Almaniya Kansleri Avropadakı dron təxribatlarının arxasında Rusiyanın dayandığını istisna etmir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 6 oktyabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts son həftələrdə Avropanın bir sıra hava limanlarının üzərində müşahidə edilən və hava nəqliyyatında ciddi fasilələrə səbəb olan çoxsaylı dron uçuşlarının arxasında Rusiyanın dayandığını istisna etmir.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Kansler ARD telekanalında yayımlanan bir proqramda bu barədə deyib: “Bizim ehtimalımıza görə, bu dron uçuşlarının əksəriyyətinin arxasında Rusiya dayanır”. Kansler dronlara qarşı mübarizənin hazırda polis orqanlarının səlahiyyətinə daxil olduğunu, lakin polisin bu sahədə kifayət qədər texniki imkanlara malik olmadığını qeyd edib. O, hava təhlükəsizliyi qanununun yenidən nəzərdən keçiriləcəyini və dronlara qarşı mübarizədə Bundesverin səlahiyyətinin aydın müəyyən ediləcəyini vurğulayıb.
F.Merts bu hadisələrin kəşfiyyat xarakterli olduğunu, eyni zamanda, ictimai narahatlıq yaratmaq məqsədi güddüyünü qeyd edib. Bəzi hallarda fərdi şəxslər tərəfindən buraxılan dronların da müşahidə edildiyini vurğulayan Kansler hava limanlarının yaxınlığında bu cür uçuşların qanunla qadağan olduğunu deyib.
Bavariya əyalətinin Baş naziri Markus Zöder də dron məsələsində Kansler kimi düşünür. O, ARD-nin başqa bir proqramında Münxen aeroportunda baş verən oxşar hadisələrlə bağlı danışarkən bildirib: “Tam şəkildə təsdiqləyə bilməsəm də, inanıram ki, son dron hadisələrinin Rusiya ilə əlaqəsi var. Bu, hibrid müharibənin bir formasıdır, məqsəd bizi gərginləşdirmək və qorxu yaratmaqdır”.
Bavariya hökuməti də bu həftə dron əleyhinə qanun layihəsini təqdim etməyi planlaşdırır. Gələcəkdə Bavariya polisinə də qanunsuz dronları vurmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

