Aqil Məlikov: O “Neftçi” tarix idi
Idman.biz-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Aqil Məlikov: O “Neftçi” tarix idi.
Müasir Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri Aqil Məlikov Futbolinfo.az saytına müsahibə verib.
İdman.biz xəbər verir ki, o, poeziyanın dərin bilicisi olmaqla yanaşı həm də futbol həvəskarıdır.
– Uşaqlıqda hansı idman növləri ilə maraqlanmısınız, hansı idman növləri ilə məşğul olmaq istəmisiz?
– Ancaq futbolu sevmişəm. Məktəbdə oxuyanda qardaşımla birgə güləşə də getmişəm, yaxşı da güləşçi olacaqdım. Amma günlərin bir günü qardaşım dedi ki, getmirəm, mən də həvəsdən düşdüm. Məşqçi evimizə qədər gəldi, xeyri olmadı. Amma mən gərək gedəydim. Qaldı ki, futbola, bu oyun mənim həyatım olub. Futbol onda idi e…
– Bəs futbola marağınız haradan yaranıb?
– Konkret başlanğıc nöqtəsini deyə bilmərəm, amma onu deyə bilərəm ki, gecə-gündüzüm futbol oynamaqla keçib. Anam əlimizdən zara gəlmişdi. İndiki şərait o vaxt yox idi. İndi maşallah, nələr var – Şağandakı evimizin yanında stadion, idman kompleksi. Amma baxırsan, indikilərdə əvvəlki həvəs yoxdur. Mən yanvar ayında ayaqyalın futbol oynamışam. Hətta buna görə xəstəxanaya düşdüm, düz 1 ay müalicə olundum. Nə top tapa bilirdik, nə geyimimiz olurdu. İndi isə idman üçün necə şərait yaradılıbsa, adam baxır həsəd aparır. Bizim vaxtımıza düşmədi. Yeri gəlmişkən, atam da futbol həvəskarı idi, “Neftçi”nin oyunu və qələbələri bizim həyatımızın bir hissəsi olub. Biz bu komanda ilə yaşayırdıq, cədvəl həmişə əlimizdə olardı. Mövsümlük futbol kitabına elə heyrətlə baxırdıq, mənəvi qidamız idi. 1965-ci ildə Braziliya millisinin Moskvaya səfəri, “Lujniki”də SSRİ millisi ilə oyun hələ də gözümün qabağındadır. Oyuna 5 dəqiqə qalmış işıqlarımızı söndürdülər. Bütün kənd uğuldadı. Oyun başlayan kimi yandırdılar. Bilərəkdən belə etdilər ki, bizi həyacanlandırsınlar. Braziliya yığması 3:0 hesabı ilə qalib gəldi. 1966-cı ildə “Neftçi”yə bürünc medal gətirən oyunda mən stadionda idim. Atam qəsəbə sovetinin sədri idi. Hamı ona hörmət edirdi. Anamı da futbol “xəstəsi” etmişdi. Həmin 1966-cı ildə “Neftçi” səfərdə sonda çempion olacaq Kiyev “Dinamo”sunu məğlub etmişdi. Atam anama söz vermişdi ki, “Neftçi” heç-heçə etsə, 3 kq ət alacağam evə. O vaxt səfər oyunlarını radioda yayımlayırdılar. Gedib qonşuda qulaq asardıq reportajlara. Atam getmədi, qardaşımla gedib həmin oyunun reportajlnı dinlədik. Nə isə “Neftçi” uddu, evə qayıdırıq. Bizi fikir götürüb ki, kişiyə necə deyək bu şad xəbəri, sevincindən halı çönər. Bizim üçün ən yaxşı nəticə heç-heçə sayılardı, “Neftçi” isə qalib gəldi. İndi gəlib bu xəbəri atamıza bir təhər çatdırmışıq, kişi sevincindən evdə uçur. Həmin mövsüm Tuayev “Neftçi”də 14 qolla bombardir oldu. Günlərin bir günü atam istəyimizi görüb bizi stadiona aparmaq qərarına gəldi. Biz stadiona gedirik, elə bilirik ki, möcüzələr diyarına yollanırıq. İki qardaş əl-ayağımız əsir. Oyuna çox qalmışdı deyə, əvvəlcə stadionun arxa hissəsindəki kafeyə getdi, kabab sifariş etdi, bir sözlə, hər şey var idi süfrədə. Bizi bununla ovutmaq olar? Fikrimiz qalıb stadionda. Biz stadionu görmək eşqi ilə yaşayırıq. Nə isə, stadiona daxil olduq və nə hala düşdük. Ondan sonra hər oyuna getmək adət halını aldı. Əvvəlcə, yaxın qohumlar bizə qoşuldu, sonra qonşular. Get-gedə sıralarımız genişləndi. Axırda o qədər artdıq ki, Mərdəkandan avtobus tutub bütün kənd camaatı ora gedirdik. Deməli, Mərdəkanda bir falçı Salman var idi, günlərin bir günü bu da bizə qoşulub gedir. İndi avtobusda buna sual verdilər ki, “Salman, sən ki, belə gələcəyi görürsən, bir dənə əvvəlcədən bizə de ki, bu gün “Neftçi”nin Kuybışevin “Krılya Sovetov” klubu ilə oyunu hansı hesabla bitəcək?” Bu da qayıdasan ki, “Neftçi” 5:0 hesabı ilə qalib gələcək”.
– Elə də oldu?
– İnanırsınız, elə də oldu, “Neftçi” 5:0 hesabı ilə qalib gəldi. 7-ci dəqiqədə Trofimov topu 3 dəfə topu çiləyib uzaqdan zərbə endirdi və hesabı açdı. İndi bunun üstünə tökülüb “təbərrük götürürlər” ki, sən qabağı necə gördün. Salmanın nüfuzu qalxdı. Biz “Neftçi” ilə “Ararat”ın oyunlarına gedərdik. Görüşlərin birində “Neftçi” bunları sıxdı, sıxdı, vura bilmədi. Matçın sonunda bir dənə penalti qazandıq. Həmişə penaltini Valeri Hacıyev vurardı. Topu Banişevskiyə verdilər, o da əyri vurdu. Stadionu yandırdılar. Bir dəfə də “Neftçi” “Ararat”la oynayarkən, hesab 3:0 olanda gördük ki, stadionun günçıxan tərəfində 4 sektor boşaldı. Hamısı ermənilər idi, çıxıb getdilər. Hətta bir dəfə mayın 9-da əyləncəli proqram oldu. Biz ona da gedirdik. Başda Bəşir Səfəroğlu olmaqla Musiqili Komediya teatrının aktyorları meydanda futbol oynayırlar. Həmin kadrlar indi də Qızıl fondda var. Axırda da “Neftçi” ilə o vaxtkı Kirovabadın “Dinamo” komandası yoldaşlıq görüşü keçirdi və oyun deyəsən 2:2 hesabı ilə başa çatdı. Bu dərəcədə futbola maraq var idi. Bu marağı bərpa etmək lazımdır. Hə, sizə onu da deyim ki, mən “Neftçi” ilə birgə məşq də etmişəm. Azərbaycan Pedoqoji İnstitutunda oxuyarkən biz idman dərslərini stadionda keçərdik. “Neftçi” gəlirdi məşqə. Banişevski, Bruxti, Kosenkov, Kramarenko, Zeynalov, Markarov, Tuayev… Bizim idman müəllimi məşhur klarnet ifaçısı Bəhruz Zeynalovun qardaşı idi. Mən bunları qoyub “Neftçi”nin oyunçularının arasına düşürdüm. Top meydançanı tərk edəndə onları geri qaytarırdım. Daha doğrusu, topu qoyurdum künc bayrağının yanına, bunlar üçün qaldırırdım. Bruxti qışqırırdı ki, tez ol, qaldır.
Ümumiyyətlə, mən institutda oxuyan illərdə Səməd Vurğun bağına tez-tez gedərdim. Orada qatı azarkeşlər yığışırdı. Futbolu elə təhlil edirdilər ki, dəhşət… Bunlarda bir savad var idi ki…
– Ustadınız Hacıbaba Hüseynov deyilənə görə, Pelenin vurğunu olub. Futbolu çox sevirdi. Onun haqda nə xatirələriniz var?
– Futbolu həddindən artıq çox sevirdi. Onun Peledən bir ağızdolusu danışmağı var idi ki. Ümumiyyətlə, kitab oxumağı çox sevirdi. Başqa sahələrlə çox maraqlanırdı, akademiklərin kitablarını oxuyurdu. Bir də görürdün dərs qurtarıb, bizə futboldan söhbət edirdi.
– Bakının o qədər də böyük olmayan Zirə kəndində futbol komandası var, amma daha böyük Mərdəkan, Buzovna və Maştağa qəsəbəsinin klubu yoxdur. Bu, sizə bir az pis təsir edir?
– Burada Şağanın stadionu var idi. Sonradan istifadəsiz qaldı, pis vəziyyətə düşdü. İndi bura kompleksin ərazisidir. Mən ora baxımsız halda olanda üstünə düşdüm, qəsəbə nümayəndəliyi ilə görüşüb həmin yerə həyatı qaytarmaq istədim. Çünki həmin ərəfədə yerlər paylanırdı, onun da ərazisi bölünəcəkdi. Razılıqlarını aldım, amma material yox idi. Birtəhər bunun da öhdəsindən gəldim. Hətta İrandan formalar və toplar gətirdik. Şağanın əməlli-başlı komandasını yaratdıq. Onda İsgəndər və Füzuli Cavadovun burada evləri var idi. Onlar da gəlib oynayırdı. Vaqif Cavadov da uşaq idi, o da gəlib bizə tamaşa edirdi. Komandamız Bakı birinciliyində oynayırdı. Sonradan həmin stadionun ərazisində kompleks tikildi. Mən onun üstünə düşməsəydim, o torpaqlar paylanacaq və burada Şağan Olimpiya Kompleksi olmayacaqdı. Orada oynayanlar arasında bir istedadlı uşaqlar var idi ki. Düşən olmadı onların üstünə. Tək stadionla da deyil. Dünyada hər şey həvəsə bağlıdır. Zirədə komanda yaradıblar, lap yaxşı. Amma gərək Mərdakan və Maştağa kimi daha böyük qəsəbələrdə də futbol komandaları olsun. Məni sadəcə bir məqam narahat edir ki, bura legionerləri doldurublar. “Zirə” özü yerli oyunçular yetişdiməlidir, akademiyası olmalıdır, qıraqdan kimisə gətirməklə bizdə futbol düzəlməyəcək. Futbolun məktəbini açmaq lazımdır. Sənin məktəbin olsun, eybi yox, xaricdən mütəxəssisləri gətir uşaqları yetişdirsinlər. Əcnəbi futbolçu bizə can yandırmayacaq. Bu işlər bizdə düz qurulmayıb. Xaricdən gələn məşqçilər bizə nə xeyir verib? Evin bünövrəsi olmasa, qalanı boş şeydir. Bakıda heç olmasa bir futbol akademiyası açmaq lazımdır. Görürsüz, Xviça Kvaratsxeliya Avropada nə oyundan çıxır? Vaxt var idi, Tiflis “Dinamo”su Bakıda “Neftçi”nin qarşısında əsirdi.
– O dövrün “Neftçi”sinin xatirələri ilə yaşayırsınız, bəs indiki “Neftçi”ni izləyirsiniz? Bir sadiq azarkeş kimi komandanın hazırkı vəziyyəti sizi məyus edir?
– “Neftçi” var? O “Neftçi” tarix idi. O, komanda idi. Burada Yaponiya millisini 10:0 hesabı ilə məğlub etdi e. Yaponlarla oyunda burada bir dava düşdü ki… İranın “Tac” komandasını burada darmadağın etdilər.
– Qardaşınız Amil Məlikov futboldan kitab yazıb. Özü füzulişünas olsa da, futbol sahəsində də qələmini sınayıb.
– Rəhmətlik futbolu çox sevirdi. Kitabın adı da belə idi: “Könüllər baharı futbol”. Bir gün mənə dedi ki, belə bir kitab yazmaq fikrindəyəm, yazdı da, çap da elətdirdi.
– Sözü sevən adamsınız. Muğam həm də söz sənəti deməkdir. Futbolun da öz şərhçiləri var, onlar da canlı yayımda söz oyunu oynayırlar. Müasir dövrdə futbol şərhçilərini bəyənirsiniz?
– Bu sualı ver də (gülür). Biz o vaxt Mərkəzi Televiziyada “Zaman” (“Время”) proqramından sonra idman xəbərlərini səbirsizliklə gözləyərdik. Orada Avropa və dünya futbolundan nümayiş etdirirdilər. İndi gecə-gündüz xarici oyunları canlı yayımlayırlar. Bizim şərhçilər də aparır. Filan komandalar oynayır. Biri digərinə qol vurur, bu şərhçi elə qışqırır. Onlar bizim nəyimizdir axı? Niyə qışqırırsan? Bu məni əsəbləşdirir. Nikolay Ozerov bir dənə “Qol” deyib dayanırdı. Bu “o”nu uzadır. Ürəyimiz üzüldü ki? Bu yaxınlarda birinin səsi batdı. Həmçinin çox namünasib sözlər işlədirlər. Tez-tez “ilk hissə” sözünü işlədirlər. İlk hissə nə deməkdir? İlk bahar olar, ilk sevgi olar, ilk övlad olar… Bu futbol elə iki hissədən ibarətdir də, nə ilk? Buna ilk deyirsənsə, o birisinə niyə ikinci hissə deyirsən? Eybi yoxdur, ilk qolun müəllifi deyə bilərsən. Əvvəl şərhçilər təcrübə keçərdilər. Yersiz ifadələr çoxdur. Bəzən ləhcə ilə danışırlar. Dialekti ədəbi dilə gətirirlər. Çingiz İsmayılov, Valid Sənani, Fikrət Adıgözəlli elə gözəl oyun şərh edirdilər.
– Bəlkə dövrün tələbi belədir?
– Vallah dövr heç nə tələb etmir. Vallah, qışqırmağa ehtiyac yoxdur. Necə də həvəsləri var buna.
– Çox el şənliklərində xanəndə kimi iştirak etmisiniz. Hansı futbolçunun toyunu aparmısınız?
– Heç bir il keçməyib, “Səbail” komandasının qapıçısının toyunu apardım. Adını xatırlamıram. Kamran Ağayev, Rəşad Sadıqov da orada idi. Gəlib mənimlə görüşdülər, söhbət etdik. Bütün futbolçular orada idi. Başqa nümunələr xatırlamıram. Hə, bir də onu deyə bilərəm ki, “Neftçi”də Nadir və Kamil Eynullayev qardaşları var idi. Bir dəfə məclislərin birində onun anası ilə söhbətləşmək imkanı əldə etdim. Deyirdi ki, “sabah axşam Banişevski, Tuayev və “Neftçi”nin başqa oyunçuları yenə töküləşəcək, yeyib-içəcəklər, daha bunların əlindən təngə gəlmişəm”.
– Muğamda improvizasiya mühim yer tutur. Futbolda da oyunçular bəzən vəziyyətə uyğun improvizələr etməyə çalışırlar. Muğamla futbolun bu baxımdan oxşarlığı var?
– Futbolun imrprovizasiyası da muğamatdakı kimidir. Sadəcə, bu başladır, o da ayaqla. Əslində elə futboldakı imrovizə də başladır. Epizod zamanı hər şey sənin doğru qərar verib-verməyəcəyindən asılıdır. Bəzən Hacıbaba Hüseynov qəzəlin bir hissəsini unudanda əvvələ qayıdırdı, sonra təzədən gəlib unutduğu yerə çıxırdı, futbolda isə bu yoxdur. Ani vəziyyətdə doğru qərar verə bilmədinsə, getdi… İti düşünənlər yaxşı futbolçu olurlar.
– Muğam ifa edərkən ritm, harmoniya və texnika önəmlidir. Futbolçuların da meydanda ritm və texnikaya ehtiyacı var. Sizcə, bu iki sahə arasında hansı oxşarlıqlar var?
– Çox oxşarlıq var. Buna bir tədqiqatçı kimi geniş cavab vermək olar. Amma indiki futbolda mənim bir məqam heç xoşuma gəlmir: oyundankənar vəziyyət bizi bezdirib. Millimetr söhbəti edirlər. Bu, bütün futbolun gözəlliyini əlindən alır. Çox əsəbləşdirir adamı. Birinin burnu qabaqdadır, bayraq qalxdı, ofsayd… Ayıbdır axı! Bundan başqa o dövrlərdə nadir hallarda penalti olardı. İndi bəzən bir oyunda hakim 3 dəfə nöqtəni göstərir. Müasir dövrdə güc futboluna üstünlük verirlər, nəticəyə görə hər şey edirlər. Bütün bunlar bilirsiz nədən qaynaqlanır? Futbolu biznesə çeviriblər. Oyun ki biznesə çevrildi, bir qola görə hamı özünü öldürür, yerə çırpır.
İdman.biz

