Icma.az
close
up
RU
Akademik: Ermənistanın törətdiyi ekoloji cinayətlər təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ümumi biomüxtəlifliyinə zərbə vurub

Akademik: Ermənistanın törətdiyi ekoloji cinayətlər təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ümumi biomüxtəlifliyinə zərbə vurub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova 22 May - Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. İ.Hüseynova ölkəmizin bitki örtüyü, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə dəyən ziyanlar, biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər və digər məsələlərlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

- Azərbaycanın bitki örtüyünün müxtəlifliyi necə səciyyələnir, relikt və endemik bitkilərin ən çox yayıldığı ərazilər hansılardır?

- Azərbaycanın florası yüksək növ zənginliyi ilə səciyyələnir. Təkcə ali bitkilər üzrə biomüxtəliflik təqribən 5 minə yaxın növü əhatə edir ki, bu da Avropa və Yaxın Şərqin ən zəngin floristik bölgələrindən biri olan Cənubi Qafqazın ümumi florasının üçdə ikisindən çoxuna bərabərdir. Bu zənginliyin formalaşmasında əsas rol oynayan amillər sırasında ölkənin coğrafi mövqeyi, iqlim müxtəlifliyi və mürəkkəb relyef xüsusiyyətləri xüsusi qeyd olunmalıdır. Azərbaycan İran-Turan və Aralıq dənizi floristik bölgələrinin kəsişməsində yerləşdiyindən, burada müvafiq regionlara xas olan müxtəlif taksonomik qrupların bir araya gəlməsi üçün əlverişli şərait mövcuddur. Ölkə ərazisində Yer kürəsində mövcud olan 11 iqlim tipindən 9-na rast gəlinir ki, bu da flora və faunanın zənginliyi üçün mühüm ekoloji baza formalaşdırır. Azərbaycanın təbiəti – ovalıqlar, dağətəyi sahələr, yaylalar, alçaq, orta və yüksək dağlıq zonalar, çox müxtəlif ekosistemlər, təbii, intrazonal, azonal landşaftlar müxtəlif bitki örtüyü tiplərinin inkişafına şərait yaradır. Həmçinin ölkəmizin müəyyən əraziləri üçüncü dövr buzlaşmalarının təsirindən kənarda qalıb. Bu şəraitdə relikt, endemik və subendemik növlərin yüksək müxtəlifliyi müşahidə olunur. Ədəbiyyat məlumatlarında ölkədəki endemizm səviyyəsinə dair fərqli yanaşmalar mövcuddur. Bəzi məlumatlara əsasən, Azərbaycan florasında təqribən 240, Cənubi Qafqazda isə 920 bitki növü endemik hesab olunur. Lakin son illərdə aparılmış filocoğrafik və molekulyar tədqiqatlar bir çox növün qonşu regionlarda da yayılmasını aşkara çıxarıb və bu səbəbdən həmin növlərin taksonomik statusu endemikdən subendemikə dəyişdirilib. Tədqiqatlar göstərir ki, endemizmin intensivliyi mütləq hündürlük artdıqca artır. Endemik növlərin yüksək yayılma göstəriciləri xüsusilə Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, eləcə də Lənkəran və Şəki-Zaqatala bölgələrində, Qafqaz dağlarının şimal-şərq yamaclarında qeydə alınıb. Eldar şamı, ağaran danaqıran, Qarabağ tülpanı, qəşəng süsən, Hirkan quş südü, Talış quzuqulağı, Hirkan ənciri, Bakı gəvəni, Lənkəran odotu, ayı fındığı və s. Azərbaycan endemləri hesab olunur. Qafqaz endemləri sırasına isə Qafqaz qaşsəhləbi, Qafqaz süsəni, Qafqaz zümrüdçiçəyi, burunlu kəpənəkçiçək, Atropatan dazısı, söyüdyarpaq armud, Zəngəzur zəngçiçəyi, gözəl bulaqotu, Thymus trautvetteri və s. kimi növlər aid edilir.

Ədəbiyyat mənbələrinə əsasən, Azərbaycanın təbii florasında 160-dan artıq relikt bitki növü qeydə alınıb. Relikt növlərə daha çox cənub ərazilərində, Lənkəran-Astara bölgəsində rast gəlinir. Bunlara Eldar şamı, Hirkan bigəvəri, dəmirağac, Hirkan şümşadı, giləmeyvəli qaraçöhrə, Qafqaz xurması, vələsyarpaq azat, şabalıdyarpaq palıd, sumaqyarpaq göyrüş, Şərq çinarı, Hirkan şümşəsi və digər bitki növləri aiddir.

Məlumdur ki, ötən il ölkəmizdə keçirilən COP29-un əsas məqsədlərindən biri canlı həyatın davamlılığını təmin edən biomüxtəlifliyin qorunması, xüsusilə də həssas, nadir, relikt, endemik və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin mühafizəsinə yönəlmişdi. Bu istiqamətdəki çağırışlar Yer kürəsinin ən zəngin biomüxtəliflik bölgələrindən biri olan Azərbaycan üçün də xüsusi aktuallıq kəsb edir.

- Qarabağ və Şərqi Zəngəzurda relikt və endemik bitkilərin yayılmasına görə vəziyyət necədir?

- Kiçik Qafqaz vilayətinin nadir, endemik, relikt növlərlə zəngin biomüxtəlifliyə malik olması sübuta ehtiyacı olmayan elmi faktdır. Regionun mühüm tərkib hissəsini təşkil edən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da bu mənada floristik baxımdan zənginliyi və unikallığı ilə seçilir. Azərbaycan florasında olan ümumi bitkilərin 35 faizdən çoxu həmin bölgədə yayılıb.

Qlobal iqlim dəyişiklikləri, bütün dünyada mövcud olan antropogen streslərlə yanaşı, regionun 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında və müharibə şəraitində olması, təbii resursların ermənilər tərəfindən miqyassız talamnası itmək təhlükəsində olan növlərin siyahısının genişlənməsinə, ekosistemlərin pozulmasına səbəb olub. Qarabağa “elmin Böyük Qayıdışı”nın əsas vəzifələrindən biri biomüxtəlifliyin mövcud vəziyyətinin elmi əsaslar və kriteriyalarla qiymətləndirilməsi, nadir, təhlükə altında olan növlərin qorunmasının təşkilindən ibarətdir.

Son illərdə həmin ərazilərdə aparılan bioekoloji tədqiqatlar relikt və endemik növlərin say və məkan baxımından əhəmiyyətli paya malik olduğunu təsdiqləyib.

Ədəbiyyat məlumatlarında işğaldan azad edilmiş ərazilərdə 57 fəsilə və 99 cinsə aid 165 nəsli kəsilmək təhlükəsində olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem (bəzi məlumatlara görə 121) növün olduğu bildirilir. Xüsusilə, orta və yüksək dağlıq ərazilər yüksək endemizmlə fərqlənir. Şərqi Zəngəzurun alp və subalp landşaftlarında müxtəlif kateqoriyalı endem növlərin sayı 48-dir. Bu, ərazidə olan fon növlərinin 39 faizini təşkil edir.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ının I nəşrində 30 növün – Hirkan şümşadı, Kamilla süsəni, azşüalı zərəfşan, Qafqaz xədicəgülü, itikənarlı süsən, uzunyappaqlı səhləb, Şərq çinarı, qaya dovşanalması, vələsyarpaq azat, Alp vudsiyası və s. arealının xeyli hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə olub. On növün – gözəl təkəsaqqal, Qarabağ tülpanı, Araz palıdı, Şmidt dağ laləsi, şoranyer qarğasoğanı, Kuznetsov əsməsi, sağsağan gülxətmisi, Zəngilan gəvəni, Qarabağ güləvəri və s. növlərin təbiətdə arealı yalnız Qarabağdır. “Qırmızı kitab”ın II nəşrində 58 növün qiymətləndirilməsi həyata keçirilib. Burada 8 Qarabağ endemi haqqında məlumat verilib.

“Qırmızı kitab”ın III nəşrinə Qarabağ və Şərqi Zəngəzur ərazilərindən 60-a qədər bitki növü – Qarabağ tülpanı (dağlaləsi), yalnız Xankəndi şəhəri ətrafında qeydə alınan Qarabağ psefellusu, vələsyarpaq azat, sağsağan gülxətmisi, bənövşəyi güləbətin, Şuşa paxladəni (gəvəni), yalnız Zəngilanda, Bəsitçay Dövlət Təbiət Qoruğunda rast gəlinən nazikyarpaq pion, kürən güneyotu və s. daxil edilib.

Ədəbiyyat və herbari fondlarının məlumatları, bu günə kimi aparılmış monitorinqlər nəticəsində demək olar ki, Qarabağda yayılmış dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmək təhlükəsində olan, bir çoxu Azərbaycanın “Qırmızı kitab”ına salınmış bitkilərdir.

Qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bitki örtüyünün tədqiqində Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun rolu xüsusilə böyükdür.

- Bioloji müxtəlifliyin effektiv mühafizə üsullarından biri məhz “Qırmızı kitab”ın təsis edilməsidir. Sonuncu dəfə çap olunan “Qırmızı kitab”a daxil edilən bitki növlərinin sayında artımın səbəbi nə ilə izah oluna bilər?

- Biomüxtəliflik təkcə ekologiyanın deyil, eyni zamanda, milli təhlükəsizliyin, iqtisadi sabitliyin və mədəni irsin qorunmasının da təməlidir. Azərbaycanın flora irsi bu mənada həm zənginliyi, həm də qorunmasına olan ehtiyaclarla seçilir. Respublikamızda biomüxtəlifliyin dəyərini və qorunma səviyyəsini qiymətləndirmək üçün ən mühüm rəsmi sənədlərdən biri Azərbaycan Respublikasının “Qırmızı kitab”ı hesab olunur. Ümummilli Lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə, 1977-ci il iyulun 25-də təsis edilmiş Azərbaycan Respublikasının “Qırmızı kitab”ının nəşrləri ölkəmizin flora və faunasının nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərinin rəsmi qeydiyyatını aparmaqla yanaşı, həmin növlərin qorunması ilə bağlı tövsiyələr verib, həmçinin ekoloji riskləri, elmi tədqiqatların istiqamətini ölçən bir barometr rolunu oynayıb.

“Qırmızı kitab” yalnız nəsli kəsilməkdə olan növlərin siyahısı deyil, həm də təbiətin bizə ünvanladığı səssiz, lakin ciddi xəbərdarlıq siqnalıdır. O, bir tərəfdən elmi dairələrə, qərar qəbulu instansiyalarına, digər tərəfdən isə daha geniş ictimaiyyətə yönəlmiş çağırışdır: əgər bu gün tədbir görülməzsə, sabah bu növlər yalnız herbarium vərəqlərində, şəkillərdə və arxivlərdə qalacaq. Biomüxtəlifliyin qorunması təkcə ekoloqların və bioloqların işi deyil, bu, hər bir vətəndaşın, hər bir sektorun cavabdeh olduğu ümummilli və qlobal məsələdir. Çünki təbiəti qorumaq öz gələcəyimizi qorumaq deməkdir.

İlk dəfə 1989-cu ildə işıq üzü görmüş “Qırmızı kitab”a 140 bitki növü daxil edilmişdi. Bu növlərin seçilməsi əsasən ekoloji müşahidələrə və mövcud elmi biliklərə əsaslanırdı. 2013-cü ildəki II nəşr isə artıq 266 ali, 20 ibtidai və 14 göbələk növünü əhatə edirdi. Aradan keçən 24 il ərzində elmi metodologiyanın təkmilləşməsi, sistemli biomonitorinqlərin aparılması və flora irsinin daha geniş şəkildə tədqiqi siyahının bu qədər genişlənməsində əsas amil olub.

“Qırmızı kitab”ın 2023-cü ildə çapdan çıxmış III nəşri bu mənzərəyə daha ciddi miqyasda dəyişiklik gətirib. Ümumilikdə 460 flora növü – 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun və 37 göbələk növü nadir və təhlükə altında olanlar siyahısına daxil edilib. Əlavə olaraq, kitabda ilk dəfə təqdim edilən “çəhrayı siyahı”ya 49-u ali, 2-si ibtidai olmaqla 51 bitki növü salınıb. Çəhrayı siyahı mühafizə baxımından risk altında olmayan, lakin müəyyən təzyiqlərə məruz qaldığı üçün müşahidəyə ehtiyacı olan növləri əhatə edir, bu, təbiətin “sarı işıq” siqnalıdır.

Qeyd etdiyimiz rəqəmlər yalnız statistik dəyişiklikləri göstərmir, bu, Azərbaycanın təbiətinə edilən təzyiqlərin güzgüsüdür. Siyahıların genişlənməsi elmin inkişafı və monitorinq imkanlarının artması ilə izah oluna bilər. Həqiqətən də, son illərdə aparılan sistemli botaniki və ekoloji tədqiqatlar, o cümlədən yeni növlərin kəşfi, floristik arealların xəritələşdirilməsi, beynəlxalq qiymətləndirmə üsulları və metodologiyalarının, yeni yanaşmaların tətbiqi ilə həyata keçirilən biomonitorinq layihələri həmin sahədə mühüm irəliləyişlərə səbəb olub.

Lakin nadir və itmək təhlükəsinə məruz qalan növlərin sayında baş vermiş artımları yalnız elmi tərəqqi ilə izah etmək ciddi yanlışlıq olardı. Təbiətə artan antropogen təzyiq, o cümlədən sənayeləşmə və urbanizasiya prosesi, yol və boru kəmərləri infrastrukturunun fraqmentasiya yaradan tikintisi, kənd təsərrüfatının intensivləşməsi, əkin və otlaq sahələrinin həddən artıq genişlənməsi, pestisidlərin səmərəsiz istifadəsi bitki növlərinin yayılma arealının daralmasına, populyasiya və fərd sayının azalmasına və genetik müxtəlifliyin zəifləməsinə gətirib çıxarır. Həmin proseslər xüsusilə nadir və ekoloji cəhətdən həssas növlər üçün ciddi təhlükə yaradır.

Digər mühüm amil Azərbaycan ərazisinin təqribən 20 faizinin 30 ilə yaxın müddətdə işğal altında qalmasıdır. Bu müddət ərzində Qarabağ və ətraf rayonların zəngin təbii sərvətləri sistemli şəkildə talan edilib, meşələr qırılıb, torpaq və su resursları çirklənib, nadir növlərin sayı artıb, ekosistemlər ciddi zərər görüb. Ermənistanın törətdiyi ekoloji cinayətlər təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ümumi biomüxtəlifliyinə zərbə vurub.

Bundan əlavə, qlobal iqlim dəyişmələri də biomüxtəlifliyə mənfi təsir göstərən mühüm amil kimi qeyd olunmalıdır. Temperatur artımı, yağıntıların rejiminin pozulması, torpaq eroziyası və meşə yanğınları kimi hadisələr bitkilərin yaşama imkanlarını məhdudlaşdırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son illərdə “yaşıl artım” anlayışlarını strateji inkişaf hədəfinə çevirib. Nadir və itmək təhlükəsində olan biomüxtəlifliyin mühafizəsi, davamlı bərpa və reintroduksiya layihələrinin hazırlanaraq icra olunması Azərbaycan dövlətinin ekoloji siyasətinin mühüm istiqamətlərindəndir. Həmin siyasət öz bəhrəsini verməkdədir. Ona görə də bütün çətinliklərə baxmayaraq, gələcəyə böyük ümidlərlə baxırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see283

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see189

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see183

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see161

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see130

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see126

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see126

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see125

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see123

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see123

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Bakıda BİABIRÇI görüntülər: Pasiyentin çılpaq görüntüsünü yayıb, rəqs elədi AÇIQLAMA

19 Avqust 2025 16:44see122

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see121

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see121

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see120

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see119

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see119

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see119

Ömrü oğlunun ölüm tarixi ilə bağlanan şəhid atası... "Anamın qucağında gözlərini yumdu"

19 Avqust 2025 21:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri