ABŞ administrasiyası müharibənin mümkün qədər tez dayandırılmasına və bunun üçün Moskva ilə birbaşa siyasi razılaşma əldə edilməsinə üstünlük verə bilər. Avropanın bəzi dövlətləri isə hesab edir ki, tələsik razılaşma Ukraynanın təhlükəsizliyini zəiflədə və gələcəkdə yeni münaqişə riskini artıra bilər.
Digər tərəfdən, Avropa ölkələrinin öz aralarında da fikir ayrılıqları mövcuddur. Fransa və Almaniyanın yanaşmaları, Polşanın təhlükəsizlik narahatlıqları, İtaliyanın diplomatik təşəbbüsləri və Böyük Britaniyanın müdafiə siyasəti bütün məsələlərdə eyni istiqamətdə üst-üstə düşmür.
Aİ daxilində danışıqlarda vahid nümayəndənin kim olacağı ilə bağlı müzakirələr də bu fikir ayrılıqlarını üzə çıxardı. Nəticədə vahid xüsusi elçi əvəzinə Avropa İttifaqı institutları və beş ölkənin təmsil olunduğu kollektiv format seçildi.
Bu model Avropanın daha geniş təmsilçiliyini təmin etsədə, qərarların uzlaşdırılmasını çətinləşdirə bilər. Çünki danışıqlar zamanı Moskvanın təkliflərinə, mümkün güzəştlərə və təhlükəsizlik mexanizmlərinə dair vahid mövqenin qorunması asan olmayacaq.
Əgər ABŞ və Avropa arasında yanaşma fərqləri dərinləşərsə, Moskva bundan danışıqlarda öz mövqeyini gücləndirmək üçün istifadə edə bilər. Belə olan halda Qərbin vahid mövqedən çıxış edə bilməməsi sülh prosesinin irəliləməsinə mane olan əsas faktorlardan birinə çevrilə bilər.
Danışıqların perspektivi: Sülhə yaxınlaşma, yoxsa yeni diplomatik rəqabət?
Avropanın prosesə daha geniş cəlb olunması qarşıdakı mərhələdə üç əsas istiqamətdə nəticələr doğura bilər.
Birinci ssenari-geniş formatlı sülh danışıqları. ABŞ, Rusiya, Ukrayna və Avropa nümayəndələrinin iştirakı ilə daha geniş diplomatik format formalaşa bilər. Bu halda Ukraynanın təhlükəsizlik təminatları, ərazi məsələləri, atəşkəs mexanizmləri və müharibədən sonrakı Avropa təhlükəsizlik sistemi vahid paket çərçivəsində müzakirə oluna bilər. Belə format razılaşmanın beynəlxalq legitimliyini və icra imkanlarını artıra bilər.
İkinci ssenari - paralel danışıqlar və koordinasiya. Rusiya Avropa nümayəndələrinin birbaşa iştirakı ilə bağlı tərəddüdünü davam etdirə, ABŞ və Ukrayna ilə üçtərəfli formatı saxlayaraq Avropa ilə ayrıca təmaslara üstünlük verə bilər. Bu halda Avropa danışıqların iştirakçısı olmaqdan daha çox, prosesə təsir göstərən və gələcək razılaşmanın təminat mexanizmlərini hazırlayan tərəf rolunda çıxış edəcək.
Üçüncü ssenari- Qərb daxilində fikir ayrılıqlarının dərinləşməsi. Əgər Vaşinqtonun mümkün kompromis yanaşması ilə Avropanın təhlükəsizlik tələbləri uzlaşmasa, danışıqlar yeni diplomatik qarşıdurma müstəvisinə keçə bilər. Belə vəziyyətdə Moskva ilə Kiyev arasında mövcud ziddiyyətlərə ABŞ-Avropa fikir ayrılıqları da əlavə olunacaq.
Hazırkı mənzərə ikinci ssenarinin hələ də əhəmiyyətli olduğunu göstərir. Çünki Avropa öz nümayəndə heyətini müəyyənləşdirsə də, Kremlin onunla geniş formatlı danışıqlara razılığı hələ təsdiqlənməyib. Peskovun açıqlaması da Moskvanın bu məsələdə qərarını açıq saxladığını göstərir.
Avropanın iştirakı müharibənin taleyini dəyişə bilərmi?
Burada əsas məsələ danışıqlar masasında neçə tərəfin təmsil olunması deyil, həmin tərəflərin hansı məsələlərdə ortaq mövqe əldə edə bilməsidir.
Müharibənin dayandırılması üçün ərazi məsələləri, Ukraynanın təhlükəsizlik təminatları, Rusiyanın irəli sürdüyü tələblər, atəşkəsə nəzarət mexanizmləri və müharibədən sonrakı siyasi-hərbi balans üzrə razılıq əldə olunmalıdır. Bu məsələlərin hər biri ciddi ziddiyyətlərlə müşayiət olunur.
Avropanın prosesə qoşulması həmin ziddiyyətləri avtomatik aradan qaldırmayacaq. Əksinə, yeni iştirakçıların meydana çıxması danışıqların gündəliyini genişləndirəcək. Lakin bu iştirakın mühüm üstünlüyü ondan ibarətdir ki, Avropa gələcək razılaşmanın həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik tərəflərinin hazırlanmasında məsuliyyət daşıya bilər.
Digər tərəfdən, Avropanın iştirakı Moskvanın da öz mövqeyini daha geniş kontekstdə ifadə etməsinə imkan yarada bilər. Rusiya Ukrayna məsələsini Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə əlaqələndirməyə çalışır. Bu isə danışıqların yalnız müharibənin dayandırılması ilə məhdudlaşmayacağını, NATO-Rusiya münasibətləri və qitədə təhlükəsizlik balansı kimi mövzuların da gündəmə gələcəyini göstərir.
Nəticə: Sülh prosesində yeni geosiyasi mərhələ başlayır
Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə diplomatik proses artıq əvvəlki üçtərəfli formatın çərçivəsindən çıxmağa doğru hərəkət edir. Əbu-Dabidəki görüşlər, Avropa nümayəndələrinin ayrıca koordinasiya təmasları, Dublində nümayəndə heyətinin müəyyənləşdirilməsi və Kremlin açıqlamaları bu dəyişikliklərin göstəricisidir.
Avropa üçün əsas məsələ müharibənin nəticələrinin onun iştirakı olmadan müəyyənləşdirilməsinə imkan verməməkdir. Kiyev üçün bu, təhlükəsizlik təminatlarını gücləndirmək və ABŞ-la yanaşı Avropanın da siyasi dəstəyini danışıqlar prosesinə daxil etmək deməkdir. Vaşinqton üçün isə Avropanın resurslarını və siyasi imkanlarını sülh prosesinə cəlb etmək mümkün razılaşmanın dayanıqlığını artırmaq vasitəsi ola bilər.
Moskva isə Avropanın iştirakını qəbul etməzdən əvvəl onun hansı mövqedən çıxış edəcəyini və prosesə nə verə biləcəyini qiymətləndirməyə çalışır.
Beləliklə, qarşıdakı mərhələdə əsas mübarizə yalnız Rusiya ilə Ukrayna arasında deyil, həm də müharibədən sonrakı Avropanın necə formalaşacağı ilə bağlı olacaq. Sülhün şərtləri, təhlükəsizlik təminatlarının mahiyyəti və gələcək geosiyasi balans bu danışıqların əsas predmetinə çevriləcək.
Ən mühüm məqam isə budur: Avropa artıq müharibənin nəticələrini kənardan izləmək niyyətində deyil. Lakin onun danışıqlarda iştirakı sülhə aparan yolu asanlaşdıracaq, yoxsa yeni siyasi ziddiyyətlər yaradacaq – bunu Qərbin vahid mövqe formalaşdırmaq bacarığı və Moskvanın geniş formatlı dialoqa real münasibəti müəyyən edəcək.
Mürtəza Bünyadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Noyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















