Azərbaycan qiymətləndiriciləri ölkə Prezidentinə minnətdardır
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
– Azərbaycanda qiymətləndirmə xidmətləri bazarının hazırkı həcmi və inkişaf dinamikasını necə dəyərləndirirsiniz? Bu dinamika iqtisadi fəaliyyətə hansı təsirləri göstərir?
– Bu gün Azərbaycanda qiymətləndirmə xidmətləri yalnız formal prosedur funksiyası ilə məhdudlaşmır, artıq real iqtisadi qərarların, investisiya planlarının, maliyyə strukturlarının təməl elementinə çevrilir. Keçmişdə qiymətləndirici peşəsi bəzən bank strukturunun əlavəsi kimi dərk edilirdisə, hazırda bu sahə tam peşəkar və spesifik fəaliyyət kimi tanınır və tələb olunur. Son illərdə bazar iştirakçılarının sayı artıb, qiymətləndirmə şirkətləri və müstəqil ekspertlər öz xidmətlərini daha peşəkar şəkildə göstərməyə başlayıblar – bu da iqtisadiyyatın müxtəlif sahələrində qərarvericiliyi daha şəffaf və əsaslı edir.
Prezident İlham Əliyev tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında”, eyni zamanda bələdiyyə torpaqları haqqında Qanuna dəyişiklik təsdiqləndirkdən sonra bələdiyyə torpaqlarının və notariat fəaliyyəti zamanı qiymət qiymətləndiricilər tərəfindən müəyyənləşir. Bu dəyişiklik qiymətləndirmə sahəsində şəffaflığın daha da gücləndirilməsinə, vətəndaşların torpaqlara əlçatanlığının artmasına, maraqların toqquşmasının qarşısının alınmasına və sui-istifadə hallarının aradan qaldırılmasına xidmət edir ki, buna görə cənab Prezidentə təşəkkür edirik.
Hazırda AQC-nin sıralarında 50-dən artıq qiymətləndirmə şirkəti fəaliyyət göstərir ki, bu da bazarın təşkilatlanmasının və peşəkarlaşmasının göstəricisidir. Bu artım bazarın həcminin genişlənməsinin aydın işarəsidir və iqtisadi aktorlar – banklar, investorlar, dövlət qurumları – qiymətləndirmə xidmətlərinə daha çox müraciət edir.
– Son dövrlərdə inkişaf dinamikası necə müşahidə olunur və əsas istiqamətlər hansılardır?
– Qiymətləndirmə sahəsində mövcud dinamikanı iki əsas tendensiyada görürük. Birincisi, bazar daha çox institusional şəkildə strukturlaşır: yalnız qiymət təyin edən deyil, həm də standartlaşdırma, sertifikatlaşdırma və təlim fəaliyyətləri ilə məşğul olan professional bir birlik formalaşır. 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkədə bu sahənin peşə standartlarının formalaşmasına dəstək verir və müasir beynəlxalq standartlara uyğunlaşma istiqamətində addımlar atır.
İkincisi, AQC həmçinin beynəlxalq əməkdaşlıq sahəsində fəal rol oynayır. Məsələn, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının yaradılması Cəmiyyətin təşəbbüsü olub və AQC sədri həmin qurumun dönəm prezidentidir ki, bu da sahənin regional inteqrasiya perspektivlərini açır. Belə təşəbbüslər qiymətləndiricilərin bilik mübadiləsi və professional standartların yüksəldilməsi üçün vacib mənbə rolunu oynayır.
– Bazarın iqtisadi fəaliyyətə təsiri barədə nə düşünürsünüz?
– Qiymətləndirmə bazarı birbaşa və dolayı olaraq iqtisadi sistemin bir çox seqmentlərinə təsir göstərir. Birincisi, daşınmaz əmlak, biznes aktivləri və digər resursların real dəyərinin obyektiv müəyyən edilməsi investisiya mühitinin şəffaflığını artırır və qərar qəbuletməni dəstəkləyir. Bu xüsusilə bank kreditləşməsi üçün vacibdir – real dəyərlər əsasında qiymətləndirmə risklərin düzgün qiymətləndirilməsinə kömək edir və maliyyə sabitliyini dəstəkləyir.
İkincisi, qiymətləndirmə hesabatlarının keyfiyyətinin yüksəlməsi vergi, sığorta, dövlət satınalmaları və milli statistikada daha dəqiq rəqəmlərin formalaşmasına səbəb olur. Bu, dövlət planlaşdırması və iqtisadi siyasətin formalaşdırılması üçün mühüm məlumat bazası yaradır.
– AQC-nin rolu və perspektivləri barədə nə deyə bilərsiniz?
– AQC öz üzərinə qiymətləndiricilərin peşə hüquqlarının qorunması, ixtisas təliminin təşkili və beynəlxalq standartlarla uyğunlaşdırma missiyasını götürüb. Ötən il Cəmiyyət “İlin ən fəal assosiasiyası” nominasiyası üzrə mükafat qazanaraq qiymətləndirmə sektorunda rolunu təsdiqləyib.
Biz həmçinin yeni qanunvericilik təşəbbüslərində fəal iştirak edirik və qiymətləndirmə fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsini prioritet hesab edirik – bu da bazarın effektivliyini daha da gücləndirəcək.
Nəticə etibarilə, qiymətləndirmə bazarı Azərbaycanın iqtisadi sistemində daha çox strateji aktor kimi çıxış edir və onun inkişafı iqtisadiyyatın ümumi dayanıqlığını və şəffaflığını artırır. Qısa müddətdə bazarın həcmi və peşəkarlıq səviyyəsi daha da yüksələcək və bu da həm yerli, həm də xarici investorların marağını artıracaq.
– Qiymətləndirmə sahəsində mövcud normativ çərçivənin effektivliyi nə cür qiymətləndirilir və sektorun şəffaflığını artırmaq üçün hansı struktur islahatlar zəruridir?
– Açıq demək lazımdır ki, hazırkı normativ çərçivə qiymətləndirmə fəaliyyətini tam şəkildə tənzimləmək gücündə deyil və bir sıra ciddi boşluqlar mövcuddur. Qanunvericilik ümumi çərçivəni müəyyən etsə də, praktiki icra mexanizmləri yetərincə işlək deyil. Nəticədə bazarda eyni obyekt üzrə fərqli, bəzən bir-birindən ciddi şəkildə kənar qiymətlərin ortaya çıxması halları müşahidə olunur. Bu isə həm bank sektorunda, həm investor mühitində, həm də dövlət sifarişlərində etimadsızlıq yaradır.
Əsas problemlərdən biri nəzarət mexanizmlərinin zəifliyidir. Qiymətləndirmə fəaliyyəti formal olaraq lisenziyalaşdırılmış sahə olsa da, real keyfiyyətə nəzarət, məsuliyyət mexanizmləri və sanksiya sistemi kifayət qədər effektiv deyil. Bazarda peşəkar olmayan, standartlara əməl etməyən subyektlərin fəaliyyət göstərməsi sağlam rəqabəti pozur, dempinq şəraiti yaradır və peşəkar qiymətləndiricilərin nüfuzuna zərər vurur. Bu gün əsas çağırış qanunun kağız üzərində deyil, real icra müstəvisində işləməsidir.
Şəffaflığın artırılması üçün ilk növbədə institusional islahatlara ehtiyac var. Qiymətləndirmə fəaliyyətinə nəzarət edən vahid, müstəqil və peşəkar tənzimləyici dövlət mexanizmin yaradılması, qiymətləndiricilərin peşə birliklərinin, özünütənzimləyən qeyri-kommersiya qurumlarının bu dövlət qurumunun nəzarəti altında fəaliyyət göstərməsi zəruridir. Eyni zamanda qiymətləndirmə hesabatları üzrə minimum keyfiyyət standartları daha konkret və ölçülə bilən formada müəyyən edilməlidir. Beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi formal xarakter daşımamalı, real yoxlama və audit mexanizmləri ilə müşayiət olunmalıdır.
Digər vacib məsələ kadr hazırlığı və peşə məsuliyyətidir. Qiymətləndirici adı daşıyan hər kəsin bazara buraxılması deyil, bilik, təcrübə və etik davranış meyarlarına cavab verən mütəxəssislərin fəaliyyət göstərməsi təmin olunmalıdır. Peşəkar məsuliyyət sığortasının tətbiqi, davamlı təlim və sertifikatlaşdırma sistemi sektorda intizamı və etibarı əhəmiyyətli dərəcədə artıra bilər.
Ümumilikdə, qiymətləndirmə sahəsində normativ çərçivənin təkmilləşdirilməsi təkcə bu sektorun deyil, bütövlükdə iqtisadi sistemin sağlamlığı baxımından vacibdir. Şəffaf, məsuliyyətli və standartlara əsaslanan qiymətləndirmə bazarı olmadan nə dayanıqlı kreditləşmə, nə effektiv investisiya mühiti, nə də dövlət əmlakının səmərəli idarə olunması mümkündür. Bu səbəbdən struktur islahatları artıq seçim yox, zərurət kimi qiymətləndiririk.
– Beynəlxalq qiymətləndirmə standartlarının yerli bazara inteqrasiyası hansı iqtisadi üstünlüklər yaradır və bu uyğunlaşmanın qarşısında duran əsas maneələr hansılardır?
– Beynəlxalq qiymətləndirmə standartlarının yerli bazara inteqrasiyası ilk növbədə iqtisadi münasibətlərdə etimad mühitini gücləndirir. Aktivlərin dəyəri beynəlxalq qəbul olunmuş metodologiyalar əsasında müəyyən edildikdə həm yerli, həm də xarici investorlar üçün risklər daha aydın görünür. Bu isə investisiya qərarlarının daha əsaslandırılmış şəkildə verilməsinə, maliyyə resurslarının daha səmərəli yönləndirilməsinə imkan yaradır. Xüsusilə bank sektoru və iri layihələrin maliyyələşdirilməsi baxımından beynəlxalq standartlara uyğun qiymətləndirmə hesabatları kredit risklərinin azalmasına və maliyyə intizamının möhkəmlənməsinə xidmət edir.
Digər mühüm üstünlük bazarın şəffaflığının artmasıdır. Beynəlxalq standartlar subyektiv yanaşmaları minimuma endirir, qiymətləndirmə prosesini ölçülə bilən və yoxlanıla bilən mexanizmlər üzərində qurur. Bu, daşınmaz əmlak bazarında süni qiymət şişirtmələrinin qarşısını qismən alır, dövlət satınalmaları və özəlləşdirmə proseslərində daha obyektiv qərarların qəbuluna şərait yaradır. Nəticə etibarilə qiymətləndirmə fəaliyyəti iqtisadiyyatın digər sahələri üçün etibarlı istinad nöqtəsinə çevrilir.
Lakin uyğunlaşmanın qarşısında duran maneələr də kifayət qədər ciddidir. Əsas problemlərdən biri beynəlxalq standartların yalnız formal şəkildə tətbiq olunmasıdır. Bir çox hallarda hesabatlarda standartlara istinad edilir, lakin real bazar məlumatları, risk analizi və metodoloji əsaslandırma bu standartların tələblərinə tam cavab vermir. Bunun səbəbi həm peşəkar kadr çatışmazlığı, həm də davamlı təlim mexanizmlərinin zəifliyidir.
Digər mühüm maneə yerli bazarın spesifik xüsusiyyətləri ilə bağlıdır. Azərbaycanda bazar məlumatlarının açıq və sistemli olmaması, xüsusilə regionlar üzrə etibarlı statistik məlumat bazasının zəifliyi beynəlxalq metodologiyaların tam tətbiqini çətinləşdirir. Standartlar real bazar məlumatlarına söykənməlidir, lakin informasiya çatışmazlığı qiymətləndiricini bəzən təxmini yanaşmalara məcbur edir.
Bundan əlavə, normativ və institusional mühitin tam uyğunlaşdırılmaması da prosesə mane olur. Beynəlxalq standartların effektiv tətbiqi üçün nəzarət, audit və məsuliyyət mexanizmləri paralel şəkildə gücləndirilməlidir. Əks halda, standartlar bazarda keyfiyyət göstəricisinə deyil, sadəcə formal tələbə çevrilir.
Ümumilikdə, beynəlxalq qiymətləndirmə standartlarının yerli bazara inteqrasiyası iqtisadiyyat üçün böyük üstünlüklər yaradır, lakin bu proses təkcə metodologiyanın idxalı ilə məhdudlaşmamalıdır. Peşəkar kadr hazırlığı, məlumat bazasının genişləndirilməsi və effektiv nəzarət mexanizmləri olmadan bu uyğunlaşma gözlənilən real iqtisadi effekti verməyəcək. Bu baxımdan məsələ kompleks yanaşma və ardıcıl islahatlar tələb edir.
– Bank sektorunda girov qiymətləndirilməsi üzrə aparılan monitorinqlər nələri göstərir? Qiymətləndirmə ilə bazar qiyməti arasındakı fərqlərin iqtisadi riski nə qədərdir?
– Aparılan monitorinqlər göstərir ki, bank sektorunda girov qiymətləndirilməsi hələ də ən həssas və riskli sahələrdən biri olaraq qalır. Praktikada bir sıra hallarda girov kimi təqdim olunan əmlakın qiymətləndirilməsi ilə real bazar dəyəri arasında ciddi uyğunsuzluqlar müşahidə olunur. Bu fərqlər bəzən texniki səhvlərdən qaynaqlansa da, çox vaxt bazar məlumatlarının qeyri-dəqiqliyi, metodoloji yanaşmaların düzgün tətbiq olunmaması və ya qiymətləndirməyə formal yanaşma ilə əlaqədardır. Monitorinqlər onu da göstərir ki, eyni obyekt üzrə fərqli qiymətləndiricilər tərəfindən təqdim olunan rəqəmlər arasında əhəmiyyətli fərqlər yaranır ki, bu da sistemli problemin mövcudluğundan xəbər verir.
Qiymətləndirmə ilə real bazar qiyməti arasındakı fərqlərin iqtisadi riski kifayət qədər yüksəkdir. Girov dəyərinin şişirdilməsi banklar üçün kredit risklərini artırır və problemli kreditlərin yaranmasına zəmin yaradır. Kredit geri qaytarılmadığı halda girovun realizasiyası zamanı banklar gözlədikləri vəsaiti əldə edə bilmir və bu, birbaşa maliyyə itkilərinə səbəb olur. Digər tərəfdən, girov dəyərinin həddindən artıq aşağı qiymətləndirilməsi biznes subyektlərinin kredit resurslarına çıxış imkanlarını məhdudlaşdırır, investisiya fəallığını zəiflədir və iqtisadi dövriyyəni ləngidir.
Bu uyğunsuzluqlar yalnız ayrı-ayrı bankların problemi deyil, bütövlükdə maliyyə sabitliyinə təsir göstərən amildir. Girov qiymətləndirilməsində sistemli səhvlər bank sektorunda risklərin düzgün ölçülməməsinə, kapital adekvatlığı göstəricilərinin reallıqdan kənar formalaşmasına və uzunmüddətli perspektivdə maliyyə sabitliyinin zəifləməsinə səbəb ola bilər. Xüsusilə daşınmaz əmlak bazarında qiymət dalğalanmaları fonunda bu risklər daha da aktuallaşır.
Monitorinqlərin nəticələri onu da göstərir ki, problemin kökündə təkcə qiymətləndiricilərin fəaliyyəti deyil, ümumi sistem dayanır. Bankların qiymətləndirmə hesabatlarına yanaşması, sifarişçi–icraçı münasibətlərində yaranan asılılıq, eləcə də effektiv nəzarət mexanizmlərinin zəifliyi bu fərqləri dərinləşdirir. Bu səbəbdən girov qiymətləndirilməsi sahəsində standartların sərtləşdirilməsi, müstəqil monitorinq mexanizmlərinin yaradılması və bank–qiymətləndirici münasibətlərinin daha balanslı əsaslar üzərində qurulması vacibdir.
Nəticə etibarilə, girov qiymətləndirilməsi ilə bazar qiyməti arasındakı fərqlər təkcə texniki məsələ deyil, real iqtisadi risk mənbəyidir. Bu risklərin azaldılması üçün peşəkarlığın artırılması, şəffaflığın gücləndirilməsi və qiymətləndirmə fəaliyyətinə institusional nəzarətin gücləndirilməsi artıq zəruri mərhələyə çevrilib.
– Regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlıq səviyyəsi iqtisadi aktivliyə necə təsir edir və regional balansı gücləndirmək üçün hansı addımlar atılır?
– Regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığı birbaşa iqtisadi aktivliyə təsir göstərən əsas amillərdən biridir. Praktikada müşahidə edirik ki, bölgələrdə bu xidmətlərə çıxış məhdud olduqda sahibkarların kredit resurslarına çıxışı çətinləşir, investisiya təşəbbüsləri ləngiyir və yerli biznes potensialı tam reallaşmır. Çünki bank kreditləri, dövlət dəstəyi proqramları və investisiya layihələrinin əksəriyyəti peşəkar qiymətləndirmə hesabatı tələb edir. Qiymətləndirmə xidmətinin ya gecikməsi, ya da keyfiyyətsiz təqdim olunması regionlarda iqtisadi dövriyyəni faktiki olaraq zəiflədir.
Hazırda qiymətləndirmə bazarının əsas hissəsi paytaxt və iri şəhərlərdə cəmləşib. Regionlarda fəaliyyət göstərən peşəkar qiymətləndiricilərin sayı məhduddur və bu, həm xidmətlərin qiymətinə, həm də keyfiyyətinə təsir edir. Bəzi hallarda qiymətləndirmə üçün Bakıdan mütəxəssis cəlb olunur ki, bu da əlavə vaxt itkisinə və xərclərin artmasına səbəb olur. Nəticədə region sahibkarı üçün maliyyə resurslarına çıxış daha bahalı və çətin olur ki, bu da regional inkişaf baxımından arzuolunan deyil.
Regional balansın gücləndirilməsi üçün bir sıra addımlar atılır, lakin bu proses hələ istənilən səviyyədə deyil. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti regionlarda fəaliyyət göstərən mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirir, təlimlər, sertifikatlaşdırma proqramları və maarifləndirici tədbirlər təşkil etməyi planlaşdırır. Məqsəd yerli kadr potensialını gücləndirməklə qiymətləndirmə xidmətlərini regionlar üçün daha əlçatan etməkdir.
Bununla yanaşı, rəqəmsal alətlərin tətbiqi regional fərqlərin azaldılması baxımından mühüm imkanlar yaradır. Elektron məlumat bazalarının genişləndirilməsi, onlayn hesabat sistemləri və vahid bazar məlumatlarının formalaşdırılması qiymətləndiricilərin regionlarda daha operativ işləməsinə şərait yarada bilər. Lakin bu alətlərin effektiv istifadəsi üçün normativ və texniki infrastrukturun paralel şəkildə inkişafı vacibdir.
Hazırda Naxçıvan Muxtar Respublikası və Cənub bölgəsində AQC-nin şöbələri fəaliyyət göstərir. Gələcəkdə bunu genişləndirmək niyyətindəyik.
– Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti üçün 2025‑ci ilin yekun göstəriciləri nələrdir və bu sahədə 2026‑cı ildə hansı yeniliklər gözlənilir?
İlin əvvəlindən etibarən AQC-nin bank və sığorta sektoru ilə əməkdaşlıq əlaqələri daha da dərinləşdirilib. “Atəşgah” Sığorta Şirkəti və “Meqa Sığorta” ASC ilə əməkdaşlıq memorandumları imzalanıb. AQC-nin Bank Ekspertlər Şurasında təmsil olunan bankların sayı 17- ə çatıb. barədə qərar qəbul edilib. Bank Ekspertlər Şurası tərəfindən qiymətləndirici təşkilatların seçim meyarları və tələb kriteriyaları təsdiqlənib.
Hesabat ilində AQC-yə üzvlüklə bağlı mühüm qərarlar qəbul olunub. 8 qiymətləndirmə şirkətinin də AQC-yə üzvlüyü təsdiqlənib.
2025-ci ildə beynəlxalq əməkdaşlıq xətti xüsusilə genişlənib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Ukrayna Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlıq sazişi imzalayıb, Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi bağlanıb. AQC nümayəndə heyəti Belarus Dövlət Əmlak Komitəsinin diplom və sertifikatı ilə mükafatlandırılıb. Türkiyə Sənaye İnkişaf Bankının nümayəndələri Bakı səfərində AQC ilə əməkdaşlıq barədə razılıq əldə olunub. Türkiyə bankları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Struktur islahatları çərçivəsində bir sıra kadr təyinatları həyata keçirilib. Sədrin müşaviri, Beynəlxalq Əlaqələr, Maliyyə, Hüquq və İctimaiyyətlə Əlaqələr Departamentlərinə yeni təyinatlar olub.
Elmi və normativ istiqamətdə də mühüm addımlar atılıb. Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi ilə bağlı işlərin aparılması barədə qərar qəbul edilib. “İqtisadiyyat və Qiymətləndirmə” adlı elmi jurnalın təsis edilməsi qərara alınıb.
Azərbaycan Standartlaşdırma İnstitutu Azərbaycanda Milli Qiymətləndirmə Standartlarının yenilənməsi istiqamətində fəaliyyət göstərmək üçün AQC-nin təşəbbüsü ilə Texniki Komitə yaradıb. 2025-2027-ci illərdə fəaliyyət göstərəcək Komitəyə Azərbaycan İqtisad, Bakı Avrasiya, Texniki Universiteti və digər tədris müəssisələrindən nümayəndədələr cəlb olunub.
Assosiasiya olaraq növbəti ildə fəaliyyətimizi daha da gücləndirmək və bütün istiqamətlərdə, istər beynəlxalq əlaqələr olsun, istərsə də ölkə daxilində əhatə dairəmiz olsun bütün bu istiqamətlərdə işlərimizi davam etdirəcəyik.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















