Icma.az
close
up
RU
Arxiv adamı Xeyrulla Məmmədov 90

Arxiv adamı Xeyrulla Məmmədov 90

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elman QULİYEV
Professor 

Yetmiş illik ömrünün qırx beş ilini Azərbaycan ədəbiyyatının problemlərinin öyrənilməsinə, bədii nümunələrin toplanıb nəşr olunmasına həsr edən, elmi fikirlərini ilkin mənbələr əsasında formalaşdıran, zamanın "arxiv adamı" kimi tanınan, dövrün problemləri ilə bağlı bir sıra elmi mübahisələrə son qoyan professor Xeyrulla Məmmədov müasir ədəbiyyatşünaslığımızın nüfuzlu nümayəndələrindən olub. O, Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında, elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətlər göstərib, özünəməxsus tədqiqatçılıq ənənəsi yaradıb.

Professor Xeyrulla Məmmədov elmi yaradıcılığında tədqiqatçı-alim və mətnşünas kimi iki istiqamətin dolğun vəhdətini yaratmağa nail olub. Bütün yazılarında ilkin mənbələrdən bəhrələnən X.Məmmədov bir çox vacib və gərəkli elmi həqiqətləri üzə çıxarıb. Bu səbəbdəndir ki, heç vaxt "o, bəzi alimlər kimi havaya baxmayıb, söz oyunbazlığını xoşlamayıbdır" (Əziz Mirəhmədov). Ədəbiyyatımızın bir sıra mühüm dövrlərinin, xüsusilə XIX və XX əsrlər ədəbiyyatı və ədəbi-tənqid problemlərinin dərindən tədqiqi və "bu sahələrdə fikir sabitliyinin yaranması" (professor Ş.Qurbanov) məhz onun adı ilə bağlıdır. Onun "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbiyyat" (1978), "Sultan Məcid Qənizadə" (1983), "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər" (1986), "XIX əsr Azərbaycan uşaq ədəbiyyatı" (1992), "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda" (1999) və s. elmi-tədqiqat əsərləri Azərbaycan ədəbiyyatşünaslığı tarixinin zənginləşməsinə layiqli töhfələrdir. Bu tədqiqat əsərləri göstərir ki, görkəmli ədəbiyyatşünas alim ədəbi fikrin formalaşmasında, estetik kateqoriya qazanmasında yerli şəraitə, milli-mənəvi tələbin oynadığı rola haqlı olaraq xüsusi əhəmiyyət verib. Yüksək intellekt, zəngin təcrübə və ilk dəfə işıq üzü görən çoxsaylı faktlar professor X.Məmmədova müxtəlif problemlərin məğzini açmaq, elmi mənalandırmaya, hər bir məsələ haqqında dəqiq fikir formalaşdırmağa imkan verirdi. XX əsr Azərbaycan ədəbiyyatı problemlərinin araşdırılmasında X.Məmmədovun arxivin ən dərin qatlarına qədər enə bilməsi o deməkdir ki, XX əsr ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, mətbuat tarixi və s. öyrənilməsində bu tədqiqlərin əhəmiyyət dərəcəsi olduqca böyük və bütün zamanlar üçün əhəmiyyətlidir. Bu sahədə alimin yazmış olduğu 100-ə yaxın elmi məqalələri problemi əhatə etmək baxımından monoqrafiyaları qədər lazımlıdır. Onun "Firidun bəy Köçərli nə vaxt inspektor olmuşdur", "N.Nərimanov haqda yeni materiallar", "Bir mübahisə haqqında", "Ədibin naməlum tərcümeyi-halı", "Molla Nəsrəddinçi şair", "Əlyazmalar yanmır, ancaq taleləri qəribə olur", "Cənablar, börklərinizi çıxarın, əlahəzrət fakt gəlir" və s. məqalələrində ədəbiyyatşünaslığımız üçün vacib sayılan məsələlər araşdırılıb.

Elmi fəaliyyət enerjisini Azərbaycan ədəbiyyatı problemlərinin tədqiq və təhlilinə, bədii nümunələrin toplanıb nəşr olunmasına həsr edən X.Məmmədovun XIX əsrin sonu, XX əsrin əvvəllərinin zəngin, qarışıq və ziddiyyətli ədəbi proseslərinin tədqiqi mövzusunda yazılmış əsərlərində milli düşüncə, milli təfəkkür amili başlıca yer tutduğundan problemin sosioloji deyil, estetik dəyərləndirilməsi özünə xüsusi yer tapıb. Bu səbəbdəndir ki, X.Məmmədovun bütün tədqiqatlarında "qeyb olmuş" ədəbi mərhələ geniş miqyasda araşdırılıb tədqiqata zəngin filoloji fakt əsasında cəlb edilməklə məhdudlaşmır. Şimali və Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən, sovet hakimiyyəti illərində "panislamist", "pantürkist", "dini klerikal", "sosial-demokrat" və s. siyasi terminlər altında müxtəlif cəbhələrə təqsim olunaraq bir-birinə qarşı qoyulmuş yazıçıların yaradıcılığı ilk dəfə X.Məmmədov tərəfindən vahid bir kök altında, milli mənafelər, azərbaycançılıq məfkurəsi zəminində təhlil olunub. Onun "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbiyyat", "Sultan Məcid Qənizadə", "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər" monoqrafiyalarında və onlarla digər məqalələrində arxiv materiallarına əsaslanmaqla maarifçi ədəbiyyatın inkişaf yolları, spesifikası haqqında yüksək elmi tutumlu nəzəri mülahizələri bir sıra mübahisələrə son qoyub. Maarifçi realizmdə təbii insan konsepsiyası, sosial təhlilin zəifliyi, tendensiyaçılığa meyl, milli realist romanın, povestin, hekayənin, tarixi faciənin yaranmasında, inkişafında maarifçi yazıçıların rolu və s. məsələlərə aydınlıq gətirməklə X.Məmmədov bir metod daxilində mövcud təmayüllərin spesifikası və ədəbi təcrübədə ifadə xüsusiyyətləri barədə fikirlərini ortaya qoya bilib. Görkəmli ədəbiyyatşünas alimin tənqidi realist ədəbiyyatın yaranmasına ictimai-siyasi proseslərin təsiri, bu ədəbiyyatın ideya-estetik meyarları, həmin meyarların formalaşmasında "Molla Nəsrəddin" jurnalının rolu barədə elmi düşüncələri C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Möcüz, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi kimi sənətkarların bədii yaradıcılıqlarının ideya istiqamətlərini müəyyənləşdirməkdə və düzgün nəticə çıxarmaqda mühüm əhəmiyyət kəsb edir. "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan maarifçi realist ədəbiyyatı", "Əkinçi"dən "Molla Nəsrəddin"ə qədər", "XIX əsr Azərbaycan uşaq ədəbiyyatı", "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudlarında", "XIX əsr Azərbaycan ədəbiyyatı" və s. monoqrafiyalarında, "Əqidə döyüşlərində", "Molla Nəsrəddin"i zəmanə yaratdı", "Əkinçi"nin övladları", "N.Nərimanov haqqında yeni materiallar", "Bir mübahisə haqqında", "S.Ə.Şirvani" haqqında həqiqət", "Cəlal Ünsüzadə və uşaq ədəbiyyatı", "S.M.Qənizadənin bədii nəsri", "Tərcüman: Dildə, fikirdə, işdə birlik" və s. məqalələrdə dövrün ədəbi proseslərinin kompleks öyrənilməsi ədəbiyyatımızın bu mühüm mərhələsinin qaranlıq səhifələrinə işıq salınıb, bir çox məsələlərdə ilk dəfə qatı açılmış arxiv sənədlərindən istifadə tədqiqatların əhəmiyyət dərəcəsini xeyli artırıb.

Ədəbiyyatşünas alimin əsas tədqiqat obyekti kimi səciyyələnən XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidinin klassik irsə yanaşmasında özünü göstərən müxtəlif fikirlərin təhlil və izahına münasibətinin özu əslində X.Məmmədovun həmin dövrün ədəbi mühit və fikir tarixinə olan möhkəm bələdçiliyi, geniş təhlil və elmi-nəzəri fikir yürütmək qabiliyyətindən xəbər verir. XIX əsrin sonu, XX əsrin ilk illərində nəzəri-estetik fikrin inkişafını M.F.Axundzadə ədəbi-tənqidi ənənələri kontekstində araşdıran alim tam haqlı olaraq həmin dövrdə milli ədəbi tənqidi fikrin formalaşma və inkişafına təsiri təkcə M.F.Axundzadə ilə məhdudlaşdırmayıb. X.Məmmədov əsərlərində tarixi-filoloji materialların verdiyi imkan əsasında bu təsirin müxtəlifliyindən söhbət açmış, qaynaqların çoxəsrlik Azərbaycan ədəbiyyatı təcrübəsi ilə yanaşı, həm də ərəb, fars, türk, rus, Qərbi Avropa ədəbi fikir nümunələri ilə bağlandığını istisna etməyib, əksinə, göstərilən hər iki zəmində, yəni Şərq və Qərb faktorunda həmin dövr (XIX-XX əsr) Azərbaycan tənqidi fikrinin formalaşma və inkişafına təsir göstərən cəhətlərə, onların təzahür və ifadə xüsusiyyətlərinə ayrıca diqqət yetirib.

Professor X.Məmmədovun təşəbbüsü və böyük zəhməti hesabına Azərbaycan ali təhsil sistemində uzun illər "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" adı ilə tədris olunan fənnin "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı" şəklində tərtibi, tədris proqramının nəşri bu dövr ədəbiyyatının kontur, nümayəndə, bədii nümunələrinin yeniləşmə və dürüstləşmə istiqamətində öyrənilməsində irəli atılan ilk addım idi. Onun "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu", "Filologiya elminin tarixi və metodologiyası" tədris proqramları müasir təhsil islahatları tələblərinə cavab verməklə müstəqillik dövrü filologiya elmi sahələrinin metodoloji, nəzəri konsepsiya və metodikasının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Görkəmli alimin Azərbaycanda tədqiq və tədris tarixinin yeniliyi ilə seçilən türk xalqları ədəbiyyatı və türkçülük ideyalarının öyrənilməsi sahəsində də uğurları böyükdür. Onun türk xalqları ədəbiyyatının tədqiqinə aid fikirləri təkcə ədəbi tənqidi fikir tarixinin deyil, həm də bu günün tələblərinin ödənilməsi və mütəxəssislərə lazımi kömək göstərilməsi baxımından önəmlidir. Müəllifin "Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda" (1999) adlı əsərində Şeyx Əhməd Hüseynzadənin "Tarixi-ədəbiyyati-türk" yazısı, S.M.Qənizadənin Nəvai və Füzuli, S.Ünsizadənin İbrahim Həqqi, R.Əfəndiyevin Nabi barədə tədqiqlərinə dair fikirləri və məlumatları ədəbi-fikir tarixində müəyyən boşluqları doldurmaq baxımından əhəmiyyətlidir.

X.Məmmədov mətbuat tarixi problemlərinin öyrənilməsi sahəsində də böyük xidmətlər göstərib. O, "Əkinçi", "Ziya", "Kəşkül", "Həyat", "Kaspi", "Molla Nəsrəddin", "Füyuzat" və s. mətbu orqan səhifələrindən aşkarladığı məlumatlarla Azərbaycanda mədəni hərəkat və onun ədəbiyyata təsiri məsələləri proseslərini izləyərək faktları üzə çıxarmaqla XIX-XX əsrlər Azərbaycan ictimai-siyasi və ədəbi mənzərəsi barədə elmi təsəvvürləri xeyli zənginləşdirib. Görkəmli tədqiqatçının dövri mətbuat səhifələrindən üzə çıxardığı materiallar XX əsr Azərbaycan xalq maarifi, milli teatr, musiqi və incəsənət, dövri mətbuat, kitab nəşri və s. haqqında tutarlı fikirlər söyləməkdə, ədəbiyyat tarixçiliyi ilə mətbuat tarixini əlaqəli şəkildə öyrənməkdə mühüm rol oynayıb.

Professor X.Məmmədov geniş mütaliəsi ilə seçilən və fərqlənən alim idi. O, Azərbaycan, türk, rus, Qərb və Şərq ədəbiyyatı, ədəbiyyatşünaslıq problemləri, ədəbi tənqidi barədə hərtərəfli bilik və məlumata sahib idi. Bu yerdə ədəbiyyatşünaslıq elmimizin patriarxlarından biri olan Əziz Mirəhmədovun bir fikrini xatırlamaq yerinə düşər: "Xeyrulla Məmmədov ilə bir vətəndaş-alim kimi hansı elmi və ictimai məsələdən, xüsusilə Azərbaycanın dünəni, bu günü ilə bağlı hansı böyük hadisədən söhbət salırsan sal, bu söhbət xoş olur. Kitabdan, qəzetdən, jurnaldan, məcmuədən söz açırsan, məlum olur ki, bilir, görüb və oxuyub".

Ömrü boyu yazı stolu arxasında işləməkdən savayı, bütün hərəkətlərində tələsən, sürətli yerişi ilə tanınan Xeyrulla müəllim heç nəyin yarımçıq qalmasını və başdansovdu edilməsini xoşlamazdı. Ölümündən iki gün əvvəl - 2005-ci il sentyabrın 6-da işlədiyi doğma universitetin divarları arasında (ADPU-nun binasında) ən yaxın dostlarından olan professor H.Qasımova "Bu isti yay günlərində canıma can basıb bütün yarımçıq yazılarımı tamamladım" - deməsi onu göstərir ki, o, haqq dünyasının astanasında qalmasından xəbərdar imiş. Elə ömrünün 70 yaş tamamlanma möhləti də Allah qismətindən başqa şey deyilmiş...

Professor Xeyrulla Məmmədov indi haqq dünyasındadır. Yaşadığımız dünyada isə onun yeri boşdur. Bu boşluq təkcə onun doğmaları, dostları, həmyerliləri arasında deyil, ali məktəb auditoriya və elmi şuralarında, beynəlxalq konfrans zallarında, arxiv idarələrində, televiziya və radio məkanında, mətbuat səhifələrində və s. yerlərdə hiss olunur və olunacaq. Lakin təsəlli odur ki, X.Məmmədovdan Azərbaycan elminə və onu sevənlərə dünyanın ən qiymətli daş-qaşından dəyərli əsərləri yadigar qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see461

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see277

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see276

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see265

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see264

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see257

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see247

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see244

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see237

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see236

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see236

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see229

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see222

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see219

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see218

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see217

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see199

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see196

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see192

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri