Arvadını 32 bıçaq zərbəsi ilə öldürən şəxsə ömürlük cəza istənildi: “Onu 3 yaşlı övladının gözləri qarşısında öldürdü”
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt Apellyasiya Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Laçın Əhmədağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 28 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Abşeron rayonunun Xırdalan şəhərində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Laçın Əhmədağayev gün ərzində bir neçə dəfə arvadı, zərərçəkmiş, 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayeva ilə sözlü mübahisə edib. Sonra o, növbəti mübahisə zamanı zərərçəkmiş şəxsin ona aqressiv cavab verib. Bu səbəbdən Laçın qadının ona xəyanət etməsi şübhələrinin əsaslı olması qənaətinə gələrək Sevinci qəsdən öldürmək qərarına gəlib. Nəticədə, o, arvadına ümumilikdə 32 bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla həyatdan məhrum edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Əhmədağayev 18 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti vərərək, mübahisəli hökmün dəyişdirilib, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdırmasını, ona ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti onunla əsaslandırıb ki, Laçın xüsusi amansızlıqla 3 yaşlı övladının gözləri qarşısında Sevincə bıçaqla çoxsaylı zərbələr endirərək və boğazını kəsərək onu qəsdən öldürüb.
Kamal Məmmədov


