Icma.az
close
up
RU
Ankarada Şimali Atlantika Sammiti və Azərbaycan NATO münasibətləri

Ankarada Şimali Atlantika Sammiti və Azərbaycan NATO münasibətləri

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dəyişən təhlükəsizlik arxitekturasında yeni geosiyasi durum

2026-cı il 7–8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən NATO Zirvə Toplantısı dəyişən qlobal təhlükəsizlik mühitində təşkilatın strateji prioritetlərinin yenidən müəyyənləşdirildiyi mühüm qərarvermə mərhələsidir. Xüsusilə son illər Avropa təhlükəsizliyində müşahidə olunan dərin transformasiyalar, qlobal güc rəqabətinin yeni mərhələyə keçidi və regional münaqişələrin artması fonunda Ankara Sammiti NATO-nun gələcək fəaliyyət istiqamətlərini müəyyən edən əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilir.

Dünyadakı mövcud mürəkkəb geosiyasi reallıq NATO-nun fəaliyyət fəlsəfəsinə və prioritetlərinə birbaşa təsir göstərib. Alyansın diqqət mərkəzində artıq yalnız kollektiv müdafiə məsələləri deyil, həm də enerji təhlükəsizliyi, kibermüdafiə, kritik infrastrukturun qorunması, hibrid təhdidlərə qarşı dayanıqlılığın artırılması və strateji kommunikasiya kimi yeni təhlükəsizlik istiqamətləri dayanır. Məhz bu dəyişikliklər Cənubi Qafqaz regionunun beynəlxalq təhlükəsizlik sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Region əvvəlki dövrlərdən fərqli olaraq Avroatlantik təhlükəsizlik sistemi ilə Asiya arasında strateji bağlantı yaradan geosiyasi məkan kimi qəbul edilir.

Mövcud kontekstdə Azərbaycan–NATO münasibətlərinin təhlili geniş geosiyasi mənzərə daxilində, Avroatlantik təhlükəsizlik arxitekturasının transformasiyası, Avropanın enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı və regional sabitlik məsələləri ilə sıx bağlı şəkildə nəzərdən keçirilməlidir. Azərbaycanın NATO ilə əməkdaşlığının fərqləndirici cəhəti ondan ibarətdir ki, rəsmi Bakı heç vaxt bu münasibətləri tamhüquqlu üzvlük perspektivi üzərində qurmayıb. Əksinə, ölkə əməkdaşlığı milli maraqların qorunması, balanslaşdırılmış və çoxvektorlu xarici siyasətin davam etdirilməsi, eləcə də regional sabitliyin təmin olunması prinsipləri əsasında inkişaf etdirib. Məhz bu praqmatik yanaşma Azərbaycanın NATO ilə münasibətlərinə davamlılıq qazandırıb və onu postsovet məkanındakı bir sıra digər tərəfdaş ölkələrin təcrübəsindən fərqləndirib. Bu gün Bakı ilə NATO arasında münasibətlərin mahiyyətini hərbi-siyasi bloklaşmadan daha çox qarşılıqlı maraqlara əsaslanan funksional təhlükəsizlik tərəfdaşlığı müəyyən edir.

* * *

Azərbaycanın NATO ilə münasibətlərinin əsası ölkənin müstəqilliyini bərpa etməsindən sonra formalaşmağa başlayıb. Bu istiqamətdə ilk fundamental addım 1994-cü il 4 may tarixində Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması oldu. Həmin dövrdə bu qərar Azərbaycanın milli müdafiə sisteminin beynəlxalq təcrübə əsasında modernləşdirilməsi məqsədi daşıyırdı. Azərbaycanın siyasi rəhbərliyi NATO ilə əməkdaşlığı ölkənin təhlükəsizlik siyasətinin mühüm elementi kimi qiymətləndirir, eyni zamanda, balanslaşdırılmış xarici siyasət kursunu qorumağa çalışırdı. Buna görə də tərəfdaşlıq ilk gündən praqmatik xarakter daşıyaraq konkret milli maraqlar üzərində quruldu. "Sülh naminə tərəfdaşlıq" proqramı vasitəsilə milli ordunun peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, müdafiə planlaşdırmasının NATO standartlarına uyğunlaşdırılması, zabit heyətinin müasir hərbi idarəetmə prinsiplərinə yiyələnməsi, hərbi təhsil sisteminin yenilənməsi və sülhməramlı potensialın artırılması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, proqram NATO ilə siyasi dialoqun institusional əsaslarının formalaşdırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət etdi.

1997-ci ildən etibarən əməkdaşlıq daha sistemli xarakter almağa başladı və Azərbaycan NATO ilə fərdi əməkdaşlıq proqramları çərçivəsində fəaliyyətini genişləndirdi. Qarşılıqlı əlaqələrin davamlı xarakter alması NATO ilə siyasi məsləhətləşmələrin intensivləşməsinə və müdafiə sahəsində praktiki əməkdaşlığın genişlənməsinə imkan yaratdı. Azərbaycan–NATO münasibətlərində keyfiyyət baxımından yeni mərhələ isə 2004-cü ildə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının qəbul edilməsi ilə başlandı. Plan çərçivəsində əməkdaşlığın məzmunu əhəmiyyətli dərəcədə genişləndi. Müdafiə sektorunda idarəetmənin şəffaflığının artırılması, Silahlı Qüvvələr üzərində demokratik və mülki nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, fövqəladə halların idarə olunması sahəsində beynəlxalq standartların tətbiqi, enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, eləcə də müdafiə sənayesinin inkişafı kimi istiqamətlər tərəfdaşlığın əsas prioritetlərinə çevrildi.

Azərbaycan–NATO münasibətlərinin ən mühüm xüsusiyyətlərindən biri əməkdaşlığın praktik təhlükəsizlik sahəsində real fəaliyyətlə müşayiət olunmasıdır. Azərbaycan NATO-nun tamhüquqlu üzvü olmasa da, təşkilatın həyata keçirdiyi beynəlxalq sülhməramlı əməliyyatlarda uzunmüddətli və ardıcıl iştirakı ilə etibarlı tərəfdaş imici formalaşdırmağı bacarmışdır. Azərbaycanın NATO əməliyyatlarında iştirakı, ilk növbədə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına dəstək məqsədi daşıyırdı. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif dövrlərdə NATO-nun Kosovo və İraq missiyalarında iştirak edərək beynəlxalq sabitliyin təmin olunmasına öz töhfələrini veriblər. Lakin Azərbaycanın NATO ilə əməkdaşlığının ən mühüm və ən uzunmüddətli istiqaməti Əfqanıstan missiyası olmuşdur. Ölkəmiz 2002-ci ildən etibarən Əfqanıstanda NATO rəhbərliyi altında həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri missiyasında iştirak edib. Təxminən iyirmi ilə yaxın davam edən bu iştirak Azərbaycanın NATO tarixində ən fəal tərəfdaş ölkələrdən biri kimi tanınmasına şərait yaradıb. Əfqanıstanda xidmət edən Azərbaycan hərbi qulluqçuları Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin olunmasında, strateji obyektlərin mühafizəsində, logistika dəstəyinin həyata keçirilməsində və təhlükəsizlik tədbirlərinin icrasında mühüm vəzifələr yerinə yetiriblər. Onların peşəkarlığı və yüksək hazırlıq səviyyəsi NATO tərəfindən dəfələrlə müsbət qiymətləndirilib, Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatlarda etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilib. Xüsusilə Şimal Paylama Şəbəkəsi çərçivəsində Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin əhəmiyyətli hissəsinin Azərbaycan ərazisindən daşınması ölkənin strateji əhəmiyyətini daha da artırdı. Bakı limanı, dəmir yolu infrastrukturu və hava nəqliyyatı imkanları NATO-nun logistika sisteminin vacib elementlərindən birinə çevrildi Məhz bu praktik əməkdaşlıq modeli sonrakı illərdə tərəflər arasında qarşılıqlı etimadın formalaşmasının əsas sütunlarından biri oldu.

* * *

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Cənubi Qafqazın geosiyasi və təhlükəsizlik arxitekturasında əsaslı dəyişikliklər yaratdı. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi regionda uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı və təhlükəsizlik gündəliyinin məzmununu yenidən formalaşdırdı. Bunun nəticəsində Cənubi Qafqaz artıq Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və kommunikasiya məkanı kimi daha böyük geosiyasi əhəmiyyət qazandı. Əvvəlki mərhələdə alyansın Azərbaycanla əməkdaşlığında əsas diqqət müdafiə islahatlarına, sülhməramlı hazırlığa, hərbi təlimlərə və institusional modernləşməyə yönəlirdisə, müasir mərhələdə əməkdaşlığın prioritetləri əhəmiyyətli dərəcədə dəyişmişdir.

Hazırda Azərbaycanın geosiyasi əhəmiyyəti ilk növbədə Avropanın enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Xüsusilə Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm yer tutur. Bununla yanaşı, Xəzər–Qara dəniz nəqliyyat marşrutları və Orta Dəhliz son illər Avrasiya logistikasının əsas istiqamətlərindən biri kimi ön plana çıxıb. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı şəraitdə Azərbaycanın tranzit imkanları NATO üzvü olan Avropa dövlətlərinin iqtisadi və strateji maraqları baxımından da xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə əməkdaşlığın digər mühüm istiqamətlərini kibertəhlükəsizlik, kritik infrastrukturun qorunması, hibrid təhdidlərə qarşı dayanıqlığın artırılması, dezinformasiya ilə mübarizə, süni intellekt və pilotsuz sistemlərin yaratdığı yeni təhlükələrə qarşı müdafiə mexanizmlərinin inkişaf etdirilməsi təşkil edir.

* * *

Azərbaycan–NATO münasibətlərinin otuz ildən artıq inkişaf təcrübəsi göstərir ki, tərəfdaşlığın gələcək perspektivləri artıq ənənəvi hərbi əməkdaşlıq çərçivəsini aşaraq daha geniş təhlükəsizlik gündəliyini əhatə edir. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışının məzmunu dəyişdikcə, Azərbaycan ilə NATO arasında əməkdaşlığın istiqamətləri də yeni geosiyasi reallıqlara uyğun şəkildə yenilənir. Bu prosesə təsir edən mühüm siyasi hadisələrdən biri 2025-ci ilin 7–8 avqust tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına həyata keçirdiyi rəsmi səfər oldu. Səfərin mühüm nəticəsi Azərbaycan ilə ABŞ arasında münasibətlərin yeni institusional mərhələyə keçidini nəzərdə tutan "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu"nun imzalanması idi. ABŞ NATO-nun aparıcı siyasi və hərbi gücü olduğundan, Vaşinqton ilə Bakı arasında institusional strateji dialoqun genişlənməsi dolayısı ilə Azərbaycan–NATO əməkdaşlığının da yeni məzmun qazanmasına şərait yaradır.

Son olaraq qeyd edək ki, dəyişən beynəlxalq təhlükəsizlik mühitində Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, artan geostrateji əhəmiyyəti və beynəlxalq təhlükəsizlik təşəbbüslərində qazandığı etibarlı tərəfdaş imici ölkənin Avroatlantik təhlükəsizlik arxitekturasında rolunu daha da möhkəmləndirən əsas amillər olaraq qalacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri