Avropanın diqqəti ÖLKƏMİZDƏ Daha bir Aİ üzvü Azərbaycan qazına ELÇİ DÜŞDÜ
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Şimal yarımkürəsində havalar soyuqlaşdıqca, enerji ətrafında baş verən hadisələr də artmağa başlayır. Maraqlı olan budur ki, havaların soyuması bu dəfə neft və qaz qiymətlərini artırmaq gücündə olmayıb.
Qlobal bazarlar
Brent markalı neft bu həftənin ilk iş günü London Əmtəə Birjasında 64 dolların ətrafında ticarət edilirdisə, artıq dekabrın 9-dan 62 dollardan ucuz satılmağa başladı. Dekabrın 11-də isə neftin ən ucuz partiyasının satış qiyməti 60 dollar 76 sent göstəricisi ilə qeydə alındı.
MÖVZU İLƏ BAĞLI:
Macarıstan Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Onu deyim ki, bu qiymət səviyyəsinə qədər neft cari ildə 2 dəfə eniş etmişdi. İlin əvvəlində isə Brent markalı neftin ən yüksək satış qiyməti yanvarın 15-də 82,63 dollar səviyyəsində qeydə alınmışdı. Demək, ilin ən yüksək qiymətindən indiki səviyyəyə eniş 25% və ya 21 dollardan çox olub. Gələn il üçün isə hətta 60-dan aşağı qiymət proqnozları da var, baxmayaraq ki, cari il üçün Brent markalı neftin orta qiyməti 68 dollardan baha gözlənilir. Ona görə də bazar iştirakçılarının narahatlığını başa düşmək olar.
Bəs niyə neft ucuzlaşır? Onun ucuzlaşmasına təsir edən amillər hansılardır?
Qlobal tələbatın proqnozlardan daha az dinamika göstərməsi fonunda ABŞ-da hasilatın artımı və orta gündəlik göstəricilərin 13,6 milyon barel səviyyəsində özünü möhkəmlətməsi, OPEC+ ölkələrinin bəzi üzvlərinin kvota intizamına əməl etməməsi və daha çox “qara qızıl” çıxartmaq meyllətinin artması, həmçinin Rusiya-Ukrayna müharibəsində sülh danışıqlarına dair siqnalların bazar iştirakçılarına təsiri.
Onu deyim ki, ötən həftə Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci ildə dünyada neft təklifinin artımı üzrə yenilənmiş proqnozunu gündəlik 100 min barel azaltdığını bəyan edib.
Slovakiyanın yaxşı qiymətə qaz sevdası
Ötən həftənin əvvəli Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ilə başladı. Bu səfər nəticəsində ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı ilə bağlı mühüm addımlar atıldı, bir sıra sənədlər imzalandı.
Bratislavada iki ölkə prezidentlərinin mətbuata bəyanatlarla çıxışı zamanı əldə edilən nailiyyətlər və onların inkişaf istiqamətləri vurğulandı. Slovakiya prezidenti Peter Pelleqrini çıxışında Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab etdiyini bəyan etdi.
Onun sözlərinə görə, Slovakiya özünün enerji təchizatının şaxələndirilməsi probleminin həlli üzərində işləyir və bu baxımdan ümid edir ki, uzunmüddətli perspektivdə Azərbaycanla strateji tərəfdaş ola bilər. “Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək”, deyə Slovakiyanın dövlət başçısı fikrini tamamlayıb.
Yəni Slovakiya rəhbəri diplomatikcəsinə ifadə edir ki, ölkəsi uzunmüddətli müqavilələr əsasında Azərbaycan qazının alıcısına çevrilə bilər və bu o zaman baş tuta bilər ki, onları məqbul edəcək qiymət olsun. Başqa sözlə, demək istəyir ki, biz uzun müddət orta Avropa bazar göstəricisindən daha aşağı qiymətə Rusiyadan qaz almışıq, indi ona bənzər şərtlərlə Rusiyanı Azərbaycanla əvəzləyə bilərik.
Bu mövzunu davam etdirən Prezident İlham Əliyev isə xatırladıb ki, keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyanın təchizatında istifadə edilib.
Daha sonra isə xüsusilə vurğulayıb ki, Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan onu təmin edə bilər.
Prezident əlavə edib ki, Azərbaycanın zəngin qaz yataqları bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qaz ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı artıq 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaq.
Prezident İlham Əliyev bildirib ki, hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.
Daha doğrusu, Azərbaycan lideri qaz mövzusu barədə ətraflı məlumatı ona görə qarşı tərəfə çatdırıb ki, “bizim mavi yanacaqdan Avropada da, regionda da istifadə edənlər kifayət qədərdir”, yəni müştəri baxımdan qıtlıq yaşamırıq, Azərbaycanın da qazı artıma doğru gedir.
Macarıstan qaz alışını artırır
Azərbaycan Prezidentinin bu bəyanatından çox kemədən - dekabrın 10-da Bakıda SOCAR Macarıstanın “MVM Group” şirkəti ilə təbii qaz təchizatına dair yeni saziş imzalayır. SOCAR-ın açıqladığı məlumata əsasən, 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
Qeyd edilib ki, təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Tərəfdaşlığın uzadılmasını SOCAR hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyinin nümunəsinə kimi göstərib.
SOCAR yeni müqavilə üzrə hansı həcmdə qazın Macarıstana satılacağını bildirməsə də, amma bir gün sonra Macarıstan hökuməti buna aydınlıq gətirdi. Macarıstan xarici işlər naziri Peter Siyarto özünün sosial şəbəkə hesabında paylaşımında qeyd edib ki, Macarıstan və Azərbaycan arasında əməkdaşlıq Budapeştin enerji təhlükəsizliyi risklərini azaldır və təchizatın uzunmüddətli diversifikasiyasını gücləndirir. Daha sonra isə əlavə edib ki, razılaşmalar çərçivəsində Macarıstan Azərbaycandan 800 milyon kubmetr təbii qaz alacaq.
Xatırladım ki, SOCAR və MVM arasında 2023-cü il 2 iyun tarixində 100 milyon kubmetr həcmdə qazın alqı-satqısına dair imzalanan müqavilə üzrə tədarükə 2024-cü ilin apreldə başlanmışdı. Yeni müqavilə üzrə qazın alqı-satqısı isə iki il ərzində həyata keçiriləcək. Bu, bir daha Avropadakı istehlakçıların Azərbaycana olan etimadının göstəricisidir.
bp-nin Azərbaycanın qaz bazarında yeri
Azərbaycan qazının əsas hasilatı isə bp şirkətinin operatorluğu altında həyata keçirilən layihələrdir. Energetika nazirliyinin cari ilin 9 ayına dair açıqladığı statistikadan çıxış etsək, ölkədə hasil edilən ümumi qaz həcmlərinin 82,3%-i "Azəri-Çıraq-Günəşli" və “Şahdəniz” yataqlarından çıxarılan mavi yanacağın payına düşüb. Əmtəəlik qaz hasilatında isə bu layihələrin xüsusi çəkisi 79,3% təşkil edib.
Elə bu baxımdan da bu həftə Bakıda keçirilən "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin mavi yanacağımızla bağlı açıqladığı maraqlı bir məqama toxunmaq istərdim.
bp rəsmisinin sözlərinə görə, "Şahdəniz" yatağından 257 milyard kubmetr qaz hasil olunub. Eyni zamanda AÇG layihəsi üzrə 60 milyard kubmetrə yaxın səmt qazı dövlətə təmənnasız şəkildə təhvil verilib. Yəni AÇG-dən gələn səmt qazının həcmi "Şahdəniz"də hasil olunan təbii qazın təxminən 25%-i qədər olub ki, bu da layihənin nə qədər məhsuldar olduğunun göstəricisidir", - deyə bp-nin vitse-prezidenti bildirib.
“Şahdəniz” üzrə yeni müqavilə
Bu günlərdə "Şahdəniz" kompressiya platformasının dayaq blokunun tikintisi üzrə müqavilə imzalanıb.
"BP-Azerbaijan" şirkəti 156 milyon dollar dəyərində olan müqavilənin “BOŞ Shelf” şirkətinə verildiyini açıqlayıb. Müqavilə “Şahdəniz” yatağında quraşdırılacaq yeni platforma üçün dayaq bloku və payaların tikintisini əhatə edir. Bütün istehsal-quraşdırma işləri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun sahəsində həyata keçiriləcək və bu işlərdə tam olaraq yerli resurslardan istifadə olunacaq. İşlərin 2028-ci ilin birinci rübündə tamamlanması planlaşdırılır.
Hökumətin SOCAR-a diqqəti
Yola saldığımız həftə Azərbaycan hökuməti də diqqətini enerji sektoruna yönəldib. Dekabrın 10-da Azərbaycan Respublikasının İqtisadi Şurası və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, Baş nazir, İqtisadi Şuranın və AİH-in MŞ-nın sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda SOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, şirkətin həyata keçirdiyi layihələr və onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in MŞ-nın üzvləri müzakirələr aparıb. İclasın yekununda Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib. Amma hansı tapşırıqların verildiyi açıqlanmır.
Xatırlatmaq istərdim ki, İqtisadi Şura 21 fevral 2025-ci il tarixdə AİH MŞ ilə birgə keçirilən iclasını da SOCAR-ın fəaliyyətinə həsr etmiş, “Azneft” İstehsalat Birliyinin fəaliyyəti, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və modernizasiya layihəsinin icra vəziyyətinə toxunmaqla yanaşı ölkəmizdə neft-qaz hasilatı sahəsində cari vəziyyəti də müzakirə etmişdi. O zaman da SOCAR prezidenti təqdimatla çıxış etmiş və yekunda SOCAR-a müvafiq tapşırıqların verilməsi ilə yekunlaşmışdı.
Demək, bu ötən müddətdə neft-qaz sektorumuz yeni reallıqlarla üzləşib ki, İqtisadiyyat Şurası təkrarən yığışıb mümkün olan və görünə bilən problemləri kollegial şəkildə müzakirə edib.
SOCAR “Azneft” İB-də il yarımda 2 baş direktor dəyişib. Belə görünür ki, hələ də arzu etdiyi nəticəni ala bilməyib və bu baxımdan da hökumət də məsələyə münasibətini bildirir ki, hansı məsələlərdə dövlətin dəstəyinə ümid bəsləmək olar, hansıların həlli birbaşa şirkətin öz resursları hesabına həyata keçirilməlidir.
Bu arada isə OPEC-in açıqladığı hesabatdan məlum olub ki, noyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 456 min barel təşkil edib.
Ötən ay gündəlik neft hasilatı oktyabrla müqayisədə düz 2 min barel azalıb.
Fikrimcə, məsələ hansısa problemin ortaya çıxmasında deyil, çünki ortada iş varsa, müəyyən problemin olması da labüddür, əsas məsələ onu zamanında aşkarlayıb və yerindəcə həll etmək bacarığıdır.
Bizim.Media
Baxış sayı:57
Bu xəbər 15 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















