“Dünya çay kimi axır” Afrikada vəhşət yaradan ifadə KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyanın müxtəlif ölkələrində xristianlar nəsillər boyu “Həyat sakit bir çay kimi axır” məzmunlu məşhur himni sevə-sevə oxuyurlar. Avropalı və ya rusiyalı dinləyici üçün bu obrazın izahına ehtiyac yoxdur: sakit axan su, yay axşamı, dinclik və əmin-amanlıq…
Amma özünüzü Cənubi Afrikanın ucqar kəndlərindən birində yaşayan insanın yerinə qoyun. Onun üçün çay heç də rahatlıq və sakitlik rəmzi deyil. Afrika reallığında çaylar timsahların və su ayğırlarının məskənidir. İnsanlar qaranlıq düşəndən sonra suya yaxınlaşmaqdan çəkinir, çaya girib bir daha geri qayıtmayan adamlar haqqında çoxsaylı hekayələr eşidirlər.
Belə bir mühitdə “Dünya çay kimi axır” ifadəsi yerli dinləyiciyə heç də xoş təsir bağışlamaya bilər. Bu, bizim üçün dünyanın meşə yanğınına bənzədilməsi qədər qəribə səslənə bilər. Buna baxmayaraq, insanlar onilliklər boyu bu yad metaforanı təkrar ediblər. Səbəb isə sadədir: himn vaxtilə Qərb missionerləri tərəfindən belə tərcümə olunub.
“Adventist Review” podkastında Cənubi Afrikada böyümüş, Ministry pastoral jurnalının redaktoru doktor Conqimpi Papunun danışdığı bu əhvalat ümumdünya xristian kilsəsinin qarşısında duran mühüm problemi üzə çıxarır: əbədi Müjdəni onun yayıldığı mədəniyyətin xüsusiyyətlərindən necə ayırmaq olar? Başqa sözlə, imanı başqa xalqlara çatdırarkən onların dilini, dünyagörüşünü və həyat tərzini nə dərəcədə nəzərə almalıyıq?
Məqalə “Adventist Review” kanalında yayımlanan “+42°C-də yun kostyumlu missionerlər: kilsə “Amerika dini” idimi?” adlı YouTube videosu əsasında hazırlanıb.
İkinci dərəcəli musiqi və pozulmuş ritmlərXristianlıq haqqında müjdə Afrika qitəsinə çatanda onunla birlikdə hazır Avropa himn kitabları da gətirildi. İngilis dilindəki mətnlərin yerli dillərə birbaşa tərcüməsi isə çox vaxt ciddi problemlər yaradırdı. Qərb melodiyaları Afrika dillərinin təbii intonasiyasına və ritminə uyğun gəlmirdi. Nəticədə sözlə musiqi arasında ahəng pozulur, himnlər yerli insanlar üçün süni və yad səslənirdi.
Bununla yanaşı, zəngin şifahi ənənəyə malik kənd icmalarının nümayəndələri yazılı kitablara əsaslanaraq, notlarla oxumağa alışmağa məcbur edilirdilər. Halbuki onlar Allahı yaddaşdan, ürəkdən və öz mədəniyyətlərinə xas musiqi ənənələri ilə tərənnüm etməyə daha çox öyrəşmişdilər.
Daha ağrılı məsələ isə kilsə daxilində formalaşan gizli iyerarxiya idi. Afrika möminlərinin özlərinin bəstələdiyi himnlər yerli nəşrlərdə sözün əsl mənasında kitabların sonuna yerləşdirilirdi. Onları qeyri-rəsmi toplantılarda oxumağa icazə verilsə də, əsas şənbə ibadətində, saat 11-də keçirilən mərasimlərdə səsləndirmək arzuolunmaz hesab edilirdi.
Beləliklə, yalnız ingilis dilindən tərcümə edilmiş himnlər həqiqətən müqəddəs və məqbul sayılır, xor ifasının nümunəsi kimi isə Amerika kvartetlərinin üslubu qəbul edilirdi.
+42 dərəcə istidə yun kostyum: missionerlikdən miras qalan stereotiplərMərkəzi Afrikanın bəzi bölgələrində temperaturun 42 dərəcəyə, rütubətin isə 90 faizə çatdığı şəraitdə yerli möminlərin gələn vaizlərdən qalın yun kostyum və qalstuk geyinmələrini gözləməsi ilk baxışdan təəccüblü görünə bilər.
Burada daha maraqlı bir paradoks var: zaman keçdikcə xristianlığı yeni qəbul edən bəzi insanlar Qərb məişət və geyim qaydalarına XIX əsrin missionerlərindən daha sərt yanaşmağa başlayıblar.
Bu prosesin mexanizmi əslində çox sadədir. Missioner Bibliyanı, şənbə ibadətini və öz geyim qaydalarını vahid paket şəklində təqdim edir. İnsan Məsihin təlimini qəbul edir, lakin bununla yanaşı, üçlü kostyumu və qalstuku da sanki dinin ayrılmaz şərti kimi mənimsəyir. Nəticədə tropik istidə qalstuksuz ibadət etmək az qala dini qaydalardan kənara çıxmaq kimi qəbul olunur.
Oxşar vəziyyət vaxtilə keçmiş SSRİ ölkələrində də müşahidə edilirdi. 1990-cı illərdə bir çox insanlar səmimi şəkildə inanırdılar ki, Amerika stadion evangelizmi və kütləvi təbliğ üsulları Bibliyanın nəzərdə tutduğu yeganə düzgün yanaşmadır.
Eyni yanaşma Məsihin təsvirində də özünü göstərib. Orta əsrlərdə avropalı rəssamlar İsanı çox vaxt açıq dərili və sarışın təsvir edirdilər. Çünki öz mədəniyyətlərinin təsiri altında Onu özlərinə bənzədirdilər. Halbuki Məsihin hər bir xalqa yaxınlığı ideyası konkret bir etnik görünüşün universal dini norma kimi qəbul edilməsini tələb etmir.
Problem bir mədəniyyətə məxsus təsvirin bütün dünyaya məcburi nümunə kimi təqdim edildiyi zaman başlayır.
“İkiüzlü xristianlar” və Qərb rasionalizminin kor nöqtəsiLakin geyim və himn məsələsi problemin yalnız bir tərəfidir. Afrikada missionerlik fəaliyyətinə ciddi təsir göstərən digər amil Qərb rasionalizmi idi.
Antropoloq və missioloq Pol Xibert bu problemi “istisna edilmiş orta səviyyə” (excluded middle) adlandırırdı. Onun fikrincə, Qərb dünyagörüşü reallığı əsasən iki səviyyədə izah edir: yuxarıda Allah və ilahiyyat, aşağıda isə fiziki dünya və elm. Bu iki səviyyənin arasında insanların gündəlik həyatında mühüm yer tutan mənəvi mübarizə, ruhlar, cinlər və izaholunmaz hadisələrlə bağlı təsəvvürlərə isə kifayət qədər yer ayrılmır. Doktor Papu gənclik illərində baş vermiş bir hadisəni xatırlayır.
Cənubi Afrika Respublikasında amerikalı professorlardan təhsil alan ilahiyyat tələbəsi olarkən kənd kilsələrindən birində moizə söyləyirmiş. Həmin vaxt kilsəyə yerli insanların cinlərin təsiri altında olduğunu düşündüyü, qışqıran bir qadın gətirilib.
Gənc ilahiyyatçı dərhal bu yanaşmanı rədd edib və hadisəni xurafat adlandırıb. Lakin bir qədər sonra özü də çətin vəziyyətə düşdüyünü anlayıb: qadın üçün necə dua edəcəyini, onun yaşadığı qorxuya və iztiraba necə yanaşacağını bilmirmiş.
Qərb universitetlərində aldığı təhsil onu öz xalqının gündəlik həyatında qarşılaşdığı real problemlər qarşısında hazırlıqsız qoymuşdu.
Bu düşüncə tərzinin nəticələri kilsə daxilində bu gün də hiss olunur. Əgər insana Məsih haqqında danışarkən onun yaşadığı qorxuları, inancları və sualları sadəcə xurafat kimi rədd ediriksə, nəticədə ziddiyyətli bir mənzərə yaranır.
Beləliklə, “ikiüzlü xristianlar” fenomeni meydana çıxır: insan gündüz kilsədə ibadət edir, axşam isə gizlicə yerli cadugərə müraciət edərək lənətlərdən və pis ruhlardan qorunmağa çalışır.
Pentikostun verdiyi dərs: Allah missionerdən əvvəl də varDoktor Papunun müşahidələrinə görə, insanların real həyat təcrübəsi ilə kilsədə eşitdikləri təlim arasında yaranan bu uçurum Cənubi Afrikada adventist icmasının inkişafını çətinləşdirən amillərdən biridir. O, Cənubi Afrikada adventistlərin sayının 200 mindən az olduğunu, qonşu Zambiyada isə bu rəqəmin təxminən iki milyona çatdığını qeyd edir.
Xristianlığın guya “ağ adamın dini” olduğu və yalnız Qərbdən dünyaya yayıldığı barədə təsəvvür geniş yayılıb. Halbuki tarix bu yanaşmanın yanlış olduğunu göstərir.
Avropa xristianlığı qəbul edən ilk regionlardan biri olmayıb. Afrika xristianlığın ilk yayıldığı ərazilərdən biridir. Bibliya mətnləri Şimali Avropada geniş yayılmasından əsrlər əvvəl Afrika xristian icmalarının həyatında mühüm yer tuturdu. Müqəddəs Yazıların erkən tərcümələri arasında kopt dili də xüsusi yer tutur.
Adventizm tarixində də Qərb missionerlərinin Afrikaya gəlişindən əvvəl şənbə gününü qeyd edən yerli möminlərlə qarşılaşdıqlarına dair nümunələr mövcuddur. Lakin bu insanların fəaliyyəti sonradan rəsmi tarixi nəql və dərsliklərdə lazımi səviyyədə işıqlandırılmayıb.
Əslində, Pentikost hadisəsi xristianlığın mədəni müxtəlifliyə münasibətini anlamaq üçün mühüm nümunədir. Həmin gün Allah müxtəlif xalqları bir müqəddəs dili öyrənməyə və ya başqa bir xalqın geyim və adətlərini mənimsəməyə məcbur etmədi. Əksinə, hər kəs Müjdəni öz ana dilində eşitdi.
Bu, çox mühüm mesajdır: Allah insanlara onların başa düşdüyü dildə müraciət edir. Müjdə müəyyən bir xalqın mədəniyyətini məhv etmək, onun yerinə başqa mədəniyyətin qaydalarını gətirmək üçün deyil.
Hər bir mədəniyyətin öz çatışmazlıqları və ziddiyyətləri var. Lakin hər birində insanın Yaradanla münasibətinə dair müəyyən izlər, mənəvi axtarışlar və dəyərlər mövcuddur.
Bu gün canlı və inkişaf edən kilsənin qarşısında duran əsas vəzifələrdən biri də məhz budur: başqa xalqların adət-ənənələrini və həyat tərzini kor-koranə ixrac etmək deyil, öz təcrübəsinə tənqidi yanaşmaq.
Özümüzə səmimi şəkildə sual verməliyik: dini həyatımızda hansı qaydalar Müqəddəs Yazılara əsaslanır, hansılar isə sadəcə başqa dövrün, başqa ölkənin və başqa mədəniyyətin bizə miras qoyduğu vərdişlərdir?
Çünki iman bir xalqın geyiminə, musiqisinə və məişət qaydalarına sığdırıla bilməz. Müjdə universaldır, amma onu insanlara çatdırmağın dili, ifadə forması və mədəni vasitələri müxtəlif ola bilər.
Müəllif: Roman Qeyker
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 Noyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















