Icma.az
close
up
RU
Asiyadan Avropaya, oradan da Amerikaya...

Asiyadan Avropaya, oradan da Amerikaya...

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın diplomatik coğrafiyasında son “uçuş trayektoriyası”

Son bir həftənin diplomatik xronikası Azərbaycanın xarici siyasət kursunun miqyasını, ritmini və prioritetlərini göstərən strateji xəritədir. Bakıdan Münxenə, Belqraddan Vaşinqtona uzanan diplomatik coğrafiya bir daha nümayiş etdirir ki, Azərbaycan bölgədən qitəyə, qitədən isə qlobal siyasi müzakirələrin mərkəzinə doğru hərəkət edən sistemli oyunçudur. Prosesin əsas xətti isə çoxvektorlu, balanslaşdırılmış və eyni zamanda, suveren maraqlara əsaslanan diplomatiyadır.

Bakı–Vaşinqton xəttində son dinamika geosiyasi reallıqların yenidən tənzimlənməsidir. ABŞ siyasi elitasının yüksək səviyyəli nümayəndəsi Vensin Bakı səfəri Vaşinqtonun Cənubi Qafqaza baxışında baş verən strateji korrektənin göstəricisi kimi dəyərləndirilməlidir. Ukrayna müharibəsi fonunda dəyişən Avropa təhlükəsizlik sistemi, enerji marşrutlarının siyasiləşməsi və Çin–Avropa xəttində alternativ nəqliyyat platformalarının aktuallaşması ABŞ-ı regiona yenidən baxmağa məcbur edib.

Vaşinqton üçün Azərbaycan artıq qlobal enerji təhlükəsizliyinin şaxələndirilməsində sistemli rol oynayan aktordur və bu rol xüsusilə Avropanın Rusiya qazından asılılığını azaltmaq cəhdləri fonunda daha strateji məzmun qazanıb. Cənub Qaz Dəhlizi artıq kommersiya layihəsi çərçivəsini aşaraq siyasi təhlükəsizlik mexanizminə çevrilib. ABŞ üçün bütün bunlar həm Avropa müttəfiqlərinin sabitliyi, həm də trans-Atlantik həmrəyliyin qorunması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Orta Dəhliz faktorunun önə çıxması Vaşinqtonun diqqətini Cənubi Qafqaza yönəldən əsas amillərdəndir. Çin–Avropa ticarət xəritəsində alternativ marşrutların formalaşması qlobal güclər arasında nəqliyyat və logistika üzərində rəqabəti dərinləşdirir. Ağ Ev üçün Bakı ilə əməkdaşlıq Avrasiyada iqtisadi və strateji balansın qorunması deməkdir.

Postmünaqişə mərhələsində formalaşan yeni reallıq isə münasibətlərə əlavə ölçü gətirir. Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik arxitekturasını artıq faktiki olaraq dəyişib. Bir tərəfdən regionda yeni status-kvonun davamlılığı, digər tərəfdən isə sülh prosesinin hansı siyasi çərçivədə inkişaf edəcəyi məsələsi Vaşinqton üçün əhəmiyyətlidir. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, bu dialoq əvvəlki illərdəki kimi vasitəçilik üstünlüyü üzərində qurulmur. Azərbaycan artıq regional gündəliyi müəyyənləşdirən tərəf kimi çıxış edir.

Əslində, burada daha dərin transformasiya müşahidə olunur. Əvvəllər region ölkələri qlobal güclər arasında seçim dilemması ilə üzləşirdisə, indi Bakı balans siyasəti yürüdür. ABŞ Azərbaycanı enerji, nəqliyyat və təhlükəsizlik baxımından əvəzolunmaz aktor kimi qəbul etdikcə, münasibətlərdə ton dəyişir. Tərəflər arasında dialoq himayədarlıq modelindən strateji qarşılıqlılıq modelinə keçir. Bakı–Vaşinqton xəttinin geosiyasi oxunuşu göstərir ki, Azərbaycanın artan diplomatik çəkisi artıq regional çərçivəni aşır. ABŞ-ın regiona dönüşü nə qədər qlobal rəqabətin məhsuludursa, Azərbaycanın güclənən mövqeyi də bir o qədər suveren siyasətin nəticəsidir.

***

Münxen Təhlükəsizlik Konfransına gəldikdə isə, burada gələcək siyasi xətlərin konturları cızılır. Münxen tribunası Qərbin siyasi, hərbi və analitik elitasının cəmləşdiyi məkandır. Burada səslənən tezislər sonradan Avropa İttifaqının qərarlarına, NATO-nun strategiyasına və trans-Atlantik münasibətlərin prioritetlərinə təsir göstərir. Azərbaycanın bu platformada iştirakı onu göstərir ki, Bakı daha geniş təhlükəsizlik gündəliyinə töhfə verən aktor kimi qəbul edilir.

Azərbaycanın Münxendə verdiyi əsas mesaj geosiyasi baxımdan prinsipialdır: Cənubi Qafqazın təhlükəsizlik modeli kənardan ixrac edilə bilməz. Region uzun illər xarici güclərin rəqabət meydanına çevrilmişdi və bu rəqabət sabitlik gətirmədi. Postmüharibə mərhələsində formalaşan yeni reallıq isə göstərir ki, davamlı təhlükəsizlik yalnız regional aktorların məsuliyyəti və siyasi iradəsi ilə mümkündür.

Konfransın digər mühüm tərəfi isə birbaşa strateji dialoq imkanlarıdır. Münxen qapalı və açıq formatlarda keçirilən görüşlərlə qeyri-rəsmi diplomatiyanın ən effektiv məkanlarından biridir. Azərbaycan üçün bunlar, əlbəttə ki, Qərb siyasi elitası ilə vasitəçilərsiz təmas qurmaq, mövqeyini izah etmək və formalaşan narrativlərə təsir etmək imkanı yaradır. Digər mühüm məqam Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq legitimliyinin genişlənməsidir. Münxendə səsləndirilən mövqelər qlobal auditoriyaya ünvanlanır və beynəlxalq rəyin formalaşmasına təsir göstərir.

***

Belqrad xətti isə Azərbaycanın Avropa siyasətində daha yeni bir mərhələnin göstəricisidir. Serbiyaya Prezident İlham Əliyevin rəsmi səfəri geniş geosiyasi konfiqurasiyada dəyərləndirilməlidir. Serbiya Avropa məkanında özünəməxsus mövqeyə malikdir. O, həm Avropa İttifaqı ilə inteqrasiya prosesindədir, həm də milli maraqlarını qorumaq xəttini açıq şəkildə nümayiş etdirir. Azərbaycan üçün Belqradla yaxınlaşma Avropada alternativ siyasi dialoq platformasının formalaşdırılması deməkdir. Belqrad–Bakı xətti Avropa daxilində balans yaradan mexanizm kimi çıxış edir. Xüsusilə son illər Avropa institutlarında Azərbaycanla bağlı müzakirələrin bəzən siyasi təzyiq elementləri ilə müşayiət olunması fonunda, Serbiya kimi tərəfdaşlarla sıx koordinasiya diplomatik manevr imkanlarını genişləndirir.

Enerji əməkdaşlığı bu münasibətlərin əsas sütunlarından biridir. Azərbaycan qazının Balkanlara çıxışı regionun enerji xəritəsinin yenidən qurulması prosesidir. Serbiya üçün enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir və bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur. Bakı isə Balkan istiqamətini genişləndirməklə Avropa bazarında mövqeyini daha da şaxələndirir. Lakin münasibətlərin daha dərin təbəqəsi siyasi qarşılıqlı dəstək müstəvisindədir. Həm Azərbaycan, həm də Serbiya beynəlxalq hüququn fundamental prinsiplərinə – suverenlik və ərazi bütövlüyünə – xüsusi həssaslıqla yanaşır. Belə ortaq yanaşma ikitərəfli münasibətləri normativ əsas üzərində möhkəmləndirir.

Azərbaycanın Avropa siyasətində müşahidə olunan transformasiya məhz burada özünü göstərir. Bakı artıq münasibətləri Brüssel institutları ilə məhdudlaşdırmır, paralel diplomatik kanallar qurur, regional paytaxtlarla birbaşa əlaqələri gücləndirir və çoxkanallı təsir mexanizmi formalaşdırır.

***

Müasir beynəlxalq sistem getdikcə daha sərt bloklaşma meyilləri göstərir: Qərb–Rusiya qarşıdurması, ABŞ–Çin rəqabəti, Avropanın təhlükəsizlik dilemması. Belə şəraitdə kiçik və orta güclər üçün seçim dilemması yaranır. Azərbaycan isə seçimetmə modelindən yayınaraq balansqurma modelini seçib. Bakı həm Vaşinqton, həm Brüssel, həm də regional aktorlarla paralel işləyir və bu paralellik onun manevr imkanlarını genişləndirir. Nəticədə, Azərbaycan müxtəlif mərkəzlər arasında əlaqələndirici halqaya çevrilir.

Postmüharibə mərhələsində Azərbaycanın əsas strategiyası əldə olunmuş reallıqları diplomatik müstəviyə daşımaq və onları beynəlxalq sistem daxilində legitimləşdirməkdir. Diplomatik coğrafiyanın genişlənməsi məhz bu legitimləşmənin mexanizmidir. Bakı nə qədər çox platformada iştirak edirsə, bir o qədər özünü qlobal qərarvermə proseslərinin ayrılmaz hissəsi kimi təqdim edir.

Bölgədən qitəyə, qitədən dünyaya uzanan diplomatik xətt strateji dəyişikliyinin göstəricisidir. Postmüharibə dövründə Azərbaycan üçün əsas məsələ hərbi reallığın diplomatik və siyasi müstəvidə möhkəmləndirilməsi idi. Qələbə faktı özlüyündə uzunmüddətli təsir yaratmır; onu beynəlxalq sistem daxilində qəbul olunan və legitimləşdirilən reallığa çevirmək tələb olunur. Bakı məhz bu mərhələyə daxil olub.

Diplomatik coğrafiyanın genişlənməsi, əslində, siyasi məsafənin qısalması deməkdir. Son həftənin diplomatik dinamikası bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti reaksion modeldən çıxıb. Çoxölçülü, çoxvektorlu və sistemli xarakter daşıyan bu siyasət balans üzərində qurulub və geosiyasi rəqabətin kəskinləşdiyi dövrdə manevr imkanlarını qorumağa yönəlib.

Şəbnəm ZEYNALOVA ,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2026 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri