Icma.az
close
up
RU
Axund Ruhullanı güllələyən qoçu Hacıməşədinin aqibəti necə oldu? Novxanı söhbətləri

Axund Ruhullanı güllələyən qoçu Hacıməşədinin aqibəti necə oldu? Novxanı söhbətləri

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

2500 il (bir çox mənbələrdə 500 il) əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün böyründə Siyan adlı kənd varmış. Deyilənə görə, “Siyan” “sis”, “his”, “tüstü” sözünün dəyişikliyə uğramış formasıdır. Bu kənd XVII əsrin ortalarında güclü zəlzələ nəticəsində batıb, əhali isə indi Aşağıbaş adlanan yerdə məskunlaşıb. Təzə tikilmiş evlərə “nov xanı” (noii xanə) – yeni ev adı verilib. Onda burada 7-9 ev salınıbmış. Sonralar kənd bütövlükdə Novxanı adlandırılıb. Amma sonralar Aşağıbaşı da su basıb, evlər yararsız hala düşüb. Camaat bu dəfə indiki Novxanı ərazisinə köçüb. Rəsulzadənin də, Mehdi Hüseynzadənin doğulduğu evlər Aşağıbaşda imiş.

Rəsulzadənin xatirə lövhəsi niyə doğulduğu evdə qoyulmadı?

Bəs necə olub ki, Rəsulzadənin Novxanıda doğulması ilə bağlı lövhə bağçanın qarşısına vurulub?

Ağsaqqallar deyirlər ki, müstəqilliyin ilk illərində respublika rəhbərləri Rəsulzadənin doğulduğu evə baş çəkmək üçün kəndə gəlibmişlər. Gəlib görüblər ki, ev nə gəzir? Uçulub-dağılıb, heç quru divar da yoxdu. Deyiblər ki, buranı Rəsulzadənin doğulduğu ev kimi təqdim edə bilmərik, ayıbdı, camaat bizə nə deyər? Hardasa bir guşə düzəldək, camaat gələndə baş çəksin. Məsləhətli bina kimi bağçanı göstərirlər. Rəhbərlik də razılaşır. Az sonra isə lövhə vurulur və belə bir yanlışlığa yol verilir: “Məhəmməd Əmin Rəsulzadə burada doğulmuşdur”. Halbuki, Məhəmməd Əmin kişi doğulanda Novxanın bu hissəsində yaşayış olmayıb.

Bir maraqlı məlumatı da qeyd edək ki, Rəsulzadənin atası Molla Ələkbər Stalini Novxanıda, dəniz qırağındakı “Şah Sultan Hüseyn” məscidinin minbərində gizlədib. Molla Ələkbər həmin məscidin axundu imiş. Sovet dövründə dağıdılan bu məscidin indi ancaq qalıqları qalır.

Axund Ruhulla niyə güllələndi?

Novxanını Rəsulzadənin, Mehdi Hüseynzadənin, Lütfizadənin valideynlərinin doğulduğu yer kimi tanıyırıq. Novxanıda onlarla yanaşı başqa maraqlı şəxsiyyətlər də doğulub, ömür sürüb. Bunlardan biri axund Ruhulla imiş. Axund Ruhulla qızların Tağıyevin qız məktəbində oxumağının tərəfdarı imiş. Amma onun fikirlərinə qarşı çıxanlar, etiraz edənlər də az deyilmiş. Axund bir dəfəsində camaatı yığır başına, deyir ki, ay camaat, övrətləriniz xəstələnəndə, kafir dediyiniz erməni, rus, yəhudi kişi həkiminin yanına aparırsınız, hətta doğum vaxtı da onlara üz tutursunuz, olmaz ki, qızlarımız oxusun, həkim olsun, siz də övrətlərinizi öz həkim qızlarımızın yanına aparasınız?! Belə qeyrətlisinizsə, niyə imkan verirsiniz qızınıza, gəlininizə hansısa erməni, yəhudi, rus baxsın?! Bu sözün üstündə qoçular axund Ruhullanı güllələyirlər.

Ermənilərin Novxanıya hücumu

Novxanı da başqa Bakı kəndləri kimi qoçularu ilə də məşhurdur. Onlardan ikisi – Hacıməşədi və Kərbəlayi Əlihüseyn (Kəblə Hüseyn deyir ona novxanılılar) bir-biri ilə düşmən imiş. Hacıməşədi yuxarı başın qoçusu imiş, Əlihüsyen aşağı başın. Ermənilər Bakıya hücum edəndə Novxanı da böyük təhlükə ilə üzləşib. Biləcəri qayasında toplar yerləşdirən ermənilər indiki Binəqədi ərazisini bombardman edib, sonra da tutublar. Ermənilər Binəqədiyə çatanda Hacıməşədi başının dəstəsi ilə üz tutur Əlihüseyngil tərəfə. Əlihüseyn tərəfdarları təşvişə düşüblər ki, Hacıməşədi aşağı düşür, tədbir görək bəlkə. Əlihüseyn diqqətlə baxıb-baxıb və deyib ki, dəyməyin, görmürsünüz, silahsız gəlir. Hacıməşədi çatanda deyir ki, ermənilər Binəqədini aldılar, düşmənçilyi müvəqqəti bir kənara qoyub tədbir tökmək lazımdır. Beləliklə də qoçular birləşib gedirlər ermənilərlə döyüşməyə. Kürdəxanı istiqamətindən də türklər gəlibmiş köməyə. Ermənilər qovulur, qoçular kəndə qayıdır və deyirlər: hə, bax indi düşmənçiliyimizə davam edə bilərik.  Günlərin bir günü Hacıməşədiyə xəbər çatdırırlar ki, gözün aydın, Kəblə Hüseyni vurdular, öldü. Hacıməşədi xrom çəkməsini çıxardıb, o çəkmə ilə xəbər gətirəni döyüb, elə döyüb ki, xəbər gətirən bir həftədən sonra ölüb. Hacıməşədidən soruşurlar ki, niyə döydün, öldürdün o adamı. Cavab verib ki, əslində Kəblə Hüseyn ölmədi eee, mən öldüm, mən indi kiminlə düşmənçilik edəcəm, məni o düşmənçilik yaşadırdı. Hacıməşədini sonralar Sibirə sürgün ediblər. Axund Ruhullanı qətlə yetirməsi ittihamı ilə. Deyilənə görə, Hacı Zeynalabdin Tağıyev Hacıməşədinin gedər-gəlməzə göndərilməsi üçün birbaşa çarla danışıb.

Şıxəli Qurbanovun türk əsgərinə yazdığı şeir

Bir çox Bakı kəndlərində olduğu kimi Novxanıda da türk əsgərlərinin qəbri var. Novxanıda türk əsgəri qəbirlərinin sayı ikidir. Bir vaxtlar bu qəbirlər gəliş-gedişdən uzaq, gözdən iraq yerdə imiş. Əlisgəndər ilə Seyfəl adlı kənd sakinləri hələ sovet vaxtında türk əsgərlərinin nəşini kənd qəbiristanlığına köçürüblər. Anası bu kənddən olan yazıçı, dramaturq, alim, dövlət xadimi Şıxəli Qurbanov isə onların məzar daşı üçün şeir (epitafiya) yazıb:

Eşidib fəryadın Azərbaycanın

Tərəddüd etmədən dadə yetişdin.

Xəlqinin yolunda keçib canından

Əbədi şöhrətə, şana yetişdin.

“Ətimiz də var, yağımız da”

Novxanı camaatı çox zəhmətkeş olub. Bineyi-qədimdən heyvandarlıqla məşğul olub, bununla dolanıblar. Daha dəqiqi, tərəkəmədir əsilləri. Ağsaqqallar deyir ki, Novxanın köhnə sakinlərinin Dəvəçidə qubernatorun imzası ilə təsdiq olunmuş hektarlarla torpaq sahələri varmış. İndiki Hacı Zeynalabdin qəsəbəsi ərazisində Qaradərə deyilən yerdə Novxanı camaatının yataqları olub. Novxanı isə qışlaq imiş. Qışda burda hava o qədər də sərt keçmirmiş, heyvanları saxlamaq üçün yeraltı yataqlar varmış. Zamanında bura əsasən Şamaxıdan, İsmayıllıdan köç ediblər. Zəlzələlər bu yerlərin camaatını doğma-yurd yuvasını tərk etmək məcburiyyətində qoyub. Abşerona üz tutub insanlar, əsasən də Novxanıya. Ən böyük köç isə 1667-ci ildə olub. Şamaxıda 80 min adamın həlak olduğu və şəhərin üçdə birinin dağıldığı zəlzələdən sonra. Novxanıda bircə Nobatuşağı deyilən nəsilin hardan köçdüyünü bilən yoxdur. Deyirlər, onlar elə buralar yaranandan burdadırlar.

Novxanın zəhmətkeş camaatı Sovet vaxtı da heyvandarlıqla məşğul olub, fermalarda işləyirmişlər. Bir də üzüm bağlarında. Bir çox üzüm sortlarının ən əlası burda və ətraf kəndlərdə yetişirilirdi. Novxanıda Sovetlərdən söz düşəndə mütləq sizə belə bir maraqlı əhvalat danışacaqlar. Deyir, Sovet vaxtı zavodlardan birində bir nəfər daim narazılıq edirmiş, deyirmiş, bu nə yaşayışdır, ətimiz yox, yağımız yox. Bir gün bu yoxa çıxır. Bir həftə işə gəlmir. İşə çıxanda bundan soruşurlar ki, bəs niyə işə gəlmirdin, nə məsələdir? Bu da qayıdasan ki, ətimiz də var, yağımız da. Deyirlər, başına hava gəlib, biz nə soruşuruq, sən nə deyirsən? Yenə də deyir ki, ətimiz də var, yağımız da. İşçilər bundan aralaşır ki, xatası bunlardan uzaq olsun. Söhbət müdirə çatır. Müdir hansı mənbələrdənsə dəqiqləşdirir ki, narazını tutublar, bir həftə döyüblər, axırda da başa salıblar ki, səndən kimsə nəsə soruşsa denən, ətimiz də var, yağımız da.

Gununsesi.info

Ağa Cəfərli, Bakuplus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see216

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see207

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see163

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see152

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see134

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see132

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see130

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see127

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see125

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see119

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see119

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri