Arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan qısqanc ər şikayətini geri götürdü
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ali Məhkəmədə həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Allahverdi Mustafayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və onun əməlini Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsindən həmin Məcəllənin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, habelə həmin maddə ilə cəza təyin olunmasına dair qərar çıxarılmasını xahiş edib.
İş kassasiya instansiya məhkəməsində baxılanadək Allahverdi Mustafayevin cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Ali Məhkəməyə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib.
Məhkəmə kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edib.
Qeyd: Rəsmi məlumata görə, 2023-cü il yanvarın 6-da Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İttiham aktına əsasən, Allahverdi Mustafayev qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Aynur Əhmədova ilə 2021-ci ilin oktyabr ayından ona qarşı soyuq münasibət bəsləməsindən, habelə yaşadıqları fərdi yaşayış evinin həyətindən ona məxsus olmayan siqaret kötüklərini tapmasına görə zərərçəkmiş şəxsi başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələnib. O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadını öldürmək qərarına gəlib. Hadisə günü sərxoş olan Allahverdi evdə azyaşlı övladlarının gözləri qarşısında mətbəx bıçağı ilə Aynurun bədəninə bir neçə zərbə endirərək ona xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Allahverdi Mustafayev məhkəmədə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, sərbəst ifadəsində və sualları cavablandırarkən deyib ki, hər bir ailədə olduğu kimi, həmin günü də onun ailəsində məişət mübahisəsi olub. Hadisə ailə mübahisəsi səbəbindən baş verib. Arvadını öldürmək niyyəti olmayıb, içkili imiş. Olay günü əsəbiləşib və qorxutmaq niyyəti ilə Aynuru bıçaqla vurub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Kamal Məmmədov


