Alternativ enerji: daha uzunömürlü dünya
Icma.az, Ses qazeti-ə istinadən bildirir Alternativ enerji: daha uzunömürlü dünya.
Dünyanın sürətlə artan əhalisinin və inkişaf etməkdə olan sənayenin enerji tələbatını məhdud resurslarla ödəmək mümkün deyil. Enerji istehsalı ilə istehlak arasında fərq getdikcə artır. Qlobal enerji istehlakının 2035-ci ilə qədər 1998-ci ildə istehlak edilən enerjidən iki dəfə, 2055-ci ildə isə üç dəfə çox olacağı təxmin edilir. Digər tərəfdən, neft, təbii qaz, kömür və nüvə enerjisi kimi “bərpa olunmayan” ənənəvi enerji mənbələri ətraf mühiti və insan sağlamlığını getdikcə daha çox hədələyir. Ənənəvi enerji mənbələrindən, nəqliyyat, yaşayış və sənaye sektorlarında geniş istifadə problemi daha da mürəkkəbləşdirir.
Dünyada meşələrin sayının azalması, qalıq yanacaqların yandırılması nəticəsində ayrılan karbon qazının (CO2) miqdarının artması ilə nəticələnir. Bu qaz, atmosferdəki qazlarla birlikdə günəş işığının yer üzündə əks olunmasının qarşısını alır. Bu şəkildə “istixana effekti” yaranır və iqlim dəyişikliyinə səbəb olur. Qlobal istiləşmənin bu şəkildə artmağa davam edəcəyi təqdirdə 2040-cı ilə qədər dəniz səviyyəsinin bir metrə qədər yüksələcəyi və bu halda dünyanın ən böyük şəhərlərinin su altında qalacağı təklif edilir.
Bərpa olunmayan enerji immun sistemimizi çökdürür
Qalıq yanacaqların yanması nəticəsində ayrılan qazlardan biri olan karbonmonoksit (CO) orqanizmdəki oksigen miqdarını azaldaraq ölümə səbəb olur, kükürd dioksid (SO2) isə xərçəngə səbəb olur. Təbii qazın yanması nəticəsində yaranan qoxusuz və görünməz azot oksidi (NO) atmosferdəki digər qazlarla vəhdəd təşkil edərək orqanizmin immun sistemini çökdürür. Son illər kütləvi şəkildə immun çatışmazlığı problemi yaşamağımızın əsas səbəblərindən biri də məhz budur.
1970-ci illərdə bir çox sənayeləşmiş ölkələr tərəfindən atmosferin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görülməyə başlasa da, atmosfetdə bu tullantıların yayılmasının, habelə transsərhəd təsirlərin yaranmasının qarşısını almaq mümkün olmayıb. Külək, yağış, qar, fırtına, qasırğa kimi təbiət hadisələri ilə yayılan çirkli hava insan sağlamlığına ziyan vurmağa, torpaq və su ehtiyatlarında turşuluğun artmasına səbəb olmağa, bəzi canlı növlərinin məhvinə səbəb olmağa hələ də davam edir.
Proqnozlara görə neftin 50, təbii qazın isə 200 ildən sonra tükənəcəyi ehtimalı var, buna görə də bəşəriyyət təbiətə uyğun, təmiz və nisbətən ucuz enerji mənbələri axtarmalı idi. Bu kontekstdə, zaman baxımından daha uzunömürlü və tükənməz olan, həmçinin dünyanın hər bir bölgəsində mövcud ola bilən bərpa olunan enerji mənbələrindən daha geniş istifadə istiqamətində addımlar atılmağa başlanıb.
İstehsal istehlaka adekvat deyil
Bərpa olunan enerji, təbiətin öz təkamülü ilə yenidən eyni formada əldə edilə bilən enerjilərə deyilir. Bərpa olunan enerji mənbələrinin ən mühüm xüsusiyyətləri, karbon dioksid emissiyalarını azaltmaqla ətraf mühitin mühavizəsinə dəstək olması, daxili qaynaqlar olduğu üçün enerji almaq üçün xaricdən asılılığın azaldılması və məşğulluq imkanlarının artmasına töhfə verməsi kimi bir çox üstünlüyə malik olmasıdır. Yəni, bərpa olunan enerji resursları əlçatandır, əldə edilməsi asandır. Bərpa olunan enerji mənbələri, biokütlə enerjisi (bioqaz), külək enerjisi, günəş enerjisi, hidroelektrik enerji, geotermal enerji, dalğa enerjisi, hidrogen yanacağı enerjisi, qabarma-çəkilmə enerjisi, dünya okeanının termik enerjisi hesab olunur.
Hazırda ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Rusiya, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr xeyli öndədir.
Atmosferi çirkləndirən zəhərli qaz və hissəciklərin olmaması, bərpa olunmayan enerji mənbələri ilə müqayisədə daha az istismar xərcləri tələb edir. Kənd təsərrüfatı sektorunda istifadəsinə görə hidroenergetika və su bəndləri əvəzsiz hesab edilir. Bu gün düynada potensial hidroenerjinin yalnız üçdə biri istifadə olunur. Bu göstərici dünya elektrik enerjisi istehsalının 17%-nə uyğundur.
Digər tərəfdən, böyük su anbarlarının tikintisinə qarşı olan Dünya Bankı bu istiqamətdə siyasətini dəyişməyə başlayıb. Enerji istehlakı, orta hesabla digər dünya ölkələrindən xeyli aşağı olan ölkələrdə vəziyyət dəyişir. Sürətlə artan əhalinin tələbatını ödəmək üçün, qısa müddətdə daha çox enerji əldə edilməlidir. Bu isə ancaq iri miqyaslı anbar layihələrinin həyata keçirilməsi ilə mümkün olacaq.
Ağaclar bərpaolunan enerji mənbəyi olmamalıdır
Geotermal enerjidən elektrik enerjisi istehsalı, dünyada ilk dəfə olaraq İtaliyada həyata keçirilməyə başlandı və bu gün Amerika, Filippin və Yeni Zelandiya başda olmaqla 22 ölkədə 8274 MVt elektrik enerjisi istehsal olunur. Ağac bərpa olunan enerji mənbəyi kimi əhəmiyyətli potensiala malik olsa da, sürətli istehlakı səbəbindən “bərpa olunan” xüsusiyyətini itirməyə başlayıb. Hazırda dünyada 1 dəqiqədə 50 hektar meşə məhv edilir. Biokütlə və dəniz enerjisi ən təmiz enerji mənbələri hesab edilsə də, qlobal miqyasda onların ümumi enerji istehsalına töhfəsi cəmi 1%-dir.
Dünyada günəş enerjisindən istilik almaq texnologiyaları da tədricən inkişaf edir. Ölkəmizdə də alternativ enerjidən istifadə yolunda ciddi addımlar atılır. Günəş və külək alternativlərindən, habelə su vasitəsi ilə enerji almaq üsullardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən işlər zamanla sürətlənir, tətbiq sahələri genişləndirilir. Bakının küləklər şəhəri olması, bu enerji növündən çox fayda əldə edə biləcəyimiz deməkdir. Çünki, səs-küyünün çox olması, televiziya və radio dalğalarının yayılmasına mənfi təsir göstərməsi, quşlara zərər verməsi ilə bağlı mübahisələrə baxmayaraq, küləkdən enerji alan külək turbinlərindən istifadə getdikcə artır. Gücü 5 MVt-a qədər olan külək turbinlərindən Amerika, İngiltərə, Almaniya və Danimarkada geniş istifadə olunur.
Təxmini hesablamalara görə, Azərbaycanda hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır. Bu tullantıların təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür. Atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır.
Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə, elektrik və istilik enerjisinin istehsalını artırmağa imkanlar açır. Günəşli saatların miqdarı il ərzində Azərbaycanda 2 400 - 3 200 saatdır. Yəni Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir.
Enerji alternativləri – davamlı, zərərsiz
Bərpa olunan enerji mənbələri kömür, neft və təbii qaz kimi bərpa olunmayan xammala əla alternativdir. Günəş enerjisi bərpa olunan enerjinin ən populyar növüdür. Fotovoltaik sistemlər və günəş enerjisi kollektorları sayəsində enerji günəşdən əldə edilir. Bu üsul, günəşin istiliyini elektrik enerjisinə çevirmək üçün tutur, ikincisi isə, məsələn, məişət və ya sənaye sistemlərində isti su hazırlamaq üçün istifadə edilə bilən istilik enerjisinə çevirir.
Yaşıl enerjinin digər vacib sütunu külək stansiyalarıdır. Onlar kinetik enerjini elektrik enerjisinə çevirən səmərəli turbinlərdən və avadanlıqlardan ibarətdir. Aydındır ki, külək enerjisindən istifadə edərək bərpa olunan enerji istehsalı küləyin yüksək olduğu yerlərdə daha sərfəlidir. Sizcə də Bakının həmişə şikayətləndiyimiz küləyi həm də enerji əldə etmək üçün böyük şans deyilmi?
Hidroelektrik enerji daxili suların təbii axınlarından istifadə olunaraq əldə edilir. Su elektrik enerjisi əsasən kifayət qədər güclü cərəyan və ya sıldırım yamacı olan çaylardan alınır. Elektrik enerjisi, mexaniki enerjini elektrik enerjisinə çevirən xüsusi turbinlərlə təchiz edilmiş su elektrik stansiyalarında istehsal olunur.
Yaşıl enerjinin növbəti mənbəyi yeraltı sularda və plutonik suxurlarda olan geotermal istilikdir. Ona yerin altından gələn enerji deyirik, bu enerji növü ilk növbədə istilik mənbəyi kimi istifadə olunur. Geotermal istilik enerji istehsal etmək üçün iki yolla istifadə edilə bilər - dolayı və birbaşa.
Biokütlədən alınan enerji də inkişaf etdirilməli olan enerji mənbəyidir. Biokütlə, bitki və ya heyvan mənşəli maddələrdir. Həm təsərrüfatlardan, həm də ev təsərrüfatlarından əldə edilən tullantılar və qalıqlar yandırma, qazlaşdırma və ya esterifikasiya proseslərinə məruz qala bilər və bu üsulla enerji əldə edilir.
Azərbaycan alternativ enerjidən bəhrələnə bilirmi?
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu da ümumi gücün 20,3 %-ni təşkil edir.
Hidroenerji gücü 1301,8 MVt (35 ədəd stansiya, 24-ü kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66,4 MVt (8 stansiya, 3-ü hibrid), bioenerji gücü 37.7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 281,9 MVt (13 stansiya, 3-ü hibrid) təşkil edir. 3 ədəd hibrid elektrik stansiyasında (Qobustan, Culfa və Qala Ekoloji Park) külək – 2,85 MVt, günəş – 3,8 MVt və bioenerji – 0.7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları istismar edilir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2023-cü ildə 529,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 6,4 %-ni təşkil edib.
2023-cü il ərzində respublikada elektrik enerjisinin istehsalı 29,3 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı SES-lərdə 1757,2 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 359 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 56,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 223 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 %-ni təşkil edib.
Lalə Mehralı
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)