Icma.az
close
up
RU
Ankara və İrəvan da ticarətə başlayır

Ankara və İrəvan da ticarətə başlayır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Münasibətlərdə normallaşma Bakının maraqlarına uyğun aparılır

Türkiyə və Ermənistan arasında birbaşa quru yolu ilə ticarətin başlanması barədə əldə olunmuş razılaşma Cənubi Qafqazın postmüharibə mərhələsində formalaşan yeni siyasi-iqtisadi arxitekturanın tərkib hissəsidir. Ankara və İrəvan Gürcüstan üzərindən həyata keçirilən ticarətdə “kvazi- reeksport” mexanizmini aradan qaldıraraq yüklərin ilkin ixrac statusunu bütün marşrut boyu saxlamasına imkan verən yeni texniki rejim üzərində razılaşıblar. Bu model sərhədin formal olaraq açılmasını tələb etmədən, faktiki olaraq, birbaşa ikitərəfli ticarətə keçidi təmin edir.

Məlum olduğu kimi, iki ölkə arasında sərhəd 1993-cü ildə bağlanıb və rəsmi diplomatik münasibətlər qurulmayıb. Bu qərar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi fonunda qəbul edilmişdi. Sonrakı illərdə münasibətlərin normallaşdırılması üçün cəhdlər olsa da (məsələn, 2009-cu il Sürix protokolları), proses davamlı siyasi iradəyə çevrilmədi. 2020-ci il müharibəsindən sonrakı dövrdə regional konfiqurasiya dəyişdi. 2022-ci ildən sonra isə tərəflər xüsusi nümayəndələr institutu vasitəsilə danışıqlara başladılar.

Mövcud situasiya “sərhədin açılması” kimi siyasi baxımdan yüklü terminologiyadan qaçaraq, iqtisadi-texniki əməkdaşlıq üzərindən etimad quruculuğuna hesablanıb. Ermənistan Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Bakı və İrəvan arasında ikitərəfli ticarət dövriyyəsi 336 milyon dolları ötüb. Bunun demək olar ki, hamısı Türkiyənin Ermənistana ixracının payına düşür. İxrac strukturunda maşın və mexaniki avadanlıqlar, dəmir-polad məhsulları, sənaye malları və tekstil üstünlük təşkil edir. Ermənistanın Türkiyəyə ixracı isə minimal səviyyədədir.

Mühüm detal ondan ibarətdir ki, bu ticarətin təxminən 40 faizi quru yolu ilə Gürcüstan üzərindən həyata keçirilir və formal olaraq “təkrar ixrac” kimi rəsmiləşdirilirdi. Yeni mexanizm tranzitin hüquqi statusunu dəyişməklə, xərcləri və bürokratik yükü azaldır. Bu isə, ilk növbədə, türk ixracatçılarının marağını və rəqabət qabiliyyətini artırır. 2025-ci il üçün ticarət dövriyyəsinin həcmi açıqlanmasa da, bu rəqəmin 400 milyon dollara yaxın olduğu ehtimal edilir. Burada əsas məsələ həcmin artımı deyil, asimmetrik strukturun dərinləşməsidir. Ermənistan bazarı Türkiyə məhsulları üçün açıq qalır, lakin Ermənistan istehsalçıları üçün Türkiyə bazarına çıxış real rəqabət qabiliyyəti tələb edir. Bu, qısa müddətdə Ermənistan üçün istehsal təzyiqi yaratsa da, perspektivdə struktur modernləşməni stimullaşdıra bilər.

Normallaşma prosesinin ABŞ-ın təşviq etdiyi regional sülh təşəbbüsləri fonunda sürətlənməsi diqqətəlayiqdir. Vaşinqton Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, regional inteqrasiyanı və Rusiya təsirinin balanslaşdırılmasını strateji prioritet kimi görür. Bu kontekstdə Türkiyə–Ermənistan xəttində yumşalma Azərbaycan–Ermənistan sülh gündəliyi ilə paralel şəkildə irəliləyir.

Burada diqqətçəkən məqam normallaşmanın “paket həlli” modelindən fərqli olaraq paralel və modul yanaşma ilə aparılmasıdır: Ankara İrəvanla münasibətləri Bakı ilə koordinasiya çərçivəsində, lakin tam asılılıq yaratmadan inkişaf etdirir. Bu isə Türkiyənin həm regional güc, həm də NATO üzvü kimi manevr imkanlarını genişləndirir.

Yeni mexanizm Gürcüstanın vasitəçi funksiyasını formal olaraq zəiflətmir, lakin onun “təkrar ixrac” üzərindən əldə etdiyi əlavə gəlir və nəzarət imkanlarını azaldır. Gürcüstan yenə tranzit ölkə olaraq qalır, lakin hüquqi-sənəd dövriyyəsindəki rol transformasiya olunur. Bu, Cənubi Qafqazda logistika marşrutlarının daha şəffaf və institusional əsaslara keçirilməsi deməkdir. Eyni zamanda, Türkiyənin Naxçıvan vasitəsilə Azərbaycanla quru bağlantısının genişlənməsi perspektivi və Zəngəzur dəhlizi (TRIPP) ətrafında aparılan müzakirələr fonunda Ermənistanın regional tranzit sisteminə inteqrasiyası daha geniş geoiqtisadi kontekst alır.

***

Ermənistanda parlament seçkilərinin yaxınlaşması normallaşma kursunun dayanıqlılığı məsələsini aktuallaşdırır. Baş nazir Nikol Paşinyanın komandası iqtisadi liberallaşmanı rasional seçim kimi təqdim edir. Lakin müxalif düşərgədə Türkiyə ilə yaxınlaşma tarixi və emosional arqumentlərlə tənqid olunur. Bu səbəbdən normallaşma prosesinin institusional təminatı siyasi dəyişikliklərdən asılılığı minimuma endirməlidir.

Türkiyə üçün əsas risk normallaşmanın Azərbaycanla koordinasiya balansını pozması ehtimalıdır. Ankara 2020-ci ildən sonra formalaşmış “bir millət, iki dövlət” siyasi xəttini strateji prioritet kimi saxlayır və Ermənistanla hər addımı Bakı ilə məsləhətləşmə çərçivəsində atdığını dəfələrlə bəyan edib. Azərbaycan üçün Türkiyə–Ermənistan normallaşması prinsipial olaraq mənfi hadisə deyil. Əksinə, regionda kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişlənməsi Bakının uzunmüddətli strateji baxışına uyğundur. Azərbaycan 2020-ci ildən sonra regional əməkdaşlıq platforması – “3+3” formatı və nəqliyyat-kommunikasiya xətlərinin açılması təşəbbüslərini irəli sürüb. Bununla belə, Bakı üçün əsas şərt Ermənistanın ərazi bütövlüyü və suverenlik məsələlərində hüquqi öhdəliklərini tam yerinə yetirməsidir. Türkiyə–Ermənistan xəttində atılan addımlar Azərbaycan–Ermənistan sülh müqaviləsinin məntiqinə zidd olmamalıdır. Əks halda, regional balans pozula bilər.

Azərbaycan həm də nəzərə alır ki, Ermənistanın iqtisadi blokadadan çıxması və regional ticarətə inteqrasiyası uzunmüddətli perspektivdə revizionist siyasət üçün motivasiyanı azalda bilər. İqtisadi qarşılıqlı asılılıq təhlükəsizlik arxitekturasının qeyri-hərbi sütununu formalaşdırır. Bu baxımdan, Türkiyə–Ermənistan quru ticarəti, əgər paralel olaraq Bakı–İrəvan sülh gündəliyi ilə uzlaşdırılarsa, regionda sabitliyin dərinləşməsinə xidmət edə bilər.

Nəticə etibarilə, baş verən proseslər Cənubi Qafqazın postmünaqişə mərhələsində iqtisadi rasionalizmin siyasi ritorikanı tədricən əvəz etməsinin göstəricisidir. Prosesin davamlılığı isə yalnız iqtisadi fayda ilə deyil, tərəflərin hüquqi və siyasi öhdəliklərə sadiqliyi ilə müəyyən olunacaq.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2026 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri