Icma.az
close
up
RU
“Azərbaycan Mərakeş dostluğu ildən ilə daha da möhkəmlənir” Səfir

“Azərbaycan Mərakeş dostluğu ildən ilə daha da möhkəmlənir” Səfir

525.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda Mərakeşin Milli bayramı – Əlahəzrət Kral VI Məhəmmədin taxta çıxmasının 27-ci ildönümü münasibətilə rəsmi qəbul keçirlib.

525.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət Himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxışında deyib ki, Taxt Günü Mərakeşin ən mühüm milli bayramlarından biridir. On iki əsrdən artıq tarixə malik olan bu ənənə Mərakeş xalqı ilə onun hökmdarı arasında mövcud olan sarsılmaz sədaqət və qarşılıqlı öhdəlik bağını ifadə edir. Bu gün eyni zamanda ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salmaq üçün də mühüm fürsətdir.

Səfir deyib ki, ötən il bir daha göstərdi ki, Əlahəzrət Kralın son iyirmi ildən artıq müddətdə həyata keçirdiyi strateji baxış öz aktuallığını qoruyub saxlayır. Bu baxış iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, infrastrukturun inkişafı və sosial tərəqqi prinsiplərinə əsaslanır.

“Bu gün Mərakeş ildə 1 milyondan artıq avtomobil istehsal gücü ilə Afrikanın aparıcı nəqliyyat istehsalı və ixrac platformasına çevrilib. Aerokosmik sənaye də Mərakeşin sənaye inkişafının əsas sütunlarından biri olub. Hazırda Krallıqda bu sahədə 150-dən çox şirkət fəaliyyət göstərir. Eyni zamanda, Rabat yaxınlığında “Gotion High-Tech” şirkətinin akkumulyatorlar üçün nəhəng “gigafactory” zavodunun tikintisi Mərakeşin elektromobillər, enerji saxlama sistemləri və təmiz texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində yeni mərhələnin əsasını qoyur. Bu sənaye yüksəlişi Mərakeşi region və dünya ilə daha sıx əlaqələndirən iri infrastruktur layihələri ilə dəstəklənir. Daxla Atlantik Limanının tikintisi Mərakeşin Avropa, Afrika və Atlantik arasında strateji keçid məntəqəsi kimi mövqeyini daha da gücləndirəcəkdir. Bu layihə xüsusilə Sahel ölkələri üçün ticarət, investisiya və regional inteqrasiya sahəsində yeni imkanlar yaradacaq. Eyni əməkdaşlıq ruhu və Cənub-Cənub tərəfdaşlığı Afrika-Atlantik Qaz Boru Kəməri layihəsinin də əsasını təşkil edir. Ötən həftə Sierra-Leonedə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) üzv olan 12 dövlət başçısı tərəfindən layihəyə verilən dəstək bu iddialı təşəbbüsün həyata keçirilməsində mühüm addım olub. Nigeriyadan Mərakeşə qədər Atlantik sahili boyunca uzanacaq və 13 ölkəni əhatə edəcək bu boru kəməri təkcə regional enerji təhlükəsizliyini möhkəmləndirməyi deyil, həm də Qərbi Afrika və Sahel ölkələrinin sənaye inkişafına və yeni iqtisadi imkanların yaradılmasına xidmət etməyi hədəfləyir”, - diplomat bildirib.

O əlavə edib ki, Mərakeşin inkişafı idman, mədəniyyət və turizm sahələrində də aydın şəkildə özünü göstərir: “Ölkəmizin futbolda qazandığı mühüm uğurlar 2008-ci ildən etibarən Əlahəzrət Kralın rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli milli strategiyanın nəticəsidir. Beləliklə, idman artıq yalnız milli qürur mənbəyi deyil, həm də gənclərin inkişafı, sosial inklüzivlik və iqtisadi fəaliyyət üçün mühüm vasitəyə çevrilib. Eyni dinamizm Mərakeşin mədəniyyət və turizm sektorlarında da müşahidə olunur. Ölkəmiz zəngin tarixi, mədəni müxtəlifliyi, möhtəşəm təbiəti və canlı ənənələri ilə seçilir. Atlantik sahillərindən Saxaraya, imperiya şəhərlərindən Atlas dağlarına qədər Mərakeş dünyanın hər yerindən turistləri və kino istehsalçılarını cəlb etməyə davam edir. Yeni çəkilmiş məşhur “The Odyssey” filminin bir çox səhnələri də Mərakeşdə lentə alınmışdır və bu, Krallığı çəkiliş məkanı kimi seçən beynəlxalq film layihələrinin uzun siyahısını daha da genişləndirir”.

Məhəmməd Adil Embarş söyləyib ki, 2025-ci ildə Mərakeş təxminən 20 milyon turist qəbul edib ki, bu da Krallığın Afrikanın bir nömrəli turizm istiqaməti kimi mövqeyini bir daha təsdiqləyir: “Ötən il diplomatik sahədə də mühüm hadisələrlə yadda qalıb.  BMT Təhlükəsizlik Şurasının 2797 saylı qətnaməsinin qəbul edilməsi Mərakeş Səhrası ilə bağlı beynəlxalq prosesdə mühüm irəliləyiş olub. Qətnamə Mərakeşin 2007-ci ildə irəli sürdüyü Muxtariyyət Təşəbbüsünü bu regional mübahisənin real, praqmatik və davamlı siyasi həlli üçün aparılan danışıqların əsas çərçivəsi kimi təsbit edir”.

Səfir Azərbaycanla münasibətlərdən də söz açıb, bildirib ki, iki ölkə arasında dostluq münasibətləri ildən-ilə daha da möhkəmlənir: “Ölkələrimiz qarşılıqlı hörmətə, siyasi etimada, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliyə əsaslanan möhkəm tərəfdaşlığı bölüşür. Siyasi dialoqumuz intensivləşib, yüksək səviyyəli təmaslar artıb, ikitərəfli əməkdaşlıq getdikcə daha çox sahəni əhatə etməyə başlayıb. İqtisadi və ticarət əlaqələri genişlənir, xalqlarımız arasında təmaslar isə daha da sıxlaşır. Vizasız gediş-gəliş haqqında saziş turizmə və insanlar arasında əlaqələrə yeni təkan verib, biznes, investisiya və qarşılıqlı tanışlıq üçün yeni imkanlar yaradıb”.   

Səfir deyib ki, bu əziz Milli bayramı qeyd edərkən, eyni zamanda Mərakeş ilə Azərbaycanı birləşdirən sarsılmaz dostluğu da qeyd edirik: “Qoy bu dostluq xalqlarımızın rifahı, eləcə də regionumuzun sabitliyi və tərəqqisi naminə bundan sonra da daha da möhkəmlənsin”.

Mədəniyyət naziri Adil Kərimli çıxışında Azərbaycan hökuməti və xalqı adından Mərakeş xalqını və hökumətini təbrik edib. Bildirib ki, bu gün Azərbaycan ilə Mərakeş arasında münasibətlər həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət, etimad və dəstək prinsipləri əsasında uğurla inkişaf edir. İkitərəfli əsaslarla əməkdaşlığımız çərçivəsində qarşılıqlı olaraq dövlət və hökumət nümayəndələrinin səfərləri təşkil edilir. Qeyd edilməlidir ki, 28 sentyabr 2007-ci ildə təsis edilmiş “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya” bu əlaqələrin inkişafında xüsusi rol oynayır.

“Eyni zamanda 2024-cü il mayın 4-də “Ümumi vətəndaş pasportlarına sahib vətəndaşların vizadan azad edilməsi haqqında Saziş”in imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu saziş, şübhəsiz ki, insanlar arasında təmasların genişlənməsinə, turizm və işgüzar əlaqələrin inkişafına mühüm töhfə verib. Sevindirici haldır ki, ötən il Mərakeşdən Azərbaycana gələn turistlərin sayında 28 faiz artım qeydə alınmış, onların ümumi sayı 4300 nəfəri ötüb. Azərbaycan Respublikası dini, tarixi və mədəni dəyərlərlə sıx bağlı olduğu Mərakeş Krallığı ilə münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. İnanırıq ki, dövlət başçılarımızın siyasi iradəsi, qarşılıqlı etimad və dostluq münasibətləri sayəsində ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar və mədəni əlaqələr bundan sonra da yeni məzmunla zənginləşəcək, xalqlarımızın rifahına və regionlarımızda sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir”, - nazir bildirib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri