Azərbaycan ədəbiyyatı Hindistanda Elüca Atalının yaradıcılığı doktorluq üzrə tədqiqat işinin mövzusu olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Stokholm, 27 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
İlin sonu Azərbaycan ədəbiyyatı və İsveçdə yaşayan, Vətəndən kənarda onun inkişafı və təbliği istiqamətində mühüm töhfələr verən soydaşlarımız üçün əlamətdar və sevindirici hadisələrlə yadda qalır. Yaxın günlərdə görkəmli Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin “Bakı 1501” romanı ingilis dilində nəşr olunub. Əsəri ingilis dilinə Höteborqda yaşayan soydaşımız, elmlər doktoru Səadət Kərimi tərcümə edib.
Bu mühüm mədəni hadisəni daha bir əlamətdar yenilik tamamlayıb. Stokholmda yaşayan Azərbaycan yazıçısı və şairi, 50-¬dən çox əsərin müəllifi Elüca Atalının “Xoş gördük, ayrılıq!” adlı kitabı Hindistanda benqal dilində nəşr edilib. Lakin bununla da onun uğurları məhdudlaşmır.
Kəlküttə Universitetində Elüca Atalının fəlsəfi-bədii miniatürləri əsasında doktorluq dissertasiyası yazılıb. “Müasir ədəbi tənqiddə özünü yenidən dərk etmə: Elüca Atalının poeziyasında azadlıq, zaman və müqavimət” mövzusuna həsr olunan bu elmi iş müasir Azərbaycan ədəbiyyatının beynəlxalq akademik və mədəni müstəvidə də tanındığının parlaq göstəricisidir.
Elmi işin müəllifi aparıcı tədqiqatçı Sankar Sarkar, elmi rəhbəri isə Cabalpur şəhərində yerləşən Manqalayatan Universitetinin professoru, elmlər doktoru Vinita Kaur Salucadır.
Tədqiqatçı Sankar Sarkar qeyd edir ki, Elüca Atalının “Özünü gətir”, “Böyükdüm…”, “Yad dildə azadlıq nəğməsi”, “Azadlığın həbsi əllərdən başlayır” və “Özümə həsrət…” şeirlərində yadlaşma, azadlıq, müqavimət, zaman və parçalanmış şəxsiyyət mövzuları ön plana çıxır.
Müəllif yazır ki, Elüca Atalının poeziyası təmkinli, minimalist dili, alleqorik ifadə tərzi və yüksək mənəvi dəyəri ilə seçilir ki, bu da onun yaradıcılığını Uilyam Bleyk, Uilyam Batler Yeyts, Tomas Sternz Eliot, Uistan Hyu Oden, Şeymus Hini, Mahmud Dərviş və Derek Uolkott kimi şairlərin əsərləri ilə müqayisə etməyə imkan verir. İngilis ədəbiyyatının əsas ənənələri ilə dialoqa girən E.Atalı real siyasi mübarizə ilə dərin bağlılığı olan xüsusi etik aydınlığı qoruyub saxlayır. İngilis modernistlərinin yadlaşma halını təsbit etdiyi məqamda o, azadlıq anlayışını formalaşdırır, postmodern poeziyanın mənanı sual altına aldığı nöqtədə isə ədalət, kimlik və azadlıq ideyalarında israr edir.
S.Sarkar vurğulayır ki, E.Atalının poeziyası ədəbiyyatı mənəvi təxəyyül və siyasi şahidlik məkanı kimi təsdiqləyir, poeziyanı təkcə incəsənət deyil, həm də həyat və müqavimət forması kimi dəyərləndirir. Bununla yanaşı, o, şairin poeziyada etik nəsihət funksiyası daşıyan didaktik lirizmi xüsusi qeyd edir. E.Atalının mətnlərindəki güclü müqavimət motivi Hindistan üçün Mahatma Qandi və Rabindranat Taqorun verdiyi mənəvi və mədəni töhfələrlə müqayisə olunur.
AZƏRTAC-ın müxbiri ilə qısa söhbətində Elüca Atalı əsərlərinin beynəlxalq tanınma qazanmasından və benqal dilinə tərcümə olunmasından danışıb.
– Elüca xanım, Hindistanda yaradıcılığınızdan necə xəbər tutublar?
– 2017-ci ildə ABŞ-da mənim “Yad dildə azadlıq nəğməsi” adlı fəlsəfi-bədii miniatürlər kitabım, 2018-ci ildə isə “Heykəllər niyə danışmır” adlı 10 novelladan ibarət kitabım nəşr olundu. Bu nəşrlər “Amazon” da daxil olmaqla, dünyanın 23 platformasında satışa çıxarıldı. Bundan sonra xarici oxuculardan rəy və mesajlar almağa başladım. Onlardan biri Kəlküttə Universitetindən gəlmişdi. Orada əsərlərimin orijinallığı, mövzu və janr xüsusiyyətləri yüksək qiymətləndirildi və kitablarımdan birinin benqal dilinə tərcümə olunması arzusu ifadə edildi. Tərcüməçi benqal şairi Şridhar Sarkar oldu. Əməkdaşlığımız müsbət nəticə verdi, kitab “Xoş gördük, ayrılıq!” adı ilə tərcümə edilərək nəşr olundu. Sonradan əsərlərim Hindistanın bir çox ədəbi jurnallarında dərc edildi və gördüyünüz kimi bu gün elmi tədqiqat obyektinə çevrildi.
İcazə verin, “Xoş gördük, ayrılıq!” kitabının tərcüməçisi, hindistanlı şair Şridhar Sarkarın yaradıcılığımla bağlı fikirlərini də bölüşüm. O, mənim əsərlərimlə tanış olmaqdan və şeir kitabımı tərcümə etməkdən böyük məmnunluq duyduğunu bildirib.
“Yazarın emosional dünyası və məntiqi yanaşması insan təbiətinin dərin qatlarına nüfuz edir. İnsanla təbiət, ağıl ilə şəxsiyyət, həyatla ölüm, yadlaşma ilə birlik arasındakı incə insani bağlar öz-özünə açılır. Onun poeziyasında istifadə etdiyi metaforik dil əsərlərinə yeni ölçü qazandırır. Yaradıcılığı maqnit kimi cəlbedici qüvvəyə malikdir və özündə daşıdığı potensiala görə hələ çox-çox irəli gedə bilər”, – deyə Şridhar Sarkar Elüca Atalının yaradıcılığını dəyərləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 27 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















