Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 iyul, AZƏRTAC
Çiçəklər öz ətri, sular öz aydınlığı, işıq öz nuru ilə dünyaya bağlı olduğu kimi, insan da yalnız öz sevgisi ilə yaşayır, yaradır. Bu sevgini isə qoruyan böyük qəlbin istək və amalıdır. 150 il əvvəl Azərbaycan xalqına nur bəxş etmək arzuları ilə Həsən bəy Zərdabi (Məlikov) adlı çırpınan bir ürək parladı bu Vətəndə və ana dilində “Əkinçi” qəzetini nəşr edərək yurdunun ilk maarifçi günəşinə çevrildi.
Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında vurğulanıb: “150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər tarix üzrə fəlsəfə doktoru, dosent, Ali Media Mükafatı laureatı, H.B.Zərdabi diplomçusu Esmira Cavadovanın “Azərbaycan milli mətbuatının yaradıcısı - Həsən bəy Zərdabi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.
Həsən bəy 1842-ci ildə Şirvanın Zərdab kəndində Səlim bəyin ailəsində dünyaya göz açıb. İlk təhsilini mollaxanada alıb, ərəb-fars dillərində yazıb-oxumağı öyrənib, lakin dini təhsilə marağı olmadığı üçün atası onu 1852-ci ildə Şamaxıda 4 sinifli rus məktəbinə qoyub. Məktəbi əla qiymətlərlə bitirib. 1858-1861-ci illərdə I Tiflis Gimnaziyasında təhsil alıb. Həmin dövrdə Həsən bəyin həyata baxışı formalaşıb. Bir tərəfdən gimnaziya müəllimləri, digər tərəfdən isə dayısı Fərəc bəy Ağayevin vasitəsilə yaxından tanış olduğu tanınmış ziyalılar - Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə (1812-1878), general-mayor İsmayıl bəy Qutqaşınlı (1806-1861), Qori Müəllimlər Seminariyasının müəllimi knyaz İlya Çavçavadze (1837-1907), inqilabçı Mixail Kipyani (1849-1905), habelə Abbasqulu ağa Bakıxanov (1794-1847), Abdulla ağa Bakıxanov (1842-1879) və daha neçə-neçə nüfuzlu şəxsiyyətlərlə həmsöhbət olması, onları dinləməsi Həsən bəyin dünyagörüşünün formalaşmasına təsir göstərib.
Gimnaziyanı gümüş medalla bitirdiyi üçün Həsən bəy 1861-ci ildə dövlət hesabına Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsinin Təbiət elmləri bölməsinə qəbul olub və 1865-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib, hətta yazdığı diplom işinə görə ona təbiət elmləri namizədi elmi dərəcəsi verilib. Həsən bəyə Moskva Universitetində qalıb elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq təklif edilsə də, o, Vətənə qayıdaraq xalqına kömək etməyi vacib bilib. Elə həmin ildən də onun çətin günləri başlayıb. İşə düzəldiyi bir neçə yerdə - Borçalı qəzasının Tiflis Torpaq Palatasında, Bakı Quberniya İdarəsində, Quba Barışıq Məhkəməsində o, avam əhalinin mənafeyini müdafiə etdiyi, onlara pulsuz şikayət ərizələri yazdığı üçün hökumət məmurlarının xoşuna gəlməyib, təqibə məruz qalıb, hətta həyatına sui-qəsd təşkil edilib. Təsadüf nəticəsində Həsən bəy ölümdən qurtarıb və öz razılığı ilə işdən azad olub. Onu narahat edən, beynində dolaşan, ürəyində qalan bir fikir var idi ki, bu da ana dilində mətbu orqanı yaratmaq, məktəblər açmaq idi. Mirzə Fətəli Axundzadə, Fərhad Ağazadə (Şərqli), Əsgər Adıgözəlov, Abdulla ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Həsən Əlqədari, Seyid Əzim Şirvani Həsən bəy Zərdabinin milli qəzet çap etmək fikrində olduğunu bilərək onu alqışlayır və ona kömək edəcəklərinə söz verirdilər. M.F.Axundzadə isə Zərdabiyə bildirir ki, o, milli mətbu orqanın Tiflisdə yayılması işinə əlindən gələn köməyi edəcək, qəzetin çap olunması haqqında elanı Tiflisdə yaşayan ziyalılara göstərəcək, onların nəşrə abunə olmalarına çalışacaq. Ana dilində qəzet nəşr ediləcəyi barədə elanı oxuyanda “Əkinçi”nin nəşrinə kömək məqsədilə Abdulla ağa Bakıxanov Həsən bəy Zərdabiyə 10 min rubl pul göndərib. Həmin pulun hesabına Həsən bəy Zərdabi 4 dəfə İstanbula gedərək qəzeti çap etmək üçün mətbəə şriftləri alıb.

Əsas məsələ isə qəzetin nəşrinə icazə almaq idi. Həsən bəy Zərdabi üç ildən çox idi ki, qəzetin çap olunması ilə əlaqədar yuxarı dairələrə müraciət etsə də nəticəsi olmurdu. Bakıya qubernator təyin olunan general-leytenant Dmitri Staroselski bu işdə Həsən bəyə çox kömək göstərir. O, Qafqazın yerli əhalisinə (xanımı gürcü qızı, yəni qafqazlı olduğu üçün) hörmətlə yanaşırdı. Qubernator Həsən bəyə məsləhət görür ki, senzuradan yayınmaq üçün qəzetin adını “Əkinçi” qoysun, yəni onun səhifələrində əkinçilik və maldarlıqdan danışılacaq. D.Staroselski Rusiya imperatoru və səlahiyyətli şəxslərdən qəzetin nəşrinə icazəni özü alır və bildirir ki, “Əkinçi” onun nəzarəti altında “Qubernator mətbəəsi”ndə çap olunacaq, senzoru da özü olacaq.
Maddi və mənəvi çətinlikləri arxada qoyaraq 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi öz arzusuna çatır. Kiçik formatla, az tirajla, həftədə 2 dəfə çıxmaq şərtilə, eləcə də təsisçisi, tərtibçisi, korrektoru, çapçısı və redaktoru özü olmaqla ana dilində “Əkinçi” qəzetinin ilk nömrəsini buraxır və bununla da Azərbaycanda milli mətbuatın əsası qoyulur.
Qəzetin “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri", “Elm xəbərləri”, “Təzə xəbərlər” adlı bölmələrində oxucuları maraqlandıran ən mühüm məlumatlar verilirdi. Qəzetin ilk nömrəsində Həsən bəy Zərdabi nəşrin məqsədi, bölmələri haqqında oxuculara ümumi məlumat verirdi. O, senzuranın təsdiq etdiyi proqramdan mahir jurnalist ustalığı ilə kənara çıxmağı bacararaq ictimai siyasi məsələlərə də çox yer ayırır, xalqın gözünü açır, hüququnu müdafiə edən, ona qəzet oxumağı öyrədən, təhsilin vacibliyini göstərən fikirləri də qəzetdə üstüörtülü verirdi. “Daxiliyyə” bölməsi əsasən Həsən bəy Zərdabi tərəfindən yazılırdı. Bu bölmədə baş məqalə yerləşdirilirdi. Məqalədə Həsən bəy ölkə daxilində baş vermiş ən mühüm məsələləri, dövlətin verdiyi fərmanları, qərarları, yeni qanunları, iqtisadi məsələləri, müharibələri, dövlətlərarası əlaqələri və s. məsələləri işıqlandırırdı.
Qəzetin digər bölmələrində gedən məqalələrin - məlumatların axırında onu yazıb göndərənin adı və ya soyadı yazılırdısa, deməli, bu məqaləni işləyən və ya xəbəri yazan Həsən bəy Zərdabi olmayıb. Amma qəzetin əksər saylarını nəzərdən keçirdikdə məlum olur ki, dövlətlərin böyük şəhərlərində nəşr olunan qəzetlərdə müxtəlif sahələrə həsr olunmuş, müxtəlif mövzularda dərc olunmuş xəbərləri toplayan və onları “Əkinçi”də yerləşdirən elə Həsən bəy olub. Eləcə də “Əkin və ziraət xəbərləri” və ya “Əfali-əhli-dehat” bölmələrində gedən əksər məqalələri Həsən bəy Zərdabi yazırdı. “Əkin və ziraət xəbərləri” bölməsinin adı 1876-cı ilin 7-ci nömrəsindən başlayaraq dəyişdirilib, 1877-ci il 29 sentyabrda buraxılmış 20-ci - yəni sonuncu nömrə də daxil olmaqla “Əfali-əhli-dehat” adlandırılıb.
Qəzetin ətrafına müxbir yazılarıyla mütərəqqi müəlliflər Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirzadə, Əsgər ağa Adıgözəlzadə (Gorani) Əbülfət Şahtaxtlı, Məhəmmətağı Əlizadə, Mirzə Həsən Əlqədari, Ələkbər Heydəri, Vəliyev Məhəmmədəli bəy, Əhsənül Qəvaid (Gəncəli Hacı Məhəmmədsadıq) və başqaları toplaşmışdı. Qəzetə mürtəce müəlliflər də məqalələr göndərir, onun mütləq dərc olunmasını istəyirdilər.
Həsən bəy Zərdabi “Əkinçi”nin 1876-cı il 14 aprel 7-ci nömrəsində “Daxiliyyə” bölməsində qəzetin əhəmiyyəti haqqında belə yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır. Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikubədindən xəbərdar olub onun əlacının dalıncan olsun”. Görkəmli jurnalist oxucusunu düşündürməyə də çalışırdı. Məsələn, “Təzə xəbərlər” bölməsində (1875-ci il N2, 5 avqust) bildirirdi: “Osmanlı dövləti Firəngistanın paytaxtı Parij şəhərində öz xərci ilə çox adama təlim verdirir. Qəzetlərdən belə məlum olur ki, ... təhsil edənləri qaytarıb geri gətirəcəklər, onlara xərc olunan vəsait (pul - Esmira Cavadova) qədər İstanbulda bir böyük məktəbxana, yəni universitet bina edəcəklər”. Qəzetin “Daxiliyyə” bölməsində (1877-ci il, N6, 17 mart) maarifçi yazırdı: “Tüfeyli həyat sürən Azərbaycan bəylərini, ağalarını, dövrün hakim istismarçı təbəqələrini heç vaxt xalq maraqlandırmaz, onlar xalqın xoşbəxtlik fikrini çəkməzlər, bəyə yalnız pul gərəkdir ki, kef-damağa məşğul ola və millət əvəzinə heyvan gərəkdir ki, ona hakimlik edə”.
İctimai və milli zülmə, istismar və iqtisadi bərabərsizliyə qarşı “Əkinçi”nin səhifələrində ölkəmizdə olmuş hadisələr və məkan bilərəkdən dəyişdirilmiş şəkildə göstərilirdi. Xalq azadlıq hərəkatına aid məlumatları oxucuya belə çatdırırdı: “Peterburqda doxsan min fəhlə işsiz qalmışdır, orada xalqa dövlət qadağan edən kitablar paylanır, qızıl bayraq üstə “torpaq və asudəlik” yazmış inqilabçılardan 21 adam (kişi və qadın) Sibirə sürgün olunmuşdur” (1877-ci il, N4, 17 fevral). Belə hadisələr Moskva, Tula, Oryol kimi şəhərlərdə də baş verirdi. Amerika Birləşmiş Ştatlarının zavodları və dəmir yollarında tətillər günü-gündən artır, Çində Dinkan vilayətinin əhli milli zülmə qarşı çıxışlara başlamışdır və s.
İqtisadi əlaqələrdə ədalətsizliyə qarşı öz fikrini bildirən Zərdabi qəzetində yazırdı: “Azərbaycanın Rusiya və Qərblə olan iqtisadi əlaqələri onun mənafeyini güdmür. Bizim camaatımız əldə etdiyi xammalı (məsələn, pambığı, yunu) xaricilərə dəyər-dəyməzinə satıb, sonra onların istehsal etdiyi malı çox baha qiymətə alır. Halbuki bizim öz fabrik-zavodlarımız olsa, bu hala son qoyular”. Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar neft yerinin satın alınması üstündə gedən hərrac məsələlərinə öz münasibətini bildirən H.Zərdabi “Daxiliyyə” bölməsində yazırdı: “...yer alan, yer satan həddən çıxıb. Badukubədə olan sakinlər olan-olmazın yığıb, Sabunçu bəylərinin yanına yer almağa və ya Qara şəhərdə zavod tikdirməyə gedir ki, bir-iki ilə sahibi-milyon olsun. O, üzünü neft dalıyca qaçanlara tutub deyir ki, gözüyumma Sabunçuya yüyürüb neft yerini qızıl qiymətinə almaq nə lazım? Bəlkə bu küyü ol yer sahibləri çıxardıb ki, öz yerini artıq qiymətə satsınlar?” (1877-ci il, N14, 7 iyul)
İqtisadi əlaqələrdən danışdıqda H.Zərdabi qəzetin “Daxiliyyə” bölməsində Tiflisdən Badukubəyə dəmir yolunun çəkilməsinin əhəmiyyətindən yazırdı, məqalədə (yolun keçəcəyi yerlər, kənd camaatının mallarını satmaq üçün Bakıya tez bir vaxtda gəlməsi, hüquqi, tibbi məsələlərin həlli və s. məsələlər açıqlanırdı).
Böyük maarifçi təhsilin rolu və əhəmiyyətinə diqqət yetirməyin vacibliyini bilərək “Əkinçi”nin “Xəbərlər” bölməsində (1875-ci il, N6, 5 oktyabr) belə bir məlumat dərc etmişdi: “Rusiyanın 1873-cü il sənədinə əsasən, universitetlərində oxuyan tələbələrin sayını nəzərinizə çatdırıram: universitetlərdə 8000-cən, gimnaziyalarda 20000-cən, üç klas məktəbxanalarda 90 000-cən, bir klas məktəbxanalarda 1 000 000-can şagirdlər oxuyublar. Bu, bizim məktəblərlə heç müqayisə olunası deyil!
Düzdür, bizim Qafqazda, məsələn, Badukubə gimnaziyasında oxuyanlar var, əksəriyyəti ruslar, ermənilər və başqa millətlərdir. Müsəlmanların sayı isə çox azdır. Bizim qonşular bizlərdən birə əlli artıq elm, təhsil etməyə səy edirlər. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik”.
Həsən bəy Zərdabi oxucularına xəbər verir ki, təzə qanuna əsasən, vilayətdə mirovoy və okrujnoy sudlar fəaliyyət göstərir. İndi xalqın bütün mübahisəli işlərini advokatlar, yəni vəkillər görəcəklər. “Qardaşlar, öz hüquqlarınızı bilmədiklərinizə görə advokatlar sizi soymaqda davam edəcək, sizi aldadacaqlar. Bunun əvəzində qardaşlar, səy edin, düşüncənizi artırın, yəni elm, təhsil edin ki, müftəxorların sizin tər töküb qazandığınız mülk və malınıza şərakətliyi olmasın (1875-ci il, N10, 2 dekabr, Daxiliyyə).
Bu məqalə çox ciddi məsələyə toxunduğu üçün dövlət qurumlarında işləyən məmurların xoşuna gəlməmiş və onlar imkan düşdükcə Həsən bəyi təqib etməyə başlamışdılar.
Qəzetin “Əkin və ziraət xəbərləri”, eləcə də “Əfali-əhli-dehat” bölmələrində H.Zərdabi əkinçilikdən, suvarılmadan, bu işlərin daha faydalı yollarından danışır, eyni zamanda, başqa xalqların bu sahədə olan təcrübəsi barədə məlumat verirdi.
H.Zərdabinin yaşayıb-yaratdığı dövrdə əhalinin məşğul olduğu təsərrüfat sahələrindən biri də maldarlıq idi. Azərbaycan ərazisində olan təbii-coğrafi şəraitin münasibliyi, geniş yaylaq və qışlaqlara malik olması, qədim dövrlərdən başlayaraq əhalinin əkinçiliklə yanaşı, maldarlıq təsərrüfatının inkişafı ilə məşğul olmasına səbəb olmuşdu. Hər iki sahənin inkişaf etdirilməsi üçün öz məsləhətlərini əsirgəməyən tədqiqatçı qəzetdə çap etdirdiyi məqalələrində heyvanları müxtəlif xüsusiyyətlərinə görə qruplaşdıraraq onların ilk dəfə olaraq təsnifatını vermiş, ətlik, südlük və qoşqu məqsədilə istifadə edilən malın yerli əlamətlərini göstərmiş, onları hansı üsul və qayda ilə əldə etmək mümkün olmasını izah etmişdir. Həsən bəy Zərdabi ilk dəfə olaraq ot əkinçiliyinin, mədəni otların yaradılması ideyasını irəli sürmüşdü. Hətta maldarlığın inkişafının iqtisadi çəhətdən yaxşı gəlir gətirdiyi üçün əkinçilik təsərrüfatına görə daha faydalı olduğunu demiş və göstərmişdir ki, bazarda taxılın qiyməti daim enib-qalxdığı halda (bu quraqlığın keçməsi, məhsuldarlığın azalması və s. əlaqədar olurdu) belə halın maldarlığa bir o qədər təsiri olmur (1876-ci il, N6, 29 mart).
Qəzetin “Elm xəbərləri”, “Təzə xəbərlər” bölmələrində də maraqlı məlumatlar yerləşdirilirdi.
“Əkinçi” qəzeti Həsən bəy Zərdabinin şah əsəridir. Qəzetdə xalqı elmə, təhsilə səsləyən, yönəldən məqalələr, fikirlər elmin insanın həyatında oynadığı müsbət rolundan, insanı dünyadan xəbərdar etməsindən, elmi yeniliklər, ixtiralar, məktəbxanalar, gimnaziyalar, universitetlər haqqında, başqa ölkələrdə nəşr edilən qəzetlər haqqında da məlumat verilirdi.
Təəssüf ki, 1877-ci il sentyabrın 29-da (N20) “Əkinçi”nin ümumilikdə sonuncu 56-cı nömrəsi buraxıldı və qəzet bağlandı. Qubernator D.Staroselskinin iş yerini dəyişməsi ilə əlaqədar onun Bakıdan getməsi və əvəzinə Zərdabini istəməyən, ona qərəzli münasibət bəsləyən, fitnəkar adamların təhriki ilə “Əkinçi”nin bağlanmasını istəyən qüvvələr öz mətləblərinə çatdılar. Lakin Həsən bəy Zərdabi əmin idi ki, “Əkinçi”nin səpdiyi ideya toxumları gec-tez cücərib, onun yolunun davamçısı kimi yeni nəşrlərin yaranmasına işıq saçacaq.
Böyük maarifçi, naşir, jurnalist, publisist, təbiətşünas, torpaqşünas alim, məişətimizin gözəl bilicisi Həsən bəy ömrünün 10 ilini “Əkinçi” qəzetinin nəşrinin mübarizəsi və dərcinə həsr etsə də, bu gün üçün 150 illik keçib-gələn yollara aydınlıq gətirib, qaranlıq dünyadan işıqlaşan dünyaya ilkin çıraq yandırıb, gələcək nəsillərə örnək olub.
Həsən bəy Zərdabi sonrakı mübarizə yolunda öz ənənələrinə sadiq qalaraq xalqı üçün çalışdı, millət fədaisi kimi ad qazandı. O, teatrımızın, mədəniyyətimizin, təhsilimizin inkişafı yolunda bütün varlığı ilə çalışdı. Vəsiyyəti isə bu oldu: “Məni çox sadə dəfn edin, üzərimdə yığılan pulu kasıb balalarına və onun təhsilinə sərf edin!”
Ruhun şad olsun, ey böyük şəxsiyyət - millət fədaisi, dahi Həsən bəy!
“Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımız özünün 150 illik yubileyini qürurla qeyd edir.
Bayramınız mübarək, əziz həmkarlar.


