Arzu Kazımqızı Nehrəmli ŞEİRLƏRİ
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün istedatlı SÖZ- Ruh ADAMI, çox Dəyərli YAZARIMIZ Arzu xanımın DOĞUM GÜNÜDÜR! Adalet.az kollektivi ,onun oxucuları , həmçinin Əbülfət Mədətoğlu bu Gözəl gün münasibəti ilə Arzu Kazımqızı Nehrəmlini ürəkdən TƏBRİK edir, Ona Can sağlığı və yeni UĞURLAR diləyir!
Şeirlə ört üstümü
İçimi sarıb ahım,
Qəhərdimi, tüstümü.
Üşüyürəm Allahım,
Şeirlə ört üstümü.
Nə evəm, nə eşiyəm.
Ayrılıq günəşiyəm,
Qəmə ilk, sonbeşiyəm.
Dərd dağıdır köksümü.
Viranam göy üzündə,
Gecədir gündüzüm də,
Tapmazsız mən dözümdə,
Ucaldın eeey, büstümü.
Bir də sən gəlmə
Çox erkən tələsdin nağıl olmağa,
Ay mənim qanadlı, ağ atlı gülüm.
Hələ gün görməmiş məsum üzümü,
Günaha batmamış ağartdın, gülüm.
Səni yola saldım yaz səhərində,
Müqəddəs naməyə döndün sonunda.
Dədəm qopuzunda, şah əsərində,
Xan Qazan, Dəli Domrul, Basatdın, gülüm.
Səni uçurtduğum yerdə qalmışam,
Burada özümə məskən salmışam,
Həsrət yuxusuna elə dalmışam,
Bəlkə bir gün gəlib oyatdın, gülüm?!
Hər kəs üz tutduğu yerdəsən, gəlmə!
İnam yeri də sən, Pir də sən, gəlmə!
Harayla mən gəlim, bir də sən gəlmə,
Burası beş günlük həyatdır, gülüm.
Buraxdın taleyə küskün Arzunu.
Nə işə yaradı, nəyinə vardı?
Çəkərdin yaxanı, əlim qopardı.
Həyatla hesabın, qəsdinmi vardı.
Buraxdın taleyə küskün Arzunu?
Sən mələk donunda gəldin, ay fələk,
Nəyinə gərəkdim, nəyinə gərək,
Min il dərd dinləmiş qoca palıdtək
İkiyə qatlayıb bükdün Arzunu.
Demişdim könlümdən köç, məsləhətdir,
Gözünü üstümdən çək, məsləhətdir,
Dünyada başına qızmı qəhətdir,
Sonunda israrla seçdin Arzunu.
Yoluna davam et, uğur, ürəyim
Elədən beləyə dərdə yol açdın,
Üstü ələk-vələk, yağır ürəyim.
Nə bir üsyan etdin, nə də ki, çaşdın,
Sındın, əyilmədin, məğrur ürəyim.
Hər gələn nə varsa, çəkdin üstünə,
Buna tab gətirməz nə köks, nə sinə,
Axı, sən ürəksən, səs ver səsimə,
Bir dillən, bir danış, bağır, ürəyim.
Bir dəvə yükünlə karvan gəzirəm,
Axıdıb sellərə, saman gəzirəm,
Təzdən peşman olub aman gəzirəm,
Qorxuram çatlayar, yığır ürəyim.
Sən kökü dərində məzhəb imişsən,
Oxuna bilməyən sənəd imişsən,
A mənim güvəncim, sən nə imişsən?
Özü dünya boyda yumruq ürəyim.
Məndən çəkdiyini ud qram-qram,
Nə aldın, alırsan, bac alammıram,
Onsuz da səninlə bacarammıram,
Yoluna davam et, uğur, ürəyim.
Havadan ayrılıq qoxusu gəlir
Günün naz-neməti, bəhəri dilxor,
Sevinci pərişan, kədəri dilxor,
Sübhü çaşbaş qalıb, səhəri dilxor,
Yorğun sabahların yuxusu gəlir.
Səssizlik hay çəkir, haray görünür,
Son ümid qətlinə qərar görünür,
Nə ulduz sayrışır, nə ay görünür,
Üstümə gecənin ağrısı gəlir.
Könlüm bulaşımmı günah-suçamı,
Arzuda buna tab, buna güc hanı?
Ümidim, dur, bağla qapı-bacanı,
Havadan ayrılıq qoxusu gəlir.
Hər səhər dərdimlə salamlaşırıq
Dərələr keçirik, dağlar aşırıq,
Deyəsən yol aşa bilmirik axı…
Hər səhər dərdimlə salamlaşırıq,
Niyə sağollaşa bilmirik axı…
Mənzilə yetməyən iz böyüdürəm,
Ruhumda sevgi var, dilimdə öyüd.
İllərdir bir yetim qız böyüdürəm.
Gəl görüm, indi də yetim dərd böyüt…
Dərdin də dərdinə yanası mənəm,
Çətin ki, ürəyim ondan daşına…
İllərdir bu dərdin anası mənəm,
İndi necə qöyum başlı-başına…
Dərd haray qoparır hayana baxsaq,
Nə gördük dünyanın gəlhagəlindən…
Hərəmiz bir dərdi yolda buraxsaq,
Dünyanı kim alar dərdin əlindən…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















