Icma.az
close
up
RU
Ayvazalı, 70 olmadı axı...

Ayvazalı, 70 olmadı axı...

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

O, Eyvaz Əlləzoğlu idi. Amma bilmirəm, niyə görəsə, nə üçünsə mən ona həmişə Ayvazalı deyirdim: hələ də bilmirəm, haradan, ya kimlərdən eşitmişdim bunu?

Hətta onu nə vaxtdan tanımağım da yadımdan çıxıb. Bir ara hətta qonşu da olmuşduq, hər ikimiz eyni bir ailəvi yataqxananın müxtəlif binalarında - korpuslarında yaşayırdıq, hərdən qonşu kimi də rastlaşırdıq, axşamlar evə gələndə, ya da səhərlər işə gedəndə.

Onu tanıyandan bilirdim ki, yazı-pozu adamıdır, yazıçıdır. Amma bir xeyli müddət məmur kimi də çalışmışdı, Prezident Aparatında, hətta bizim səfirliklərimizin birində. Amma sonra nə oldusa, bir xeyli müddət məmurluqdan uzaqlaşdı, hətta xeyli işsiz qaldı. 

Deyirdi ki, söz veriblər, işlə təmin edəcəklər. Təəssüf ki, alınmadı deyəsən və bir də eşitdim ki, hansısa təşkilatda çalışır, gürcü dilinə və ya da tərsinə, tərcümələr edir – söhbət sənədlərdən, müraciətlərdən gedir...

Rəhmətlik, deyərdim ki, həm uşaq kimi sadə, həm də səmimi və nə qədər qəribə olsa da, bir az da mürəkkəb adam idi. Sadəliyi, səmimiliyi insanlığında, bizim nəslin-hamımızın eyni "kruq”dan çıxmağında idi... 

İndi demək olar, belə şey yoxdur. Amma bizlər – o vaxtın gəncləri nə qədər mübahisələr - müzakirələr edərdik çayxanalarda, kafelərdə və ya "pivnoy”larda. Sonradan bu "çayxana məsələsi”nin özü də bir qaxınca çevrildi, bəziləri hətta bunu da bizim nəslin başına vururdular. 

Amma başqa ölkələrin də yaradıcı insanlarının, ziyalılarının, ictimai fəallarının bioqrafiyasına baxın. Görün, bu insanlar haralarda toplaşmırlarmış? 

Bir dəfə yazmışam bunu. Polşada olanda bir xanımla tanış etdilər. Bilirsinizmi, o xanım nədən dissertasiya müdafiə etmişdi? Polşanın azadlıq hərəkatında restoran və kafelərin rolundan!..

Hərəmizin taleyi bir cür oldu. Çoxumuzçün məmurluq-filan cəmi bir il çəkdi. Amma qəzetlər, partiyalar, nə bilim, QHT-lər var idi və bir qismimiz yenə də müxalifətçi, digərlərimizsə ziyalı-dissident kimi qalmaqda davam edir və ən azı söhbətləşməyə ehtiyac duyurduq. 

Çoxumuzu daha bir ümumi cəhət birləşdirirdi: mədəniyyətə-sənətə, xüsusən də ədəbiyyata maraq. Bəziləri tamam ciddi şəkildə bununla məşğul olurdu, qalanlarımızsa maraq göstərirdik, hətta həvəskar oxucu kimi də yox, bir az da ciddi.

Rəhmətlik Ayvazalı çoxumuzdan artıq məmurluq etdi. Amma bir gün o da yenidən qayıtdı keçmiş düşərgəyə. Özü də hamımız kimi özünün məişət problemlərinin heç birini həll etmədən, hətta bir az da artıraraq. 

Çoxumuzun nə evimiz–mənzılimiz, hətta əməlli-başlı, daimi işimiz də yox idi, əvəzində isə artıq hamımız ailəli – uşaqlı idik, problemlərimiz, qayğılarımız bir az da artmışdı.

Yazıçı kimi də Ayvazalı çox qəribə adam idi. Heç vaxt yazılarından danışmazdı. Gürcüstandan, daha çox da ən yeni gürcü ədəbiyyatından danışmağı sevirdi. Kiminlə rastlaşırdısa, başlayırdı onun yazılarından danışmağa, özü də hiss olunurdu ki, çox ciddi yanaşır və ciddi izləyir. 

Mən də vaxtında bir-iki hekayə yazmışdım. Bir dəfə görüşəndə qayıtdı ki, hekayədə bir qəzet cümləsi işlətmisən, amma çox tez də bundan çıxa bilmisən. 

Gördüm çox diqqətlə oxuyub, həqiqətən belə şey vardı və özüm də sezmişdim. Bir dəfə də Milli Kitabxananın qarşısında rastlaşanda uzaqdan dedi ki: "Dərhal köçürtdüm!”. Soruşdum ki, Ayvazalı, nəyi köçürtdün? Dedi ki, sənin filan qəzetdəki yazında beş-on cümlə çox xoşuma gəldi, əsl yazıçı cümlələri idi, ona görə dərhal köçürdüm özüm üçün. Bir az güldük, mən də dedim ki, halal - xoşun olsun və sonra da yollandıq yaxınlıqdakı çayxanaya...

Özü də jurnalistlik edər, daha çox da qonşu Gürcüstandan yazmağı sevərdi. Yazıçı kimi, bir daha deyirəm, yazılarından danışmazdı. Bir dəfə özüm təsadüfən hekayəsinə rast gəldim və əbəttə, oxudum. Adı da, yaddaşım aldatmırsa, "Kərəm” və yaxud buna bənzər bir şey idi. Amma hamımız bilirdik ki, sistemli şəkildə yazırdı və ondakı gənc ədəbi nəslin də qəbul etdiyi adamlardan idi. 

İllər sonra daha bir detal oldu. "Azadlıq” radiosunda rastlaşdıq, əsərinin müsabiqədə mükafat qazandığını dedi. Həm də məlum oldu ki, rəhmətlik özü yox, deyəsən, oğulu təqdim edibmiş əsəri müsabiqəyə. 

Amma hiss olunurdu ki, pozitiv təsir edib bu, ona, bir az ruhlanıb, özünə yazıçı kimi inamı bir az da artıb - doğrusu, mən də bunu ciddi uğur kimi qəbul etdim. 

Bilirisiniz, niyə? O, kiminsə "himayə etdiyi”, "dəstək verdiyi” yazı adamı deyildi və ona belə bir mükafat verilmişdisə, bunun özü də artıq o demək idi ki, adamı qiymətləndirməyə bir növ, məcbur olublar, çünki görünür, həqiqətən də nəsə güclü bir şey yazıbmış!.. 

Əsərin adı da deyəsən, "Odunçu qayıdır” idi. Söz vermişdim ki, mütləq oxuyacam, amma heyf və yenə də heyf! Təəssüf, bizim nəslimiz çox sözümüzün üstündə dura bilmədik: bizimki həyat olmadı, bəli, daha çox qaçhaqaç-qovhaqov oldu! 

Ona görə bunları yazanda gördüm, özümə "Ayvazalı, qardaşım, bağışla, hələ də sənin o romanını oxuya bilməmişəm” – deyirəm...

Hekayəmin ardısa daha kədərlidi. Bunu da çoxu, azı artıq yaşlı nəsil sayılan jurnalistlər, ədəbiyyat adamları bilirlər. Bəli, bir mənzildən iki cənazə çıxmışdı, aralarında beş-on gün fərq ola, ya olmaya! Bilirsiniz, mən hələ də düşünürəm ki, İlahi, nə idi bu? Bir sevgi nağılı, ya Allahın göndərdiyi müdhiş faciə?.. 

Buna bənzər, oxşar bir hadisə haqqında Sovetin vaxtında da oxumuşdum. Onda da tanınmış şairlərimizdən birinin gənc qızı atasının ölümünə dözməyərək intihar etmişdi!..

Həmin müdhiş hadisədən, Ayvazalının ölümündən də on ildən də çox vaxt keçibdir. Təəssüf ki, bizim nəslin çoxunun həyatındakı bu bitməz-tükənməz qaçhaqaç, qovhaqov nələr haqqındasa sakitcə düşünməyə də macal vermədi. Min təəssüf ki, öz dərdlərimiz macal vermir, qoymur ki, heç olmasa, hərdən yaxınların, sevdiyimiz insanların dərdindən-sərindən də daha yaxından hali olaq, xəbər tutaq. 

Əvvəldə yazdım ki, Ayvazalının mənzil problemi vardı. Aman, Allah, problem həll olundumu? Utana-utana deyirəm ki, təəssüf, xəbərsizəm, çünki özümüz də daimi qovhaqovda, qaçhaqaçdayıq, daha çayxanalara-filana getməyə də vaxtımız yoxdur, heç yaşımız da artıq o yaş deyil! Hə, sovet filmlərimizin birində deyilən kimi: "Daha biri-birimizin ad gününə getmirik"...

"Ad günü” dedim və yadıma düşdü. Bəli, intenetdə-saytlarda "eşələnirdim” ki, gözümə həmkarlardan birinin yazısı sataşdı: Ayvazalının ad günü münasibətilə yazmışdı və mən həmişə olduğu kimi, bu dəfə də gecikmişdim. Gərək, daha bir ilin keçməsini gözləyəydim ki, keçmiş dostum haqqında mən də bir-iki kəlmə yazım. Amma birdən nə gördüm? Sən demə, rəhmətlik Ayvazalı yaşasaydı bu il 70 yaşı tamam olacaqdı və bu, sanki mənimçün bir fürsət oldu onu xatrılamaq üçün.

Amma lirik kədər də bürüdü məni: axı 70 olmadı! Tarixlərə baxdım və gördüm ki, Ayvazalı cəmi 55 il yaşayıb...

Neyləmək olar? Ömür Allahdandır, Allahın qədəri, Allahın yazdığı tale-qismətdir. Sovetin vaxtında toy müğənnilərinin oxuduğu bir misra hələ də yadımdadır: "Qarğanın ömrünü gülə verərdim”!.. 

Amma vermir, yəqin, onun da məntiqi var; nə səlisdir, nə də qeyri-səlisdir, Yaradanın yalnız özünə agah məntiqdir; heç özümüzçün qərarından xəbərimiz varmı, bilirikmi sabah nələr gələcək başımıza?..          

Həm də rəhmətlik Ayvazalı heç bu dünyayla da tamam üzlüşmədi, "əlvida!” demədi. 

Əsərləri qaldı! 80-90-cı illərin ədəbi nəslindən, jurnalistlərindən söz düşəndə mütləq xatırlanır. Onu hələ də unutmayan, xatırlayan dostları qaldı. Ən əsası, övladları qaldı! Hərdən, fürsət-imkan düşəndə, onun keçmiş dost-tanışıyla rastlaşanda soraq tutmağa çalışırdıq - əlbəttə ki, qəbir evinədək davam edəcək, bizi təqib edəcək bu "gündəlik həyat” deyilən qaçhaqaçdan-qovhaqovdan macal tapanda! Dayanmaq-durmaq da mümkünsüz, keçmiş ziyalılarımızdan birinin çox məşhur essesində deyilən kimi: "Əhədi kəsilmiş atları güllələyirlər”...

Daha nə yazım, qardaşım? Bircə onu deyə bilərəm ki, inan, mən də çox yorulmuşam, çox – həyat yox, qaçhaqaç-qovhaqov oldu...

Danışdıra bilsəydim, soruşardım səndən ki, Çexovun məşhur hekayəsində qoca faytonçu İona yadına gəlir nə dedi? Ölüm deyəsən, qapını səhv saldı...

Hüseynbala Səlimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Fevral 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see385

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see302

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see284

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see264

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see248

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see242

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see235

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see203

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see192

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see184

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see180

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see171

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see168

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see168

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see166

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see164

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see163

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see161

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri