Azərbaycan cəmiyyətinin özünümüşahidə yetkinliyi
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
I MƏQALƏ
Cəmiyyətin özünümüşahidəsi
Müasir elmdə “özünümüşahidə” müxtəlif sferalarda geniş istifadə olunur. Bu anlayış insan idrakının əsas xüsusiyyətlərindən biri kimi dərk edilir. Buna görədir ki, indi müşahidə, müşahidəçi və özünümüşahidə yüksək nəzəri xarakteristikalara malik olan fənlərarası tədqiqat istiqamətlərindən tutmuş (sinergetika, avtopoyezis, mürəkkəblik nəzəriyyəsi, ümumsistem nəzəriyyəsi, nanoelm, koqnitivistika və s.) konkret tətbiqi sahələrə (kosmik, sosial, psixoloji, politoloji və s.) qədər geniş istifadə əhatəsinə malikdir. Bu anlayışın başlıca anlamı hər hansı, ümumi deyək, obyektin və sistemin özünü “müşahidə etməsi” ilə bağlıdır.
Bir qədər də elmi rasionallıq çərçivəsindən baxsaq, özünümüşahidə sistemin (məsələn, cəmiyyətin) zaman-zaman öz daxili situasiyasına təkrar nüfuz edərək (buna elmdə re-entry deyirlər) topladığı təcrübəni (cəmiyyətə aid olanda – sosial təcrübəni) yenidən qavramağa cəhd göstərməsidir (sosial sistemlər üçün bu, xeyli dərəcədə öz təcrübəsini təkrar təftiş etməkdir).
Deməli, cəmiyyətin özünümüşahidəsi öz davranışı, normaları, qurumları və digər sferalar üzərində düşünməyin toplumsal funksionallığına aiddir. Həmin mənada özünümüşahidə (sosial, siyasi, elmi, dini, ideoloji, kulturoloji, tarixi, mediativ və s.) kənardan məcburiyyət olmadan öz təcrübələrini yenidən müşahidə, təhlil və tənzimləmək üçün kollektiv idraki və informasion fəaliyyət qabiliyyətidir.
Bu yanaşmanın idrak nəzəriyyəsi və epistemologiya çərçivəsində ciddi və müasir elmi əsasları vardır. Onu Corc Spenser Braunun “forma” modul məntiqi, Lütfü Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və sinergetik yanaşma çərçivəsində dərindən təhlil edirlər. Bizim üçün burada əsas olanı mürəkkəb və mücərrəd nəzəri müddəalara baş vurmaq deyil, konkret Azərbaycan cəmiyyətində son zamanlar özünü göstərən bir sıra proseslərin izahına cəhddir. Ona görə də ümumi müddəaların yalnız bir neçə nümunəsinə qısaca toxunaq.
Hər şeydən öncə, özünümüşahidə nəzarətdən fərqlənir. Nəzarət başlıca olaraq kənardan olan müşahidədirsə (hərçənd onun “özünənəzarət”, “daxili nəzarət” kimi növləri də vardır), özünümüşahidə sırf sistemdaxili, refleksiv mahiyyətli prosesdir. Yəni müşahidə məntiqi olaraq subyekt və obyekt ayrılığını nəzərdə tutur, özünümüşahidə isə sistemin özünü özü vasitəsilə təkrar-təkrar dərk etməsidir (empatiyasıdır). Bu anlamda müşahidənin qaynağı və səbəbi sistem xaricində (məsələn, ətraf mühitdə) olursa, özünümüşahidə sistemin “daxili sifarişi və ya tələbatıdır”.
Bütün bunlara görə özünümüşahidənin özünəxas mexanizmləri vardır.
Özünümüşahidə mexanizmləri
Hər bir cəmiyyətin özünümüşahidəsi tarixi xarakterlidir, yəni zamanca özünümüşahidə mexanizmləri dəyişir. Azərbaycan cəmiyyətində özünümüşahidə ənənələri qədim zamanlardan mövcud olmuşdur. Bu proses Azərbaycanda dövlətlərin qurulması prosesi fonunda baş verdiyindən, tədricən “dövlət maraqları” anlayışı özünümüşahidənin vacib elementinə çevrilmişdir.
Türk kollektiv şüurunda dövlət olduqca ciddi yer tutmuşdur. Təsadüfi deyildir ki, “iki türk olan yerdə dövlət qurulur” kimi deyim əsrlərin süzgəcindən keçib gəlir. Hətta “el” anlayışı əskilərdə “dövlət” anlayışının sinonimi kimi dərk edilib. Bu prizmada baxanda qədimdən türklərin (o cümlədən azərbaycanlıların) “palaza bürün, elnən sürün” deyiminin mənalarından biri “cəmiyyət və dövlətlə bir ol” deməkdir. Bunu özünümüşahidənin mühüm cəhətlərindən biri kimi qəbul etmək gərəkdir. Çünki türk birgəyaşam fəlsəfəsində həmin qənaətin konkret əsasları mövcuddur.
Belə ki, Azərbaycanda cəmiyyətin özünütəşkili fəlsəfəsi və hüququ bir anlayışda sintez olunur: kollektivləşmədə və dildə sinharmoniya! Kollektivləşmədə sinharmoniya “Yosun Qanunu” ilə təmin edilir: bu, ailə-qəbilə-tayfa-xalq-millət statuslarını formalaşdıran ana qaydadır. Onun başlıca əlaməti “ot kökü üstündə bitər” deyimində lakonik ifadə edilmişdir. Yəni türklərin kollektivləşməsi yosun (və ya mamır) kimi elə mürəkkəb şəbəkə formasında olur ki, onun hər bir fraqmenti ehtiyac olanda müstəqil inkişaf mənbəyinə çevrilir və bu zaman yenidən hər şey ümumi kök üzərində qurulur.
Azərbaycan dilinin sinharmoniyası da məhz bu fundamental və ümumi qaydanın konkret təzahürüdür. Buna görə də Azərbaycan dilini pozmaq və ya tənəzzülə uğratmaq praktiki olaraq mümkün deyildir. Onun təməlinə daim özünüqoruyan, təkmilləşdirən, yeniləşdirən güclü mənəvi, mədəni, linqvistik mexanizm qoyulmuşdur. Əsrlərlə ana dili türk dövlətlərində elə mühüm yer tutmuşdur ki, imperiyalar onun uğrunda savaşmışlar. Türk dilinə münasibət faktiki olaraq ən güclü imperatora belə münasibətin təməlində dayanmışdır.
Tam əsasla demək olar ki, dövlətçilik baxımından türk dilinə (o cümlədən Azərbaycan türkcəsinə) idarəetmədə verilən qiymət türk liderinin (hökmdarın, xaqanın) siyasi kimliyinə verilən qiymət olmuşdur. Buna görədir ki, tarixçilər arasında hələ də Şah İsmayıl Xətainin türk dilindən idarəetmədə geniş istifadə etməsi faktı onun əsl türk dövlət başçısı olduğunu sübut etməkdə öncül arqument kimi qəbul edilir. Bizcə, haqlıdırlar.
Bu məqam müasir Azərbaycan dövlətçiliyi baxımından olduqca əhəmiyyətlidir.
Dil, özünüdərk və dövlətçiliyin vahid identikliyi
Özünüdərk özünümüşahidənin rasional-məntiqi ifadəsidir. Fərdi və kollektiv səviyyədə özünüdərk birgəyaşam formasının həmişə aparıcı faktoru olmuşdur. Azərbaycanlıların özündərkinin dövlətçilik aspektində qabarıq təzahürlərində el-dil-lider (hökmdar) mərkəzi yer tutur. Dil liderlə cəmiyyəti (eli) vahid identiklik müstəvisində qovuşdurur. Bu tezisin Azərbaycan nümunəsi üçün izaha ehtiyacı vardır.
Dilin cəmiyyətdəki funksiyaları ilə bağlı geniş elmi təsəvvürlər mövcuddur, bununla işimiz yoxdur. Dövlətçilik kontekstində toplumsal özünümüşahidə və özünüdərkin tarixən formalaşmış Azərbaycan spesifikası mövcuddur. Törənin türk həyat tərzində nə anlama gəldiyini hamı bilir – “ot kökü üstündə bitər”! Ancaq onun praktiki reallaşması təminedici faktorları tələb edir. Digər tərəfdən, Aristoteldən də öncə elm adamları və filosoflar idarəetmədə dilin yeri və rolunu çox vurğulamışlar. Hətta Aristotel dövlətin formalaşmasını “ünsiyyətin inkişaf edərək özünü təsdiq etməsi” prizmasında tərif etmişdir. Deməli, cəmiyyətdə kollektiv ünsiyyət forması dövlətçilik baxımından aparıcı rol oynayır.
Bu o deməkdir ki, dil dövlət idarəetməsində ikincidərəcəli faktor deyildir. Lakin burada bir incə məqam meydana çıxır. İstənilən dövlətdə cəmiyyətlə idarəedənlər arasında həmrəyliyi, birliyi, vəhdəti təmin edən konkret mexanizm olmalıdır. “Yosun Qanunu” tələb edir ki, azərbaycanlılar üçün bu, mənəvi-mədəni və hüquqi faktorlar olsun. Bu prizmada törəni necə etibarlı işlək proses kimi saxlamaq olar? Əgər bir etnosun anlamında “el=dövlət” formulu varsa, onun bütövlüyünü və birliyini başlıca olaraq dilin funksiyaları sırasında olan müəyyən funksional keyfiyyətləri daim aktual saxlamaq təmin edə bilər. Azərbaycan üçün bu, özünüdərk prosesində dilin mənəviyyat, əxlaq, ortaq ünsiyyət, folklor, poeziya sferaları ilə idarəetmə arasında körpü rolunu oynaması deməkdir. Bu sferaların hər birində dilin öz funksiyaları vardır. Onları birləşdirən ideya Azərbaycançılıq, praktiki əbədiliyini saxlaya bilən isə dövlətçilik ola bilər.
Belə ki, Azərbaycana rəhbərlik edən lider onun folklorunu, poeziyasını, əxlaq normalarını dərindən bilməlidir ki, xalqla “daxili ünsiyyəti” saxlaya bilsin. Azərbaycanı folklorsuz və poeziyasız duymaq, məncə, mümkün deyildir. Şah İsmayıl Xətai poetik həqiqətləri ilə Azərbaycanı obrazlaşdırmışdır. Azərbaycan adət-ənənələrinə dərin bağlı olan bir dövlət başçısı kimi həyat tərzi keçirmişdir və buna görə də dövlətçilik tariximizdə xüsusi yeri vardır.
Bunlardan Azərbaycan cəmiyyətinin özünümüşahidəsi (və həm də özünüdərki) kontekstində bir ümumi qənaət əldə edə bilərik. O, aşağıdakı kimidir: Azərbaycan cəmiyyətinin özünü müşahidə etməsi əsasən dil, din, əxlaq, idarəetmə və mədəni normalar çərçivəsində əyaniləşir. Din və milli-mədəni dəyərlər həmişə cəmiyyətin davranış qaydalarını və sosial münasibətlərini tənzimləyən əsas amillərdən biri olmuşdur. Hətta müəyyən tarixi mərhələdə özünümüşahidə daha çox fərdi və ailə səviyyəsində, həmçinin dini icmalar vasitəsilə həyata keçirilmişdir.
Bu özəlliklər unudulmamalı və Azərbaycan cəmiyyətinin özünüdərkində diqqətlə nəzərə alınmalıdır. Vurğulanan hər hansı faktordan birinə diqqətsizlik cəmiyyətdə sosial, mənəvi, siyasi, mədəni, psixoloji balansı poza bilər. Bu da özlüyündə dərin toplumsal böhranlara aparıb çıxarar.
Məsələn, Azərbaycanda dini məzhəb kontekstində hər hansı incə məqamı nəzərə almamaq rezonans verə bilər. Tarixən Azərbaycan dövlətləri bu məsələyə həssaslıqla yanaşmışlar və bu da cəmiyyətin bütövlüyünü qorumaqda ciddi müsbət təsirə malik olmuşdur.
Və yaxud dil məsələsində dövlət dili statusunun bütün incəliklərinə böyük diqqət yetirilməlidir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığını qorumaq lazımdır” tarixi kəlamı bu baxımdan istiqamətverici rol oynayır. O cümlədən Azərbaycanda qədimdən işlənən kəlimələrə xüsusi diqqət yetirilməli və onları əsassız hansısa “mədəni” sözlə əvəz etmək cəhdləri sıfırlanmalıdır. Əlbəttə, Azərbaycan dilinin özünüyeniləmə mexanizmi mövcuddur və o çərçivədə dəyişən dünyada dildə də yeniləşmələr olmalıdır.
Ancaq bütün hallarda azərbaycançı kimi saflaşma olmalıdır.
Bunlarla yanaşı, tarixi situasiyadan asılı olaraq cəmiyyətin özünümüşahidəsində yeni faktorlar əlavə oluna bilər və ya bütövlükdə yeni balans formalaşar. Bu müddəa fonunda qısa bir təsnifə baxaq.
Özünüdərkin təkamülü
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış dövrünün başladığı haqqında fikir var. “Oyanış” dedikdə maarifçilik hərəkatının cəmiyyətin özünü tənqidi əsasda dərk etməsi məqamını daha çox nəzərdə tuturlar. Bu baxımdan mətbuatın inkişafı, maarifçi ziyalıların fəaliyyəti, milli-mədəni dəyərlərin qorunması və təbliği cəmiyyətin özünütəftişinin əsas vasitələri kimi qəbul edilir. Eyni zamanda, bu dövrdə cəmiyyətin öz sosial, mədəni və siyasi problemlərini açıq müzakirə etməyə başladığı fikri irəli sürülür.
Yuxarıdakı təqdimatla müqayisə etsək, görərik ki, XIX-XX əsrlərdə cəmiyyətin özünümüşahidəsində mətbuat və maarifçi ziyalılıq xüsusi rol oynamışdır. Sonrakı təcrübə də təsdiq etdir ki, hər iki faktor kollektiv özünüdərk üçün çox əhəmiyyətlidir. Hətta indi müxtəlif aspektlərdə “media cəmiyyət yaradır” tezisini dərindən araşdırırlar. XXI əsrin gəlişi ilə isə bir qədər də irəli gedərək “media özünün yaratdığı sosial reallıqları yenidən özü təhlil edir” müddəasından bəhs edirlər. Bu da faktiki olaraq özünümüşahidənin maraqlı bir formasının – özünümüşahidənin özünümüşahidəsi, meydana gəldiyi anlamını verir.
Deməli, XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan cəmiyyətində özünümüşahidə XX əsrin 90-cı illərinə qədər ümumi mənzərəni ciddi surətdə dəyişmişdir.
Burada sovet dövrünün bir xüsusiyyətini qeyd etmək gərəkdir. Sovet hakimiyyəti dövründə cəmiyyətin özünümüşahidəsi dövlət nəzarəti və ideoloji tənzimləmə çərçivəsində məhdudlaşdırılırdı. Rəsmi ideologiya və senzura ictimai müzakirələrin sərbəstliyini azaltmışdı. Cəmiyyətin özünü tənqidetmə imkanları xeyli məhdudlaşdırılmışdı. Ancaq ulu öndər Azərbaycan cəmiyyətinin özünüdərkinin ənənəvi formalarının müxtəlif istiqamətlərdə saxlanmasına naıl oldu. Məsələn, Azərbaycan dili dövlət dili statusu aldı. Dini normalar tam saxlanıldı. Ədəbiyyatda milli qanadın inkişafı üçün lazım olan təminat yaradıldı. Ayrıca, milli ruhlu kadrların yetişdirilməsi sistemli və davamlı xarakter aldı.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
Baxış sayı:75
Bu xəbər 16 Sentyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















