Aydın Kazımzadə: Kubinkada bir qız o rəqs meydançasına getsəydi, vurub qıçını sındırardılar MÜSAHİBƏ
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə APA-nın “Əsrin yaşıdı” layihəsində
Dosye: Jurnalist, kinoşünas Aydın Kazımzadə 1940-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. Uzun illər "Kino" qəzetinin və "Film" jurnalının baş redaktoru olub. Azərbaycan kino tarixinin mahir bilicisi kimi tanınır.
Aydın müəllimlə müsahibəni qarlı-şaxtalı şənbə gününün səhərinə razılaşdırmışdıq. Planımız da belə idi: Həkiminin məsləhətinə uyğun olaraq görüşəndə birlikdə gəzintiyə çıxıb söhbətləşəcək, sonra evlərinə qalxıb müsahibəmizə davam edəcəkdik. Lakin hava bütün planımızı pozur. Fotoqrafımız Rüfətlə metrodan onun evinə qədər olan yolu “Allah-Allah”la gəlsək də, binanın həyətinə çatanda hər ehtimala qarşı zəng vurub planımızın qüvvədə olub-olmadığını soruşuram. Aydın müəllimsə yolların buz bağladığını, belə havada gəzməyə ehtiyat etdiyini deyib məni də ağır məsuliyyətdən xilas edəndən sonra evə qalxırıq - onuncu mərtəbəyə.
Aydın müəllim bizi görən kimi:
- Siz qəhrəmansınız, bu soyuqda gəlmisiniz.
- Hə, maşallah, soyuqdur, – zarafata salıram.
- Olsun e, soyuq, amma bu qarın Bakıya yağmağı düz gəlmir axı. Ay qar yağsın, ay mikrobları öldürür... Dee, yağdı. Camaat maşınla yollarda qalıb, nə qədər adam xəstəxanaya düşüb.
- Aydın müəllim, qabaqlar da normadan artıq yağış, qar yağan kimi Bakının dərdi-səri artırdı?
- Həmişə .
- Bineyi-dövrdən?
- Hə. 61-ci ildə Sovetskidən üzüaşağı sel gəldi.
- Nə vaxt?
- 61-ci ildə.
- Bildim. Yay idi, qış idi?
- Yay. Qışda olsaydı, evimiz yıxılardı. Bir dənə sel gəldi ki, evləri su basdı. Mən Kubinkada böyümüşəm. Kanalizasiya da yox. Evlər suyun altında qaldı. Bizə beşinci mikrorayonda ev verdilər.

- Müvəqqəti?
- Həmişəlik. Yenə Mircəfər Bağırov nəsə eləyirdi, o da çatdıra bilmədi. Bir dəfə yolda gedirmiş, görür, gölməçədir. Dərhal oranın birinci katibini gətirdir. Əmr verir ki, gölməçə ilə o baş, bu başa yerisin, sonra deyir ki, gedirəm, qayıdanda bu gölməçəni görməyib. Belə adam idi.
- Bu əhvalatı eşitmişəm. Bağırov onda Bakıya baxırdı?
- Hə. O bədbəxti də...
- O bədbəxti də nə?
- Özü özünü bədbəxt elədi. 27 min azərbaycanlını güllələtdi, Sibirə göndərdi. Deyək ki, bunun bir hissəsini o vaxt vəzifədə olan ermənilər təşkil edib. Düzdür e, o vaxtı erməni-müsəlman söhbəti yox idi, hamısı qarışıq idi. Mənim yadıma gəlir. Biz ermənilərin arasında böyümüşük. Amma heç vaxt bizdə onlara qarşı kin-küdurət olmayıb. Amma onların içində olub.
- Siz yəqin ki, 50-60-cı illərdən danışırsınız. Necə olur ki, cəmi 40 il əvvəl baş vermiş Mart soyqırımını unutdunuz?
- Bizdə unutqanlıq var.
- Daşnaksutyunla bolşeviklər birləşib o boyda qırğın törətmişdi. Bakılılar bunu nə tez unutdu?
- Bakılılar unutmamışdılar, sadəcə bu haqda danışanı tutur, millətçilik damğası vurub Sibirə göndərirdilər. Xalq yazıçısı Elmira Axundovanın çox istedadlı bir qardaşı vardı. Universitetdə millətçi dərnək yaratmışdı. Onu tutub Karaqandaya göndərdilər. Yaxud İsmixan Rəhimov.
- “İldırım” təşkilatı.
- Bəli-bəli. Onu Sibirə göndərdilər.
- Gülhüseyn Hüseynoğlu da həmən təşkilatın üzvü olub.
- Bizim müəllim idi. Danışırdı ki, onu dar bir yerə salıblar, heç tərpənmək də mümkün deyilmiş. Bir də görüb yuxarıdan başına su damcılayır. Sevinib ki, heç olmasa su bürkünün qabağını alar. Bir az keçib. Görüb başı az qala deşilir. Sonra deyirdi onu şüşə qırıqlarının üstündə sürüyüblər. Deməyinə görə, bütün bədəni çapıq-çapıq imiş. Yəni danışanların başına bu işləri gətirirdilər deyə, qorxudan camaat susurdu.
- Siz o vaxtı “İldırım” təşkilatı haqqında eşitmişdiniz?
- Yox, gizli saxlanılırdı, demirdilər.
- 1956-cı ildə də iki gənc Qız qalasına üçrəngli bayrağımızı sancıbmış. Bunu da o vaxt eşitməmişdiniz?
- O barədə də bir neçə il sonra eşitmişəm. Amma Xruşşovun vaxtında 1 May paradında bir nəfər Stalinin portretini qaldırdı. Artıq şəxsiyyətə pərəstiş dövrü getmişdi deyə, bu, Sovet hökumətinə qarşı çıxmaq demək idi. Həmən adamın gözümüzün qabağında qollarını burub apardılar.
- Camaat belə söhbətləri heç olmasa pıçı-pıçı ilə də danışmırdı?
- Yox e. Heç kəs danışmırdı. İndicə 18-ci il hadisələrini yada saldın. Mən səninlə razıyam. Bax, həmən hadisələrdən 7 il sonra 1925-ci ildə Azərbaycanda “Bismillah” filmi çəkildi. Necə oldu ki, hələ yaralar sağalmamış biz baş rola Papazyan adlı ermənini çəkdik? Yaxşı, deyək ki, qara camaat unutqandır, bəs sənətkarlar niyə bu məsələlərə göz yumurdular?
- İcazə verin mən soruşum, niyə?
- Çünki o vaxtı kinonun başında duran adam...
- (Sözünü kəsirəm) rus idi.
- Yox, azərbaycanlı, Şamil Mahmudbəyov idi. Yenə də deyirəm, bizdə unutqanlıq çox güclüdür. Sonrakı illərdə də Qurgen Tonunts adlı məşhur erməni aktyoru “Onu bağışlamaq olarmı?” filmində baş rola çəkdilər.
- Yəni deməyim odur ki, bu söhbətləri pıçı-pıçı ilə danışmaq olmurdu?
- Yox e, heç kəs heç kəsə inanmırdı, satırdılar. Deməli, bir ailədə ata gəlib mətbəxdə arvadına şikayətlənir, uşaq da eşidir. Səhəri gedib bunu məktəbdə danışır.
- Elə hadisə olub Bakıda?
- Hə, ondan da betər şeylər olub. Onu eşidən uşaqlardan biri gedib söhbəti evdə atasına danışır. O da NKVD-yə xəbər verir. Kişini tutub apardılar.

- Elçin “Ölüm hökmü” romanında buna oxşar hadisəni yazıb.
- Elə şeylər çox olub.
- Siz Bağırovu görməmisiz, hə?
- Görmüşəm, özü də iki dəfə görmüşəm.
- Harada?
- Davay, otur.
Birdən yadımıza düşür ki, evə girəndən ayaq üstəyik.
- Söhbətimiz qəfil başladı. Oturmaq yadımızdan çıxdı.
Otağı göstərib soruşuram:
- Siz harada oturursunuz?
- Harada deyirsiniz, oturum.

- İcazə verin, bizim fotoqraf müəyyənləşdirsin.
- Ala, eləyün də. Mən sizi gözləyirəm.
Fotoqrafımız hazırlığını görür.
- Sən fatmeyili döyülsən? – Aydın müəllim Rüfətdən soruşur.
- Yox – Rüfət gülümsəyərək cavab verir, - Şəkidənəm.
- Bəs siz maştağalı deyilsiniz? – Araya girirəm.
- Ata tərəfdən Maştağa, ana tərəfdən Fatmeyi. Amma meylim Fatmeyiyə daha çoxdur.
- Divanda əyləşə bilərsiniz? – Rüfətdir.
- Sənin ürəyin harada istəyir, oturum. Ala, bu ev çəkiliş meydançadır e!
Yenə mən:
- Burda bilirsən, nələr çəkilib?
Nəhayət, qərara alırıq ki, Aydın müəllim divanda əyləşsin.
- Yıxılmışam deyə ağır hərəkət edirəm: Stulun üstünə qalxdım, tutdum söykənəcəyindən, bu ayağımı qaldırdım ki, (ayağını qaldırır) ayağımı qoyam... Necə getdimsə yerə, tarap. İnandırım səni, ağlım başımdan çıxdı, elə bir günə qaldım...

- Yanınızda da bir adam yox.
- Yanımda 9 yaşında nəticəm vardı. O yazıq da qorxdu. Tez zəng elədi. Nəvəmgil gəldilər. Birtəhər məni qaldırıb xəstəxanaya apardılar. Məlum oldu ki, bərk əzilmişəm. Burdan aşağı (əlilə sol tərəfini işarə edir) bədənim qapqara idi. İndi-indi çəkilir.
- Nəvəniz yaxında qalır?
- O biri blokda. Ona görə gəldim də bura. Əhmədlidə bir otaqlı evimi satdım, nəvəmgilə yaxın köçdüm. Mənə o baxır.
- Burda tək qalırsınız?
- Mən tək qalmağı sevirəm. Burda işləyirəm, yeməyə, yaxud darıxanda uşaqlarla oynamağa nəvəmgilə gedirəm. Mən işləyəndə heç kim mane olmamalıdır.
- Yaradıcı adamsınız...
- Yoldaşımdan sonra tək qalmağa öyrəşmişəm. Yoldaşım sağ olaydı, sizi belə qarşılamazdım, evdə nə varsa, süfrəyə doldurardı. O, şuşalı idi.
- Çoxdan rəhmətə gedib?
- Beş il bundan qabaq. 79 yaşım olanda rəhmətə getdi.
- Çox darıxarsınız.
- Darıxmaq da sözdür!..

- Kişi arvaddan yetim qalır.
- Onu Nəriman Həsənzadə deyib.
- Yox, el sözüdür, Nəriman müəllim də söz yox, el ağsaqqalıdır.
- (Təəccüblə) mən bilmirdim.
- Hə, Aydın müəllim, onu danışırdıq axı. Siz dediniz Bağırovu iki dəfə görmüsünüz.
- Bilirsən necə olub? Mən 44 nömrəli məktəbi qurtarmışam. İndi sənə bir şəkil göstərəcəyəm (ayağa durub yan otağa keçir, əlində balaca bir şəkillə qayıdır). Bax, bunu görürsən, bu şəkil 63-cü ildə çəkilib. Biz məktəbi qurtaran ili çəkilib. Bu da Rafiq Əzimovdur.
- Sinif yoldaşı olmusunuz?
- Paralel siniflərdə oxumuşuq. O, dram dərnəyində oynayırdı, mənsə divar qəzeti buraxırdım. Bir yerdə də məktəbin xorunda oxumuşuq. Günlərin bir günü İsmailiyyə binasında Kənd təsərrüfatı işçilərinin respublika müşavirəsi keçirilirdi. Bizə ağ köynək, qara şalvar, pioner qalstuku geyindirib ora mahnı oxumağa apardılar. Adam əlindən tərpənmək olmurdu. Bir də gördüm ki, yuxarıdakı stolun arxasında eynəkli bir adam oturub. Əlində də çoxlu karandaş var, ovcunun içində tutub, ovuşdurur. Bizə qabaqcadan tapşırılmışdı ki, tədbirdə Mircəfər Bağırov da olacaq. Bir orda görmüşəm, bir də Filarmoniyanın bağında görmüşdüm. Gördüm Nazirlər Sovetinin qarşısı ilə aşağı düşür.

- Evi də oralarda yerləşib.
- Filarmoniya ilə üzbəüz Milli İncəsənət Muzeyi var, onun birinci binasında yerləşirdi. Gördüm əli dalında piyada gəzir. Biz də bağda idik.
- Kimlə?
- Uşaqlarla. Mən Kubinkada böyümüşəm, Naqquli, Süməqədər oynaya-oynaya Filarmoniyaya, Bulvara qədər gedib çıxırdıq. Naqquli bilirsən necə oyun idi? Ucu iti, dördkünc taxtadır, onu vururduq. Naqquli göyə qalxırdı, göyə qalxanda enli taxta ilə də havada vururduq. Kim ki uduzurdu, qışqırırdı: Çaşka, loşka, sup, kartoşka, belıy qorod, çornıy qorod, naqquliii. Əgər səsi gedib onu götürməyə axıra kimi çatırdısa, udurdu, götürə bilməsə, həmən adamı düz Bulvara qədər qovurduq. Həmən gün də Kubinkadan Naqquli oynaya-oynaya Filarmoniyanın həyətinə gəlib çıxmışdıq.
- Yanında kimsə var idi?
- Yox, heç kəs yox di. Küçə də boş idi. Bizi Bağırovla qorxutmuşdular, adı çəkiləndə əsmə tuturdu. Rəhmətlik Heydər Əliyev də çox zəhmli adam idi. Mən onu iki dəfə görmüşəm. Birinci dəfə sərgidə görmüşəm. Səninlə necə oturmuşuq, o cür dayanmışdıq. Sovet Azərbaycanının 50 illiyi münasibətilə Bulvarda sərgi düzəltmişdik. Birinci dəfə gələndə təşkilatçılara çox pis acıqlandı. Nazirləri, akademikləri danladı ki, xarici qonaqlara bunları göstərəcəksiniz? İdman bölməsində idmançıların “Adidas” kostyumlarında şəkilləri vardı. Təcili göstəriş verdi ki, o şəkillər yığışdırılsın. Bir də sərgi günü gəldi, Düşənbə kinofestivalında “İstintaq” filmi mükafat almışdı. O mükafatı görüb soruşdu ki, həmən mükafat budur, mən də dedim ki, bəli. Elə bir kəlmə bunu dedim.
- Müstəqillik illərində yaxından görməmisiniz?
- Yox.

- O vaxtı Kinoprokat İdarəsində xüsusi salon varmış. Orda yüksək vəzifəlilər ölkədə nümayiş edilməyən filmlərə baxırmışlar. Heydər Əliyev də ora gəlirmiş.
- Sən bunu haradan bilirsən?! Hə, elə şey vardı. Kinoprokat İdarəsində sən dediyin kimi xarici filmlər, təzə çıxmış yerli filmlər nümayiş edilirdi. Ona baxmağa Mərkəzi Komitənin əməkdaşları, “KQB”nin yüksək rütbəli əməkdaşları gəlirdilər. Bəzən ailələri ilə gəlirdilər. Bir dəfə gördüm rəhmətlik Heydər Əliyev də gəldi. Əynində uzun şinel vardı. Sonrakı günlərdə Heydər Əliyev yenə də ora filmlərə baxmağa gəldi. Özü də deyim ki, ora gələn yüksək rütbəli adamların ailələrinə çayı, meyvəni filan Kinoprokatın direktoru özü aparırdı. Vəzifəsinin xətrinə edirdi. Belə alındı ki, Heydər Əliyev sonrakı günlər ora filmə baxmağa gələndə çayı onun qabağına mən aparası oldum. Durub gedəndən sonra görürdüm ki, çaya toxunmayıb.
- Belə başa düşürəm ki, Kinoprokat İdarəsində Sovetlərdə nümayiş edilməyən yaxşı xarici filmlər göstərilirmiş.
- Hə, elə idi. Moskva qapalı şəkildə baxmaq üçün xaricdən filmləri alırdı.
- Ümumi nümayişə çıxmırdı?
- Yox. O filmləri camaata göstərmirdilər. Ancaq yüksək rütbəli şəxslər baxırdılar.
- Aydın müəllim, bu sualı ötən səfər müsahibim Akif Əlizadəyə də vermişdim, yeri gəlib, Bakının mərkəzində böyümüsünüz deyə sizdən də soruşum: Mirmövsüm Ağanı da görmüsünüz?
- Görmüşəm. Altı yaşım olanda mənim dilim tutulmuşdu. Biz onda “Azdrama”nın yerində yaşayırdıq. İki mərtəbəli bina idi, biz ikinci mərtəbədə olurduq. Atam o vaxt oranı aldı, sonra əsgər getdi, Ukraynada da həlak oldu. Anam iki uşaqla orda qalırdı. Bir günləri evin damı uçdu, anam da bizi götürüb Kubinkaya köçdü. Mən orda böyüdüm. Sən nə sual verdin?

- Mirmövsüm Ağa...
- Hə, deməli beş, ya altı yaşım olanda pişiyi götürüb ikinci mərtəbədən yerə tulladım. Anam bunu gördü, mənə bir şillə vurdu, qorxudan dilim tutuldu. Bir müddət sonra məni götürüb Mirmövsüm Ağanın yanına apardı, hər şeyi ona danışdı. Xahiş elədi ki, uşaq orda qalıb bütün günü həyət-bacanı süpürsün, qulluğunda dursun. Ağa da çətinliklə danışırdı, başa saldı ki, ehtiyac yoxdur. Başımı sığalladı. Sonra dedi ki, uşağı götür apar. Anam soruşdu ki, Aydın, danışa bilirsən? Dedim hə, danışıram. Möcüzədi e... Dilim açıldı. Anam bir də dedi ki, uşaq burda qalsın, qulluğunda dursun, razı olmadı. Anam istəyirdi ki, mən onun yanında qalım, enerjisi mənə keçsin. Çünki çox əsəbi uşaq idim, görünür, ağır həyat şəraiti əsəblərimi pozmuşdu. Anam məni səhər tezdən durğuzurdu, çörək növbəsinə gedirdik. Əlinə talonun nömrəni yazırdı, gedib qışda saatlarla yanımızdakı çörək dükanında növbədə gözləyirdik. Uşağa görə görürdün ki, hərdən növbəsiz buraxırdılar. Qaldı ki atam döyüşdə həlak olub... Nolsun! Heç camaatın vecinə də deyildi ki, əsgər ailəsiyik. Camaat çörəkdən ötrü bir-birini öldürürdü.
- Müharibədə həlak olmuş adamın ailəsi kimi nə əcəb hörmət olunmurdu?
- Növbədə, çörək alanda yox. Baxırsan, nə boyda kişi xeylağıdır, növbəsinə keçsən, səni öldürər.
- Belə çıxır “Şərikli çörək”dəkilərin hamısı reallıqdır.
- Mən o filmdə özümü görürəm.
- Yəni talon itəndə çörək vermirdilər?
- Talon itdisə, qanun getdi. Özü də anam kərpic çörəyi alırdı. İndi dişim yoxdur, uşaq vaxtı çörəyin həmişə üzünü yemişəm: xırt-xırt-xırt. Deyirdim, ana, üstünü qopart ver, yeyəyə-yeyəyə gedim. Deyirdi yox. Qorxusundan çörəyi qoltuğunda gizlədirdi. Birdən əlindən qapıb qaçarlar. Ay deyirlər, qabaqları belə idi, elə idi... Yalan söhbətdir. Oğru da olub, bandit də olub, bu günləri şəhidlərin pulunu oğurlayanlar onda da vardı.

- Belə çıxır “qabaq başqa cür idi” söhbətləri boşdur?
- Əlbəttə! Bəlkə ola bilsin, onda bu qədər həyasızlıq olmayıb, amma o vaxtı juliklər də vardı.
- Müharibənin bitməyini xatırlayırsınız? Beş yaşınız vardı da.
- Yadıma gəlir. Sübh tezdən idi. Özü də qapımız şüşəli idi. Bir də onda gördük ki, taq-taq-taq, şüşələr az qalır qırılsın. Anam yuxudan durub soruşdu ki, nolub. Üzbəüz qonşu qayıtdı ki, gözün aydın, müharibə qurtardı...
Gözləri dolur, danışa bilmir... Heç mən də nə deyəcəyimi bilmirəm. Sözgəlişi ağzımı tərpədirəm:
- Sevindi hamı.
- “Sevindi” azdır (susur). Anam oturdu... Göz yaşları su kimi axırdı (səsi yavaşıyır).
- Onda artıq atanızın qara kağızı gəlmişdi?
- Hə, 43-cü ildə qara kağız artıq gəlmişdi.
- Bildiyim qədəri ilə o qara kağız sizdə durur, imkan olsa göstərərsiniz.
- Göstərərəm. Anam qara kağıza inanmadı. Atam ona deyibmiş ki, ölüm də olsa, gələcəyəm. Ölənə qədər gözü qapıda qaldı, heç vaxt da ölməyinə inanmadı.

- Müharibənin bitməsi xəbərini eşidəndə yəqin bütün şəhər küçəyə axışar.
- Hə, hamı bayram edirdi. Camaat sevinirdi.
- Müharibə bitsə də baxma, aclıq-qıtlıq hələ bir neçə il davam edərdi.
- Qupquru ət satılırdı. Sovet hökuməti ağıllı hökumət idi. Təzə ət gəlmirdi? Onu camaata vermirdilər. O ət gedirdi anbara. Anbarda olan qurumuş ət də camaat üçün buraxılırdı. Taqqanaq ət idi.
- Atanız müharibəyə gedəndən sonra necə dolanırdınız?
- Anam müharibə qurtarana qədər işləmədi. Atam tapşırmışdı ki, işləmə, uşaqlara bax, mən gəlib sənə nə almışamsa, ondan da artığını alacam. Anam da qızıl-mızılı, cehiz-mehizi - nəyi vardısa, xırda-xırda satıb bizi dolandırırdı.
- Atanız neçədə getmişdi, 43-də?
- 43-dən bir az qabaq getmişdi, gedən kimi də ön cəbhəyə yollamışdılar, elə Ukrayna tərəflərdə də gedəndən bir müddət sonra həlak olmuşdu. Anama demişdi ki, uşaqlarla birlikdə şəkil çəkdir, mənə göndər.
- Çəkdirib göndərmişdiniz?
- Üçbucaq formasında balaca şəkil çəkdirib göndərmişdik. O vaxtı plyonka yox idi axı, çətin tapılırdı.

- O şəklin sizdə nüsxəsi qalır?
- Yox, yox, qalmayıb, intəhası o şəkil indiyə kimi gözümün qabağındadır. Qardaşım lap körpə, anamın qucağında idi, mən isə yanında. Atam o şəkillə də getdi.
- Atanızı dumanlı da olsa, xatırlayırsınız?
- Yox, hardan? Üç yaşında uşaq nəyi xatırlayacaq? Mənim 5 yaşımdan sonrakı dövr yadıma gəlir. O vaxt pəncərələr indiki kimi nazik deyildi, qalın olurdu, iki uşaq otururduq pəncərənin içində, oynayırdıq. Axşam olurdu, anam pəncərəni qara pərdə ilə bağlayırdı. Bayıra işıq düşməməli idi.

- Nəyə görə, qadın xeylağının iki uşaqla başsız qalması bilinməsin deyə?
- Yox, ona görə yox, qadağan olunmuşdu. Axşam küçəyə evlərdən işıq düşməməli idi. Küçələr qaranlıq olmalı idi. Çünki göydə uçan faşist təyyarələri yaşayış məntəqəsi olduğunu görə bilərdilər. Ona görə anam axşam olan kimi qara pərdə ilə pəncərələri bağlayırdı. Hamı bağlayırdı. Mən də bilmədim, pərdəni açdım və çölə baxdım. Üstündən beş dəqiqə keçməmişdi, bir də gördük, qapımız sınır. Anam qapını açanda iki nəfər evə soxulub otaqları axtarmağa başladılar, görsünlər evdə kim var. Anam dedi ki, uşaqlardır, pəncərədə oynayırlar. Guya evdə casus gizlədirdik. Həmən adamlar NKVD işçiləri idi. Anam handan-hana onlara başa saldı ki, biz əsgər ailəsiyik. Qara kağızı göstərdi, bundan sonra çıxıb getdilər.
- O kağızı bizə də göstərərsiniz. Mən onu ancaq kinoda görmüşəm.
- Mütləq. Bir dənə o kağız yadigar qaldı. Atamın bahalı saatı vardı, anam bizi saxlamaq üçün satdı. Bir-iki qır-qızılı qalmışdı, mən evlənəndə də onları satdı.
- Siz də deyəsən, çətinliklə evlənmisiniz.
- Bir il nişanlı qaldım, toy eləməyə pul yox idi. Mən 63-də jurnalistika fakültəsini qurtardım, sonra iş axtardım. Kimin tanışı var idi, özünü bir yerə soxdu, mənimsə nə atam, nə əmim, nə dayım olub.

- Bəs Kinostudiyada işləyən qohumunuz? Onun sayəsində “Kino” qəzetinə redaktor keçməmisiniz?
- O bilirsən necə qohum idi? Mənim xalam qızının ərinin xalasının əri.
- Adı nə idi?
- Kəmbiz Allahverdiyev. Çox savadlı adam idi.
- Mən elə bilirəm, “Kino” qəzetini yaratmaq, sizi işə götürmək onun təşəbbüsü olub.
- O, sadəcə məni işə götürüb.
- Siz ora gedənə kimi qəzet var idi?
- Var idi, amma reklam vərəqəsinə, bülletenə oxşayırdı.
- Vəssalam da, kişi sizin üçün yeni vakansiya yaradıb, işləmisiniz.
Aydın müəllim deyəsən, əsəbiləşir, ayağa durub stulun üstündəki qəzet nüsxələrini götürür, mənə göstərir.
- Bu qəzeti bu səviyyəyə mən salmışam. Görürsən, aşağısında da yazılıb ki, baş reaktor Aydın Kazımzadə. Bilirsən, mən işsiz qaldım, axırıncı məqamda xalam qızı Kəmbiz müəllimə xəbər göndərdi ki, məni bir işə calasın. Xalam qızı mənə böyüklük edib həmişə. Anam işləyirdi, səhər tezdən çıxırdı, bir də axşam gəlirdi.
- Harada işləyirdi?
- Sovetskidə Qırxpiləkəndən yuxarıda məktəb vardı. O məktəb müharibədə həlak olmuş, yaxud iştirak etmiş insanların ailələrinin uşaqları üçün idi. O məktəbdə üç öynə yemək verilirdi. Anam orada aşpaz idi. Mən də Kubinkada məktəbdən çıxan kimi özümü ora yetirirdim. Axşam da anamla evə qayıdırdıq.
- Qardaşınız da?
- Yox, qardaşım körpə idi deyə anam çatdıra bilmirdi, onu gecə-gündüz məktəbinə qoymuşdu, qardaşım orada qalırdı. O vaxtı adına koloniya deyirdilər.
- Atanızın yoxluğunusa da xatırlarmısınız?
- Yox, heç təsəvvürümdə yoxdur. Böyüyəndə fikirləşirdim ki, ata necə olur? Ona görə yaşlı insanları həmişə ata gözündə görmüşəm, onlarla dost olmuşam. Mənim dostlarımın çoxu məndən qat-qat böyük insanlar olub.
- Bəs o boşluğu necə doldururdunuz?
- Anamla. Anam. Anam. Anam çox qeyrətli qadın olub. Bir dəfə... Hərdən görürsən ki... Kubinka idi də. Uşaqlarla nadinclik edirdik... Siqaret çəkirdik... 15 yaşımdan işləmişəm mən.

- Belə başa düşdüm ki, çox kasıb olmusunuz, dolanışıq üçün erkən yaşdan həyata atılmısınız.
- Kasıb var, kasıb. Təzə bazarın altında olurduq. Elə olurdu ki, iri maşın gəlib dayanırdı, içi dolu jımıx. Uşaqlarla maşının dalına qalxırdıq, aşağı atırdıq, sonra gedib onu bölürdük. Bilirsən, yiyəsiz böyümüşük.
- Küçə böyüdüb sizi.
- Qorxu zad yox idi. Qarpız dolu maşın gəlib dayanırdı. Şofer gedən kimi daşıyırdıq. Sonra qaçıb gizlənirdik, oğurladığımız qarpızları gəmirirdik. Jımıxı bilirsən, necə yeyirdim, ləzzətlə. 46-47-ci illər aclıq illəri idi. Yanımızda “pekarnı” var idi. Çörək dükanlarına çörəklər üstü yeşik kimi bağlı xüsusi arabalarda daşınırdı. Həmən arabaçılar gəlib zavodun yanında çörək gözləyirdilər. Biz uşaqlar neyləyirdik? Elə ki çörəksatan arabanı qoyub çörək dalınca zavoda getdi, arabanın içinə girirdik, yerinə yayılmış qırıntıları ovuc-ovuc yığıb yeyirdik. Birini də deyim. O vaxtı Kubinkada şənbə-bazar günləri bazar olurdu. Camaat köhnə şeyləri gətirib satırdı.

- Eyni ilə “Bizim Cəbiş müəllim” filmi.
- Ay sağ ol. Mən orda Şəddad adlı oğlanla vedrədə su satırdım. Şəddad Cəfərov sonralar Azərbaycanın poliqrafiya üzrə ilk alimi oldu. Bir vedrə onun əlində, bir vedrə də mənim, krujka ilə su satırdıq. Elə Kubinkada bir mərtəbəli evlərdə təndir çörəyi, böyründə də kabab satırdılar. Yığdığımız pula o çörəklə kababdan alıb yeyirdik, vedrəni vururduq qoltuğumuza, gedirdik evə (gülür). Anamın heç bundan xəbəri olmazdı.
- Kubinkada davalar da az olmazdı.
- Kubinkadan yuxarıda bağışla məni, adı belədir də, P*xludərə adlı yer vardı. Onda oralar hamısı boşluq idi. Göy Məscidin aşağısında da erməni məhəlləsi vardı. Ermənilərlə bizimkilər arasında P*xludərədə dava düşürdü. Böyüklər yığılıb sapandla ermənilər tərəfə daş tullayırdılar, ermənilər də bizə tullayırdılar. Biz isə aralı düşən daşları yığıb böyüklərə verirdik.

- Dava nə üstündə idi?
- Bizimkilər erməni məhəlləsindən keçəndə tutub döyürdülər. Onlardan da bizim məhəlləyə gələn olanda bizimkilər döyürdülər. Sonra da bunun üstündə kütləvi davalar düşürdü. Eh, bilirsən, necə maraqlı dövr idi. Bağlarda, parklarda, Bulvarda orkestrlər çalırdı. Göy məscidin qarşısındakı Zabitlər bağında hər gün axşam orkestr çalırdı, rəqs meydançası qurulurdu.
- Georgi Daneliyanın “Mən Moskvanı gəzirəm” filmində elə bizim “Əhməd haradadır?”, “Bəxtiyar” və başqa filmlərimizdə də belə səhnələr var. Hərdən adama elə gəlir ki, bunlar film xətrinə uydurulub.
- Yox, hamısı gerçəkdir. Biz cavanlar da həmən canlı konsertin sədaları altında qızlarla rəqs edirdik.
- Azərbaycanlı qızlar da rəqs meydançalarına gəlirdilər?
- Əsas ruslar, yəhudilər, ermənilər olurdu, azərbaycanlı qızlar az gəlirdi.
- Yəqin ki, Kubinkada yaşayan bir qız o rəqs meydançasına getməzdi.
- Yox, sən nə danışırsan, vurub qıçını sındırardılar. Nəinki Kubinka, heç Bakının başqa məhəllələrindən də qızlar o rəqs meydançalarına gəlmirdilər. Mənim yoldaşım nişanlı vaxtı Zərgərpalanda xalamgilin məhəlləsində olurdu. Denən o küçələrdən keçəndə yoldaşımın əlindən tuturdum? Yox. Nəinki Zərgərpalanda, Çadrovıda, Sovetskidə də, Çəmbərəkənddə də artıq hərəkət edə bilməzdin. Bir erməni güləşçi var idi, deyəsən dünya çempionu idi. Onu Zabitlər bağı tərəfdə bıçaqlamışdılar, bıçağı qarnından soxub boğazına kimi çəkmişdilər.
- Nə üstündə?
- Kubinkada azərbaycanlı qıza sataşmışdı. Şıxovda da çimərlikdə afrikalı bir oğlan qıza söz atmışdı, uşaqlar görmüşdü. Sonra afrikalı suya girəndə, bir nəfər suyun altı ilə üzüb aşağıdan yapışmışdı, o birilər də başından basıb boğmuşdular. Sovetskidə bir oğlan bacısına sataşan başqa bir oğlanı bıçaqlamışdı. Bunların hamısını görmüşük. Belə hadisələr çox olurdu.

- Bayaqdan siz danışdıqca filmlərlə analogiya aparırıq. Bu da olsun “Bir cənub şəhərində”.
- Hə, düzdür. Bilirsən, o rəqs meydançalarına gələnlərin içində azərbaycanlı qızlar da olurdu, amma çox az. Adətən yüngül əxlaqlı qızlar gəlirdilər. Müharibə vaxtının özündə elə qadın olurdu, əri, ya kimisə cəbhəyə gedirdi, tək qalırdı. Acından ölməmək üçün də pis yola düşürdü.
- Aydın müəllim, bu səhnə də eynilə “Sahilsiz gecə” filmini xatırlatdı.
- (Gülür), hə. Neyləsinlər, acından ölürdülər də. Anam gecə-gündüz niyə işləyirdi? Çünki əsgər ailəsi kimi dövlət qardaşımla hərəmizə 10 manat verirdi, çatmırdı. Ona görə anam gecə-gündüz işləyirdi. Bayaq onu deyirdim axı, unutdum. Mən çox nadinc uşaq olmuşam. Bir dəfə şuluqluq eləmişdim. Anam məni danladı ki, görürsən, gecə-gündüz işləyirəm. Nənəm də yataq xəstəsi idi, qayıtdı ki, sənə vaxtında dedim axı, ərə get, nənəmin məndən zəhləsi gedirdi (gülür). Anam ağlamağa başladı. Birdən ağzımdan çıxdı ki, mama, nənə düz deyir də. Anam ciddiləşdi, dedi, mən ərə getsəydim, siz iki oğlan böyüyəndən sonra xəcalət çəkəcəkdiniz. 24 yaşında dul qalmışdı. İstəyənlər olmuşdu, getməmişdi. O söz məni çox pis tutdu.
- Amma ərə gedənlər də olurdu.
- Əlbəttə olurdu.

- Əsgər ailələrinə sataşanlar da vardı, belə şey baş verirdi?
- Hə, niyə olmurdu. “Ölsəm bağışla”da oxşar səhnələr göstərilib. Bunlar hamısı faktdır.
- Dediniz həmişə özünüzdən böyüklərlə dostluq eləmisiniz, kimlərlə?
- Əlisəttar Atakişiyev məndən yaşca çox böyük idi, ata-bala münasibətimiz vardı. Sənədli kino ustası Niyazi Bədəlovun evinə gedəndə mənə piti bişirməmiş buraxmazdı. Ağarza Quliyev vardı, onunla münasibətim vardı.
- Aktyorlar arasında dostlarınız olmayıb?
- Mənim dostlarım rejissorlar idi.

- Niyə aktyorlarla dostluq eləməmisiniz?
- Sürüşkəndirlər. Aktyorlar arasında möhkəm münasibətim olan adam olmayıb.
Söhbət edə-edə Aydın müəllimin məşhur arxivinə baxıram. Rasim Ocaqova aid qovluğu açıb vərəqləyirəm.
- Rasim Ocaqovla dostluğunuz olmayıb?
- Yaxınlığımız vardı, amma dostluğumuz olmayıb, o bir az qəribə adam idi.
Həsən Məmmədovun “İstintaq” filminin çəkilişlərindən şəkli qarşıma çıxır.

- Həsən Məmmədovla necə?
- Onunla can bir qəlbdə idik.
- Bəs deyirsiniz aktyorlarla dostluq alınmır?
- O aktyor deyildi, böyük insan idi. Onun əvvəl insanlığı vardı, sonra aktyorluğu, özü də kişi aktyor idi. Bir o idi, bir də Şahmar Ələkbərov. Şahmarla da çox yaxın olmuşuq. Şahmar da, Həsən də insan kimi əvəzsiz adam idilər.
- Həsənağa Turabov necə?
- Onunla aram yox idi, yekəxana idi. Mən həmişə deyirəm ki, sənətkarlara kənardan baxın, yaxına gedəndə pərişan olacaqsız. Rasim Balayev dövrümüzün böyük sənətkarıdır, amma mən xatirələr kitabımda onun haqqında tənqidi məqalə yazmışam.
- Deyəsən, elə bircə Rasim Balayevlə münasibətiniz yoxdur.
- Var yenə. Çox acı adam idi Rüstəmbəyov...
- Rüstəm və Maqsud İbrahimbəyovları demirsiniz?
- Onlar yox, onlar çox əntiqə, alicənab uşaqlar idilər. Hə, tapdım, Kamil Rüstəmbəyov, “Gözlə məni” filminin rejissoru.

Söhbətimiz uzanır, hələ soruşulası neçə sual qalır. Vaxt elə uçur ki, Aydın müəllimi əsas işi barədə - arxivləri ilə bağlı danışdıra bilmirəm. Nə yalan deyim, açığı bu boyda müsahibəni yığmaq qayğısı da bir yandan qorxudur. Müsahibəni yekunlaşdırmaq üçün Aydın müəllimdən bizə söz verdiyi qara kağızı göstərməyi xahiş edirəm. Yenə yan otağa keçib bir qutu gətirir. Qutudakı sənədləri çıxarıb bir-bir baxırıq... Nə qədər axtarsaq da qara kağızı tapa bilmirik.
- Hara qoymuşam? Bilirsən, koronavirusdan sonra yaddaşım gedib.
- Yox, maşallah, yaxşısınız. Bu qədər hadisəni xatırladınız.
Ürək-dirək verirəm. Amma dilim gəlmir deyim ki, Aydın müəllim, ay Aydın müəllim, neyləyəsiz, yaş öz sözünü deyir. Allaha şükür ki, əsrlə yaşıd olmusuz. Bunu etiraf etməsəydiniz belə qapı dəstəyinin altına içəridən yapışdırılmış ağ yaddaş kağızı faş edəcəkdi. Kağızda isə iri hərflərlə alt-alta yazılmışdı: yol pulu, yol kartı, diş, qaz, işıq, su, qapını bağla.
Bu, atasını müharibədə itirmiş 3 yaşlı uşağın bərəkətli ömrünə 82 il sonra gələn ağ kağız idi.
Foto - Rüfət Mustafayev ©️ APA GROUP

