Icma.az
close
up
RU
MEHDİ CALALIN ŞEİRLƏRİ

MEHDİ CALALIN ŞEİRLƏRİ

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

    Başına dönüm

Əlliylə “bəlli”dir,- deyib atalar,

Mən yaşı əlliyəm, başına dönüm.

Yağıb yollarıma qanlar, qadalar;

Hicran təməliyəm, başına dönüm.

Ruhum bir ocağın həndəvərində,

İstəyim göylərdə, fikrim dərində.

Sirli küləklərin nəğmələrində

Lal sükut dilliyəm, başına dönüm.

Dərdlər şimşək kimi köksümdə çaxdı,

Eşqim öz ömrümü yandırıb – yaxdı.

Düşmənim evimin içindən çıxdı;

Dərviş könüllüyəm, başına dönüm.

Elə dərdiməndəm dərdim bilinməz,

Hər yanım seyraqub mərdim bilinməz,

Qohumum, şəcərəm, yurdum bilinməz;

Dünyayla elliyəm, başına dönüm.

Bir ömür miskinəm, məstəm, bihalam,

Varı - yox, yoxu – var bilən abdalam.

Yerlərlə çarpışan Mehdi Calalam,

Göylərə bəlliyəm, başına dönüm.

                        ***

Sınıq görünürəm yaxını yada…

Sirli arzularım bayatı, ağı.

Bir ömür yol getdim kefli dünyada,

Nə dəyişə bildim, mən kiməm axı?!

Həmişə yedəkli taledən, bəxtdən,

Uzaqda mən ollam, gendə mən ollam.

Kim isə ucalar, ya düşər taxtdan;

Tanrıya ən yaxın bəndə mən ollam.

Əziz bəndəsində dərd verər Allah,

Dərdsiz anlarımı hədər bilərəm,

Ən uzaq insanın, ən yad adamın

Dərdini ən yaxın kədər bilərəm.

Cibim boş olanda qəlbim daş olur,

Soyuqqanlı bilir dost-tanış məni

Sıxır hisslərimin məngənəsində,

Gah da silkələyir bu yanlış məni.

Yurdda  bir yurdsuz var, duymazmı bir kəs?!

Dərdin ən ağırı payına düşüb.

Şəkildə özünü tanımayan kəs

Əhli-kef dünyanın hayına düşüb.

O kimdi?-bir təmiz Allah bəndəsi,

O kimdi?- bir halal kişinin oğlu.

Sorublar haqqımda söhbət düşəndə;

-Nəçidi o Calal kişinin oğlu?

Yox, daha ömrümün payızı gəlir,

Ürək təzə-təzə arzu bitirməz.

Bu yalan dünyanın yalan günləri

Məni o zirvəyə çəkib yetirməz.

Soyuq görünərəm yaxına, yada

Dərdlərin içində yadlaşıram mən.

Bir ömür yol gedəm, yenə dünyada

Nakam arzulara baş daşıyam mən…

                         DOSTLAR

Bu qədər doğmalıq varkən arada,

Harda yubandınız, ay ”nadan” dostlar!

Təklikdə avarsız qayıq kimiydim,

Bəs necə qurtuldum dəryadan , dostlar.

Yaxdım halal ömrü ”səbr et”lə, ”döz”lə,

Haqqın dərgahına çıxdım bir üzlə.

Bir sirli baxışla, bir məhrəm sözlə,

Könlümü yerindən oynadan dostlar.

Əzəldən bilirdim yoxdu vəfası,

Gəldi bəzirganı, getdi xocası.

Mən haqq aşiqiydim, gül sevdalısı,

Onçun heç küsmədim dünyadan, dostlar.

Ömrün zinətiymiş kədəri,ahı,

Ulu bir nizamla verdi pənahı.

Hamının dadına yetən ALLAHı

Tapdım dünya boyda aynadan, dostlar.

Ayrı ömür mənim, ayrı iş mənim,

Bərzaq aləminə dönən köç mənim.

Daha nə dostum var, nə də düşmənim,

Qayıtdım o Turi – Sənadan, dostlar.

    ***

Keçdiyim daşlı yollara

Gürşad yağardı, yağardı.

Bu yolların o başından

Bir qız baxardı, baxardı.

Qulağımdan səsi getməz,

Əl uzatdar, əl yetməz.

Göz yaşından çiçək bitməz,

Qəmi suvardı, suvardı.

Səngiməz taleyin qarı,

Yaxar, odlu baxışları.

Bəxtim tək qara saçları

Daha ağardı, ağardı…

         QANADI YAR

                      Gəraylı təcnis

Dövran səni alan gündən,

Könlüm yaman qanadı, Yar!

Soraqladım Aydan, Gündən:

Can adı – Yar,  qan adı – Yar…

 

Bu nübarı göy dər indi!

Nəfəsini,- Göy,- dər, indi!

Duman qatı, Göy dərindi;

Xəncəri çək, qanadı yar!

 

Şeh Tanrının əl təridi,

Al yaylığı, sil təri, di!

Dünya zalım, gül tər idi;

Düşmən meyli qanadı, Yar!

 

Cahan böyük deyil BİRdən,

Rüsxət yoxsa bitməz  bir dən.

Ruhum pərvaz eylər birdən,-

Uçmalıydı; qanadı – Yar…

                                          ***

Mənə bir lələk saxlayın,

Dərd salan quş qanadından.

İlhamım havalı gəzir;

Bəlkə dönə inadından...

Dünyaya bir şeir yazım.

Misraları qola dönsün.

Xan Arazın harayından

Sağa dönsün, sola dönsün.

Göylərə də şeir yazım

Halal bir şair adından:

Heç nə qalmaz qiyamətə,

Çıxmaz Tanrının yadından...

           YOXDU

Bezdim gedib-gəlməkdən,

Onsuz da yerim yoxdu.

Dünyaynan dolanmadım;

Çünki məhvərim yoxdu.

Min ildi yol gəlirdim...

Olan haqq olur mənə.

Ömür yolu bilirdim;

Düşdüm qorxduğum günə.

Mən hamıdan küsmüşdüm,

Səndən də küsüm gedim.

Qəfil boğanaq olum,

Yel kimi əsim gedim.

Anla ki, həqiqətmiş

Olub - qalanım, ağla!

Ən uca  məhəbbətmiş

Şirin yalanım ağla!

Sonra yandır dünyanı,

Dünya göz yaşı silməz!

Allah saxlamayanı

Bəndə saxlaya bilməz...

     BU SEVGİ

Göydən yağa, yerdən bitə ömrümə,

Gözlərimdə yaşıllaşa bu Sevgi.

Bu günümdə gəlib yetə ömrümə,

Nağıllaşa, uyğulaşa bu Sevgi.

Elə billəm yaşdaşıdı ömrümün,

Bəlkə elə daşqaşıdı ömrümün.

Söykəyidi, yaddaşıdı ömrümün,

Dünyam qədər ululaşa bu Sevgi.

Çətən ola yamacımda, yalımda,

Bitən ola boşalanda, dolanda.

Vətən ola, - gedib öləm yolunda,

Qəbrim üstə buludlaşa bu Sevgi.

                    ***

Görmüsənmi? gözlərindən qan daman adam,

Görmüsənmi? sevgisindən utanan adam,

Görmüsənmi? ürəyinə boylanan adam,

Şirin - şirin arzuların ocaq yerindən.

Bu nə sevgi? bu nə həsrət? bu nə vüsaldı?

Bu sevgiyə ağ saçların kölgəsi düşər,

Bəlkə sənə dəli dünya şirin xəyaldı,

Hər gününə yüz “niyə”si “bəlkə”si düşər.

Xəzəllərdən baş qaldırsa yaşıl arzular,

O baharı, bu payıza qatıb ağlama!

Bahar nağıl, payız nağıl, nağıldı dünya,

Nağılların ətəyindən tutub ağlama.

Mənim sənə deyiləsi sözüm - nə bilim

Ocaq qala, tonqal çatım qarda yağışda,

Bu arzumun qəfəsiyəm özüm, nə bilim!

Dar günümdü, şerə görə, darda bağışla!.

                       LAL MƏHƏBBƏT

Uğursuz illərin toranlığında

Bir arzu düşübdü yaralı, qında…

Hər şeydən üstünmüş bir anlığın da,

Ay dilsiz məhəbbət, ay lal məhəbbət.

İllər həsrətini günlərə böldü,

Günlər sırasında inam döyüldü.

Nə o duya bildi, nə mən əyildım,

Ömrümə tufanmış bu hal, məhəbbət!

Keçəni səsləyər bir gün, gələcək…

Bəlkə də vüsallı bir gün gələcək,

Mən hardan biləydim bir gün gələcək

Dönüb olacaqsan xəyal, məhəbbət.

                          DÖNƏCƏYƏM O YURDA

 

Yamac qalxdım, düzən keçdim, yal aşdım,

Könlüm uman çox yerləri dolaşdım.

Hər ötən gün sinəm üstdən yol açdı,

Dönəcəyəm, dönəcəyəm o yurda.

…Üç qara daş nağıl başlar, nə başlar,

Ulu yurdda qəm xalıdı o daşlar.

Xatirələr! ay ağaclar! a daşlar!

Dönəcəyəm, dönəcəyəm o yurda.

Çəkmək olmur bu yolları göz ilə,

El-obadan gen düşən can üzülər.

O gəldiyim cığır ilə, iz ilə

Ya tez, ya gec dönəcəyəm o yurda.

Savabıyla günahımı yuyanlar!

İstəyimi, ürəyimi duyanlar!

Yurd yerində daş üstə daş qoyanlar!

Dönəcəyəm, dönəcəyəm o yurda.

Ya arzumun al libası əynimdə,

Ya yubanmış Vətən eşqi beynimdə.

Ya qayğıkeş insanların çiynində,

Dönəcəyəm, dönəcəyəm o yurda.

                           BAĞIŞLA

Sənin göz yaşlarını

Gözüm gördü, bağışla!

Göz yaşına göz yuman

Göydü, yerdi, bağışla!

Alçaldıqca ucaldı,

Böyüdükcə kiçilən.

Ömrümüzə ölçülən

Qəmi, dərdi, bağışla!

Mənim qazancım - itki,

İtkilərim qazancdı.

Ruhum ac – yalavacdı,

Səni yordu, bağışla!

Dünya - ruhlar ağrısı,

Ömür - tale yarası.

Eşqim - dilim arası

Bir ömürdü, bağışla!

GÖZLƏRƏM

  

Məndən başqa bu döngədə duran yox,

Heç bilmirəm haçanacan gözlərəm.

Hələ neçə dərdli günüm, ayım var,

Dan sökülər, axşamacan gözlərəm.

Qaçılmazdı bəxtə düşən ömür, gün,

Açılmazdı ömrə düşən bu düyün.

Yel qanadlı tez ötüşən ömrümün

Qönçələri açanacan gözlərəm.

Ömür dedim ən kədərli günə də,

Dövran sürdüm bir məkansız kümədə.

Demişdim ki, gözləyəcəm, yenə də,

Ay Atacan, ay Anacan gözlərəm.

Eləbil ki Günəşi yox bu Yerin,

Mənzil uzaq, yerlər qatı, göy dərin.

Bir yenilməz Sahibi var göylərin,

Yollarımı açanacan gözlərəm.

                

                         GƏLLƏM GÖRÜŞÜNƏ

Orda, o məzardan əziz nəyim var?

Gəlləm görüşünə, ay ana, gəlləm.

Çilərəm üstünə göz yaşlarımı,

Bəlkə yatan baxtım oyana, gəlləm.

Günlərin əlində incələr qəlbim,

Hər gecə şəhərdən köç elər qəlbim.

Qəbrinin üstündə gecələr qəlbim,

Onda dinə gəlləm, imana gəlləm.

Uzalı əllərim yetişməz göyə,

Mən elə təşnəyəm səni görməyə.

Sinəmin ahından oyanar deyə,

Bir qərib, bir yalan gümana

      DAĞLAR

 

Uzaq düşdüm qucağından,

Ay, dərdimdən halı dağlar!

Qərib ata ocağından,

Dolannam havalı, dağlar.

Arzum atlı, mən piyada,

Ömrü-günü verdim bada.

Nə görmədim bu dünyada,
Ömürdən bahalı dağlar!

Oda düşdüm, sevdim, yandım,

Dərddən-dərdə qanadlandım,

Orda bir «Gəlinatlandı»,

Burda bir «Vağzalı», dağlar!

İllər yoluma gün tutmaz,

Daha sənə ünüm çatmaz.

Bu vurğun könlüm unutmaz,

O yamacı, yalı, dağlar!

Başın üstə dolan bulud,

Ulu dərddi, müqəddəs tut.

Nə quduz yelləri unut,

Nə Mehdi Calalı, dağlar !

  BU ADAM

  

Gözləri elə yol çəkər, çəkib qurtara bilməz,

Ürəyini bu dünyayla büküb qurtara bilməz.

Bircə ömrü misra-misra söküb qurtara bilməz,

Bir keçilməz yol tutubdu; addım-addım, bu adam.

Nə  bir toyda gülümsəyər, nə bir yasda ağlayar,

Nə bir qohuma yovuşar, nə bir dosta ağlayar,

Sükutunda haray çəkər, telli sazda ağlayar,

Kimsə bilməz yaxındırmı, yoxsa yaddı bu adam.

Həm uşaqdı, həm cavandı, həm qocadı, həm də ruh.

Haqqa gedən bir Yolçudu, Yoldu-Tanrı buyurub.

Bir ocaqdı, öz közünün istisinə uyuyur,

Bir taledi-ululardan amanatdı bu adam.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see218

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see216

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see185

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see175

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see170

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see164

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see163

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see161

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see159

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see157

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see152

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see148

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri