Ali məktəblərə qəbul imtahanının 1 ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 21 aprel, AZƏRTAC
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər mayın 1-i saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində tanış olmaq mümkündür.
Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin fevralın 20-dən martın 5-dək ərizə qəbulunda iştirak etməmiş cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.


