Azərbaycan dünyanın 196 ölkəsindən turistləri qarşılayıb
Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib və bu əlaqələrin bir qolu olan turizm sahəsində görülən işlər təqdirəlayiqdir. Təbii ki, müasir dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatın aparıcı sahəsinə çevirib. Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin ölkəmizə cəlb olunmasında əsas amillər sırasındadır. Statistik rəqəmlərə nəzər salsaq bunun şahidi olarıq. Ötən il Azərbaycana dünyanın 196 ölkəsindən 2626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 27,8 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,0 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,1 faizi Pakistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 faizi Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Belarus və Böyük Britaniya, 12,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil edib. 2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan 2,0 dəfə, Cənubi Koreyadan 1,9 dəfə, Çindən 1,9 dəfə, Qırğızıstandan 49,6 faiz, Qazaxıstandan 48,6 faiz, Pakistandan 46,7 faiz, Filippindən 44,3 faiz, Omandan 41,6 faiz, İordaniyadan 39,7 faiz, Polşadan 37,0 faiz, ABŞ-dan 35,1 faiz, İtaliyadan 35,1 faiz, Almaniyadan 27,4 faiz, İrandan 27,2 faiz, Niderlanddan 27,1 faiz, Türkmənistandan 27,0 faiz, Tacikistandan 21,7 faiz, Səudiyyə Ərəbistanından 21,6 faiz, Yəməndən 21,0 faiz, Fransadan 20,0 faiz, Böyük Britaniyadan 19,2 faiz, Misirdən 17,2 faiz, Rusiya Federasiyasından 17,0 faiz, Özbəkistandan 17,0 faiz, Ukraynadan 15,6 faiz, Türkiyədən 12,7 faiz, Moldovadan 11,8 faiz artıb. 2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 faiz artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 faiz artaraq 425,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 faiz artaraq 979,0 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından yararlanıb. 2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2158,9 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,0 faiz, Rusiyaya gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artıb. Azərbaycan vətəndaşlarının 41,0 faizi Türkiyəyə, 20,7 faizi Rusiyaya, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,8 faizi kişilər, 36,2 faizi qadınlar olub. 2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,4 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından yararlanıb.
YƏHUDİLƏRİN VƏ XRİSTİANLARIN ƏN ÇOX SƏYAHƏT ETDİKLƏRİ ÖLKƏ
Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır. Azərbaycanda tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətləri də mövcuddur. Yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi dünyada yüksək imicə malikdir. Ölkəmizə gələn hər bir kəs burada tolerantlıq mühitinin bir daha şahidinə çevrilirlər. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Bəli, bu gün dünyəvi, müasir, dünyaya açıq olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bu gün müsəlman ölkələri ilə yanaşı, yəhudilərin və xristianların da ən çox səyahət etdikləri ölkə kimi Azərbaycanı seçirlər. Belə ki, əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda əsrlərboyu mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri sayəsində yəhudi və xristian icmaları həmişə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan dövlət başçısı daim ölkədə qədim multikultural dəyərlərin, tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan 30 minlik yəhudi icması isə Azərbaycanda əsrlərdir ki, yaşamaqdadır. Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycanda olan multikulturalizm məktəbi, tolerantlıq bu gün yeni mərhələdədir.
2023-CÜ İLLƏ MÜQAYİSƏDƏ XARİCİ TURİSTLƏRİN SAYINDA 48 FAİZ ARTIM
Böyük İpək Yolunun kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin onu müxtəlif mədəniyyətlərin bir araya gəlməsinə və birlikdə inkişaf etdiyi məkana çevrilməsinə şərait yaradır. Təbii ki, ölkəmizin turizm imkanların dünya dövlətlərində təqdimi də turistlərin ölkəmizə axınını artırır. Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir. Onu da xatırladaq ki, Odlar diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizdəki Dövlət Qoruqları da turistlərini diqqətində olan məəkanlardandır. Ölkəmizdə olan qoruqların və muzeylərin 2024-cü ildə ziyarət edənlərin sayında 35 faiz artım olub. Hazırda "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Yerli və xarici ziyarətçilər üçün "Kiş" Tarix-Memarlıq Qoruğunun tərkibindəki Alban Məbədinə, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun tərkibində olan Xan Sarayına, Şəkixanovlar evinə, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə, Şəki Dövlət Rəsm Qalereyasına, həmçinin "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində yerləşən Lahıc Tarix-Diyarşünaslıq muzeyinə, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam muzeyinə və yalnız xarici vətəndaşlar üçün "Diri Baba" türbəsinə biletlə daxil olmaq mümkündür.
Qeyd olunan qoruq və muzeyləri ötən il bilet alaraq ziyarət edənlərin sayı 35 faiz artaraq 663 459 nəfər (460 331 nəfəri xarici vətəndaş, 203 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib. Əvvəlki illərdən fərqli olaraq 2024-cü ildə ziyarətçilərin təxminən 70 faizini əcnəbilər təşkil edib və bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub.
Qeyd edək ki, məktəblilər, əlillər və müharibə veteranları, şəhid ailələri və 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər. 2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib.
Ümumilikdə 2024-cü ildə bilet satışından əldə olunan 5 786 259 manat vəsaitin 866 205 manatı ƏDV olaraq dövlət büdcəsinə ödənilib. Bununla da 2023-cü ilə nisbətən əldə edilən gəlirlərin məbləğində 72 faizdən çox artım qeydə alınıb.
DÜNYADA OLAN 1700 PALÇIQ VULKANINDAN 700-Ü ÖLKƏMİZDƏDİR
Eləcə də yerli və xarici turistlərin istifadəsində olan Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edən 22 352 nəfərin 88 faizini əcnəbilər təşkil edib. Kompleks ötən il bilet satışından 310 829 manat vəsait əldə edib ki, bundan da 47 414 manatı ƏDV olaraq dövlət büdcəsinə ödənilib.
Dünyada olan 1700 palçıq vulkanından 700-ü ölkəmizdədir. Əsasən, Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır. Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan sayılır ki, bunlar Qobustandakı "Qoturdağ" və "Çeyildağ" vulkanlarıdır. Palçıq vulkanları həm müalicəvi xüsusiyyətinə, həm də maraqlı təbiət hadisəsi olduğuna görə turistlərin diqqətindədir. Dünyanın ən böyük vulkanlarından olan "Torağay"a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər turistik önəmini daha da artırmış olur. Təbii ki, palçıq vulkanları yerləşən ərazidə infrastrukturun yaradılması zəruridir. İşğaldan azad olunan ərazilərdə turizm mərkəzləri yaradılIR. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə xəstəlikləri müalicə etmək mümkündür. Zəngilan isə meşə ehtiyatı ilə zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda olub. Hər bir torpağımızda zəngin turizm məkanları mövcuddur. Qarabağ bölgəsinin təkrarolunmaz təbiəti, səfalı yerləri və tarixi abidələri buranı qısa bir zaman məsafəsində turizm məkanına çevirəcək. Mövcud potensialdan səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsini sürətləndiriləcək, turizm imkanlarımız daha da artacaq.
Zümrüd BAYRAMOVA