Aristokrat Abid Tahirli yazır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Abid TAHİRLİ
Həyat, təfəkkür və yazı tərzinə dərindən bələd olduğum Xalq yazıçısı Elçin şəxsiyyətini bir sözlə ifadə etmək lazım gələrsə, Aristokrat kəlməsini seçərdim. Azərbaycan ədəbi, elmi, ictimai fikir və müstəqil dövlət quruculuğu tarixində parlaq iz qoymuş Elçin haqqqında düşünəndə onun universitet illərində oxuduğum bir məqaləsində ədəbi tənqidi xarakterizə edən fikrini xatırladım: "Prinsipiallıq bizim qəbul etdiyimiz konteksdə olduqca çoxmənalı bir anlayışdır: prinsipial tənqid - hər şeydən əvvəl, obyektiv tənqid deməkdir, prinsipial tənqid hər şeydən əvvəl, yüksək elmi-nəzəri tənqid deməkdir, prinsipial tənqid - hər şeydən əvvəl, vətəndaş qeyrəti, mütəfəkkir cəsarəti deməkdir, prinsipial tənqid - hər şeydən əvvəl, sağlam mübarizə məfkurəsi deməkdir, yüksək bədiyyat uğrunda mübarizə deməkdir". Elçinin milli, mənəvi dəyərlərdən yoğrulmuş, ərsəyə gəlmiş bu qənaəti onunyazıçı, vətəndaş kimi özünün aristokrat obrazını, bənzərsiz portretini də göz önündə canlandırır.
Sözün qüdrətini müqəddəs kitabımızda təsvir olunduğu qədər dərindən dərk edən, onun qədrini Füzuli qədər bilən, nəbzini tutan, gücünü yaradılışdan qəlbində duyan, hiss edən qələminə ötürməyi bacaran böyük sənətkarın həm demək olar ki, bütün bədii, elmi, publisistik irsini mütaliə edən oxucusu kimi, həm də 30 ildən çox bir yerdə çiyin-çiyinə çalışan silahdaşı kimi bu fikirdəyəm ki, Elçində kübar insanlara xas keyfiyyətlərin hamısı cəmlənib. O, həyatın "dibindən", "zirvəsindən" yazanda da, tənqid edəndə və tənqidə cavab verəndə də, ünsiyyətində, davranışında, dünyagörüşündə, yerişində, məclislərdə, tədbirlərdə, geyimində də aristokratdır.
Elçin haqqında yazılanları bir yerə toplasan, bəlkə də ədibin on cildliyindən iri həcmdə kitab əmələ gələr. "O inanırdı" adlı hekayəsi ilə (1959) yaradıcılığa başladığı ilk vaxtdan ədəbi ictimaiyyətin, tənqidin,çoxsaylı oxucu auditoriyasının diqqətini çəkən Elçin haqqında ölkəmizdə və xaricdə sayı-hesabı bilinməyən məqalələr, monoqrafiyalar, dissertasiyalar yazılıb, simpozium və konfraslarda məruzələr oxunub. Onun hekayə, povest, roman, ssenariləri, ekranlaşdırılmış, səhnələşdirilmiş əsərlərinin, elmi, publisistik irsinin ideyası, dili, üslubu, sənətkarlıq problemləri qəzet, jurnal, məcmuələrdə, radio, televiziya kanallarında müntəzəm və mükəmməl işıqlandırılıb. Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Məmməd Arif, Həmid Araslı, Mirzə İbrahimov, Mehdi Məmmədov, Kamal Talıbzadə, Aydın Məmmədov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Yusif Səmədoğlu, Anar, İsa Həbibbəyli, Kamal Abdulla, Nərgiz Paşayeva, Tofiq Hacıyev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vilayət Quliyev, İmamverdi Əbilov, Cahangir Məmmədli, Rəşad Məcid, Azər Turan, Vaqif Yusifli, Nizami Tağısoy... kimi nüfuzlu qələm sahibləri Elçin yaradıcılığına ən müxtəlif rakuslardan nəzər salmış, yüksək dəyərləndirmişlər. Elçinin "Qatar. Pikasso. Latur. 1968", "Beş qəpiklik motosikl", "Qırmızı ayı balası", "Gümüşü, narıncı, məxməri", "Bu dünyada qatarlar gedər", "Baladadaşın ilk məhəbbəti", "Bülbülün nağılı", "Beş dəqiqə və əbədiyyət", "Mehmanxana nömrəsində görüş", "Hövsan soğanı", "Qırmızı qərənfil gülləri Pera palas otelində qaldı", "Sarı gəlin", "Araba", "Qarabağ şikəstəsi","Bir görüşün tarixçəsi", "Kaşeyin taleyi", "Canavarlar"... adlı bənzərsiz hekayələri, "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Bayraqdar", "Əncir ağacı", "Dolça", "Şuşaya duman gəlib" kimi sanballı povestləri, "Poçt şöbəsində xəyal", "Ah, Paris!.. Paris!..", "Mən sənin dayınam", "Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Qatil", "Şekspir" və sair kimi pyesləri, Azərbaycan tarixi romançılığında xüsusi mərhələ olan"Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" əsərləri bədii xəzinəmizin incilərindəndir.
Elçin və ədəbi tənqid, onun elmi-nəzəri görüşləri ayrıca bir mövzudur. Çağdaş ədəbiyyatşünaslığımızın patriarxı Yaşar Qarayev Elçinin bu istiqamətdəki fəaliyyətini belə dəyərləndirirdi: "Xalq yazıçısı və görkəmli ədəbiyyatşünas-tənqidçi Elçinin "Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri", "Sosialist realizmi bizə nə verdi", "Aqoniya, yoxsa təkamül? XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər", Moskvada rus dilində çıxmış irihəcmli "Arzu, həyat, ədəbiyyat" tənqidi məqalələr toplusu və sair kimi əsərləri milli ədəbi irsin və çağdaş ədəbi prosesin yenidən dəyərləndirilməsi baxımından əsaslı addımlar olmuşdur".
Elçinin yazıçı, publisist, dramaturq, tərcüməçi, tənqidçi kimi ədəbi mühitə əbədi möhür vurduğu inkaredilməzdir. Bununla yanaşı, o, ictimai, dövlət xadimi kimi fəaliyyəti ilə də müstəqillik dövrü tariximizə öz adını həmişəlik həkk edib desək, yanılmarıq. Sovet rejiminin süqutu ərəfəsində - 1987-ci ilin son günlərində təsis olunan Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifəsində işləyərkən Elçinin bütün təzyiqlərə, təhdidlərə rəğmən, milli maraqlar, milli birlik naminə qətiyyətli, prinsipial, fədakar, təmənnasız fəaliyyəti gözümün qabağında olub. Azərbaycandakı sovet hakimiyyəti, partiyanın Mərkəzi Komitəsi aqoniya, can verməkdə, çaşqınlıq vəziyyətində olanda böyük bir milli missiyanı "Vətən" Cəmiyyəti öz üzərinə götürüb, bu cəmiyyət sanki milli dirçəlişə təkan verən ideoloji mərkəzə çevrilib. Mərkəzi Komitənin iki addımlığında yerləşən "Vətən" Cəmiyyəti Ermənistandan, Dağlıq Qarabağ və ətraf rayonlardan qaçqın, köçgün düşənlərin ümid, pənah yer olmuşdu. Respublikamız informasiya blokadası şəraitində olduğu dövrdə baş verən ictimai-siyasi proses, Milli azadlıq hərəkatı, Dağlıq Qarabağda növbəti dəfə baş qaldıran erməni separatizmi, vəhşiliyi ilə bağlı həqiqətlər, onun fəsadları, nəticələri haqqında o zaman Allahın lütfündən təsadüfən Moskvanın təhlükəsizlik orqanları, senzura tərəfindən qeydiyyata alınmayan ölkəmizdəki yeganə teleks (faksdan əvvəlki nəsil beynəlxalq abonent teleqrafının telefonlu rabitə şəbəkəsi) gecə-gündüz xaricə, xüsusilə Türkiyə və Pakistanın kütləvi informasiya vasitələrinə məlumatlar ötürürdü.

"Vətən" Cəmiyyətinin vasitəsi ilə xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisləri - Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Məhəmməd Kəngərli, mühacir təşkilatının qurucularından Əhməd Qaraca və digərləri ilə ilk dəfə siyasi mühacirlər kimi Vətəni ziyarətə gəlmişdilər. "Vətən" Cəmiyyəti İstanbuldakı Azərbaycan türkləri kültür və dayanışma dərnəyinin təşkilatçılığı ilə 1989-cu il noyabrın 3-6-da keçirilən Azərbaycan Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq qurultayının işində fəal iştirak etmişdi.
"Vətən" Cəmiyyəti, onun qısa müddətdə tirajı 250 minə, oxucularının sayı bir milyona çatan orqanı "Odlar yurdu" qəzeti 70 ildən sonra ilk dəfə xaricdə yaşayan həmvətənlərlə, onları birləşdirən mədəniyyət mərkəzləri ilə sıx əlaqə yaratmağa, əməkdaşlıq etməyə nail oldu. Xarici ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtmaq məqsədilə çox sayda mədəni-kütləvi tədbirlər, konfrans, simpozium və görüşlər keçirilirdi. Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında, azadlıq mücadiləsində misilsiz xidmətlər göstərmiş, lakin sovet rejimi və kommunist ideologiyasının düşməni kimi böhtan və iftiralarla gözdən salınan, unudulmasına çalışılan şəxsiyyətlərin, o cümlədən Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Ceyhun bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Nəsib bəy Yusifbəylinin, Mirzə Bala Məmmədzadənin, Xəlil Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin, Nağı Şeyxzamanlının... həyat və fəaliyyətinin, irsinin gerçək mənzərəsi Azərbaycan xalqına təqdim olundu. Cəmiyyət dünya şöhrətli şərqşünaslarla, türkoloqlarla, azərbaycanşünaslarla, onların irsi ilə ölkə ictimaiyyətini məlumatlandırdı. A.Benniksen, T.Svyataxovski, O.Altstadın Azərbaycanla bağlı tədqiqatları geniş əks-səda doğurdu, rəğbət qazandı. Böyük mütəfəkkir-yazıçı Mirzə Fətəli Axundzadənin anadan olmasının 175 illik yubileyi münasibəti ilə "Vətən" Cəmiyyətində xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən görüş (31 oktyabr, 1988) həm miqyası, həm də məzmunu ilə tarixə düşüb. "Vətən" Cəmiyyəti Rəyasət heyətinin sədri Elçinin açdığı və geniş nitq söylədiyi tədbirdə adlı-sanlı elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri xaricdən İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpınar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti, London Universitetinin professoru Turxan Gənceyi, "Ana dili" qəzetinin (Bonn) redaktoru Nurəddin Qərəvi, "Xəzər" jurnalının (İstanbul) baş redaktoru Həmid Turan, Fransa Müqavimət Hərəkatının iştirakçısı İbadulla Əzimzadə və b. maraqlı məruzələrlə çıxış etmişlər.
Sonrakı illər onlarca həmvətən, yaxud Azərbaycan xalqının, mədəniyyətinin dostları, o cümlədən İstanbuldakı Azərbaycan kültür və dayanışma dərnəyinin sədri Nihad Çətinqaya, Stokholmdakı Azərbaycan əncüməninin sədri Möhsün Kərimi, Almaniyada yaşayan həmvətənlərimiz doktor Hadi Amid və Yücel Feyzioğlu, Madriddə çıxan "Dədə Qorqud" jurnalının redaktoru Cəlal Erkin, Türkiyənin tanınmış jurnalisti, teleaparıcı Mehmet Ali Birand, dünya şöhrətli rəssamlar Əkbər Behkəlam və İbrahim Əhrari, "Amerikanın səsi" radiostansiyasının Azərbaycan bölməsinin rəhbəri Həsən Cavadi, həmin radionun əməkdaşı Bulud Mehmandarlı, ədəbiyyatşünas Məmmədəli Fərzanə, o taylı-bu taylı Azərbaycanın həsrət səsi, xanəndə Yaqub Zurufçu "Vətən" Cəmiyyətinin qonağı olub.
20 Yanvar faciəsinin törədiləndə "Vətən" Cəmiyyəti bütün qüvvəsini səfərbərliyə aldı: Bakıda fövqəladə vəziyyət, komendant saatı olmasına baxmayaraq, sovet əsgərlərinin Bakının küçələrində törətdiyi cinayətlər, onların izləri video və fotolara köçürüldü, teleks və telefonlar vasitəsi ilə xarici KİV, həmvətənlər, onları birləşdirən mədəniyyət mərkəzləri məlumatlandırıldı. Unudulmaz Ramiz Əsgərin redaktor olduğu "Odlar yurdu" qəzeti hərbi senzuranın qadağalarına baxmayaraq, 20 Yanvar faciəsini "Səhər" qəzeti ilə birlikdə ölkədə ilk dəfə bütün çılpaqlığı ilə öz səhifəsində işıqlandırdı. Sonralar Cəmiyyətin sədr müavini olmuş Əkrəm Qaflanoğlu xatırlayır: "Bakı şəhər komendantı general Dubinyak sağ və sol tərəfində əli avtomat silahlı dəstəsi ilə "Vətən" Cəmiyyətinin qarovulçusu Telmanı (o Ermənistan qaçqını idi) vəhşicəsinə kənara itələyərək ikinci mərtəbəyə - Elçinin kabinetinə soxulmuşdu. General Dubinyak əlində tutduğu "Odlar yurdu" qəzetini Elçinə göstərərək:
- Şəhərdə komendant vəziyyətidir, senzura elan edilmişdir. Foto çəkmək, qəzet buraxmaq, xüsusi ilə uşaq, qadın meyitlərinin fotolarını dərc etmək qəti qadağandır. Buna baxmayaraq, əməkdaşlarınız qaydaları pozur, insanları da buna təhrik edirlər.
Elçin müəllim soyuqqanlı halda:
- Əməkdaşlar böhtan atmır, yalan yazmır, yalnız həqiqəti yayırlar.
Elçinin sözlərindən azğınlaşan Dubinyak daha da ucadan bağırdı:
- Aha, deməli, bundan sizin xəbəriniz var, deməli, onlar sizin tapşırığı icra edirlər!
Elçin təmkinini pozmadan sakitcə:
- Onlar peşə borclarını yerinə yetirirlər - deyəndə rus generalı Elçinin döşündəki Azərbaycan SSR Ali Sovetinin deputatı nişanına işarə vuraraq:
- O, sizi bu dəfə xilas etdi, ikinci dəfə bu olmayacaq! - deyib silahlılarla birlikdə kabineti tərk etdi.
"Vətən" Cəmiyyətinin orqanı "Odlar yurdu" qəzeti ölkədə yeganə mətbu orqandır ki, Azərbaycan SSR Ali Sovetinin yanvar ayının 21-də keçirilmiş fövqəladə sessiyası barədə məlumatı və onun "Bakı şəhərində Fövqəladə vəziyyətin ləğv olunması haqqında" qərarını dərc etmişdi. Sessiyanın keçirilməsində Elçinin xüsusi rolu olub. Elçinin səyi ilə 1990-cı il noyabrın 26-da "Vətən" Cəmiyyətinin dəvəti ilə ölkəmizə gələn ABŞ konqresinin üzvü, Demokratlar Partiyasının liderlərindən biri, tanınmış siyasi xadim Cim Mudi və onu müşayiət edən nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilmiş, ABŞ konqresmeninə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, erməni təcavüzü ilə bağlı hərtərəfli, geniş məlumat verilmişdi. Cim Mudinin timsalında ilk dəfə Şəhidlər xiyabanı rəsmi ziyarət edilmiş, məzarlar üzərinə əkillər qoyulmışdu...
Əlbəttə, bir yazıda böyük yazıçının, görkəmli ictimai və dövlət xadiminin çoxşaxəli, məhsuldar faydalı, fədakar fəaliyyətini tam əhatə etmək mümkünsüzdür. Lakin onun ömür və yaradıcılıq yolunu izlədikcə, həyatını xalqın tərəqqisinə həsr etmiş Elçinin aristokrat siması gözlərin qarşısında canlanır. Aristokrat ədibimiz yaşının bu çağında da yazı masası arxasındadır. O, "Dildə, fikirdə və əməldə birlik" şüarı ilə türk birliyi ideyasının təməlini qoyan İsmayıl Qaspiralının məşhur kəlamlarından birini sanki özünə həyat kredosu seçib: "Millətə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla!"
05.05.2025


