Azərbaycan regional süni intellekt və informasiya texnologiyaları mərkəzinə çevriləcək
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
ABŞ şirkətləri ilə tərəfdaşlıq isə qlobal texnoloji ekosistemə inteqrasiyanı gücləndirəcək
Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təbii sərvətlərin həcmi artan, sənaye potensialı və iqtisadi göstəricilərlə bərabər, həm də rəqabət mühitini formalaşdıran informasiya-kommunikasiya texnologiyaları, süni intellekt, rəqəmsal iqtisadiyyat və kibertəhlükəsizlik sahələrinin tərəqqisi ilə müəyyənləşdirilir. Bu reallıq fonunda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf prioritetləri barədə aydın təsəvvür yaradır.
Dövlət başçısının “Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, informasiya texnologiyaları (İT) mərkəzinə çevrilməkdir” bəyanatı təsadüfi deyil. Bu fikir son illərdə həyata keçirilən ardıcıl islahatların, qəbul edilən strateji sənədlərin və formalaşdırılan institusional mühitin məntiqi ifadəsidir. Azərbaycan liderinin vurğuladığı kimi, bu önəmli məqsədə nail olmaq üçün ölkədə həm güclü siyasi iradə, həm də zəruri potensial mövcuddur.
Xatırladaq ki, ölkə rəhbəri həmin müsahibəsində daha sonra bildirib: “Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var – biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik – hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və İT üçün bir haba çevrilməkdir. Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas tərəfdaşlarımız hesab edirik”.
Bu məqamda vurğulayaq ki, qloballaşan dünyada süni intellekt və İT iqtisadi artımın əsas lokomotivinə çevrilməklə yanaşı, milli təhlükəsizliyin, dövlət idarəçiliyinin və cəmiyyətin dayanıqlılığının başlıca amillərindən biri kimi çıxış edir. Aparıcı ölkələrdə bu sahə artıq klassik infrastruktur layihələri ilə eyni strateji əhəmiyyətə malik istiqamət kimi qiymətləndirilir.
Ümumiyyətlə, Azərbaycan üçün regional süni intellekt və İT mərkəzinə çevrilmək hədəfi yalnız texnoloji inkişaf məsələsi deyil. Bu, eyni zamanda, ölkənin geosiyasi mövqeyini möhkəmləndirmək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan sahələri inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Cənubi Qafqaz və Xəzər regionunda yerləşən Azərbaycan üçün belə bir istiqamət yeni nəsil liderlik modelinin formalaşdırılması deməkdir.
Rəqəmsal dövlət quruculuğu və idarəetmədə transformasiya
Son illərdə respublikada rəqəmsal dövlət quruculuğu sahəsində mühüm uğurlar əldə olunub. Elektron hökumət sisteminin genişləndirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, “ASAN xidmət” modelinin tətbiqi ilə dövlət-vətəndaş münasibətlərində şəffaflıq və operativlik əhəmiyyətli dərəcədə çoxalıb. Bu model artıq beynəlxalq səviyyədə də uğurlu nümunə kimi qiymətləndirilib.
Rəqəmsallaşma prosesi yalnız xidmətlərin elektron formaya keçirilməsi ilə məhdudlaşmır. Bu, həm də dövlət idarəçiliyində məlumatların toplanılması, emalı və təhlili mexanizmlərinin mərhələli şəkildə müasir İT həllərinə əsaslanır. Nəticədə isə süni intellekt texnologiyalarının tətbiqi üçün real zəmin yaranır və paralel olaraq informasiya təhlükəsizliyinin gerçəkləşdirilməsi reallaşır.
Bütün bunlarla bərabər, son illərdə kibertəhlükəsizliyin inkişafı milli təhlükəsizliyin əsas sütunlarından biri kimi diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi kibertəhlükəsizlik məsələsi müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Çünki informasiya məkanına yönələn hücumlar artıq təkcə texniki problem deyil, eyni zamanda, dövlətlərin sosial-iqtisadi sabitliyini, ictimai etimadı və strateji infrastrukturların fəaliyyətini ciddi təhdid olaraq hədəfə alıb.
Bu baxımdan Prezident İlham Əliyevin 28 avqust 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” xüsusi əhəmiyyət daşıyır. Strategiyada informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi müəyyən edilir. Sənəddə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda yaranan risklərin təhlili, mühafizə obyektlərinin dəqiqləşdirilməsi, informasiya infrastrukturlarının funksional dayanıqlılığının təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi əsas prioritetlər kimi göstərilir.
Adıçəkilən strategiyada daha sonra bildirilir ki, ölkənin informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Respublikanın sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) dinamik inkişafı bu sahədə mövcud və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, onların aid olduğu informasiya infrastrukturlarının funksional dayanıqlılığını, eləcə də bu infrastrukturlardan istifadə edən subyektlərin hüquq və qanuni maraqlarını şərtləndirir.
Qloballaşan dünyada informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gerçəkləşdirilməsi istər milli, istərsə də beynəlxalq səviyyədə əsas məsələyə çevrilmişdir. Bu fəaliyyətdə insan, cəmiyyət və dövlət maraqlarının qorunması başlıca məqsəddir. Son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə qarşı texnoloji cəhətdən çoxşaxəli hücumlar genişlənməkdədir.
Kompleks yanaşma və normativ-hüquqi baza
“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın əsas üstünlüklərindən biri informasiya təhlükəsizliyinə kompleks yanaşmanın tətbiq edilməsidir. Belə ki, hüquqi, təşkilati, əməliyyat-axtarış, elmi-texniki, təhsil, kadr təminatı və iqtisadi mexanizmlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi kibertəhlükəsizliyin sistemli şəkildə idarə olunmasına imkan yaradır. Bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, informasiya təhlükəsizliyi üzrə institusional mexanizmlərin formalaşdırılması respublikamızın qeyd edilən sahədə dayanıqlı müdafiə imkanlarını getdikcə artırır.
Prezident İlham Əliyevin xüsusi vurğuladığı məsələlərdən biri də bu sahədə kadr hazırlığı ilə bağlıdır. Başqa sözlə, dövlət başçısının qeyd etdiyi kimi, kibertəhlükəsizlik və süni intellekt sahəsində uğur qazanmağın əsas şərti yüksəkixtisaslı insan resurslarının formalaşdırılmasıdır. Son illərdə bir çox mütəxəssislərin xarici ölkələrə təlimlərə göndərilməsi, ölkə daxilində beynəlxalq standartlara uyğun tədris proqramlarının təşkil olunması da bunun bariz ifadəsidir. Eyni zamanda, ali təhsil müəssisələrində İT və süni intellekt ixtisaslarının genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması, gənclərin innovativ layihələrə cəlb edilməsi ölkəmizin uzunmüddətli rəqəmsal inkişaf strategiyasının əsas istiqamətlərindəndir.
Bu isə deməyə əsas verir ki, respublikanın kibertəhlükəsizlik üzrə kadr potensialının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Rəqəmsal cəmiyyət quruculuğunda informasiya təhlükəsizliyini reallaşdırmaq məqsədilə yüksəkixtisaslı, çevik düşüncəli və beynəlxalq təcrübəyə bələd olan mütəxəssislərə ehtiyac daha da artmaqdadır. Dövlət səviyyəsində qəbul edilən strateji yanaşmalar və atılan əməli addımlar da kibertəhlükəsizlik üzrə insan kapitalının inkişafının təkcə texnologiyanın öyrənilməsi ilə məhdudlaşmadığını, eyni zamanda, milli təhlükəsizliyimizin ayrılmaz hissəsinə çevrildiyini sübut edir.
Ölkəmizin regional İT qovşağına çevrilməsi üçün güclü startap ekosisteminin formalaşdırılması da əsas şərtlərdən biridir. Texnoparkların yaradılması, innovasiya mərkəzlərinin fəaliyyəti, startaplara verilən dəstək mexanizmləri bu sahədə mühüm irəliləyişlərə imkan yaradır. Yerli texnologiya şirkətlərinin inkişafı və onların dövlət sifarişləri ilə dəstəklənməsi rəqəmsal iqtisadiyyatın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin müsahibədə Amerika şirkətlərini əsas tərəfdaş kimi qeyd etməsi isə Azərbaycanın qlobal texnoloji ekosistemə inteqrasiyaya böyük önəm verməsinin göstəricisidir. Aparıcı beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq qabaqcıl bilik və təcrübənin ölkəyə gətirilməsinə, eyni zamanda, yerli mütəxəssislərin qlobal şəbəkələrə qoşulmasına şərait yaradır. Bütün bu amillər nəticəsində Azərbaycanın regional süni intellekt və İT mərkəzinə çevrilməsi ölkəmizin artıq konseptual ideyadan praktik icra mərhələsinə keçdiyini göstərir. Güclü siyasi iradə, strateji planlama, normativ-hüquqi baza, insan kapitalına yatırımlar və beynəlxalq tərəfdaşlıq bu hədəfin tam reallaşması üçün möhkəm zəmin yaradır.
Yeri gəlmişkən, kibertəhlükəsizliyin gücləndirilməsi ilə əlaqədar ABŞ-la bu sahədə tərəfdaşlıq ölkəmizə böyük üstünlüklər qazandırır. Süni intellekt, rəqəmsal idarəetmə, “ağıllı” şəhər və kənd layihələri, kibertəhlükəsizlik, eləcə də rəqəmsal iqtisadiyyatın inkişafı sahələrində Amerika texnologiyalarının tətbiqi Azərbaycan iqtisadiyyatının gələcək dayanıqlılığını şərtləndirir. Bundan başqa, rəqəmsal transformasiya respublikamızda biznes mühitini daha da yaxşılaşdırır, startap ekosistemini gücləndirir və qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırır. Bu isə Azərbaycanın iqtisadi şaxələndirmə strategiyasının mühüm tərkib hissəsi kimi diqqət çəkir.
Ekspertlərin fikrincə, Azərbaycan–ABŞ kibertəhlükəsizlik əməkdaşlığı gələcəkdə daha da genişlənəcək. İlk növbədə, tətbiq olunan süni zəka əsaslı idarəetmə sistemləri və avtomatlaşdırma həlləri sənaye, kənd təsərrüfatı və xidmət sektorlarında səmərəliliyi artıracaq. Rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmış kadrlar üçün minlərlə yeni iş imkanı yaranacaq. Yerli informasiya texnologiyalar və startap şirkətlərinin ABŞ bazarına çıxışı asanlaşacaq, Azərbaycan regional texnoloji mərkəz statusu qazana biləcək. Amerika texnologiyalarının tətbiqi ilə dövlət və özəl sektorda məlumat təhlükəsizliyi səviyyəsi yüksələcək. Eyni zamanda, “Fintech” sahəsində əməkdaşlıq isə nağdsız ödənişlərin və elektron kommersiyanın daha sürətli inkişafına şərait yaradacaq.
Azərbaycan liderinin müəyyənləşdirdiyi bu strateji kurs respublikanın qlobal rəqəmsal xəritədə mövqeyini möhkəmləndirir, ölkəni innovasiyaya əsaslanan təhlükəsiz və dayanıqlı inkişaf modelinə doğru aparır. Süni intellekt və kibertəhlükəsizlik sahəsində atılan addımlar Azərbaycanın yalnız bugünkü deyil, həm də gələcək onilliklərdəki inkişafının da əsasını təşkil edir.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 09 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















