Alimin maaşını artırmaq kifayət deyil: Elmə münasibət dəyişməlidir!
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının az da olsa, artırılmasına baxılmalıdır”.
Deputat Ceyhun Məmmədovun Milli Məclisdə səsləndirdiyi bu fikir ilk baxışda elm adamlarının sosial vəziyyətinə diqqət çəkilməsi kimi görünə bilər. Lakin məsələyə daha dərindən yanaşdıqda, bu fikrin özündə müəyyən bir ziddiyyət və narahatedici məqamlar ortaya çıxır.
Əvvəla, alimlərin maaşlarının artırılmasına “az da olsa” baxılmasını təklif etmək elmin və alimin cəmiyyətdəki yerinə hansı münasibətin göstərildiyini açıq şəkildə ortaya qoyur.
Məgər ölkənin elmi potensialını qoruyan, gələcəyin mütəxəssislərini yetişdirən, yeni bilik və texnologiyaların yaranmasına töhfə verən insanların əməyinin dəyəri bu qədər kiçik qiymətləndirilməlidir?
Alim maaşının artırılması kiməsə edilən güzəşt, hansısa sosial yardım və ya xoşməramlı təşəbbüs deyil.
Bu, dövlətin elmə, təhsilə və intellektual kapitala münasibətinin göstəricisidir. Elm adamı öz maddi təminatını düşünməkdən daha çox elmi araşdırma aparmalı, yeni ideyalar irəli sürməli, tələbə və gənc tədqiqatçılara yol göstərməlidir. Lakin maddi təminatı yetərli olmayan alimdən yüksək elmi nəticələr gözləmək nə dərəcədə ədalətlidir?
Digər tərəfdən, məsələni yalnız maaş artımı ilə məhdudlaşdırmaq da doğru deyil. Azərbaycan elminin problemləri təkcə aşağı əməkhaqqından ibarət deyil. Elmi tədqiqatların maliyyələşdirilməsi, laboratoriyaların müasir avadanlıqlarla təmin olunması, gənc alimlərin elmdə saxlanılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və elmi nəticələrin real iqtisadiyyata tətbiqi kimi ciddi məsələlər də var.
Bu gün gənc və istedadlı tədqiqatçıların bir qisminin elmi fəaliyyətdən uzaqlaşmasının, bəzilərinin isə xarici ölkələrdə karyera qurmağa üstünlük verməsinin səbəbləri üzərində ciddi düşünmək lazımdır. Çünki elmi insan yetişdirmək illər tələb edir, amma həmin insanı elmdən itirmək üçün bəzən bir neçə il kifayət edir.
Millət vəkilləri büdcə müzakirələrində alimlərin maaşlarının artırılmasını sadəcə bir təklif kimi deyil, dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi gündəmə gətirməlidirlər.
Elmin inkişafı haqqında danışmaq asandır, amma bu inkişaf üçün konkret maliyyə mexanizmləri, uzunmüddətli strategiya və siyasi iradə lazımdır.
Ən əsası, alimlərə münasibət “maaşlarını heç olmasa bir az artıraq” düşüncəsindən “ölkənin gələcəyini yaradan insanlara layiqli şərait yaradaq” düşüncəsinə dəyişməlidir.
Unutmayaq ki, neft tükənə bilər, təbii sərvətlər azala bilər, amma düzgün qurulmuş elm sistemi, yetişdirilmiş alim və yaradılmış intellektual kapital ölkənin ən böyük sərvətidir.
Alimin maaşını artırmaq dövlətə yük deyil, gələcəyə qoyulan sərmayədir. Elmə qənaət edən ölkə isə gec-tez öz gələcəyindən qənaət etmiş olur.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 17 Noyabr 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















