Azərbaycan elminin dünyaya açılan qapısı
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müsahibimiz “Azərbaycan Elm Mərkəzi”nin təsisçisi, tədqiqatçı Mübariz Hüseyinovdur
Azərbaycan elminin beynəlxalq miqyasda layiqli yer tutması, alimlərimizin tədqiqatlarının dünyanın nüfuzlu elmi platformalarında indekslənməsi və yayımlanması, yerli elmi jurnalların beynəlxalq akademik nəşr standartlarına uyğunlaşdırılması bu gün qarşıda duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə elmi nəşriyyatçılığın inkişafı, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yerli elmi nəşrlərin dünya akademik məkanında tanıdılmasının xüsusi önəmi var. Bu sahədə “Azərbaycan Elm Mərkəzi”nin (AEM) fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Mərkəz elmi məqalələrin nəşrə hazırlanaraq dərc edilməsi, tədqiqat nəticələrinin beynəlxalq elmi platformalarda yayımlanması, tədqiqatçıların nüfuzlu elmi nəşrlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görür. Bu fəaliyyət Azərbaycan alimlərinin elmi nailiyyətlərinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına, eləcə də ölkəmizin elmi potensialının dünya miqyasında tanıdılmasına mühüm töhfə verir.
Mərkəzin təsisçisi, tədqiqatçı Mübariz Hüseyinovla söhbətimizdə Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılması, elmi məqalələrə və elmi kitablara DOI identifikatorlarının təyin edilməsi, beynəlxalq indeksləşmə, elmi nəşrlərin keyfiyyəti və alimlərimizin və tədqiqatçılarımızın dünya elminə inteqrasiyası məsələlərinə toxunuruq.
– Mübariz müəllim, söhbətimizə ümumi bir sualla başlamaq istərdik. Azərbaycan elminin dünya miqyasında tanıdılması dedikdə nəyi nəzərdə tutursunuz? Bu istiqamətdə hansı addımlar atılmalıdır?
– Azərbaycan elminin dünya miqyasında tanıdılması çoxşaxəli və ardıcıl fəaliyyət tələb edən bir prosesdir. Burada yalnız alimlərimizin və tədqiqatçılarımızın məqalələrinin xarici ölkələrdə dərc olunmasından danışmırıq. Əsas məsələ Azərbaycanda aparılan elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyət üçün əlçatan olması, onların düzgün qiymətləndirilməsi, istinad edilməsi və yeni elmi araşdırmalar üçün mənbəyə çevrilməsidir. Bununla yanaşı, Azərbaycan elminin beynəlxalq elmi mühitdə daha geniş təmsil olunması və tanıdılması üçün tədqiqatların elmi səviyyəsinin yüksəldilməsinə, elmi nəşrlərin beynəlxalq akademik tələblərə uyğunlaşdırılmasına, xarici dildə akademik ünsiyyət imkanlarının genişləndirilməsinə və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilməlidir.
Fikrimcə, bu prosesdə bir-birini tamamlayan üç əsas istiqamətə diqqət yetirilməlidir. Birincisi, yüksək elmi əhəmiyyətə malik tədqiqatların aparılması, ikincisi, əldə olunan elmi nəticələrin beynəlxalq akademik tələblərə uyğun hazırlanaraq nəşr edilməsi, üçüncüsü isə həmin tədqiqatların beynəlxalq elmi ictimaiyyətə çatdırılması və elmi işlərdə istinad mənbəyi kimi istifadə olunmasıdır. Elmi məqalələrin yerli elmi nəşrlərdə dərc olunması ilə yanaşı, onların beynəlxalq elmi bazalarda indekslənməsi və qlobal elmi ictimaiyyətə təqdim edilməsi tədqiqatların elmi təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
– AEM-in fəaliyyətinin əsas istiqamətləri hansılardır? Mərkəz elmi ictimaiyyətə hansı imkanları təqdim edir?
– AEM-in fəaliyyəti beynəlxalq elmi platforma olaraq çoxşaxəlidir. Belə ki, mərkəzin fəaliyyəti yalnız elmi jurnalların dərcindən ibarət deyil. Mərkəzdə jurnalların çapı ilə bərabər, Beynəlxalq Elmi Kitabxana, Elmi Məqalələrin Beynəlxalq Platforması, DOI xidməti və StrikePlagiarism proqramı ilə plagiat xidməti fəaliyyət göstərir. Xidmət sahələrinə həmçinin xüsusi buraxılışların təşkili, beynəlxalq və respublika elmi konfranslarının təşkili və keçirilməsi, tezis toplularının çapı daxildir. Hazırda mərkəzdə elmin müxtəlif sahələrini əhatə edən 8 beynəlxalq elmi jurnal nəşr edilir. Jurnalların veb-saytlarında onların məqsəd və əhatə dairəsi, redaksiya heyəti, yazı qaydaları, nəşr və etik siyasət, həmçinin nəşrlərin jurnalların arxivi təqdim edilir. Bizim üçün əsas məsələ elmi nəşri yalnız məqalələri bir araya gətirən toplu kimi çap etmək deyil, onun elmi ünsiyyətə, bilik mübadiləsinə və yeni elmi nəticələrin yayılmasına xidmət edən platforma kimi fəaliyyət göstərməsidir.
Elmi nəşriyyatçılıq böyük məsuliyyət tələb edir. Bu sahədə əsas meyar dərc olunan məqalələrin sayı deyil, onların elmi əhəmiyyəti və elmi ictimaiyyət üçün faydalı olmasıdır. Məhz bu prinsiplər AEM-in fəaliyyətində keyfiyyətə, akademik məsuliyyətə və elmi nəşrlərin inkişafına xüsusi önəm verilməsini əsaslandırır.
– Son illərdə elmi jurnallarda DOI kodu anlayışına tez-tez rast gəlirik. DOI nədir və elmi məqalənin beynəlxalq səviyyədə tanıdılmasında hansı rolu oynayır?
– DOI ingiliscə “Digital Object Identifier” ifadəsinin qısaltmasıdır, Azərbaycan dilində “Rəqəmsal Obyekt İdentifikatoru” deməkdir. Elmi məqalə, elmi kitab, tədqiqat materialı və digər rəqəmsal nəşrləri internetdə dəqiq müəyyənləşdirmək və onlara davamlı keçid yaratmaq üçün istifadə olunan bu unikal kod Crossref təşkilatı tərəfindən verilərək elmi nəşrlər haqqında məlumatların rəqəmsal mühitdə arxivləşdirilməsi və axtarışını asanlaşdırır. Məsələn, elmi məqaləyə təyin olunan DOI kodu onun müəllifi, məqalə adı, nəşr ili, jurnalın adı və digər biblioqrafik məlumatlarla əlaqələndirilə bilər. Bu məlumatlar tədqiqatçılara öz araşdırmalarına uyğun məqalələri daha asan seçmək, mənbələrə düzgün istinad etmək və elmi ədəbiyyat siyahısını tərtib etmək imkanı yaradır.
Azərbaycan Elm Mərkəzində nəşr edilən beynəlxalq elmi junallarda çap olunan məqalələrə, jurnalların bazasında təşkil olunmuş beynəlxalq və respublika elmi konfrans materiallarına, tezislər toplusunda çap olunan tezislərə DOI təyin edilir. Bununla bərabər, AEM-in bazasında fəaliyyət göstərən Beynəlxalq Elmi Kitabxanaya qəbul edilən elmi kitablar da DOI: 10.36719 kodu ilə identifikasiya olunur.
– AEM-in beynəlxalq elmi nəşriyyatçılıq sahəsində əldə etdiyi nəticələrdən danışarkən Crossref təşkilatı ilə əməkdaşlığı qeyd etdiniz. Bu əməkdaşlığın tarixi və əhəmiyyəti nədən ibarətdir?
– Bu əməkdaşlıq AEM-in beynəlxalq elmi informasiya məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. 2019-cu ildən “Azərbaycan Elm Mərkəzi” Crossref təşkilatının üzvüdür. 2020-ci ildən 2024-cü ilə qədər AEM ölkə üzrə, 2024-cü ildən isə dünya üzrə Crossref təşkilatının rəsmi təmsilçisidir. DOI təyinatı və nəşrlərin Crossref bazasında qeydiyyata alınması onların rəqəmsal mühitdə əlçatanlığını artırır, elmi mənbələrə düzgün istinad edilməsini asanlaşdırır. Bizim əsas məqsədimiz Azərbaycan elminin nailiyyətlərini beynəlxalq elmi ictimaiyyətə daha geniş şəkildə təqdim etmək, elmi nəşrlərin rəqəmsal əlçatanlığını artırmaq və yerli elmi nəşriyyatçılığın beynəlxalq standartlara uyğun inkişafına töhfə verməkdir.
AEM-in Crossref təşkilatına üzv olması ilə bərabər, təmsilçilik hüququ qazanması da əldə etdiyimiz mühüm nailiyyətlərdən biridir. Təşkilatdan 2026-cı ilin iyun ayında aldığımız sonuncu məktubda “Azərbaycan Elm Mərkəzi” tərəfindən indiyədək 8802 elmi məqalə və elmi kitablara DOI: 10.36719 təyin edildiyi və bu nəşrlərin beynəlxalq elmi dövriyyəyə inteqrasiyasına töhfə verildiyi qeyd olunur. Bu göstərici Mərkəzin beynəlxalq elmi mühitdə fəal və davamlı fəaliyyətinin mühüm nəticələrindəndir. Crossref sistemində bu qədər rekord göstəricinin mövcudluğu mərkəzdə dərc olunan məqalə və elmi kitabların beynəlxalq rəqəmsal mühitdə əlçatanlığını artırır, onların dünya üzrə tədqiqatçılar və elmi axtarış sistemləri tərəfindən aşkar edilməsinə, eləcə də elmi istinadlarda istifadə olunmasına şərait yaradır. Beləliklə, elmi nəşrlərin “itib-batmasının” qarşısı alınır.
– Deməli, DOI kodu almaqla beynəlxalq elmi bazalarda indekslənmək eyni anlayış deyil?
– Bəli, bunları fərqləndirmək vacib məsələdir. DOI və beynəlxalq indeksləşmə elmi nəşrin beynəlxalq dövriyyədə iştirakına xidmət etsə də, hər biri fərqli funksiyalar daşıyır. DOI məqalənin rəqəmsal arxivləşməsini və ona istinad verilməsini təmin edir. Məsələn, Crossref təşkilatı elmi nəşrlər üçün DOI qeydiyyatı və biblioqrafik metadatanın idarə olunması ilə bağlı xidmətlər təqdim edir, beynəlxalq nüfuzlu indeks bazaları olan Scopus və Web of Science isə öz seçim və qiymətləndirmə meyarlarına cavab verən elmi nəşrləri platformalarına qəbul edirlər.
Müəlliflərə və gənc tədqiqatçılara tövsiyəm budur ki, məqalələrini hər hansı jurnala göndərməzdən əvvəl həmin jurnalın ISSN və e-ISSN nömrələrini, DOI kodu ilə bağlı məlumatı, ən əsası isə jurnalın hansı beynəlxalq elmi bazalarda indeksləndiyini müvafiq bazaların rəsmi mənbələri vasitəsilə yoxlasınlar. Yuxarıda qeyd etdiklərimlə bərabər, jurnalın öz veb-saytında və ya reklam materiallarında göstərilən məlumatları müstəqil şəkildə dəqiqləşdirmək elmi nəşr etikasının mühüm hissəsidir.
– Bu gün elmi jurnalların beynəlxalq indekslərdə təmsil olunması nə üçün bu qədər əhəmiyyətlidir?
– Beynəlxalq indekslərdə təmsil olunma elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə çatdırılması, elmi nəticələrin sayının artırılması, istinad imkanlarının genişləndirilməsi və elmi nəşrlərin beynəlxalq elmi mühitdə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan aliminin tədqiqatları beynəlxalq elmi axtarış sistemlərində əlçatan olduqda, digər ölkə alimləri və tədqiqatçıları bu tədqiqatlarla tanış ola, onların nəticələrinə istinad edə və müvafiq mövzular üzrə elmi müzakirələrdə iştirak edə bilərlər. Bu, elmi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Lakin burada bir incə məqam var. Bütün beynəlxalq indeks bazaları eyni statusa malik deyil. Hər bir bazanın öz məqsədi, əhatə dairəsi və seçim meyarları var. Buna görə də elmi jurnalın beynəlxalq nüfuzunu yalnız indekslərin sayına görə qiymətləndirmək düzgün deyil. Jurnalın elmi siyasəti, redaksiya heyətinin və müəlliflərin coğrafi əhatəsinin müxtəlifliyi, rəy prosesi, nəşr etikası, müəlliflər haqqında məlumatların şəffaflığı, məqalələrin elmi yeniliyi və nəşrin davamlılığı birlikdə nəzərə alınmalıdır. Bizim məqsədimiz beynəlxalq indekslərdə təmsil olunmağı formal göstəriciyə çevirmək deyil. Əsas məsələ Azərbaycan elmi nəşrlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması və elmi ictimaiyyətin uzunmüddətli etimadını qazanmasıdır.
– “Elmi İş” Beynəlxalq Elmi Jurnalın beynəlxalq indeks bazalarına daxil olması barədə danışmağınızı istərdik. Bu sahədə əldə etdiyiniz nəticələr elmi içtimayəti daha çox maraqlandırmaqdadır və bu barədə dünyanın bir çox elmi dairələrində də məlumatlar yayılmaqdadır. SCOPUS, ERIH PLUS, EBSCO, CAS, AGRIS, INDEX COPERNICUS və digər beynəlxalq platformalarla bağlı fəaliyyətiniz hansı istiqamətlərdə inkişaf edir?
– AEM-nın nəşri olan elmi jurnalların beynəlxalq elm aləmində təmsil olunması mühüm istiqamətlərdən biridir. Çünki müasir dövrdə elmi nəşrin əhəmiyyəti təkcə onun çap olunması ilə məhdudlaşmır. Həmin nəşrlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən əlçatanlığı, müzakirə olunması, qiymətləndirilməsi və elmi tədqiqatlarda istinad edilməsi çox vacib məsələdir. Bu istiqamətdə müxtəlif beynəlxalq elmi məlumat bazaları və indeksləmə platformaları ilə əməkdaşlığa xüsusi diqqət yetiririk. Yeri gəlmişkən, qürurla deməliyəm ki, “Elmi iş” Beynəlxalq Elmi Jurnalı 2026-cı ilin fevral ayından SCOPUS beynəlxalq elmi məlumat bazasına qəbul edilib. Bunun necə böyük bir uğur olduğunu xüsusi qeyd etmək istəyirəm. Bu günə qədər SCOPUS bazasına daxil olmuş yüz mindən çox elmi jurnal sırasında öz ana dilində qəbul olunan onlarla jurnaldan biri də “Elmi İş” Beynəlxalq Elmi Jurnalıdır. Bununla yanaşı, qeyd etmək istərdim ki, “Elmi İş” Beynəlxalq Elmi Jurnalı ölkəmizdə Scopus bazasında indekslənən ilk anadilli humanitar və ictimai elmləri əhatə edən multidisiplinar jurnaldır. Jurnal Scopus bazasında 223 multidisiplinar jurnal sırasında yer alır.
– Burada təbii bir sual yaranır: hazırda ölkədə fəaliyyət göstərən yüzlərlə elmi jurnalın çoxu heç bir beynəlxalq elmi bazada yoxdur. Nə üçün?
– Bu gün bu sualın cavabı axtarılmalıdır. Əslində, bu sualın cavabını söyləyə bilərəm, amma düşünürəm ki, ağır ittiham olar. Qısaca qeyd etmək istəyirəm ki, əgər bir elmi jurnal heç bir indeks bazasına daxil deyilsə, belə jurnalları yalnız “ölü” jurnal adlandırmaq olar. Təəssüf ki, belə jurnallarda yüzlərlə akademik keyfiyyətə malik məqalələr itib-batmaqdadır. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, bu qeyd etdiyim jurnalların adı onun benəlxalq olduğunu bildirsə də, lakin bu jurnalların fəaliyyəti onların qeyd etdiyi məqsəd və əhatə dairəsi ilə dəstəklənmir. Hesab edirəm ki, Azərbaycan elmi nəşriyyatçılığının qarşısında duran əsas vəzifələrdən biri formal beynəlxalq statusdan daha çox, real beynəlxalq elmi fəaliyyətə nail olmaqdır.
– Bu sırada nəşrlərinizdən biri haqqında ayrıca danışmağınızı istərdik. Söhbət “Elmi iş” Beynəlxalq Elmi Jurnalının bazasında 2023 və 2024-cü illərdə təşkil etdiyiniz Zəngəzurun tarixi və coğrafiyasına həsr olunmuş beynəlxalq elmi konfranslardan gedir…
– Çox sağ olun. Zəngəzurun tarixi və coğrafiyasına həsr olunmuş bu konfransların təşkilini yalnız elmi fəaliyyətimizin nəticəsi kimi deyil, həm də milli tarixi yaddaşımızın beynəlxalq elmi müstəvidə təqdim olunması baxımından əhəmiyyətli layihə hesab etmək olar. Çünki Zəngəzur haqqında danışmaq, onun tarixi keçmişini, coğrafiyasını, toponimlərini, maddi-mədəni irsini və bölgənin Azərbaycan tarixindəki yerini araşdırmaq bizim üçün yalnız elmi məsələ deyil, həm də milli yaddaş və tarixi həqiqətlərin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin burada mühüm bir sual yaranır: bu məlumatlar beynəlxalq elmi ictimaiyyətə nə dərəcədə əlçatandır? Elmi nəticələrimizin ölkə hüdudlarından kənarda xarici tədqiqatçılar tərəfindən araşdırmalarda istinad olunması üçün hansı imkanları yaradırıq? Məhz bu suallar Zəngəzurun tarixi və coğrafiyasına həsr olunmuş beynəlxalq elmi konfransların təşkil edilməsini zəruri edən amillərdəndir.
2023 və 2024-cü illərdə konfrans materialları formatında hazırladığımız bu nəşrlərdə Zəngəzurun tarixi, coğrafiyası, toponimləri, təbii sərvətləri və mədəni irsinə həsr olunmuş 217 məqalə yer alır. Bu materialların əhəmiyyəti ondadır ki, müxtəlif tədqiqatçıların araşdırmaları iki elmi məcmuədə toplanaraq mövzunun çoxşaxəli şəkildə öyrənilməsinə imkan yaradır və Zəngəzur ayrı-ayrı mülahizələrin deyil, elmi araşdırmalar, tarixi mənbələr və faktlar əsasında müzakirə olunan tədqiqat mövzusuna çevrilir. Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, “Zəngəzurun tarixi və coğrafiyası” adlı Beynəlxalq Elmi Konfrans materialları Scopus beynəlxalq elmi məlumat bazasında indekslənmişdir. Ümumiyyətlə, bu konfranların təşkili AEM-in növbəti uğurlarından biridir.
“Zəngəzurun tarixi və coğrafiyası” adlı Beynəlxalq Elmi Konfrans materiallarının üz qabığında Azərbaycan bayrağının yerləşdirilməsi də xüsusi məna daşıyır. Bu, dövlətçiliyimizə və milli kimliyimizə münasibətimizin ifadəsidir. Etiraf edim ki, konfrans materiallarının üz qabığında Azərbaycan bayrağını yerləşdirmək qərarını verərkən müəyyən narahatlığımız vardı. Beynəlxalq elmi indeksli bir nəşrdə dövlət rəmzinin bu şəkildə təqdim edilməsinin indeks bazalarının tələbləri baxımından hər hansı məhdudiyyət qoyulub-qoyulmayacağını düşünürdük. Lakin bu istiqamətdə heç bir maneə ilə qarşılaşmadıq. Nəticədə, həm elmi məzmunu, həm də milli kimliyimizi ifadə edən rəmzi ilə seçilən bu nəşri beynəlxalq auditoriyaya mükəmməl şəkildə təqdim etdik.
Bizim üçün bu konfransların əsas əhəmiyyəti Zəngəzurun tarixi və coğrafiyası ilə bağlı araşdırmaların dünya elmi ictimaiyyətinə çatdırılması idi. Bu mövzuya maraq göstərən tədqiqatçılar konfrans materiallarında dərc olunan məqalələrlə tanış olaraq, orada irəli sürülən fikirləri elmi mənbələr əsasında araşdıra və elmi müzakirələrə qoşula bilərlər. Tariximiz haqqında həqiqətlərin beynəlxalq elm aləmində tanıdılması yalnız bəyanatlar səviyyəsində qalmamalı, eyni zamanda elmi araşdırmalarla möhkəmləndirilməlidir. Zəngəzurun tarixi ilə bağlı müxtəlif iddialara ən tutarlı cavab emosional mübahisələr deyil, sənədlərə, tarixi mənbələrə və elmi təhlillərə əsaslanan araşdırmalar təşkil edir. Bu konfransları da məhz bu məqsədlə təşkil etmişik: Azərbaycan tədqiqatçılarının elmi mövqeyini beynəlxalq akademik mühitdə təqdim etmək, tarixi yaddaşımıza dair bilik və məlumatları sistemləşdirmək və gələcək elmi araşdırmalar üçün etibarlı mənbə bazası formalaşdırmaq. Çünki elmi həqiqətin gücü onun yüksək səslə ifadə olunmasında deyil, əsaslı faktlarla təqdim olunmasındadır.
– Sonda Azərbaycan elminin gələcəyi ilə bağlı fikirlərinizi bilmək istərdik. Dünya elminə inteqrasiya yolunda qarşıda hansı hədəflər durur?
– Azərbaycan elminin beynəlxalq miqyasda tanınması üçün geniş imkanlar mövcuddur. Bunun üçün elmi potensialımızı müasir nəşr tələbləri, rəqəmsal texnologiyalar və beynəlxalq əməkdaşlıq imkanları ilə birləşdirməliyik. Mənim qənaətimə görə, qarşıda duran əsas hədəflər keyfiyyətli tədqiqatların sayının yüksəldilməsi, elmi jurnalların redaksiya siyasətinin təkmilləşdirilməsi, DOI və ORCID kodlarından düzgün istifadə edərək beynəlxalq məlumat bazalarında şəffaf təmsilçilik və tədqiqatçıların qlobal elmi əməkdaşlıqda fəal iştirakıdır.
Bununla yanaşı, Azərbaycan elminin milli xüsusiyyətlərini qorumaq da vacib məsələdir. Dünya elminə inteqrasiya milli elmi ənənələrdən uzaqlaşmaq demək deyil. Əksinə, ölkəmizdə aparılan tədqiqatların beynəlxalq elm aləmində təqdim olunması Azərbaycan elmi irsinin və müasir araşdırmalarımızın daha geniş tanıdılmasına xidmət etməlidir. Elmin nüfuzu ilk növbədə onun yaratdığı biliklə, cəmiyyətə verdiyi töhfə və beynəlxalq elmi ictimaiyyətin etimadı ilə ölçülür. Əminəm ki, elm və təhsil müəssisələri ilə birgə əməkdaşlığımız Azərbaycan elminin dünya miqyasında daha geniş tanınmasına mühüm töhfə verə bilər.
– Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Namiq Qədimoğlu
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Noyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















