Icma.az
close
up
RU
​AKADEMİK VİCDAN VƏ ELMİ MƏSULİYYƏT... Xalid Niyazovun YAZISI

​AKADEMİK VİCDAN VƏ ELMİ MƏSULİYYƏT... Xalid Niyazovun YAZISI

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Dissertasiya müdafiəsi sistemində keyfiyyət, etika və nəzarət problemi

Xalid Niyazov,

Əməkdar jurnalist, 

Siyasi eimlər doktoru

... Hamı müdafiə etmək istəyir. Baxmayaraq ki, alim camiəsi cəmiyyətdə az qala ən aşağı maaş alan bir təbəqədir, elmlər namizədi və elmlər doktoru adı almaq istəyənlərin sayı az qala həndəsi silsilə ilə artır. Oğlanlarla məsələ aydındır; əsgərlikdən yayınmanın bir legitim yolu da elmin “fərhad”lığından keçir. Son illərin statistikası göstərir ki, bəşəriyyətin ən gözəl yarısının nümayəndələri tərəfindən də elmə, daha doğrusu, alim adı almağa böyük maraq və axın var. Demək olmaz ki, onları da motivasiya edən tək səbəb elmdir. Xeyr! Çoxları üçün bu bəlkə də sonuncu səbəbdir. Elmi dərəcəyə artan tələbat həmişə elmi yaradıcılığın, tədqiqat mədəniyyətinin və intellektual marağın güclənməsi demək deyil. Əsas olan, sadəcə, nüfuz, ad, anturaj məsələsidir. Belə ki, bəzən dərəcə elmi nəticənin deyil, sosial statusun, peşəkar üstünlüyün, inzibati karyeranın və ya müəyyən çevrələrə çıxışın simvoluna çevrilir.

Digər tərəfdən də müzakirə, seminar və müdafiə prosesi kifayət qədər yumşaq, liberal keçirsə, kiminsə adamı olmaq məsələsi işə yarayırsa, niyə də müdafiə etməsinlər?! Biz əsasən humanitar-ictimai elmlər sahəsini nəzərdə tuturuq.

“Alim olmaq” yoxsa “elmi dərəcə almaq”

Elm yalnız yeni bilik istehsal edən fəaliyyət sahəsi deyil. O, eyni zamanda cəmiyyətin həqiqətə münasibətinin xüsusi formasıdır. Elmin nüfuzu məhz buradan başlanır: cəmiyyət alimin sözünə ona görə inanır ki, həmin sözün arxasında şəxsi maraqdan, inzibati münasibətlərdən, dostluqdan, korporativ həmrəylikdən daha yüksəkdə dayanan bir meyarın – elmi həqiqətin dayandığını düşünür. Bu etimad itiriləndə elm özünün ən mühüm sərvətlərindən birini itirir.

Müasir dövrdə elmi dərəcəyə marağın artması özlüyündə mənfi hal deyil. Əksinə, cəmiyyətin elmi fəaliyyətə üz tutması müsbət prosesdir. Lakin elmi dərəcə bilik, tədqiqat və intellektual məsuliyyətin nəticəsi olmaqdan çıxaraq sosial status, karyera üstünlüyü, inzibati imtiyaz və şəxsi nüfuz vasitəsinə çevrilirsə, burada akademik inflyasiya problemi yaranır.


Elmi dərəcə də ilk növbədə həmin etimadın institusional ifadəsidir. Fəlsəfə doktoru və ya elmlər doktoru diplomu yalnız müəyyən mərhələləri keçmiş şəxsə təqdim olunan rəsmi sənəd deyildir. Dövlət və elmi ictimaiyyət bu sənədlə, əslində, bəyan edir ki, həmin şəxsin müstəqil tədqiqat aparmaq, elmi problemi müəyyənləşdirmək, adekvat metodologiya seçmək, yeni nəticələr əldə etmək və onları elmi müzakirədə müdafiə etmək qabiliyyəti mötəbər ekspertiza yolu ilə təsdiqlənmişdir.

Deməli, elmi dərəcə fərdi nailiyyət olmaqla yanaşı, həm də kollektiv elmi etimad aktıdır. Məsələnin mahiyyəti də elə bu nöqtədən başlayır.

Bir dissertasiyanın arxasında yalnız onun müəllifi dayanmır. Orada elmi rəhbərin imzası var. İlkin müzakirəni keçirən elmi kollektivin mövqeyi, elmi seminarın qərarı var. Dissertasiya şurasının məsuliyyəti, rəsmi opponentlərin rəyləri var. Nəhayət, dövlət attestasiya sisteminin yekun ekspertizası və qərarı var.

Bu qədər mərhələdən keçmiş iş sonradan ciddi elmi, metodoloji və ya etik qüsurlarla üzə çıxırsa, məsələni yalnız “iddiaçı zəif dissertasiya yazıb” cümləsi ilə izah etmək mümkündürmü? Bizcə, yox.

Belə halda sual daha geniş qoyulmalıdır: zəif elmi iş bu qədər elmi “süzgəcdən” necə keçə bilib? Bu sual konkret bir iddiaçının, bir opponentin, bir dissertasiya şurasının, təbiri caizsə, boyunu aşan sualdır. Çünki burada söhbət elmi dərəcənin legitimliyindən, elmi ekspertizanın etibarlılığından və nəticə etibarilə elmin cəmiyyətdəki nüfuzundan gedir.

Bu yerdə çox sadə görünən, əslində isə prinsipial bir fərqi müəyyənləşdirmək lazımdır: elmi dərəcəsi olmaqla alim olmaq eyni şeydirmi?

Formal-hüquqi baxımdan elmi dərəcə müəyyən edilmiş tələblərin yerinə yetirilməsinin nəticəsidir.

Azərbaycanda qüvvədə olan “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” elmi dərəcələrin verilməsi qaydasını və şərtlərini müəyyənləşdirir və elmi dərəcələrin Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən verildiyini təsbit edir:

Lakin alimlik yalnız hüquqi status deyil.

Alimlik düşüncə mədəniyyətidir.

Alimlik şübhə etmək bacarığıdır.


Öz nəticəsinə də başqasının nəticəsi qədər tənqidi yanaşa bilməkdir. Faktla ehtimalı, sübutla mülahizəni, elmi yeniliklə gözəl ifadəni bir-birindən ayıra bilməkdir. Bəzən illərlə üzərində işlədiyin fərziyyənin yanlış olduğunu qəbul etmək cəsarətidir.

Ən əsası isə alimlik intellektual vicdan məsələsidir.

Çünki elmdə bütün saxtakarlıqlar plagiatdan başlamır. Elmi vicdansızlığın daha incə və hüquqi norma ilə ölçülməsi daha çətin formaları da mövcuddur: əvvəlcədən müəyyən edilmiş nəticəyə fakt axtarmaq; uyğun gəlməyən faktları görməmək; məlum fikri yeni konsepsiya kimi təqdim etmək; metodologiyanın adını yazıb özünü tətbiq etməmək; mənbəni oxumadan ona istinad etmək; elmi yenilik olmayan müddəanı “ilk dəfə” ifadəsi ilə təqdim etmək; tənqidi fikirləri bilərəkdən nəzərə almamaq...

Bunların hamısını antiplagiat proqramı aşkar etməyə bilər. Amma elm yalnız antiplagiat proqramının aşkar edə bildiyi qüsurlardan ibarət deyil.

Məhz buna görə elmi dərəcə əldə etmə prosedurunun mahiyyətini sənədlərin düzgün hazırlanması və texniki tələblərin ödənilməsi səviyyəsinə endirmək olmaz. Attestasiya sisteminin əsas sualı “iddiaçı bütün sənədləri təqdim edibmi?” deyil. Əsas sual - Bu şəxs təqdim etdiyi tədqiqatla elmi dərəcə daşımağa hazır olduğunu sübut edə bilibmi?- olmalıdır.

Bu iki sual arasında böyük fərq var. Birincisi bürokratik prosedurun sualıdır. İkincisi isə elmin sualıdır.

Alim olmaqla elmi dərəcə almaq arasındakı sərhəd nöqtəsindən çox maraqlı problemlər layı açılır.

İnsan dissertasiya yaza bilər, müdafiə edə bilər, fəlsəfə doktoru diplomu ala bilər, amma bu hələ avtomatik olaraq “alimlik mədəniyyətinə” sahib olmaq anlamına gəlməz. Çünki alimlik yalnız bilik üstəgəl diplom deyil.

Bunu belə modelləşdirə də bilərik: alimlik = bilik + metodoloji səriştə + elmi dürüstlük + intellektual müstəqillik + məsuliyyət + elmi etik mədəniyyət.

Müdafiəyə qədər uzanan məsuliyyət yolu

Fəlsəfə doktoru elmi dərəcəsinin alınması bir günlük müdafiə mərasimindən ibarət deyil. Müdafiə uzun prosesin görünən son hissəsidir. Əsl elmi məsuliyyət isə daha əvvəl – tədqiqat mövzusunun müəyyənləşdirildiyi andan başlanır.

Həmin zəncir rəsmən belə sıralanır: iddiaçı → elmi rəhbər → ilkin müzakirə → elmi seminar → dissertasiya şurası → rəsmi opponentlər → müdafiə → AAK ekspertizası → yekun attestasiya qərarı.

Bu ardıcıllığın hər bir həlqəsinin funksiyası fərqlidir. Ancaq onların hamısını bir prinsip birləşdirir: elmi keyfiyyətə görə məsuliyyət. Burada məsuliyyətin bölüşdürülməsi heç vəchlə onun zəifləməsi anlamına gəlməməidir. Əksinə, çoxmərhələli sistem ona görə yaradılır ki, bir mərhələnin görə bilmədiyi qüsuru digər mərhələ görsün. Elmi attestasiya sisteminin fəlsəfəsi də, əslində, budur.

Əgər bütün mərhələlər bir-birinin qərarını sadəcə təsdiqləyirsə, çoxmərhələli ekspertizanın mənası itir. İlkin müzakirə “seminara buraxmaq”, seminar “müdafiəyə buraxmaq”, opponent “müsbət rəy vermək”, şura isə “dərəcə almağa layiq bilmək” üçün əvvəlcədən proqramlaşdırılmış mərhələlərə çevrilirsə, ekspertiza mexanizmi öz funksiyasını yerinə yetirmir.

Ortada yalnız prosedurun zahiri forması qalır. Elmdə isə prosedurun mövcudluğu hələ ekspertizanın mövcudluğu demək deyil.

Məsuliyyət zəncirinin institusional fiqurları

Birinci subyekt təbii ki, elmi rəhbərdir. Onun vəzifəsini bəzən yanlış olaraq dissertasiyanı müdafiəyə çatdırmaq missiyası kimi başa düşürlər. Halbuki elmi rəhbərin əsas vəzifəsi “dissertasiya hazırlamaq” deyil, tədqiqatçı yetişdirməkdir. Bu fərq son dərəcə əhəmiyyətlidir.

Dissertasiyanın mətnini redaktə etmək olar, strukturunu dəyişmək olar, istinadlarını düzəltmək olar, hətta ayrı-ayrı nəzəri hissələrini gücləndirmək mümkündür. Lakin iddiaçı müstəqil elmi düşünmək qabiliyyəti qazana bilməmişsə, müdafiədən sonra həmin boşluğu heç bir diplom doldura bilməyəcək.

Elmi rəhbər buna görə yalnız məsləhətçi deyil. O, elmi məktəbin müəyyən mənada təminatçısıdır. Əgər iddiaçı tədqiqat problemini özü izah edə bilmirsə, metodoloji yanaşmasını əsaslandıra bilmirsə, müdafiəyə təqdim etdiyi müddəaların məntiqini anlamırsa, istifadə etdiyi nəzəriyyələrin mahiyyətini bilmirsə, burada yalnız iddiaçının hazırlıq səviyyəsi haqqında deyil, elmi rəhbərlik institutunun funksionallığı haqqında da düşünmək lazım gəlir.

Elmi rəhbərin ən çətin və bəlkə də ən vicdanlı qərarlarından biri bəzən belə olmalıdır: “Bu iş hələ müdafiəyə hazır deyil.” Belə bir qərar iddiaçının müdafiəsini bir il gecikdirə bilər. Amma zəif işə vaxtından əvvəl verilmiş xeyir-dua elmin keyfiyyətinə illərlə təsir göstərə bilər. Elmdə mərhəmətlə güzəşt eyni anlayışlar deyil.

Müzakirə müdafiəyə uzanan yolun növbəti pilləsidir. Və yəqin heç kim mübahisələndirməz ki, həmin mərhələ çox vaxt lüzumsuz mədhiyyə tədbirinə çevrilir – əvvəlcədən hazırlanmış formal suallar, cavabsız qalan iradların nəzərə alınmaması, zəif metodologiyanın ört-basdır edilməsi,elmi nəticəsi olmayan mətnlərin müdafiəyə buraxılması, şəxsi münasibətlərin elmi meyarları əvəz etməsi və s. – bəzən kifayət qədər ciddi bir elmi müzakirə prosesini az qala “bəy tərifi” yaxud “xınayaxdı” məclisinə çevirir.

Müzakirə nə məhkəmə, nə də dost toplantısıdır. O, elmi işin ictimai və peşəkar sınaqdan keçirildiyi institusional mərhələdir. Unutmaq olmaz ki, elmdə ən təhlükəli səhv savadsızlıq deyil, biganəlikdir.İddiaçıya ən böyük yaxşılıq tədqiqatı ilə bağlı konstruktiv irad və qüsurları ilkin mərhələdə bildirməkdir ki, sonra böyüyüb akademik problemə çevrilməsin.

Elmi seminar: mərasim, yoxsa ilk ciddi filtr? Azərbaycanın mövcud normativ sistemində elmi seminarın üzərinə kifayət qədər ciddi vəzifə qoyulub. Əsasnaməyə görə seminar dissertasiyada müəllifin konkret şəxsi töhfəsini, nəticələrin dürüstlüyünü, yeniliyini, elmi və praktiki əhəmiyyətini, işin müvafiq ixtisasa uyğunluğunu və başqa mühüm məsələləri qiymətləndirməlidir. Seminarın nəticəsi dissertasiyanın müdafiəyə tövsiyə olunub-olunmaması barədə qərardır. Həmin qərar sadəcə növbəti mərhələyə keçid bileti deyil, arxasında kollektiv elmi məsuliyyət dayanır.

Burada narahatlıq doğuran məsələ formalizm təhlükəsidir. Əgər seminar iştirakçısı dissertasiyanı oxumadan səs verirsə; müzakirədə əsas elmi problem əvəzinə redaktə xarakterli xırda iradlar səsləndirilirsə; “müəllif bunları nəzərə alsın” formulu ilə fundamental metodoloji qüsurların üzərindən keçilirsə, seminar öz mahiyyətini itirir. Bu müstəvidə “xırda nöqsan” ilə “sistemyaradıcı qüsur”u fərqləndirmək lazımdır. Orfoqrafik səhv qüsurdur. Amma metodoloji yanlışlıq tədqiqatın nəticəsinin etibarlılığını şübhə altına alır. Bunların ikisini eyni “iradlar” səbətinə qoymaq olmaz.

Elmi seminarın həqiqi funksiyası məhz bunları ayırmaqdır.

Opponent kimdir? Dünyanın ciddi universitetlərində opponentlik və resenziya işi sadəcə prosedur hesab edilmir; akademik sistemin özünü qoruma mexanizmi kimi səciyyələndirilir. Tanınmış alman sosioloq və tarixçisi Maks Veberin çox xoşladığım bir fikri var – alimin əsas xüsusiyyətini "intellektual dürüstlük" adlandırırdı. Yəni insanın xoşuna gəlib-gəlməməsindən, siyasi və ya şəxsi simpatiyalarından asılı olmayaraq, faktın və arqumentin tələb etdiyi nəticəyə getmək bacarığı, başqa sözlə, elmin ləyaqəti məsələsində kompromis tanımayan mövqe, intellektual dürüstlük.

“Opponent” sözünün öz semantikasında belə qarşı mövqedə dayanmaq, mübahisə etmək, arqumenti sınağa çəkmək mənası vardır. Elmi opponentin funksiyası iddiaçının düşməni olmaq deyil. Lakin onun vəzifəsi iddiaçının dostu olmaq da deyil. Onun tərəfi elmdir.

Opponent rəylərində mövzunun aktuallığı, nəticələrin elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti və dissertasiyanın müəyyən edilmiş tələblərə uyğunluğu qiymətləndirilməlidir. Bu tələblərin hər biri opponent rəyini formal sənəddən elmi ekspertiza sənədinə çevirir. Opponent ilk növbədə sual verməlidir: müəllif nəyi sübut edib? Hansı elmi problemi həll edib? Əldə etdiyi nəticənin yeniliyi nədədir? Tətbiq etdiyi metod bu nəticəni əldə etməyə imkan verirmi? İddia etdiyi yenilik həqiqətən yenidirmi? Ədəbiyyatda artıq mövcud olan nəticəni yeni terminologiya ilə təqdim etməyib ki? Səbəb-nəticə əlaqələri əsaslandırılıbmı? Müdafiəyə çıxarılan müddəalar tədqiqatın özündən doğurmu?

Bu suallar cavablandırılmadan yazılmış müsbət rəy opponent rəyi sayıla bilərmi?

Hesab edirik ki, opponentlik institutunun ən ciddi problemi məhz burada meydana çıxır: müsbət rəyin məsuliyyəti bəzən mənfi rəyin məsuliyyətindən daha ağırdır.

Mənfi rəy bir iddiaçının elmi karyerasını gecikdirə bilər. Əsassız müsbət rəy isə keyfiyyətsiz elmi məhsula legitimlik qazandıra bilər. Bu halda artıq söhbət bir şəxsin taleyindən deyil, elmi sistemin özünü reproduksiya etməsindən gedir. Zira, elmi keyfiyyətsizliyin ən təhlükəli xüsusiyyəti onun özünü çoxalda bilməsidir. Məhz buna görə opponent rəyin altına yalnız öz adını deyil, elmi reputasiyasını qoyur.

Dissertasiya şurasının müdafiə prosesindəki rolu isə daha mürəkkəbdir. Çünki burada fərdi ekspert rəyləri kollektiv qərara çevrilir. Müdafiənin mahiyyəti səsvermə deyil. Səsvermə müzakirənin nəticəsidir. Əgər elmi müzakirə baş verməyibsə, səsvermənin özü elmi ekspertizanı əvəz edə bilməz.

Qüvvədə olan normativ tələblərdə müdafiənin yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət şəraitində elmi müzakirə xarakteri daşımalı olduğu xüsusi vurğulanır. AAK-ın müdafiələrin monitorinqinə dair məlumatlarında da nəticələrin, elmi və nəzəri-praktiki təkliflərin əsaslandırılmış şəkildə hərtərəfli müzakirəsi mühüm meyar kimi göstərilir.

Bu müddəanın fəlsəfəsi çox dərindir. Elmi şura “kim bu adamın dərəcə almasının tərəfdarıdır?” sualına cavab vermək üçün toplaşmır. Şuranın qarşısında duran sual başqadır: “Təqdim olunan tədqiqat bu elmi dərəcənin meyarlarına cavab verirmi?”

İki sual zahirən yaxın görünür, lakin onların etik mahiyyəti tamamilə fərqlidir.

Birinci halda diqqət şəxsin üzərindədir. İkinci halda meyarın.

Elm isə şəxslərin deyil, meyarların üstünlüyü üzərində yaşaya bilər.

Müdafiə prosesinin demokratik, açıq və humanist olması müsbət haldır. Namizədə sual vermək, onu dinləmək, müxtəlif fikirlərə hörmətlə yanaşmaq və elmi müzakirəni təzyiqsiz aparmaq akademik mədəniyyətin vacib şərtləridir.

Lakin liberallıq elmi tələblərin aradan qaldırılması demək deyil. Liberal mühitlə məsuliyyətsiz yumşaqlıq arasında fərq qoymaq lazımdır. Liberal müdafiə fərqli fikirlərə açıq olur, tənqidi təhqirə çevirmir, müəllifə cavab vermək imkanı yaradır, elmi müzakirəni qarşılıqlı hörmət əsasında aparır, qərarı sübuta və meyarlara əsaslandırır.

Məsuliyyətsiz liberallıq isə ciddi qüsurları “xırda irad” kimi təqdim edir, metodoloji boşluqları görməzdən gəlir, namizədin cavab verə bilmədiyi sualları əhəmiyyətsiz sayır, əvvəlcədən razılaşdırılmış nəticəni müdafiə adı altında rəsmiləşdirir, “müdafiə olunsun, sonra düzəliş edilər” məntiqini normaya çevirir.

Beləcə, hamının iştirak etdiyi prosesdə bəzən heç kəs özünü yekun nəticəyə görə tam məsul hesab etmir.

Sosiologiyada buna yaxın hadisələr “məsuliyyətin diffuziyası” anlayışı ilə izah olunur. Lakin elmi attestasiya sistemində məsuliyyətin bölünməsi məsuliyyətin yox olması anlamına gələ bilməz.

Ali Attestasiya Komissiyası: elmin məsuliyyət sərhədi

Elmi dərəcə ilə bağlı bütün problemlərin məsuliyyətini Ali Attestasiya Komissiyasının üzərinə qoymaq həm hüquqi, həm institusional, həm də elmi baxımdan doğru olmazdı.

AAK-ın öz açıqlamasında mühüm bir məqam xüsusi qeyd edilir: dissertasiya şuralarının yaradılması, onların tərkibinin və müdafiə iştirakçılarının müəyyənləşdirilməsi birbaşa Komissiyanın özü tərəfindən deyil, elmi müəssisə və ali təhsil müəssisələrinin təqdim etdiyi vəsatətlər əsasında həyata keçirilir; Komissiyanın həmin mərhələdəki rolu normativ və prosedur tələblərə uyğunluğun təmin edilməsidir.

Bu, əslində, Azərbaycan attestasiya sisteminin məsuliyyət arxitekturasını anlamaq üçün mühüm müddəadır. Sistem mərkəzləşdirilmiş görünsə də, məsuliyyət əslində paylanmışdır. Universitet və elmi müəssisə elmi mühiti yaradır. Elmi rəhbər tədqiqatçının hazırlanmasında iştirak edir. Seminar ilkin ekspertizanı aparır. Opponent müstəqil elmi qiymət verir. Dissertasiya şurası kollektiv qərar qəbul edir.

AAK isə dövlət attestasiya mexanizminin yekun inzibati-elmi həlqəsi kimi təqdim olunan materialların ekspertizasını və normativ tələblərə uyğunluğunu qiymətləndirir.

Bu modeldə AAK nə əvvəlki mərhələlərin məsuliyyətini öz üzərinə götürməlidir, nə də əvvəlki mərhələlərdə verilmiş müsbət qərarları avtomatik təsdiqləməlidir. Əksinə, yekun ekspertizanın mənası məhz müstəqilliyindədir.

Komissiyanın 2019–2025-ci illər üzrə hesabatlarında elmi fəaliyyətin imitasiyası, psevdoelm və elmi nəticələrlə spekulyasiya hallarını istisna edən qiymətləndirmə sisteminin formalaşdırılması məqsədinin ayrıca vurğulanması təsadüfi deyildir. Həmin statistikada praktikada prosedur və keyfiyyət problemlərinin qalması da etiraf olunur.

Deməli, məsələ yalnız normativ bazanın olub-olmamasında deyil. Bəzən ən mükəmməl norma belə elmi vicdanı əvəz edə bilmir.

Müasir elmi attestasiya sistemi təsadüfən çoxmərhələli qurulmayıb. Bu sistemin arxasında kifayət qədər rasional bir fikir dayanır: elmi nəticənin etibarlılığı bir şəxsin hökmü ilə deyil, bir-birindən müəyyən dərəcədə müstəqil ekspertiza mərhələlərinin ardıcıl qiymətləndirməsi ilə təsdiqlənməlidir.

Nəzəri baxımdan bu qədər süzgəcdən keçmiş dissertasiyada fundamental elmi qüsurun qalması ehtimalı minimum olmalıdır. Təcrübə isə mənzərənn kifayət qədər mürəkkəb olduğunu göstərir.

AAK-ın özünün açıqladığı məlumat xüsusilə düşündürücüdür: son illərdə təqdim edilən dissertasiya və attestasiya sənədlərinin təxminən 30 faizində elmi dərəcə və ya elmi adın verilməsindən imtina edilib. Komissiya metodoloji zəiflikləri, istinad qaydalarının pozulmasını, plagiat hallarını, əvvəlki tədqiqat nəticələrinin yeni nəticə kimi təqdim edilməsini və akademik etikaya zidd digər halları rast gəlinən problemlər sırasında göstərir.

Burada statistikanın özündən daha mühüm olan onun yaratdığı sualdır.

Əgər ekspertizanın sonrakı mərhələsində metodoloji zəiflik, elmi yenilik problemi, istinad pozuntusu və ya daha ciddi elmi-etik qüsur aşkar edilirsə, həmin qüsur əvvəlki mərhələlərdə nə üçün görünməyib?

Bu sualın cavabını yalnız “AAK daha ciddi yoxlayıb” formulu ilə məhdudlaşdırmaq kifayət deyil. Çünki belə izah doğru olsa belə, başqa bir sual doğurur: bəs əvvəlki ekspertiza mərhələlərinin funksiyası nədən ibarət olmuşdur?

Burada elmi attestasiya sisteminin mühüm paradoksu meydana çıxır: deməli, filtrlərin çoxluğu heç də mərhələli ekspertizanın keyfiyyətinə dəlalət etmir; belə ki, mərhələlərin çoxluğu bəzən məsuliyyətin diffuziyasına şərait yaradır. Hər kəs düşünür ki, növbəti mərhələdə bir başqası daha diqqətlə baxacaq. Nəticədə “qonşuya ümid olan şamsız yatır”.

(davamı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Noyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri