Avstriya səfiri etimadnaməsini Prezidentə Azərbaycan dilində təqdim etdi
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.
Yeniavaz.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib:
“Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.
Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.
Dövlət başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək perspektivdə onların sayının artmasının önəminə toxunub.
Dövlət başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini deyib.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunulub, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyev oktyabrın 5-də, həmçinin Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlət başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxunub. Prezident İlham Əliyev bu xüsusda müxtəlifsəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd edib.
Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlət başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğulayıb. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.
Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulanıb.
Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edilib.
Bu mövzuda digər xəbərlər:İsveç səfiri etimadnaməsini Prezidentə təqdim edib
23 Sentyabr 2026 14:31
Yeni səfir etimadnaməsini Prezidentə təqdim etdi
13 Fevral 2025 10:50
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim etdi
05 Noyabr 2024 15:32
Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim etdi
15 Noyabr 2024 10:17
Baxış sayı:38
Bu xəbər 05 Oktyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















