Ağ Evdən Putinə ağır zərbə: Cənubi Qafqaz və Mərkəzi Asiyaya təsirləri
Icma.az bildirir, Olke.az portalına istinadən.
ABŞ administrasiyası Ukraynada müharibəni Kreml üçün uzunmüddətli perspektivdə qeyri-mümkün etməyə hesablanmış yeni sanksiya dalğası ilə Moskvanın iqtisadi bazalarını hədəf alır. Bu dəfə məhdudiyyətlərin əsas ağırlıq mərkəzi Kreml büdcəsinin və hərbi maşının əsas qidalandırıcısı olan Rusiya enerji sektoru, daha doğrusu neft ixracıdır. Sanksiyalar hələ qüvvəyə minməmiş artıq neft bazarlarında ciddi təlatüm müşahidə olunur və Moskvanın gəlirlərinə real zərbə vurulmağa başlanıb.
Rusiyanın Qara dənizdəki Novorossiysk limanında “Urals” markalı neftin bir barelinin qiyməti 36 dollara qədər azalıb.
Bloomberg-in məlumatına görə, eyni tendensiya Baltik dənizi limanlarında da müşahidə olunub.
“Urals” üzrə endirimlər Brent markalı neftə nisbətən 23,52 dollar/barelə qədər artaraq 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.
Rekord endirim 2023-cü ilin əvvəlində 40 dollar/barel səviyyəsində müəyyən edilmişdi.
Tramp administrasiyasının ikinci dərəcəli sanksiyaları riski fonunda alıcılar Rusiya neftinin idxalını azaldır, bu isə öz növbəsinfə qiymətlərə əlavə təzyiq göstərir.
Nəticədə, satılmamış həcmlər Rusiya terminallarında toplanır və üzən anbara çevrilən tankerlərdə qalır. JPMorgan hesab edir ki, Rusiyanın dəniz neft ixracının təxminən üçdə biri – gündəlik 1,4 milyon barel – hazırda dənizdə “ilişib” qalıb.
Hələ oktyabrın 23-də Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Rosneft” və “Lukoyl”a qarşı yeni sanksiyalarını şərh edərkən bildirib ki, dünya bazarında Rusiya neftinin həcminin kəskin azalması qiymətlərin daha da artmasına səbəb olacaq.
ABŞ Maliyyə Nazirliyinin məlumata görə “Rosneft” və “Lukoil” kimi nəhənglərin hədəf alınması Rusiyanın neft gəlirlərini gözəgörünən şəkildə azaldır.
Bu göstərici yalnız bazar dinamikasının deyil, həm də psixoloji təzyiqin nəticəsidir. Əsas alıcılar olan Hindistan və Çin şirkətlərinin onlarla əməkdaşlığı azaltmaq planı Moskvanın ixrac perspektivlərini daha da daraldır.
Uzun müddət Moskvanın G7 tərəfindən tətbiq edilən 60 dollarlıq qiymət tavanından yan keçmək üçün yaratdığı “kölgə donanması” qısa müddətli effekt versə də, indi ABŞ-ın maliyyə sistemi ilə bağlı risklər daha böyük təsir gücünə malikdir. Dollara çıxışdan məhrum edilmək təhlükəsi ticarət şirkətlərini ehtiyatlı davranmağa məcbur edir və Rusiyanın neft logistikası yenidən təzyiq altına düşür.
ABŞ-ın sanksiya mexanizmi: Məhdudiyyət qüvvəyə minməmişdən öz təsirini göstərməkdədir.
Sanksiyaların real gücü onların faktiki tətbiqi deyil, maliyyə sisteminə çıxışla bağlı yaratdığı riskdir. Dolların hegemonluğu sayəsində ABŞ qlobal enerji ticarətində çox nadir hallarda alternativi olan təsir mexanizminə malikdir. Bu mexanizm artıq Rusiyanın enerji ixracatçılarını beynəlxalq banklardan, sığorta sistemlərindən və ödəniş kanallarından kənarlaşdırma təhlükəsi ilə üzləşdirir.
Rusiya neftinin ən iri alıcıları olan Çin və Hindistan şirkətlərinin dekabr tədarüklərini azaltmaq niyyəti Kreml üçün xüsusi narahatlıq doğurur. Bu ölkələrin hər ikisi uzun müddət Rusiyanın əsas bazarı rolunu oynayırdı. Moskva da Qərbin qiymət tavanından yan keçmə strategiyasını məhz onların üzərində qurmuşdu.
Lakin ABŞ-ın yeni təzyiq paketi bu istiqamətdə balansı dəyişir:
• Çin şirkətləri dollarla əməliyyatlara həssasdır və ikinci dərəcəli sanksiyalardan ehtiyat edirlər;
• Hindistan isə ABŞ-la artan strateji əməkdaşlığı fonunda reputasiya risklərini nəzərə alır.
Bu konfiqurasiya Kremlin enerji satışlarını daha çox endirimlə satmağa məcbur edir və bu, Moskvanın gəlirlərinin birbaşa azalması deməkdir.
Putinin hərbi büdcəsinə zərbə: Sanksiyaların real məntiqi nəticəsi
ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyaların məqsədi “Putinin döyüş maşınını boşaltmaqdır”. Rusiya büdcəsinin əsasını enerji gəlirləri təşkil etdiyinə görə neft ixracında hər 5–10 dollarlıq qiymət itkisi Kreml üçün milyardlarla dollar zərər deməkdir. Bu isə birbaşa olaraq:
• Ukrayna müharibəsinin maliyyələşdirilməsini çətinləşdirir,
• Rusiya hərbi sənaye kompleksinin istehsal tempinə təsir edir,
• Kreml üçün uzunmüddətli strateji seçimləri məhdudlaşdırır.
ABŞ-ın hesablamasına görə, əgər bu tendensiya davam edərsə, Moskva müharibə dövründə əldə etdiyi maliyyə tamponlarını sürətlə itirəcək və müdafiə xərclərini daha çox daxili borclanma hesabına qarşılamağa məcbur olacaq. Bu isə iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər.
Sanksiyaların Putinə və Rusiyanın geosiyasi mövqeyinə təsiri
Yeni sanksiya paketi Kreml üçün üç əsas istiqamətdə risk yaradır:
1. İqtisadi sabitlik riskləri
• Neft gəlirlərinin azalması rublun məzənnəsinə əlavə təzyiq yaradır.
• Büdcə kəsirləri artır və sosial xərclərin maliyyələşdirilməsi çətinləşir.
• Hərbi xərclərin sürətli artması büdcəni asimmetrik vəziyyətə salır.
2. Geosiyasi mövqenin zəifləməsi
Rusiya enerji resurslarını siyasi alət kimi istifadə etmək imkanlarını itirir. Avrasiyada enerji təsirinin azalması Kremlin regiondakı partnyorlara təsir gücünü zəiflədir.
3. Daxili siyasi dinamikanın dəyişməsi
Kreml uzunmüddətli iqtisadi eniş fonunda sosial narazılıqların artacağı ehtimalını nəzərə almalıdır. Neft gəlirlərinin azalması regionlara ayrılan subsidiyaların azalmasına və daxili siyasi idarəetmə mexanizmlərinin çətinləşməsinə səbəb ola bilər.
Bütün bunlar nəticə etibarı ilə ABŞ-ın enerji sektoruna yönəlmiş yeni sanksiyaları Rusiyanın Ukraynada müharibə aparmaq imkanlarını struktur səviyyədə zəiflədir. Gəlirlərin azalması təkcə Rusiya iqtisadiyyatına deyil, eyni zamanda Moskvanın geosiyasi ambisiyalarına da ciddi zərbə vurur. Əgər sanksiyalar eyni xətt üzrə davam edərsə, Kreml yaxın aylarda ya müharibə strategiyasını yenidən nəzərdən keçirmək, ya da daha dərin iqtisadi itkilərlə barışmaq məcburiyyətində qalacaq.
Bu sanksiyaların Rusiyanın regional siyasətinə də mütləq şəkildə öz təsirlərini göstərəcək. Sanksiyların tətbiqi ilk növbədə Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yeni geosiyasi imkanlar yaradacaq.
ABŞ və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalar təkcə Kreml iqtisadiyyatını zəiflətmir, eyni zamanda postsovet məkanı üçün tamamilə yeni geosiyasi reallıq formalaşdırır. Moskvanın zəifləyən iqtisadi resursları, hərbi-siyasi təsir alətlərinin daralması və region ölkələrinə qarşı hədə–təhdid siyasətinin effektivliyinin azalması Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri üçün strateji müstəqillik imkanlarını genişləndirir.
1. Rusiyanın zəifləmiş iqtisadi potensialı regionda asılılığı azaldır
Rusiyanın neft-qaz gəlirlərinin azalması və iqtisadi təcridi MDB ölkələrinin Moskva ilə iqtisadi asılılıq modelini yenidən nəzərdən keçirməsinə şərait yaradır.
Sanksiyaların yaratdığı əsas dəyişikliklər:
• Rusiyanın maliyyə imkanlarının məhdudlaşması MDB ölkələrinə subsidiyalar, güzəştli ticarət şərtləri və investisiya alətləri ilə təsir imkanlarını minimuma endirir.
• Kremlin region ölkələrinə qarşı “iqtisadi təzyiq və basqı” siyasəti artıq əvvəlki kimi işlək mexanizm deyil.
• MDB ölkələri tədricən ticarət yollarını, enerji marşrutlarını və maliyyə tərəfdaşlıqlarını diversifikasiya etməkdə daha sərbəstdirlər.
Bu tendensiya xüsusən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni strateji açılımlar yaradır.
2. Mərkəzi Asiya dövlətləri üçün yeni diplomatik manevrlər
Mərkəzi Asiya ölkələri, xüsusən Qazaxıstan və Özbəkistan uzun illər Kremlə geoiqtisadi asılılıqdan ehtiyat edərək balanslı siyasət yürüdürdülər. Lakin Rusiyanın zəifləməsi bu dövlətlərin daha cəsarətli regional təşəbbüslər irəli sürməsinə; Çin, Türkiyə, Körfəz ölkələri və Avropa ilə daha geniş əməkdaşlıq qurmasına; özünəinamlı çoxvektorlu siyasəti gücləndirməsinə imkan yaradır.
Sanksiyaların yaratdığı boşluq Mərkəzi Asiya üçün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində yeni müstəqillik arealı yaradır.
3. Cənubi Qafqaz üçün Kremlin təhdid diplomatiyasının zəifləməsi
Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan üçün sanksiyalar tamamilə yeni təhlükəsizlik arxitekturasına yol açır.
Rusiyanın zəifləməsi postsovet məkanında alternativ güc mərkəzlərinin önə çıxmasına səbəb olur:
• Türkiyə – Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya ilə enerji-nəqliyyat layihələrində lider rolunu möhkəmləndirir.
• Avropa İttifaqı – Xəzər regionu üzərindən enerji təchizatını gücləndirir.
• Çin – Orta Dəhliz və “Bir Kəmər, Bir Yol” çərçivəsində təsirini artırır.
• Körfəz ölkələri – Azərbaycan, Qazaxıstan, Özbəkistan iqtisadiyyatına böyük sərmayələrlə geri dönür.
Bu dəyişikliklər region ölkələrinə Moskvanın “tələbindən asılı müttəfiq” deyil, “çoxşaxəli siyasət yürüdən dövlət” olmaq imkanı qazandırır.
Rusiya ənənəvi olaraq MDB məkanını aşağıdakı vasitələrlə təsir altında saxlayırdı:
• enerji resursları və qaz asılılığı,
• hərbi təhlükə narrativi,
• milli respublikalar daxilində separatizm kartı,
• ticarət embarqoları və gömrük təzyiqləri.
Lakin sanksiyalar fonunda bu alətlərin gücü zəifləyir:
• Kreml iqtisadi və hərbi resurs çatışmazlığı səbəbindən regiona təzyiq üçün əvvəlki qədər imkanlara sahib deyil;
• Rusiyanın “cəzalandırıcı mexanizmləri” daha çox özünə zərər vurur;
• Moskvanın ideoloji təsiri sürətlə azalır.
MDB ölkələri artıq Rusiya ilə münasibətlərdə daha praqmatik davranır: asılılıq modelini tədricən aradan qaldırır, yeni tərəfdaşlıq bloklarına inteqrasiya edir və suveren geosiyasi qərarlar qəbul etməkdə daha cəsarətli görünür.
Rusiyaya qarşı sərt sanksiyalar MDB regionunda geosiyasi nisbətləri yenidən formalaşdırır. Moskvanın zəifləyən təsir imkanları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün:
• daha geniş manevr məkanı,
• daha müstəqil xarici siyasət,
• daha diversifikasiya olunmuş iqtisadi əməkdaşlıq,
• daha az təhlükə və hədə riskləri yaradır.
Məhz bu səbəbdən Qərbin sanksiya mexanizmi təkcə Rusiyaya iqtisadi zərbə deyil, həm də postsovet məkanında yeni geosiyasi balansın formalaşması üçün mühüm katalizatordur.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 18 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















