Akademik Şahin Mustafayev Səmərqənd Regional Kitabxana İnformasiya Mərkəzinin direktoru ilə görüşüb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 may, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Özbəkistana səfəri çərçivəsində A.Puşkin adına Səmərqənd Regional Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zebiniso Şodiyeva ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə elmi nəşrlərin yayılması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, Türk dünyası ölkələri arasında mədəni və akademik əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Şahin Mustafayev Türk Akademiyasının özbək dilində nəşr etdirdiyi kitabları kitabxanaya hədiyyə edib. Bu əsərlər arasında Azərbaycanın görkəmli mütəfəkkiri Abbasqulu Ağa Bakıxanovun tərtibatları və Teymur dövrünün böyük astronomu və hökmdarı Uluqbəy haqqında Vasili Bartoldun “Uluqbəy və dövr” kitabı da var.
Görüşün sonunda tərəflər Türk dünyasında intellektual qarşılıqlı əlaqənin güclənməsinə töhfə verəcək elmi araşdırmaların təşviqi istiqamətində əməkdaşlığı davam etdirmək üçün istəklərini ifadə ediblər.


