Aleksandr Puşkinin portreti Mən ki gözəl deyildim!
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Xədicə Həmidovadır.
Onunla məşhur rus rəssamı Orest Kiprenskinin "Aleksandr Puşkinin portreti" - "Mən ki gözəl deyildim!" əsəri haqqında danışmışıq.
XIX əsrin birinci yarısı rus mədəniyyətində qızıl dövr kimi qiymətləndirilir. Bu dövrdə yaşayıb-yaradan məşhur rəssamlardan biri də Orest Kiprenski olub.
Orest Kiprenski 1782-ci ildə doğulub. Bioqrafiyası sirlərlə dolu olan bu rəssam haqqında hələ həyatda ikən çoxlu əfsanələr dolaşırdı. Ən geniş yayılmış versiyaya görə, onun atası mülkədar, anası isə təhkimçi qadın olmuşdu. Dövrün qanunlarına görə, onların rəsmi nikah bağlaması mümkün deyildi. Bastard, yəni nikahdan kənar övlad olduğu üçün atasının soyadını daşımağa icazəsi yox idi. Bütün bu sosial tabulara baxmayaraq, atası dövrünə görə maarifpərvər bir insan idi və oğluna həm maddi, həm də mənəvi dəstək göstərirdi. Oğlunun gələcəyini düşünən atası mülkədar Dyakonov Orest Kiprenskiyə və anasına azadlıq verir. Maraqlıdır ki, ad və soyad seçimi zamanı da atası fəal iştirak edir və adının səsli, yaddaqalan olmasına xüsusi diqqət yetirir. Belə ki, "Orest" o dövrün dəbli adlarından biri, "Kiprenski" isə Kiprli Afroditadan ilhamlanaraq seçilmişdi.
Məhz atasının dəstəyi ilə Orest Kiprenski Peterburqda İmperator Rəssamlıq akademiyasına qəbul olmuş, çox qısa zamanda böyük uğurlar əldə etmişdi.
Akademiyanı bitirdikdən sonra o, Peterburqda ən dəbli portret rəssamlarından birinə çevrilir. Lakin onun ən böyük arzusu İtaliyaya getmək idi. Bu arzu uzun illər sonra gerçəkləşir. İtaliyada keçirdiyi dövr rəssamın yaradıcılığına və şəxsi həyatına dərin təsir göstərir. Qısa müddətə Peterburqa qayıtsa da, yenidən Romaya dönür, burada ailə qurur və ömrünün sonuna qədər orada yaşayır.
- Rəssam bu portretdə Puşkin ömrünün hansı dövrünü təsvir edib?
- "Rus ədəbiyyatının günəşi" adlandırılan Puşkinin çoxlu sayda portretləri sağlığında və ölümündən sonra qrafika, rəngkarlıq nümunələrində əks etdirilsə də, məhz bu portret onun xarici görkəmini ən dəqiq və uğurlu şəkildə əks etdirən nümunələrdən biridir.
Aleksandr Puşkin burada iyirmi yeddi yaşında təsvir olunub. Sözügedən dövrdə onu rus ədəbiyyatının dahisi adlandırmaq çətin idi. Bir neçə kiçik əsər yaradan gənc şairdə bu potensialı heç kim görmürdü. O dövrdə Jukovski kimi yazıçılardan gözləntilər daha çox idi. Aleksandr Sergeyeviç Puşkin müflisləşmiş zadəgan ailəsində anadan olmuşdu. Ana tərəfdən ulu babası efiopiyalı knyaz olduğundan şərq üz cizgiləri onun xarici görünüşündə diqqətə çarpır və ömrü boyu şair özünü çirkin hesab edir. Məhz bu səbəbdən o, heç vaxt portretlər üçün poza verməz, təsvirdən qaçardı.
Aleksandr Puşkinin portreti, məktəb dostu Anton Delviqin sifarişi ilə çəkilib. Şairin natura kimi durmağa razı salınması isə asan başa gəlməyib, bu məqsədə böyük səylər nəticəsində nail olublar. Portret tamamlandıqdan sonra Puşkin onun gerçəyə uyğun, lakin bir qədər ideallaşdırılmış şəkildə təsvir olunduğunu qeyd edir. Əsər yazıçı tərəfindən yüksək qiymətləndirilmiş, hətta bu portret gələcəkdə Puşkinin məşhur rəssam Vasili Andreyeviç Tropininə də portret sifariş etmək arzusunu doğurmuşdu.
- Əsərin rəng həlli necədir?
- Yağlı boya ilə çəkilmiş portretin palitrasında bir neçə tondan istifadə olunması əsərə təmkin və yumşaqlıq qatıb. Lakin bu monotonluq ürəyi sıxmır, əksinə, nəzəri daha da cəlb edir. Bu rənglərin fonunda şairin işıqlı çöhrəsi önə çıxaraq tamaşaçının bütün diqqətini özünə yönəldir. Rənglər vasitəsilə rəssam şairin ikili xasiyyətini tamaşaçıya ötürür. Şairin sol üz tərəfi daha açıq tonlarla, yumşaq keçidlər və işıq oyunları ilə işlənərək ona məlahət və saflıq hissi verir. Sağ tərəfdə isə tünd çalarlar və kölgələrin çoxluğu onun daha ağır, bəzən isə demonik xarakterini vurğulayır. Əsərdə əsas rəng tonu qəhvəyi-qızılı və zeytun yaşılı təşkil edir və bu detallar Puşkinin tünd üzünü yumşaldır. Əsərdə əsas rəng tonları olan qəhvəyi-qızılı və zeytun yaşılı Puşkinin tünd simasını yumşaldaraq onun daxili aləmini və düşüncəli təbiətini ön plana çıxarır. İncə işlənmiş konturlar şairin romantik və təxəyyülə qərq olmuş halını vurğulayır. Fon sadə saxlanılıb, yalnız kiçik muza heykəli var ki, bu da diqqəti yayındırmadan baxışları şairin üzünə yönəldir. Baş ətrafında açıq tonla yaradılmış nimb effekti Puşkinin qeyri-adi şəxsiyyətini simvolizə edir. Geyimdəki qara rəng və çiyninə atılmış şotland tartanı kompozisiyaya statiklik və tarazlıq gətirir. Saçlarda tunca çalan qırmızımtıl tonlar isə Puşkinin obrazını heykəltaraşlıq təsiri ilə tamamlayır.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- "A.S.Puşkinin portreti" kamera portret növünə aiddir. Kamera portretlərində, parad portretindən fərqli olaraq, insanın daxili aləmi və ruh halını vizual olaraq ifadə edir.
Bu tip portretlərdə çox vaxt insan çiyinə, sinəyə və ya belə qədər neytral fonda təsvir olunur. Neytral fon tamaşaçının fikrini yayındırmır, obraza tam fonuslanmağa imkan yaradır. Bu fonda təsvir edilən bəzi portretlər intim portret hesab olunur.
Puşkinin portretdə statik, sanki bürüncdən tökülmüş bir heykəl kimi təsvir olunması onu antik heykəllərlə assosiasiya edir və rəssamın İtaliyadakı təəssüratlarını dolğun şəkildə əks etdirir.
Arxa planda yerləşdirilmiş kiçik muza heykəli isə monoxrom rənglərlə işlənib ki, diqqəti yayındırmasın. Bununla belə, heykəlin Puşkinin fiqurundan yuxarıda yerləşməsi onu mifik, ali bir varlıq kimi göstərir və tanrılarla bağlılığını simvolizə edir. Muzanın başın üzərində yer alması və rəssamdan yuxarıda təsvir olunması onun ilahi himayədar obrazını yaradır.
- Puşkinin gözləri xüsusilə diqqət çəkir.
- Rəssam, Puşkinin gözlərini detallı şəkildə işləyərək tamaşaçının diqqətini onun daxili aləminə yönəldir. Bu da romantik portretin əsas xüsusiyyətlərindən biridir. Gözlər vasitəsilə xarakterin iç dünyasının açılması, eyni zamanda kamera portretinə xas bir yanaşmadır. Əsərdə gözlərin digər elementlərə nisbətən daha dəqiq və üzün daha işıqlı təsviri kompozisiyanın mərkəzini təşkil edir.
- Tablo harada saxlanılır?
- Əsər Moskvada Dövlət Tretyakov qalereyasında qorunur.
- Rəssamın yaradıcılığına xas xüsusiyyətlər bu əsərdə özünü necə göstərir?
- Orest Kiprenskinin yaradıcılığında portret janrı aparıcı rol oynayır. Tələbəlik illərində o, bu janrın bütün metodlarını mənimsəməsinə baxmayaraq, bu istiqaməti davam etdirmir, öz yaradıcılığı üçün portret janrını əsas kimi götürür. Dövrünün romantik rəssamı olan Orest Kiprenski portret janrında yenilik əlavə edərək təsvir etdiyi insanların daha çox daxili aləminə və psixologiyasının açılması xüsusiyyətlərini ön plana çəkir. Bu da rus təsviri sənətində romantik portretlərin yaradılmasına təkan verir. Belə kamera portretlərində rəssam neytral fon istifadə edərək bütün diqqəti fiqura yönəldir ki, bu da onun yaradıcılığı üçün səciyyəvi xüsusiyyətdir.
- Puşkinin portretində istifadə olunan statik poza əslində Orest Kiprenskinin portretlərində çox da rast gəlinmir.
- Bu məqam əsəri bir qədər sərt və təmkinli edir, üstəlik, romantik ovqatdan uzaqlaşdırır. "Pyotr Alenin", "Gənc bağban" və digər əsərlərinə nəzər salsaq, romantik portretlərə xas sərbəst, bir qədər ətraf aləmdən təcrid olunmuş insanlar təsvir edilir. Onların aləmi tamaşaçı qarşısında tamamilə açılaraq gizli qalmır. Aleksandr Puşkində isə statik poza və əllərin qucaqlayıb tutması onun sanki izləyici qarşısında tam açılmaq istəməməsindən xəbər verir. Digər əsərlərdən fərqli olaraq, gözlər ilə yanaşı, rəssamın iç aləmi simvolik obraz - muza vasitəsilə tamaşaçıya çatdırılır. "Pyotr Alenin" və ya "Qrafinya Rastopçina" portretində rəmzlərdən söhbət belə gedə bilməz. Həm də romantik səpkili portretlərdə simvollara yer verilmədiyindən bu portret digərlərindən tam fərqlənir. Demək olar ki, Orest Kiprenskinin bütün portretlərində insanlar yüngül gülümsəyir, bəzən isə kədərli üzə malikdirlər. Biz bunu Aleksandr Puşkin haqqında deyə bilmərik, onun üzü emosiyalardan uzaq və bir qədər məğrur təsir bağışlayır.
- Bu rəsm bizə nə deyir?
- 27 yaşlı Aleksandr Sergeyeviç Puşkini təsvir edən Orest Kiprenski sadə quruluş istifadə etsə də, burada hər detal şairin iç aləmini və xislətini alleqorik tərzdə açır. Puşkinin statik, heykəl təəssüratı yaradan fiqurunda rəssam bürünc büst fiquruna istinad edir. Antik dövrlərdə bürünc büstlər çox vaxtı ictimai mahiyyət daşıyan və parlaq şəxslərin, şair, filosof, yazıçıların xatirəsini əbədiləşdirmək üçün düzəldilirdi. 27 yaşlı Puşkin hələ rus mədəniyyətində tam olaraq formalaşmasa da, Orest Kiprenski sanki dostu Delviqin dediklərindən ilhamlanaraq şairdə o potensialı görür və onu antik dahi şairlər ilə müqayisə edir. Bürünc büstə daha da oxşatmaq üçün hətta şairin açıq qəhvəyi saç rənginə bir az da tunc çalarlar qatır.
Puşkinin sol çiyninə atdığı milli şotland geyim elementi şairin yaradıcılığının Corc Bayron ilə müqayisə olunması üçün əlavə edilib. Rəssam rus ədəbiyyatındə Aleksandr Puşkini Corc Bayron kimi romantizmin istedadlı nümayəndəsi kimi təqdim edir. Bu geyim elementinin dövrün dəbinə uyğun şəkildə şairin çiyninə salınması Aleksandr Puşkinin eyni zamanda onun dəbli və dendi obrazını gücləndirir. Tamaşaçı bunu həmçinin təmiz və baxımlı dırnaqlarda da müşahidə edə bilər. XIX əsr rus aristokratların əsas işlərindən biri də, dırnaqlara qulluq idi. Bu proses saatlarla uzana bilərdi, buna görə də zadəganlar bu zaman ərzində mülkiyyət ilə bağlı əmrlər verər, məktublara qulaq asar, yazıçı-şair olarsa, yeni şeirləri diktə edirdilər. Aleksandr Puşkinin baxımlı əlləri onun zadəgan mənşəyini bir daha sübut edir. Bəziləri isə portretdəki əllərin qadın əlləri olduğunu iddia edirlər. Lakin bu fikir dəlillərə əsaslanmır, çünki ilk növbədə aristokratların əlləri ağır iş görmədiklərinə görə həmişə incəliyi ilə fərqlənirdi. Bundan əlavə, diqqətlə baxdıqda barmaqlarda kişi əlinə xas incə əzələ quruluşu da sezilir.
Yunan tanrılarından biri olan Apollon məlumdur ki, incəsənət tanrısıdır. Mifologiyaya əsasən biz bilirik ki, onun hər incəsənət sahəsini təmsil və hamilik edən köməkçiləri, yəni muzalar mövcud idi. Onlardan biri də poeziya hamisi muza Erato hesab olunur və onun təsvirini biz arxa planda əlində yunan musiqi aləti olan lira ilə görürük. Muzanın arxada təsviri Aleksandr Puşkinin yaxın dostu Delviqin istəyi ilə buraya əlavə edilmişdi. Bu da rəssamın poeziya ilə sıx əlaqəsini və hətta ali güclər tərəfindən hamilik altında olduğunu simvolizə edir. Beləliklə, rəssam Aleksandr Puşkinin yaradıcılığını yüksək qiymətləndirərək onu bir növ "ilahiləşdirir".
Əsərdə maraqlı məqamlardan biri də fon hissəsində şairin başının ətrafındakı nisbətən açıq rənglə verilməsidir. Ətrafında olan bu açıq sahə başını nimb kimi dolayır. Nimb məlum olduğu kimi, xristian aləmində müqəddəslərin başının ətrafında istifadə edilərək onların müqəddəsliyinin rəmzi göstərilməsidir. Lakin bu element həm də gücü və hakimiyyəti də göstərir.
Əlləri qucaqlayıb tutmaq ictimai davranış qaydalarına görə bəzən qeyri-etik hesab olunsa da, Aleksandr Puşkinin bu duruşu onun kübarlığına və qamətinə zəriflik qatır. Psixologiyaya görə insanlar qarşı tərəfdən özünü gizlətmək üçün əllərini belə tuturlar. Buna əsaslanaraq belə qənaətə gəlmək olar ki, Puşkin tarixən özünə qapanmış insan olub və hər kəsə öz ruhunu açmazdı. Şairin gözləri tamaşaçıya deyil, yan tərəfə yönəlir və onu düşüncəli obraza çevirir. Təsvir edilənin tamaşaçıdan baxışı yana çəkməsi romantizm səpkisində olan portretlər üçün səciyyəvidir.
Baxışlarını uzağa yönəlməsi sanki yeni bir şeirin yaranması üçün ilham axtardığını və hər fikri içində təhlil etdiyini göstərir.
Aytac SAHƏD


