Ayaq üstdə ölmüş “907 ci düzəliş” dəfn ediləcəkmi?
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Vaşinqtonun Bakı ilə tərəfdaşlığında lüzumsuz maneə aradan qalxmalıdır
ABŞ Dövlət Departamentinin 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərməsi Vaşinqton–Bakı gündəliyini yenidən aktuallaşdırır. Bu addım iki dövlət arasında təhlükəsizlik sahəsindəki təmasların hüquqi bazasını qorumaq məqsədi daşıyır. Qanunvericilik səviyyəsində tətbiq olunmuş məhdudiyyətin aradan qaldırılması müddətinin uzadılması icra hakimiyyətinin strateji prioritetləri qorumaq niyyətindən xəbər verir. Lakin sənədin tam ləğvi baş vermədən münasibətlərin institusional baxımdan tam təmizləndiyini iddia etmək çətindir. Vaşinqton illik inzibati prosedurlarla prosesi idarə etməyə çalışır, Bakı isə ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq formatına uyğun şəkildə tam hüquqi aydınlıq tələb edir.
Məlum olduğu kimi, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş “Azadlığa dəstək Aktı”na 907-ci düzəliş Azərbaycana birbaşa dövlət yardımını qadağan edən diskriminativ prosesdir. Azərbaycan ərazilərinin işğala məruz qaldığı bir dövrdə erməni diasporunun təzyiqi nəticəsində qəbul edilən qərar Vaşinqtonun xarici siyasətində ziddiyyətli nümunə sayılır. 2001-ci il 11 sentyabr hadisələrindən sonra qlobal antiterror koalisiyasına qoşulan Azərbaycanın strateji əhəmiyyəti ABŞ rəhbərliyini alternativ yollar axtarmağa sövq etdi. Konqres 2002-ci ildə qəbul etdiyi qərarla ABŞ Prezidentinə həmin düzəlişin icrasını hər il dayandırmaq hüququ tanıdı.
Donald Tramp administrasiyasının xarici siyasət kursunda praqmatizm və milli maraqların ön plana çıxarılması Cənubi Qafqaz siyasətində də aydın görünür. 8 avqust 2025-ci il tarixində Donald Tramp 907-ci düzəliş üzrə dayandırma səlahiyyətindən istifadə edərək məhdudiyyətin müddətini uzatdı. Həmin qərar ABŞ-ın Xəzər regionundakı təhlükəsizlik və enerji maraqlarının davamlılığını təmin etmək məqsədi güdürdü. Ağ Ev Azərbaycanın regional liderliyini, Avropanın enerji təhlükəsizliyində oynadığı əsas rolu və beynəlxalq logistika xətlərindəki təsirini dəqiq qiymətləndirir. Dövlət Departamentinin Konqresə göndərdiyi son bildiriş də məhz Tramp komandasının müəyyənləşdirdiyi strateji çərçivənin icrasıdır.
Prezident İlham Əliyev 2026-cı ilin iyununda məsələ ilə bağlı mövqeyini ifadə edərkən Donald Trampın 907-ci düzəlişin dayandırılması barədə imzaladığı memorandumu xüsusi vurğuladı. Azərbaycan lideri bildirdi ki, 907-ci düzəliş tarixi ədalətsizlikdir və qəbul edildiyi andan etibarən reallıqdan uzaq xarakter daşıyır. Dövlət başçısı qeyd etdi ki, torpaqları işğala uğrayan tərəf Azərbaycan olduğu halda, sanksiyanın məhz Bakıya qarşı tətbiqi ikili standartların bariz nümunəsidir. Prezident İlham Əliyev Vaşinqtonun illik dayandırma qərarlarını müsbət qarşılasa da, strateji tərəfdaşlıq səviyyəsinə çatan münasibətlərin fonunda düzəlişin tamamilə ləğv edilməsinin vacibliyini diqqətə çatdırdı.
Məhdudiyyətin tətbiqinin müvəqqəti dondurulması ilə qanunvericilik aktının tam ləğvi arasında kəskin fərqlər var. İllik istisna hüququ yalnız Ağ Ev sahibinin siyasi iradəsindən və Dövlət Departamentinin təhlükəsizlik qiymətləndirməsindən asılıdır. Hər il təkrarlanan prosedur Konqresdəki ermənipərəst qrupların manipulyasiya cəhdlərinə şərait yaradır. Tam ləğv prosesi isə ABŞ Konqresinin hər iki palatasında, yəni Nümayəndələr Palatasında və Senatda səsvermə yolu ilə qanun layihəsinin qəbulunu tələb edir. Konqres sənədi ləğv edən yeni qanun qəbul etməli və ABŞ Prezidenti həmin aktı imzalamalıdır.
907-ci düzəlişin tam ləğvini zəruri edən amillər geosiyasi reallıqlardan qaynaqlanır. Cənubi Qafqazda İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam bərpa etdi. Belə vəziyyətdə qadağanın ilkin hüquqi əsası tamamilə aradan qalxdı. Çünki 1992-ci ildə qəbul edilmiş düzəliş Azərbaycanı Ermənistana qarşı blokada tətbiq etməkdə ittiham edirdi. Hazırda isə regional kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsi və Orta Dəhlizin inkişafı istiqamətində əsas təşəbbüskar məhz Bakıdır. Hüquqi əsasını itirən maddənin qanunvericilikdə saxlanılması beynəlxalq hüququn prinsiplərinə uyğunsuzluq yaradır.
ABŞ ilə Azərbaycan arasında strateji dialoq enerji təhlükəsizliyi, qlobal logistika və regional sabitlik sahələrində genişlənir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ölkələrinin enerji təminatını gücləndirən Bakı Qərbin enerji asılılığını azaldan mühüm mərkəzdir. Mərkəzi Asiya resurslarının Xəzər dənizi və Azərbaycan üzərindən qərb bazarlarına daşınması Vaşinqtonun Avrasiya geoiqtisadiyyatındakı maraqlarına tam cavab verir. Şərq–Qərb ticarət marşrutunun təhlükəsizliyi Azərbaycanın hərbi-texniki potensialından və sərhəd mühafizə sistemindən asılıdır. 907-ci maddənin yaratdığı süni maneələr isə hərbi əməkdaşlığa, xüsusilə Xəzər dənizində təhlükəsizlik imkanlarının artırılmasına mənfi təsir göstərir.
Tramp administrasiyasının regional yanaşması ənənəvi bəyanat diplomatiyasından fərqlənir. Respublikaçılar komandası praqmatik əməkdaşlığı və qarşılıqlı iqtisadi mənfəəti əsas meyar hesab edir. Donald Trampın qərarı Vaşinqtonun Cənubi Qafqazdakı real güc balansını düzgün anladığını sübut etdi. Regionda sülhün və sabitliyin təminatçısı qismində çıxış edən Azərbaycanla münasibətləri zədələmək ABŞ-ın maraqlarına ziddir. Əksinə, Bakı ilə strateji bağların möhkəmləndirilməsi Vaşinqtonun regional proseslərdəki təsir rıçaqlarını artırır.
907-ci düzəlişin tam ləğvi üçün müəyyən siyasi və diplomatik şərtlərin formalaşması vacibdir. İlk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyası prosesinin yekunlaşması Konqresdəki anti-Azərbaycan dairələrin əsas arqumentlərini sıradan çıxaracaq. İkincisi, ABŞ qanunverici orqanında ikipartiyalı dəstəyin formalaşması və erməni lobbi təşkilatlarının qanunvericilər üzərindəki təsir imkanlarının zəiflədilməsi tələb olunur. Üçüncüsü, Vaşinqtonun Mərkəzi Asiya və Xəzər hövzəsinə dair uzunmüddətli geoiqtisadi strategiyasının təsdiqi məhdudiyyətin tam aradan qaldırılmasını zərurətə çevirəcək.
Konqres daxilindəki proseslər göstərir ki, Nümayəndələr Palatası və Senatdakı müəyyən qruplar məsələdən siyasi təzyiq vasitəsi kimi faydalanmağa cəhd göstərir. Lakin qlobal geosiyasi qarşıdurmalar fonunda Vaşinqtonun etibarlı tərəfdaşlara ehtiyacı artır. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, regional təhlükəsizliyi təmin etmək qabiliyyəti və beynəlxalq təşəbbüsləri rəsmi Bakının mövqelərini möhkəmləndirir. Prezident İlham Əliyevin həyata keçirilən diplomatiya milli maraqların heç bir güzəştə getmədən qorunmasını təmin edir. Göründüyü kimi, Dövlət Departamentinin 907-ci düzəlişin icrasının dayandırılması müddətinin uzadılmasına dair Konqresə göndərdiyi bildiriş taktiki baxımdan əhəmiyyətli addımdır. Həmin addım təhlükəsizlik əməkdaşlığının davam etdirilməsinə imkan yaradır. Lakin strateji tərəfdaşlıq səviyyəsi məhdudiyyətin müvəqqəti dondurulması ilə kifayətlənməməli, sənədin tam və qəti şəkildə ləğvini tələb edir. Azərbaycanın regiondakı həlledici statusu və qlobal miqyasda artan çəkisi Vaşinqtonu qeyd olunan istiqamətdə qətiyyətli addımlar atmağa sövq edəcək.
Yusif ŞƏRİFZADƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Avqust 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















