“Azad Krım”da bir azərbaycanlı əsgər
Dilqəm ƏHMƏD
22 iyun 1941-ci ildə Almaniyanın Rusiyaya hücumu nəticəsində milyonlarla SSRİ əsgəri əsir düşdü, bir çox ərazilər itirildi. Həmin ilin oktyabrında Krım yarımadasında alman hökmranlığı təsis edildi, bu proses 1944-cü ilə qədər davam etdi.
1942-ci il yanvar ayının 11-də Ağməsciddə (Simferepolda) “Azad Krım” qəzeti fəaliyyətə başladı. Həftədə bir dəfə çıxan qəzetdə müharibə xəbərləri ilə yanaşı maraqlı məqalələr də dərc olunurdu. “Azad Krım”ın səhifələrində Azərbaycanla bağlı da materiallara rast gəlinir. Qəzetin ilk məsul müdiri Mustafa Kurtiyev olub. Qəzetin dili Krım türkcəsindədir.
Qəzetin 30 yanvar 1942-ci ildə çap olunmuş 4-cü sayında Krım Müsəlmanları Komitəsinin Qafqazda yaşayan müsəlman qardaşlarına müraciəti dərc olunub. Azərbaycan, Gürcüstan, Dağıstanda yaşayan müsəlmanlara ünvanlanan bu müraciətdə 23 ildir bolşevik zülmü altında əzilən Krımın alman ordusu tərəfindən azad edildiyi bildirilib: “Müsəlmanların dili və ədəbiyyatı, tarixi və milli adətləri bolşeviklərin milli siyasəti nəticəsində yox edilməkdə və ruslaşmaqda idi... Bolşeviklərin əli altında yaşayan Krım müsəlmanları iyirmi üç il müddətində vəhşilikdən qeyri heç bir şey görmədilər. Minlərlə müsəlman türmələrdə canavarcasına öldürüldülər. Ural dağlarının qarlı, boranlı, dəhşətli soyuqlarında neçə min ana və atalar öz övladlarını qurban verdilər. Ural dağları milyonlarla Krım, Qafqaz və digər Rusiya müsəlmanlarının məzarlığına çevrildi”.
Bolşeviklərin müsəlmanların liderlərini öldürdüklərini, məhbəsdə çürütdüklərini yazan komitə Qafqazda yaşayan müsəlmanların boş yerə ruslar üçün qanlarını axıtmamalarını bildiriblər: “Alman əsgərləri Krıma gələndən sonra müsəlmanların məscidlərini və milli təşkilatlarını yenidən meydana gətirdilər, bütün xalqa hörmət və yardım etdilər. Sizlər də əllərinizdəki silahları bolşevik canavarlarına qarşı çevirin. Şəhərlərinizi, aullarınızı xarabaya çevirməyin”.
Şübhəsiz ki, faşizmlə bolşevizm arasında qalan digər türk xalqları kimi krımlılar da müəyyən qədər almanlara inanmışdılar, ən azından onların ruslardan daha mülayim olacaqlarını hesab edirdilər. Qəzet əsasən alman təbliğat materiallarından ibarət olsa da, bolşeviklərin qadağan etdiyi mövzular yenidən gündəmə gətirilirdi. Milli tatar ədəbiyyatı, teatrı, milli xadimlər haqqında maraqlı məqalələr dərc olunurdu. Məsələn, “Krım tatarlarının siyasi yolu”, “Krım tatar teatrının tarixinə aid bəzi səhifələr”, “Qızıl bayraq altında qara günlər”, “Rumıniyanın tarixi”, “Krım tatar ədəbi dilinin imla qaydaları”, “Krım və Dobruca tatarları”, “Qəzetlərimizin tarixi”, “Yaxın keçmişin qara səhifələrindən”, “Tarixi simalarımız” kimi yazılar olduqca əhəmiyyətlidir.
Qəzetin 3 aprel 1942-ci il tarixli 21-ci sayında dərc olunan “İranın sovetləşdirilməsi” adlı məqalədə maraqlı fikirlər irəli sürülüb. Qəzet Cənubi Azərbaycan məsələsi ilə bağlı SSRİ ilə İngiltərə arasındakı münasibətlərə toxunub, gözlənilən həmlələrdən bəhs edib: “Təbrizdə sovet idarəsi İran Azərbaycanının bir qismini Sovet Azərbaycanı Respublikasına və bir qismini də Ermənistan Respublikasına qoşmaq üçün hazırlıq işlərinə başladı. Sovet Azərbaycanını genişlədən hökumət mərkəzi də əvvəldə olduğu kimi Bakıda qalacaqdır”.
Qəzetin 7 aprel 1942-ci ildə çıxan 22-ci sayında Gözlev şəhərindəki müsəlman komitəsinin milli ansambl təşkil etdiyini, heyətdə 23 sənətkarın olduğunu yazıb. Almanları tatar musiqisi, oyunları ilə tanış edən ansamblın hazırda “Arşın mal alan” pyesini hazırladıqları vurğulanıb. Qəzetin 53-cü sayından (25 iyul 1942) öyrənirik ki, Gözlevdəki milli ansambl “Arşın mal alan” və “Məşədi İbadı” səhnələşdirib, “Leyli və Məcnun”un oynamaq üçün hazırlıqlara başlayıb. Qəzetin 70-ci sayında (22 sentyabr 1942) tatar teatrında səhnələşdirilən “Leyli və Məcnun” tamaşası haqqında məqalə də dərc olunub.
18 iyul 1942-ci il tarixli 51-ci sayında “Krım tatarlarının tamğası”adlı məqalə çıxıb, almanların milli tamğanın işlədilməsinə icazə verdikləri qeyd olunub. Bununla bağlı Ağməscid Rayon Müsəlman Komitəsi Prezidiumu qərar qəbul edib. Qəzetdə mütəmadi şəkildə Almaniya-Türkiyə dostluğuna dair xəbərlər də dərc olunub, Baş nazir Şükrü Saracoğlu haqqında məqalə verilib.
“Azad Krımın” 21 avqust 1942-ci il tarixli 61-ci sayında “Yeni əlifbamız” başlıqlı xəbər işıq üzü görüb. Ağməsciddəki tatar aydınları və komitəsinin üzvləri latın əlifbasına keçidlə bağlı qərar veriblər. Qeyd edək ki, qəzet əsasən kiril qrafikasında çıxıb, daha sonra tədricən latın qrafikası ilə də məqalələr verilib. Nəhayətdə tamamilə latınla çıxıb. Qəzetin 71-ci sayında (25 sentyabr 1942) İsmayıl bəy Qaspıralının tərcümeyi-halı və fotoşəkli dərc olunub.
Qəzetin 20 aprel 1943-də çıxan 128-ci sayında Azərbaycan Legionunun həftəlik qəzeti olan “Azərbaycan”dan bir məqalə iqtibas edilib. “Almaniyada ailə məsələsi” adlı bu yazı “Azərbaycan”ın 40-cı sayında çıxıb. Qəzetin 129-cu sayında (23 aprel 1943) Qaspıralının çıxartdığı “Tərcüman” qəzetinin 60 illiyi münasibətilə məqalə işıq üzü görüb.
Qəzetin əlimizdə olan sonuncu nüsxəsi 23 fevral 1944-cü ildə çıxan 210-cu saydır.
Azərbaycanlı Abdulla İsmayıl
“Azad Krım”ın səhifələrində azərbaycanlı əsgərə aid də materiallara rast gəldik. Abdulla İsmayıl adlı bu əsgərin bir xatirəsi, bir şeiri və bir məqaləsi işıq üzü görüb. Qəzetin 56-cı sayında (4 avqust 1942) Abdulla İsmayılın “Arşın mal alan” adlı məqaləsi dərc edilib. Həmin məqalə Üzeyir bəy Hacıbəylinin irsinin öyrənilməsi baxımından əhəmiyyətli olduğu üçün dilimizə uyğunlaşdıraraq təqdim edirik:
“Bir neçə gündən bəri Ağməscid şəhər tatar teatrı Azərbaycanın məşhur kompozitoru Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettasını təkrar tamaşaya qoymaqdadır. Bu operetta kompozitorun digər bir çox opera və operettaları kimi yalnız Azərbaycan və Qafqaz xalqları arasında deyil, hətta bütün Şərq ölkələri, Avropa və Amerika kontinentləri səhnələrində də dəfələrlə nümayiş edilən tamaşalardan biridir.
Şəhər tatar teatrı səhnəsində Hacıbəyovun “Arşın mal alan” operettasının qoyuluşu nəzəri-cəlb edən müsbət hadisələrdən biri kimi qeyd edilməlidir. Gənc rejissor İsmayılov əfəndi tərəfindən səhnəyə qoyulan bu operetta mənim üçün ona görə maraqlı və qiymətlidir ki, bu qoyuluşda müəyyən bir orijinallığı, rejissor və aktyorlar kollektivinin özünün müstəqil yaradıcılıq işini görmək mümkündür. Gənc rejissor İsmayılov “Arşın mal alan” operettasına tam yeni bir janr kimi yanaşıb və bütün hadisələri bu janrın əsasında həll etməsi son dərəcə diqqətəlayiqdir. Rejissorluğa aid nöqsanlardan bəhs edərsək, hər şeydən əvvəl əski teatrçılıq aləmindən miras qalan “səhnədə təkbaşına danışmaq” praktikasının lüzumsuzluğunu göstərmək olar. Məsələn, 4-cü aktın başında Əsgərin öz-özünə bir neçə dəqiqə gülüb danışması cansıxıcıdır. Ümumiyyətlə, bu praktikadan mümkün dərəcə tez uzaqlaşmaq gərəkdir. Üçüncü aktda evdə bir çiçək görünmədiyi halda Tellinin əlində fiskisindən otağa daxil olması heç bir vaxt özünü doğrultmaz.
Aktyor və aktrisalar tərəfindən rollarının icrası haqqında qısa da olsa qeyd etmək gərəkdir. Əsgər rolunda oynayan aktyor Cəlalov Həsən əfəndinin bu obrazı tam çılpaqlığı ilə mənimsəməsini və özünü bu rolda tamamilə sərbəst hiss etməsini qeyd etməklə onun gələcəkdə böyük və mədəni bir aktyor olacağına dərin bir ümidimiz vardır. Arifova Reyhan xanımın Gülçöhrə rolunu böyük bir ustalıqla icra etməsi və öz ariyalarının tamamını düzgün oxumağı diqqəti cəlb etməmiş olmaz. Süleyman rolu heç də aktyor Mustafayev Seydəli əfəndinin ampluası deyildir. Bu qəbahət yalnız aktyorun deyil, eyni zamanda rejissorun üzərində də qalmalıdır. Vəli rolunda komik aktyor Parikov Bilal əfəndi böyük bir ustalıqla oynayır, lakin onda bir solğunluq olduğu da hiss edilməmiş deyildir. Açıq deyəsi olsaq, Parikov Bilal əfəndi oynayanda çox yaxşı və sevimlidir. Lakin oynamadığı, daha doğrusu, səhnədə boş qalan zamanlar hamısından ziyadə solğun görünür. Halbuki bu rol hər zaman çevik və qaynar xarakter tələb edir. Parikov Bilal əfəndi yaxşı bir komik aktyor olacağı üçün öz şəxsiyyətində olan susqunluq və solğunluq əlamətlərindən tez ayrılmalıdır.
Telli rolunda Bilalova Zöhrə və xala rolunda Parmaksızova Ayşə xanım öz obrazlarını yaxşı qavrayıblar və hər ikisi öz rollarını səmimi ifa etməkdədirlər. Sultan bəy rolunda aktyor Fevzi Nemətulla əfəndinin öz üzərində bir az da çalışması lazım gəlir. O, bu rolun bütün xüsusiyyətlərini hələ tapa bilməyib. Asiyə rolunda İşniyazova Mahinur xanım obrazını yaratmaq üçün çalışması bizi qane etsə də, rejissorun aktrisaya bir az da yardım etməsi lazım gəlir. Bu yardım başlıca olaraq musiqi cəhətdən olmalıdır.
Tamaşanın musiqi qismi hələ gərəyi kimi yoluna qoyulmayıb. Bütün operetta boyu o, bəstəkar ariyalarının və duetlərinin heç birisi doğru musiqi qanunları üzrə olmadığından bu vəziyyət istər aktyorun oyununa və istərsə də, ümumi tamaşanın gedişinə tamamilə başqa rəng verirdi. Orkestrin lazımi vəziyyətdə olmamağı yalnız dirijor Bəxşiyev əfəndi deyil də, musiqini az-çox anlayan tamaşaçıları belə əsəbiləşdirirdi. Şübhə yox ki, bu vəziyyətdən qurtulmaq üçün çarələr tapmaq gərəkdir.
Ağməscid tatar teatrının gələcək yeni tamaşaları üçün onun sağlam aktyor kollektivinə və bədii-rejissorluq qisminə müvəffəqiyyətlər istəyirəm”.
“Azad Krım”ın 14 may 1943-cü il tarixində çap olunan 135-ci sayında Abdulla İsmayılın “Anam məktub” adlı şeiri işıq üzü görüb. Alman ordusu ilə birlikdə Krıma qədər gəlmiş azərbaycanlı əsgərin müəyyən təbliğat elementləri olan, amma daha çox Vətən həsrətini ifadə edən şeirini təqdim edirik:
Bu axşam yenə də kədərlənmişəm
Vətən hicranını yada saldıqca...
Yazıq, anacığım! Mən dərdlənmişəm-
Sənin fəryadını xatırladıqca...
Vətən hicranını yada saldıqca...
Məhv olmuş sanırsan sən məni artıq
Krım cəbhəsində, Kerç sahilində...
Qan ağlar gözlərin, qaşların çatıq...
Xəyala dalırsan hər yaz fəslində...
Qəbrimi sanırsan Kerç sahilində...
İntiqam hissiylə coşar ürəyin,
Ararsan qatili-düşməni hər vaxt,
Budur sənin arzun, budur diləyin
Qalmamış səndə səbir, qalmamış taqət
Ararsın qatili-düşməni hər vaxt.
Anacan! Qulaq ver mənim səsimə,
Düşmənin deyildir alman ordusu
Mənə qarşı duran, mənim əksim,
Mənə güllə atan bolşevik rusu!..
Düşmənin deyildir alman ordusu!..
Minlərcə ananı oğulsuz qoyan,
Bacını qardaşsız, qadını ərsiz,
Atanı övladsız, səfil biyaban...
Çocuğu atasız, həm də kimsəsiz
Yapdı bolşevik, alçaq-şərəfsiz!
Gəlirəm xilasa, səni Vətənim!..
Qafqazın incisi, sən Azərbaycan!
Çırpınar ürəyim, coşar bədənim..
Olarsan azadə sən də, anacan,
Qafqazın incisi, sən Azərbaycan!
Abdulla İsmayılın “Kerç yalısında görüb keçirdiklərim” adlı xatirələrini növbəti yazımızda təqdim edəcəyik.