Icma.az
close
up
RU
“Aləmi cənnət imiş darı diyarı Qarabağ”

“Aləmi cənnət imiş darı diyarı Qarabağ”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndən uzaq düşmüş Mir Həmzə Nigarinin Qarabağ sevgisi

“Mir Həmzə Nigari”, “Mir Seyid Həmzə Nigari”, “Seyid Nigari”, “Nigari” təxəllüsləri ilə mükəmməl poeziya nümunələri yaratmış Seyid Həmzə Nigari XIX əsr Azərbaycan ədəbiyyatında təriqət şairi kimi tanınır. Soydaşımızın ibadət örnəyi olmuş həyatı və islami məfkurə ilə aşılanmış zəngin irsi ümumtürk ədəbiyyatının da ortaq dəyəri kimi sevilir və öyrənilir.

Azərbaycanda və Türkiyədə yaşamış, “Nigari” təxəllüsü ilə şeirlər yazmış Mir Həmzə XIX əsrin məşhur sufi mütəfəkkiri olmaqla bərabər, divan ədəbiyyatının da parlaq nümunələrini yaratmışdır. Şəcərə məlumatlardan aydın olur ki, Nigarinin ulu babaları Mir Heydər və Seyid Şəmsəddin Ağabalı Məhəmməd Peyğəmbər nəslinin davamçılarından sayılmışlar. Mədinədən Türkiyəyə köçmüş, oradan da Azərbaycana gəlmişlər. Şair öz soy-kökünü belə nişan vermişdir:

Nəsli İsmayılsan, əsli ərəbsən,
Ali Məhəmmədsən, ali məzhəbsən,
Müntehibsən silsileyi zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği.

Adının Mir Həmzə olduğunu “Bəndeyi Ali Abayam, Mir Həmzə adımdır” misralarında ifadə etmiş Nigari 1797-ci, bəzi mənbələrə görə isə isə1805-ci ildə Qarabağın (indiki Qubadlının) Cicimli kəndində anadan olmuş, 1886-cı ildə Türkiyədə vəfat etmişdir.

Rusiya imperiyasının işğalına qarşı Qafqazda baş qaldıran müridizm hərəkatının rəhbərlərindən biri kimi Nigari də təqiblərə məruz qalmış, Türkiyənin Amasya şəhərinə köçməyə məcbur olmuşdur. O, Harput şəhərində vəfat etmiş, müridləri onu Amasyanın Bayazid Paşa məhəlləsində dəfn etmişlər. Sonralar Azərbaycandan da gələn yardımlarla Nigarinin əmisi oğlu Mir Həsən məzar üzərində türbə və yanında məscid tikdirmişdir.

“Şirvanlı cami”, “Azərilər camisi” adlanan bu məqbərədə Nigarinin oğlu Siracəddin İsmayıl, onun davamçıları və Mir Həsən əfəndi də dəfn edilmişdir. Şeyxin türbəsini yerli əhali və Azərbaycandan Amasyaya köçən əhali həmişə müqəddəs məkan kimi ziyarət etmişlər. Nigari nəslinin davamçıları da Amasyada yaşayırlar.

Şeirləri geniş xalq kütlələri tərəfindən sevilən və əzbərlənən Nigari məhsuldar yaradıcılıq yolu keçmişdir. Onun türkcə və farsca divanları, “Çaynamə”, “Nigarnamə” və “Həşt Behiştnamə” əsərləri məlumdur. Onun poetik irsi Türkiyədə, Tiflisdə, Azərbaycanda dəfələrlə nəşr olunmuşdur. Azərbaycanda Mir Həmzə Nigarinin haqqında ilk elmi-ədəbi məlumatı Firudin bəy Köçərli vermişdir. Ədəbiyyatşünas “Azərbaycan ədəbiyyatı” toplusunun II cildində Nigarini belə təqdim etmişdir: “Şeirlərinin tamamı açıq türk dilində, bir azacıq osmanlı şivəsilə inşa olunub”.

Həmzə Nigarinin türkcə divanı 1884-cü ildə İstanbulda, 1908-ci ildə Tiflisdə “Qeyrət” mətbəəsində nəşr edilmişdir. 1911-ci ildə isə onun farsca divanı İstanbulda nəşr olunmuşdur. Azərbaycanda sovet dönəmi illərində Seyid Nigarinin əsərlərinin nəşri qadağan edilmişdir. Müstəqillik illərində isə 2010-cu ildə onun divanını AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Nəzakət Məmmədli tərtib və nəşr etdirmişdir .

Mir Həmzə Nigarinin az bilinən əsərlərindən biri “Nigarnamə”dir. Əsərin adı ilə bağlı belə bir fikir mövcuddur ki, Seyid Həmzə hələ kiçik yaşlarında yuxuda Şahnigar adlı bir qıza aşiq olmuş və sonralar şeirlərini onun şərəfinə “Nigari” təxəllüsü ilə yazmışdır:

Leylinindir Məcnun, Şirinin Fərhad,
Mən də Şahnigarın mübtəlasıyam.

Alleqorik və simvolik bir əsər olan “Nigarnamə”də könül səyahətə çıxarılmış, insanın Allaha yetişmə yolları axtarılmışdır. “Nigarnamə” məsnəvisini 2024-cü ildə Ankarada çap etdirən Amasya Anadolu liseyinin ədəbiyyat müəllimi Kurtuluş Altunbaş “Ön söz”də əsərin təsəvvüfi eşqi dilə gətirən 4 min 545 beytlik bir mənəvi xəzinə olduğunu bildirib. O, Nigari yaradıcılığına olan sevgi ilə 2004-cü ildə Seyid Həmzənin türkcə yazdığı əsərləri 2 cilddə Samsunda nəşr etdirmişdir.

Nigari şeirlərinə yazdığı şərhlərlə 638 səhifəlik I cild və 661 səhifəlik II cilddən ibarət olan Nigari divanından əlavə, Kurtuluş bəy sonrakı illərdə onun aşağıdakı əsərlərini də nəşr etdirmişdir:

1. Divani Seyyid Nigari. Cild I və cild II, Samsun, 2004.

2. Çaynamə Nigari. Amasya, 2023.

3. Mənaqibi Seyyid Nigari. Amasya, 2023.

4. Mir Seyyid Həmzə Nigaridən Berceste Misralar. Amasya, 2023.

Türkiyə türkcəsi ilə yazdığı əsərlərində belə Azərbaycan şivəsi açıq görünən Nigari poeziyasında Allaha, Peyğəmbərə olan ilahi sevgi nəzmə çəkildiyi kimi, şairin doğulub boya-başa çatdığı Qarabağ, onun hər güşəsi də poetikləşir. Bu tərənnüm onun bütün əsərlərində, o cümlədən “Çaynamə” əsərində rast gəldiyimiz sevgi nəğməsidir. Bu şeirin şərhi belədir: “Qarabağ dünyadakı cənnətdir. Qarabağın qərbində Göyçə, şərqində Şirvan vardır. Güney sərhədi Araz olan Qarabağın quzey sərhədinin ucu-bucağı yoxdur. Bağları cənnət bağı kimidir. Atları cinsdir, oylaqları gözəl, havası xoşdur. Türlü çiçəklər yetişir. Hər tərəfi yaşıllıqdır. Gəliri çoxdur. Bu mövzuda Misirlə belə müqayisə edilməz. Aşiqləri Fərhad, sevgililəri Şirin kimidir. Qarabağın tərifi sərhədlərə sığmaz”.

Şeirlərinin bir çoxunu “Qarabaği” ləqəbi ilə yazan Həmzə Nigari bu gözəl diyara “abad olsun” deyə xeyir-dua verir:

Abad olsun Qarabağ içrə ol yer çünki cananın,
Habubane qara qaşına qurban olduğum yerdir.

Qarabağı vəsf etməkdən yorulmayan Mir Həmzə Nigari buranın suyunu süd və qaymağa bənzədərək yazır:

Bir yer diyəm ismidir Qarabağ,
Cənnət yeri vü abi şirü qaymaq.

Nigariyə görə bu gözəl cənnət diyarına ona görə Qarabağ deyirlər ki, torpağı gözəl ətirlidir, otlarının, güllərinin ətri qısqanclıq yaradır, hər tərəfi yaşıllıq, hər tərəfi bağlarla doludur. Ona görə də adı Qarabağdır:

Hər canibi səbz, hər bağ,
Onun üçün ismidir Qarabağ.

Bu diyarda bülbüllərin və quşların səsləri də mələklərin nəğmələri kimidir deyən Nigari Qarabağın hər qarış torpağını, böyüklü-kiçikli bütün kənd və şəhərini mədh etməkdən yorulmur:

Firdevs-i dil-aradır gərçi Qarabağ amma,
Xoşdur Qarabağ içrə kuy-i Qaradaş evla

Xalq şeirinin və klassik divan şeirlərinin əsas çalarlarında poeziya nümunələri yaradan Nigarinin şeirləri Anadolu, Qarabağ, Qazax, Borçalıda yaşayan geniş xalq kütlələri tərəfindən əzbərlənmiş və sevilmişdir. Mir Həmzə Nigari poeziyasının ana xəttini ilahi eşqi tərənnüm edən şeirlər təşkil etsə də, onun canlı xalq dilindən, şifahi ədəbiyyat nümunələrindən geniş bəhrələndiyi aydın duyulur. Əsərlərində Azərbaycan və Türkiyə türkcəsi ifadələrinin bolluğu onun xalq müdrikliyinə dərin bağlılığını göstərir.

Seyid Həmzə Nigari yaradıcılığına çağdaş müraciət onu deməyə haqq verir ki, XIX əsr Azərbaycan və Türk ədəbi irsində böyük iz qoyub getmiş Mirhəmzə Nigarini öyrənməyə, onun daha ətraflı tədqiq və təbliğinə ehtiyac vardır.

Sonda Nigari adının unutdurulduğu sovet dönəmində şairin Qarabağda xanəndələrin dilindən düşməyən “Qarabağ” rədifli qəzəlini oxuculara təqdim edirik:

Nə əcəb devlət imiş seyri-şikari Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari Qarabağ.
Rəşki müşki-ənbər imiş buyi-qubari Qarabağ,
Abi-heyvan imiş ənhari-pünari-Qarabağ.
Kövşərü-Tuba imiş çayu-çinarı Qarabağ,
Aləmi-cənnət imiş darı-diyarı Qarabağ.
İndi bildim nə imiş vəsfi həzarı-Qarabağ,
Yeridir kim çəkərəm ah u zarı-Qarabağ.
Dağlayıbdır məni bir lalə-izharı Qarabağ,
Yandırıbdır məni bir narı-Nigarı Qarabağ.

Maarifə HACIYEVA,
filologiya elmləri doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see218

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see204

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see193

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see185

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see185

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see184

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see181

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see179

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see178

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see178

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see175

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see175

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see174

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see174

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see173

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see172

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see169

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see160

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see152

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri