Azad Cəbrayılda həyat yenidən çiçəklənir
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələrinin təcavüzünə məruz
qalaraq işğal edildi. Düşmən tapdağı altına düşdüyü vaxt rayonun inzibati tərkibinə 1 şəhər, 4 qəsəbə və
92 kənd daxil idi.Hərbi təcavüz Cəbrayıl rayonuna ümumilikdə 13,928 milyard ABŞ dolları həcmində
maddi zərər vurdu. Ərazisi 1050 kv. km, əhalisi isə 52 min nəfərdən ibarət olan rayon tamamilə viran
edildi. Erməni vandalizmi nəticəsində 72 ümumtəhsil məktəbi, 8 səhiyyə müəssisəsi, 132 tarixi-dini abidə,
150 mədəniyyət ocağı və 100-ə yaxın yaşayış məntəqəsi yerlə-yeksan olundu.
Cəbrayıllılar Birinci Qarabağ müharibəsi zamanı Vətən torpaqlarının müdafiəsi uğrunda
qəhrəmanlıqla döyüşmüşlər. Bu döyüşlərdə rayon sakinlərindən 362 nəfər canını fəda edərək şəhidlik
zirvəsinə ucaldı, 191 nəfər isə sağlamlığını itirərək əlil oldu. Göstərdikləri misilsiz şücaətə görə Cəbrayılın
6 övladı "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü.
Cəbrayıl rayonu zəngin təbii ehtiyatlara — mişar daşı, sement, mərmər, dəmir filizi və neft
yataqlarına malik idi. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu.
Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz və quşçuluq fabriki fəaliyyət göstərirdi.
İşğal dövründə Cəbrayılın zəngin tarixi və arxeoloji irsi erməni vandalizminin qurbanı oldu.
Dağtumas kəndi yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndində yerləşən “Məscid Təpəsi”,
“Canqulu” və “Qumtəpə” kurqanları, həmçinin Diri dağındakı Mazannənə və Mərmər nənə məqbərələri
kimi qədim arxeoloji abidələr dağıntılara məruz qaldı. Eyni zamanda Dağtumasdakı “Başıkəsik Gümbəz”,
Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, məşhur Xudafərin körpüləri, Çələbilər kəndindəki
Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar və Xubyarlı kəndlərindəki dairəvi
və səkkizguşəli türbələr, eləcə də türk qəbiristanlığındakı abidələr düşmən tərəfindən məhv edildi.
Cəbrayılın azadlığına gedən yol hələ 1994-cü il yanvarın 5-də həyata keçirilən uğurlu Horadiz
əməliyyatı ilə başladı. Bu əməliyyat nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olundu.
Ərazidəki strateji nöqtələr nəzarətə götürüldükdən sonra kənddə təhlükəsiz yaşayış bərpa edildi və
Cocuq Mərcanlı Azərbaycan xalqı üçün Böyük Qayıdışın ilk rəmzinə çevrildi. 2016-cı ilin Şanlı Aprel
döyüşləri zamanı isə Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı ilə Lələtəpə strateji
yüksəkliyi də düşməndən təmizləndi və Cəbrayıla qayıdışın növbəti mühüm mərhələsi qoyuldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Cəbrayıl
istiqamətində tarixi zəfər yürüşünə başladı. Döyüşlərin elə ilk günü — sentyabrın 27-də rayonun Böyük
Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan,
Şəybəy və Quycaq kəndləri düşmən tapdağından təmizləndi.
Oktyabrın 4-ü isə müharibənin gedişində həlledici dönüş nöqtələrindən biri oldu. Şanlı ordumuz
Cəbrayıl şəhərini və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad,
Yuxarı Maralyan eləcə də Decal kəndlərini azad edərək ərazilərimizdə üçrəngli bayrağımızı ucaltdı.
Uğurla həyata keçirilən hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və rayonun 90 kəndi 27
illik əsarətdən sonra yenidən öz doğma sahiblərinə qayıtdı.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Rayonun
düşmən tapdağından təmizlənməsi uğrunda gedən döyüşlərdə igidlik və şücaət göstərmiş Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 22 797 hərbi qulluqçusu bu medalla təltif edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə
işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olunmuşdur. Şanlı Qələbə tariximizin
əbədiləşdirilməsi məqsədilə imzalanan bu Sərəncama əsasən, Cəbrayıl şəhərinin düşmən tapdağından
təmizləndiyi 4 oktyabr tarixi təntənəli şəkildə "Cəbrayıl şəhəri günü" kimi qeyd edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl
şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq olunmuşdur. Şəhərin bərpası və yenidən
qurulması prosesi 4 mərhələ üzrə həyata keçirilir. Planlaşdırmaya əsasən, 2026-cı ilin sonunadək
təqribən 3800 sakin şəhərə köçürüləcək, 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhər əhalisinin 15 000
nəfərə çatacağı proqnozlaşdırılır.
44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Cəbrayıl rayonuna ardıcıl
səfərləri regionun sürətli bərpa və yenidənqurma mərhələsinə qədəm qoymasını təmin etmişdir.
2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev Xudafərin körpüsündə və Cəbrayıl şəhərində
Dövlət bayrağını ucaltdı. Növbəti səfərlərdə Soltanlı kəndində əkin işləri ilə tanışlıq, Dövlət Sərhəd
Xidmətinin hərbi hissələrinin açılışları həyata keçirildi. 2021-ci ilin oktyabrında isə şəhərin Baş planı
çərçivəsində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Mərkəzi Xəstəxananın, Mehdi Mehdizadə
adına məktəbin və ilk yaşayış məhəlləsinin təməlləri qoyuldu.
2022-ci ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qumlaq dəmir yolu
stansiyası və “Dostluq Meşəsi” Kompleksinin təməli atıldı. Sonrakı dövrdə Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yolunun tikintisinə start verildi, “Azərişıq” Rəqəmsal İdarəetmə Mərkəzi, “Xudafərin” və “Qız
Qalası” hidroqovşaqları istismara verildi. Eyni zamanda Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı
kəndlərinin təməli qoyuldu.
2024-cü ilin oktyabrında Mehdi Mehdizadə adına məktəb və ilk yaşayış kompleksi istifadəyə
verildi. 2025-ci ildə Horovlu kəndinin birinci mərhələsinin açılışı olub sakinlərinə mənzillər təqdim edildi,
Cəbrayıl şəhər məscidinin və yeni günəş elektrik stansiyalarının (“Şəfəq”, “Şəms”, “Üfüq”) təməlləri atıldı.
2026-cı ilin mayında isə Şükürbəyli kəndinin və 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışı həyata
keçirilərək keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin edildi.
Beləliklə, Vətən müharibəsində qazanılan tarixi qələbə Cəbrayıl rayonunun hərtərəfli inkişafının
yeni mərhələsini başlatmışdır. Planlı şəkildə həyata keçirilən infrastruktur layihələri, enerji və sənaye
obyektlərinin istismara verilməsi, eləcə də yaşayış komplekslərinin salınması rayonun ölkə iqtisadiyyatına
inteqrasiyasını sürətləndirir. Bu tədbirlər Cəbrayılın yaxın gələcəkdə regionun aparıcı mərkəzlərindən
birinə çevriləcəyini və Böyük Qayıdış prosesinin dayanıqlılığını tam təsdiqləyir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















