Ana dilimiz saf çeşmədir
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Yad axarlar isə onu bulandırır
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar!
Qəlbinizi açmayır qoşmalar, telli sazlar?!
Bəxtiyar VAHABZADƏ
Son illər teleradio aparıcıların nitqində yad sözlərin sayı artıb. Bir vaxtlar yalnız sosial şəbəkədə rast gəldiyimiz “okey”, “sorry”, “no problem” “update” kimi əcnəbi ifadələr indi ən ciddi verilişlərə də yol tapır. Elə bir vəziyyət yaranıb ki, aparıcının danışığında yad kəlmələr eşitmək adi hala çevrilib.
Audiovizual Şuranın sədri İsmət Səttarov bugünlərdə bildirib ki, verilişlərin monitorinqi çətindir. Gündəlik efirə 800 saatlıq məhsul verilir. Buna baxmayaraq, noyabrın ilk 2 həftəsində radio və televiziyalarda ən çox istifadə olunan əcnəbi sözlər izlənərək onların siyahısı hazırlanıb. Məsələn, "okey" ifadəsini aparıcılar 104 dəfə işlədiblər:
– Ümumilikdə, dinləmə zamanı 3 minə yaxın əcnəbi sözdən istifadə edilməsi qeydə alınıb. Yanvar ayından belə sözləri toplayaraq teleradio qurumlarına məlumat göndərəcəyik ki, aparıcıların ana dilinə münasibətlərini bilsinlər, aparıcılar isə nəticə çıxarsınlar ki, 3 aydan sonra qanunvericilikdən irəli gələn tədbirlər görəcəyik. Qanunda cərimələr var. İstəmirik ki, cəza tətbiq edək. Nəzəri baxımdan problemlərimiz də çoxdur. Bəzən elə suallar çıxır ki, buna biz də cavab verə bilmirik. Alimlərin, müvafiq qurumların dəstəyi lazım olacaq.
Danışıq mədəniyyəti dilin taleyini müəyyən edir. Bugünkü efir ritminə isə yad melodiyanın qarışması açıq hiss olunur. Xüsusilə, gənc aparıcıların danışığında bu meyil daha kəskin görünür. Sanki yad sözlərdən istifadə daha cəlbedici, təsirli hesab edilir. Halbuki efir hər kəsin önündə sınağa çəkilən platformadır və burada işlənən hər söz həm cəmiyyətin nitqinə, həm də dilə münasibətdə milli təəssübkeşliyə aşındırıcı təsir göstərir.
“Öz dilim yaşarsa, millətim yaşar” – Bəxtiyar Vahabzadənin bu poetik xəbərdarlığı milli varlığı qorumağa xidmət edir. Dil yaşadıqca millət yüksəlir, dil zəiflədikcə onun yaddaşı və özünüdərki tədricən kütləşir. Əgər efirdə yad sözlərin sayı belə artmağa davam edərsə, – danışıq mədəniyyəti məhz bu qarışıq ritmin içində formalaşacaq.
Niyə aparıcıların bir qismi əcnəbi ifadələrə üz tutur və bu tendensiya davam edərsə, bizi gələcəkdə nə gözləyir?
Əməkdar jurnalist, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli qeyd etdi ki, aparıcıların dilə yanaşma tərzi onların peşəkarlığının əsas göstəricilərindəndir:
– Televiziya aparıcılarının danışığı, dili və davranışı müəyyən mənada cəmiyyət üçün nümunədir. Buna görə də aparıcıların nitqinə, danışıq tərzinə və ümumi ünsiyyət mədəniyyətinə xüsusi diqqət yetirməsi zəruridir. Əslində bu məsələyə yanaşanda aparıcıları iki kateqoriyaya bölmək mümkündür: xəbər və sərbəst formatlı verilişlərin aparıcıları.
Xəbər aparıcıları, əsasən, hazır mətn əsasında efiri idarə edirlər. Sərbəst verilişlərdə – analitik proqramlarda, debatlarda və ya əyləncə formatlarında isə aparıcının nitqi, söz seçimi və sərbəst danışıq bacarığı birbaşa üzə çıxır. Məhz bu ikinci kateqoriyada alınma sözlərə daha çox rast gəlinir.
Əgər alınma sözdən istifadə həqiqətən lazım gəlirsə və Azərbaycan dilində onun dəqiq qarşılığı yoxdursa, əlbəttə, işlədilə bilər. Lakin çox vaxt efirlərdə, xüsusilə sərbəst verilişlərdə aparıcılar bu zərurəti düzgün qiymətləndirmir və dilimizdə kifayət qədər anlaşıqlı alternativi olan sözlərin yerinə əcnəbi ifadələr seçirlər.
Yad sözlərin istifadəsi dinləyicidə ana dilini kifayət qədər “cazibədar” saymamaq kimi yanlış bir fikir yarada bilər. Nitqin məzmunu nə qədər dərin və əhatəli olsa da, söz seçiminin səthi və yad elementlərlə dolu olması onun təsir gücünü xeyli azaldır. Aparıcılar üçün əsas qayda odur ki, hər bir söz məqsədəuyğun, mənaya xidmət edən və dilə hörmətlə seçilsin.
Bu yanaşma Üzeyir Hacıbəyovun məşhur fikri ilə də üst-üstə düşür. O deyirdi ki, alınma sözlə öz sözümüz arasında tərəddüd yarananda, elə sözü seçmək lazımdır ki, fikri daha dəqiq və dürüst ifadə etsin. Yəni məsələ hansı sözün daha dəqiq, daha məntiqli olduğuna doğru yönəlməlidir.
Bütün bunlar aparıcıların qarşısında çox konkret və ciddi tələblər qoyur. Efirdə uğurlu çıxış yalnız texniki bacarıqla məhdudlaşmır; aparıcının yüksək dil qabiliyyətinə malik olması, toxunduğu mövzunun mahiyyətini dərindən anlaması və söz seçiminə peşəkar yanaşması vacibdir. Nitqin həm məzmun, həm də bədii ifadə baxımından tam çatdırılması üçün geniş söz ehtiyatı, mütaliə və intellektual hazırlıq tələb olunur.
Təəssüf ki, bəzən aparıcılar cəmi 30–40 sözlük məhdud leksikona söykənərək efirə çıxırlar ki, bu da onların nitqini həm monoton, həm də məhdud edir. Əksinə, geniş mütaliəyə malik, dil duyğusu yüksək aparıcılar efirdə sözləri dəqiq seçir, fikri düzgün strukturlaşdırır və dinləyici ilə effektli ünsiyyət qurur. Nitqin bu keyfiyyətləri yalnız təcrübə ilə formalaşmır, burada aparıcının intellekti, peşəkar bacarığı və dilin incəliklərinə olan həssaslığı həlledici rol oynayır. Nəticə etibarilə, aparıcının peşəkarlığını müəyyən edən dil bilgisi və sözün gücünü anlamaqdır. Çünki efir həm ona, həm də cəmiyyətə aid məsuliyyətdir.
“Azad Azərbaycan” teleradio kompaniyasının ictimai-siyasi verilişlər departamentinin redaktoru Aygün Rəhimova vurğuladı ki, xəbər proqramlarında aparıcıların nitqi xüsusilə səlis və aydın olmalıdır. Bir yalnış ifadə ciddi ictimai-siyasi pozuntu yarada bilər:
– Mətnlər hazırlanarkən əsas məqsəd ondan ibarətdir ki, əcnəbi sözlərdən yalnız zəruri hallarda istifadə olunsun. Əgər həmin sözlərin Azərbaycan dilində tam qarşılığı varsa, mütləq onlardan yararlanırıq. Xarici sözlərin yazılışını isə Azərbaycan dilində səsləndirmə formasında qeyd edirik ki, dinləyicilər üçün anlaşılmazlıq yaranmasın.
Ümumiyyətlə, yad sözlər yalnız 3 halda istifadə edilməlidir: söz beynəlxalq səviyyədə tanınıb geniş istifadə olunursa; Azərbaycan dilində onun dəqiq qarşılığı yoxdursa; texnologiya və elm sahəsində yaranan yeni terminlər üçün (məsələn, “kompüter”). Bu yanaşma dilin zənginliyini qorumağa xidmət edir.
Verilişlərdə aparıcıların səhvə yol verdiyi məqamlardan biri də rus dilinin təsiri ilə formalaşmış sözlərdən istifadədir. Son dövrlərdə isə bu tendensiya türk mənşəli sözlərin də yerli, kontekstdən kənar istifadəsində özünü göstərir. Belə hallarda çalışırıq ki, aparıcılar düzgün məlumatlandırılsın, sözün Azərbaycan dilində səsləndirilmə forması onlara izah edilsin. Eyni zamanda, Avropa dillərindən rus dili vasitəsilə Azərbaycan dilinə keçən sözlərin yazılışı və tələffüzündə də tez-tez yanlışlıqlar müşahidə olunur.
Aparıcıların nitqində tez-tez rast gəlinən arzuolunmaz hallarından biri də “hansı ki” sözünə üstünlük vermələridir. Rus dilindəki “который” sözünün mürəkkəb cümlədəki mənası olan “hansı ki” sözü dilimizə yamaqdır.
TV-də xəbər aparıcılarının nitqi daim nəzarət altındadır. Söz seçiminə və səsləndirməyə həsaslıqla yanaşılır. Formatından asılı olmayaraq, aparıcılar dedikləri hər bir sözün məsuliyyətini daşımalıdır. Ləhcə və şivələrdən, vulqar sözlərdən istifadəyə yol verilməməlidir. Xüsusi mübahisə yaradan məsələlərdən biri də rus və Avropa mənşəli sözlərin həmin dillərin vurğusuna uyğun deyilməməsidir; bu zaman tələffüzdə yanlış vurğu və hətta ikitirəlik yaranır. Yəni söz həm həqiqi dilin vurğusunu qorumağa çalışır, həm də Azərbaycan dilində tələffüz edilir və nəticədə səs harmoniyası pozulur, söz qarışıq səslənir.
Jurnalistlərin nitqində tez-tez rast gəlinən digər yanlışlardan biri də pleonazmlardan istifadədir. Pleonazm eyni mənanı verən sözlərin və ya şəkilçilərin artıq işlədilməsi deməkdir ki, bu da nitqi həm lazımsız uzadır, həm də estetik baxımdan zəiflədir. Məsələn, “ilk öncə” ifadəsi və ya “keçmiş SSRİ” buna nümunədir.
Aparıcılar əcnəbi sözləri düzgün və məqsədəuyğun kontekstdə işlətmək üçün, ilk növbədə, Azərbaycan dilini dərindən bilməli və hər bir sözün mənasını, kökünü və funksiyasını anlamalıdırlar. – Nitqdə peşəkarlıq yalnız düzgün söz seçimi ilə ölçülmür, burada intonasiyanın, vurğunun, cümlə ritminin və mənalı ifadənin uyğunluğu da əsas rol oynayır. Canlı efirin və geniş dinləyici auditoriyası nəzərə alınsa, aparıcıların dil və nitq mədəniyyətinə məsuliyyəti xüsusilə böyükdür. Onların hər bir sözü həm informasiya ötürür, həm də cəmiyyətin danışıq mədəniyyətinə nümunə olur. Buna görə də dilin düzgün istifadəsi, əcnəbi sözlərdən məqsədəuyğun istifadə və milli ifadə vasitələrinin zənginliyi aparıcı üçün yalnız peşəkarlıq göstəricisi deyil, həm də milli mədəniyyətin qorunmasına verdiyi töhfədir.
“ASAN radio”da aparıcı-redaktor Venera Vahabzadə bildirdi ki, radioda efir söz və səs üzərində qurulduğu üçün hər bir ifadə dinləyici tərəfindən dərhal qavranılır. Burada aparıcının dili həm informasiya daşıyıcısı, həm də mədəni nümunə rolunu oynayır:
– Bu gün radiolarda yalnız səsi xoş gələn insanları aparıcı kimi efirə dəvət edirlər. Əgər qulağa yatımlı, rahat eşidilən səsi varsa, bir çoxları düşünür ki, o şəxs yaxşı radio aparıcısı olacaq. Təbii ki, bu yanaşma yanlışdır. Həmin şəxslərin nitq qabiliyyətinə, danışıq üslubuna və savadına diqqət yetirmək lazımdır.
Mütailə vərdişinin az olması və söz ehtiyatını artırmaq üçün fərqli mənbələrdən yararlanmamaq bu problemi daha da dərinləşdirir. Məsələn, “TikTok” və digər sosial media platformalarında daha çox vaxt keçirən bir aparıcı təbii ki, efirdə orada eşitdiyi ifadələri və gündəlik danışıq üslubunu daha çox təkrarlayacaq. Bu, sanki avtomatik baş verən prosesdir və aparıcının nitqinə sosial medianın təsirini açıq göstərir.
Bu yaxınlarda radiolardan birində aparıcının “təşəkkür” sözünü efirdə qısaldılmış formada, “t-ş-k” kimi səsləndirdiyini eşitdim. Sonradan bəlkə zarafata salaraq açıqlama verdi, amma bu cür hallar dinləyici üçün artıq yükə çevrilir. Efir zamanı aparıcılara çox qısa vaxt ayrıldığı üçün hər dəqiqə dəyərli olmalıdır, bu vaxtı dinləyicilərə faydalı və informativ məzmun çatdırmaq üçün səmərəli istifadə etmək lazımdır. Musiqi və əyləncəli verilişlər əlbəttə ki, vacibdir, amma onlar yalnız səviyyəli, savadlı və düşünülmüş şəkildə təqdim olunarsa, efir həm maraqlı, həm də dəyərli olur.
“ASAN radio” dilimizin inkişafına və ana dilimizin qorunmasına xüsusi önəm verir. Bu məqsədlə hazırladığımız “Ana dili” rubrikası xüsusilə diqqət çəkir. Rubrikada müxtəlif sözlərin və ifadələrin düzgün yazılışı, tələffüzü, vurğusu, mənşəyi—ərəb, fars, rus və Avropa dilləri ətraflı izah olunur. Bundan əlavə, verilişlərimizdə dilin zənginliyi və düzgün istifadəsi ilə bağlı müxtəlif mövzulara toxunur, ekspertlər dəvət edir, interaktiv sual-cavab sessiyaları təşkil edirik.
Əgər hər aparıcı nitqində məsuliyyətini anlayacaq, sözünü diqqətlə seçəcək və ana dilini yaşadacaqsa, efirlər həm informativ, həm də estetik baxımdan zəngin olacaq.
Yazıya epiqraf seçdiyimiz misraların davamında Xalq şairi Bəxtiyar Vahabzadə ana dilində danışmağı ar bilənləri belə lənətləmişdi: “Vətən çörəyi sizlərə qənim olsun!”
Fidan ƏLİYEVA
XQ
Baxış sayı:27
Bu xəbər 12 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















