Analitik baxımdan hücumların arxasında üç əsas motiv görünür POLİTOLOQ
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Rusiya-Türkiyə münasibətlərində baş verən son hadisələr emosional yox, struktur səbəblərlə izah olunmalıdır. Qara dənizdə Türkiyəyə məxsus gəmilərə qarşı hücumlar təsadüfi epizod deyil, regionda dəyişən təhlükəsizlik arxitekturasının bir hissəsidir. Burada əsas məsələ Ankaranın artan manevr imkanları və Moskvanın bu reallığa uyğunlaşmaqda yaşadığı çətinliklərdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Türkiyə son illər Qara dənizdə balanslaşdırıcı güc rolunu ardıcıl şəkildə möhkəmləndirib: "Montrö Konvensiyasının prinsipial tətbiqi, Ukrayna müharibəsində vasitəçi mövqeyi və NATO üzvlüyü ilə regional məsuliyyət arasında qurulan incə tarazlıq Ankaranı vazkeçilməz aktora çevirib. Hücumlara baxmayaraq, Türkiyənin reaksiyası ölçülü və rasionaldır; bu isə onun gücünü nümayiş etdirmədən göstərmək bacarığını ortaya qoyur. Klassik dövlətçilik baxımından bu, strateji yetkinliyin göstəricisidir. Rusiya isə Qara dənizi təkcə hərbi yox, həm də psixoloji təsir məkanı kimi görür. Türkiyəyə məxsus gəmilərə yönələn risklər Moskvanın Ankaraya “oyun qaydaları mənim nəzarətimdədir” mesajı vermək cəhdi kimi oxuna bilər. Lakin bu yanaşma reallıqla tam uzlaşmır. Çünki Türkiyə artıq regional proseslərin kənar müşahidəçisi deyil, təhlükəsizlik mexanizmlərinin formalaşdırıcı iştirakçısıdır.
Analitik baxımdan hücumların arxasında üç əsas motiv görünür: Qara dənizdə təşəbbüsün itirilməsindən narahatlıq, Türkiyənin Qərblə koordinasiyasına mesaj və Ankaranın vasitəçilik rolunu məhdudlaşdırmaq cəhdi. Ancaq bu addımlar Rusiyanın Türkiyə ilə qarşılıqlı asılılıq münasibətlərini nəzərə almadan atıla bilməz. Enerji, ticarət və regional böhranların idarəsi Moskva üçün də Ankara faktorunu əvəzolunmaz edir. Türkiyə bu prosesdə güclü tərəf kimi çıxış edir: riskləri idarə edir, gərginliyi artırmır və mövqeyini hüquqi çərçivədə qoruyur. Rusiya isə sərt ritorikaya keçmədən, amma faktiki təzyiq elementləri ilə manevr edir ki, bu da strateji baxımdan suallar doğurur. Qara dəniz reallığı dəyişib və bu reallıqda Türkiyəni kənarda saxlamaq mümkün deyil. Bu hadisələr məhz həmin həqiqətin praktik təsdiqidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Dekabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















