Ağdamda maşınla 92 yaşlı kişini vuraraq öldürən sürücüyə hökm oxundu
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdam Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Rövşən Nəbizadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü ilin oktyabr ayının 19-da saat 18:30 radələrində Ağdam rayonu Quzanlı-Əfətli kəndlərarası avtomobil yolunun 23-cü kilometrliyində rayonun Zəngişalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rövşən Nəbizadə tanışının etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz 190” minik markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1932-ci il təvəllüdlü Sokrat Mahmudovu nəqliyyat vasitəsinin ön hissəsi ilə vurub. Nəticədə yaralı Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Rövşən Nəbizadə saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Kamal Məmmədov


