Azərbaycan Litva: möhkəm təməl üzərində strateji tərəfdaşlıq
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baltik ölkəsi “Odlar yurdu”nun Avropa diplomatiyasında fəal rol oynayır
Azərbaycan və Litva strateji tərəfdaşlardır. Dünən ölkələr arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xarici işlər nazirləri Ceyhun Bayramov və Kestutis Budris imzaladılar. 25 noyabr 2026-cı il tarixini Bakı-Vilnüs münasibətləri baxımından əlamətdar saymaq mümkündür. Birgə Bəyannamədə bu məqam qeyd edilir. Ümumən, sənəd ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılılıq, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yeni çərçivə yaradır. Əlaqələr isə həmişə, kifayət qədər, dinamik məcrada olub.
Əvvəla, onu deyək ki, Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avropa dövlətləri ilə qarşılıqlı maraqlara, bərabərhüquqlu əməkdaşlığa və milli mənafelərin uzlaşdırılmasına əsaslanan münasibətlərin inkişafı təşkil edir. Mövcud siyasət beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi, iqtisadi imkanlarımızın genişləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyimizin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan–Litva münasibətlərində son dövrlər müşahidə edilən dinamika məhz bu yanaşmadan irəli gələn tədbirlərin real praktik anlamı sayıla bilər. O anlam ki, dünəndən etibarən özündə barəsində söz açdığımız Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə kazusunu birləşdirir. Amma sənədin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərin diplomatik statusunun yüksəlməsi ilə məhdudlaşmır.
Birgə Bəyannamə dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın Avropa ilə əlaqələrinin dərinləşdirilməsi, Xəzər-Qara dəniz-Baltik istiqamətində iqtisadi və nəqliyyat bağlantılarının gücləndirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyətin genişləndirilməsi nöqteyi-nəzərdən mühüm siyasi məzmun daşıyır. Belə bir sistemli məzmunun formalaşmasının isə tarixi təməli var.
* * *
Azərbaycan-Litva münasibətlərinin təməlində hər iki xalqın dövlət müstəqilliyinə, milli suverenliyə və azadlıq ideallarına bağlılığı dayanır. Çünki Sovet İttifaqının süqutu ərəfəsində müstəqillik uğrunda mübarizə aparan Azərbaycan və Litva xalqlarının tarixi talelərində müəyyən oxşarlıqlar mövcuddur. Hər iki xalq öz milli dövlətçiliyini bərpa etmək, siyasi iradəsini ifadə etmək və gələcəyini müstəqil müəyyənləşdirmək uğrunda mürəkkəb sınaqlardan keçib.
Litva Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 20-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci il noyabrın 20-də qurulub. 2007-ci ildə hər iki ölkənin paytaxtında səfirliklərin fəaliyyətə başlaması isə münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.
Yeri gəlmişkən, 2007-ci ildə Azərbaycan və Litva arasında Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Bəyannamənin imzalanması ikitərəfli əlaqələrin siyasi çərçivəsini müəyyənləşdirib. Bir məqamı da vurğulayaq ki, Azərbaycan–Litva münasibətlərinin hüquqi bazasının genişlənməsi də ikitərəfli münasibətlərin mühüm göstəricisidir. İndiyədək Bakı və Vilnüs arasında 45 sənəd imzalanıb, daha 7 sənəd üzərində iş aparılır. Deməli, əlaqələr təsadüfi siyasi təmaslardan ibarət deyil, uzunmüddətli əməkdaşlıq mexanizmləri üzərində qurulub. Belə nəticəyə gəlmək mümkündür ki, Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əvvəlki illərdə yaradılmış siyasi və hüquqi bazanın məntiqi davamı, eyni zamanda, münasibətlərin daha geniş istiqamətlər üzrə inkişafı üçün yeni imkanların açılmasıdır.
* * *
Qlobal məzmundan söz düşmüşkən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu Bakı-Vilnüs münasibətlərinin geoiqtisadi məzmununu müəyyənləşdirən başlıca amillərdəndir. Litva enerji təhlükəsizliyi məsələsinə xüsusi həssaslıqla yanaşır. Ölkə özünün xarici iqtisadi siyasətində Baltik regionunun enerji asılılığını azaltmağı, alternativ təchizat imkanlarını genişləndirməyi və enerji infrastrukturunu gücləndirməyi rəhbər tutur. Bu baxımdan onun Azərbaycanla əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır.
Əlbəttə, söhbət yalnız ənənəvi enerji resurslarından deyil, bərpaolunan enerji, elektrik enerjisinin ötürülməsi, yaşıl texnologiyalar və enerji infrastrukturunun inkişafından gedir. Yəni Prezident İlham Əliyev də Litvanın xarici işlər naziri K.Budrisi qəbul edərkən, ikitərəfli münasibətlərin strateji xarakterini əbəs yerə qabartmayıb. Həmçinin dövlətimizin başçısının bu baxımdan enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğu üzərində dayanması və nazir Budrisin ölkəmizə səfərini bu baxımdan vacib addım kimi qiymətləndirməsi təsadüfi deyil.
* * *
Azərbaycan-Litva münasibətlərinin yeni mərhələsində nəqliyyat və logistika əməkdaşlığı xüsusi diqqət tələb edir. Çünki müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri artıq yalnız iqtisadi əlaqələrin vasitəsi deyil, həm də dövlətlərin geosiyasi mövqelərinə, regional təsir imkanlarına və iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Trans– Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin və Mərkəzi Asiyadan başlayaraq, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış imkanı yaradır. Bu marşrutun inkişafı Şərq-Qərb ticarət əlaqələrinin genişləndirilməsi ilə yanaşı, beynəlxalq yükdaşımaların alternativ istiqamətlər üzrə şaxələndirilməsinə də xidmət edir. Litvanın da bu prosesdə iştirakı üçün əlverişli imkanlar mövcuddur. Baltik dənizinin mühüm limanlarından olan Klaypeda və ölkənin inkişaf etmiş nəqliyyat infrastrukturu Avropa bazarlarına çıxış baxımından əhəmiyyətli logistika potensialına malikdir. Bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi Xəzər və Baltik hövzələri arasında daha səmərəli iqtisadi bağlantıların formalaşmasına zəmin yarada bilər.
* * *
Azərbaycan-Litva münasibətlərinə daha geniş geosiyasi kontekstdən yanaşdıqda ikincinin Avropa İttifaqındakı mövqeyi ayrıca vurğulanmalıdır. Nəzərə alaq ki, Litva 2027-ci il yanvarın 1-dən iyunun 30-dək Avropa İttifaqı Şurasına sədrlik edəcək. Belə bir dövrdə Bakı ilə Vilnüs arasında strateji tərəfdaşlığın rəsmiləşdirilməsi Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından da əlavə imkanlar yaradır. Nəzərə alaq ki, noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində Prezident İlham Əliyevlə Litva Prezidenti Gitanas Nauseda arasında keçirilən görüşdə bu məsələlər diqqət mərkəzində olub. Litva Prezidenti ölkəsinin Aİ Şurasına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına dəstək verməyə hazır olduğunu bildirib. Xüsusilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması təşəbbüsünə Litvanın dəstəyi əhəmiyyətli məqam kimi diqqət çəkib. Dünən Bakıda keçirilmiş görüşlərdə də bu istiqamətdə müzakirələr davam etdirilib. K.Budris ölkəsinin sədrliyi dövründə Azərbaycanla Aİ arasında siyasi dialoqun, enerji, ticarət və nəqliyyat bağlantıları sahəsində əməkdaşlığın gücləndirilməsinə çalışacağını bəyan edib.
Diqqətə çatdırdığımız fikirlər fonunda ortaya bir məqam çıxır. Ölkəmiz Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələri inkişaf etdirməklə yanaşı, həmin münasibətlərin Brüssel-Bakı dialoquna müsbət təsir göstərməsinə də önəm verir. Altını cizərək bildirək ki, bu önəm heç də gələcəkdə Aİ-yə üzvlük prioritetini rəhbər tutmur. Yəni buna ehtiyac yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Aİ-yə üzv 10 dövlətlə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Litva ilə imzalanmış yeni Bəyannamə bu əməkdaşlıq coğrafiyasının daha da genişlənməsinə xidmət edir. Burada mühüm olan digər məqam tərəflərin münasibətlərə qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında yanaşmasıdır. Azərbaycan üçün də Avropa ilə əlaqələrdə milli maraqların qorunması, qarşılıqlı fayda və siyasi dialoqun konstruktiv xarakteri əsas meyarlardır.
* * *
Litva xarici işlər nazirinin ölkəmizə səfəri çərçivəsində biznes forumunun keçirilməsi iqtisadi münasibətlərin canlandırılması niyyətinin göstəricisidir. Nəzərə alaq ki, bu canlanma baxımından kənd təsərrüfatı, ərzaq sənayesi, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, tikinti, nəqliyyat və turizm qarşılıqlı əməkdaşlıq üçün perspektivli sahələrin dəyərləndirilməsinə ehtiyac böyükdür. Hər halda, Azərbaycan bazarı Litva şirkətləri, Litva isə Azərbaycan sahibkarları üçün Baltik regionuna çıxış baxımından yeni imkanlar yarada bilər. Ayrıca investisiya əməkdaşlığının genişləndirilməsinin, birgə müəssisələrin yaradılmasının, sənaye və texnologiya sahəsində təcrübə mübadiləsinin strateji tərəfdaşlığın iqtisadi məzmununun zənginləşməsində mühüm rol oynayacağını proqnozlaşdırmaq mümkündür.
* * *
Azərbaycan-Litva münasibətlərinin inkişafına təsir göstərən amillər sırasında regional və beynəlxalq təhlükəsizlik məsələləri də xüsusi yer tutur. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Şərqi Avropada təhlükəsizlik mühitinin mürəkkəbləşməsi, hibrid təhdidlərə qarşı mübarizə və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyi hər iki ölkənin diqqət mərkəzindədir. Litva Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması istiqamətində atdığı addımları dəstəkləyir. Rəsmi Vilnüsün yanaşmasında Cənubi Qafqazda sabitliyin qərarlaşması yalnız regional dövlətlərin deyil, bütövlükdə, Avropanın iqtisadi və təhlükəsizlik maraqlarına uyğun proses kimi dəyərləndirilir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Litva münasibətlərinin yeni mərhələsi təkcə diplomatik sənədin imzalanması ilə səciyyələnmir. Söhbət iki ölkənin dəyişən beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını uzlaşdırmaq, iqtisadi imkanlarını genişləndirmək və regional proseslərdə daha fəal iştirak etmək istəyindən gedir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu baxımdan siyasi iradənin və qarşılıqlı etimadın ifadəsidir. İndi əsas vəzifə sənəddə əksini tapan istiqamətlərin konkret layihələrə, iqtisadi nəticələrə və davamlı əməkdaşlıq mexanizmlərinə çevrilməsidir.
Sonda onu da deyək ki, Azərbaycanın enerji, nəqliyyat və tranzit imkanları, Litvanın Avropa İttifaqındakı mövqeyi və Baltik regionundakı logistika potensialı bir-birini tamamlayan mühüm üstünlüklərdir. Bu üstünlüklərin uzlaşdırılması Xəzərdən Baltikədək uzanan yeni iqtisadi əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verə bilər. Məhz bu mənada Bakı-Vilnüs münasibətlərində yeni mərhələni 2 dost ölkənin əlaqələrinin inkişafı ilə yanaşı, Azərbaycanın Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin, enerji diplomatiyasının və regional bağlantılar strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirmək mümkündür.
Əvəz CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Noyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















