Icma.az
close
up
RU
Azərbaycan təhsilində yeni mərhələ: Rəqəmsal məktəb Pilot layihə nə vəd edir?

Azərbaycan təhsilində yeni mərhələ: Rəqəmsal məktəb Pilot layihə nə vəd edir?

Aznews.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Azərbaycan təhsilində yeni mərhələ: Rəqəmsal məktəb Pilot layihə nə vəd edir?.

Xəbər verdiyimiz kimi, Bakı məktəblərində ilk dəfə “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayıb. Hələlik sınaq müddətində olan layihə müəllim, şagird, valideyn və direktorları əhatə edir.

Təhsil sistemində yeni nəfəs olan “Rəqəmsal məktəb” təhsilin keyfiyyətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Trend-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, "Rəqəmsal məktəb" platformasına bənzər, buna məzmun və forma cəhətdən yaxın olan variantlar dünya təhsil sistemində artıq çoxdandır, tətbiq olunur:

“"Rəqəmsal məktəb" platformasına bənzər sistem Avropa, Amerika, Uzaq Şərqin inkişaf etmiş təhsil ölkələrində çoxdan tətbiq olunur və ildən-ilə yenilənir. Mən düşünürəm ki, hazırda sınaq mərhələsində işləyən "Rəqəmsal məktəb" platforması bundan sonra da hər il müəyyən yeniliklərlə ictimaiyyətin qarşısına çıxacaq. Bu layihə hazırda yalnız Bakı şəhərində, 324 məktəbi əhatə edir və hələlik 500 mindən çox şagird bu platformanın çərçivəsinə daxildir.

Təbii ki, maksimum bir il müddətinə bunun bütün ölkə təhsil sisteminə yayılması vacibdir və mütləqdir. Bu layihə, əslində, çoxdan başlanmalı idi. Çağdaş təhsilin tələbləri, çağırışları bunu xüsusi tələb edirdi. Bu, təhsildə elektronlaşmanı, innovativ yanaşmanı gücləndirən, köhnə ənənələrdən məktəb mühitini xilas edən bir platformadır. Bizdə bu layihə "Rəqəmsal məktəb" adlanır, ancaq bir çox ölkələrdə bunun heç adı yoxdur, sadəcə sistemin özü var. Bu platforma Azərbaycan təhsili adına yeni bir mərhələnin başlanğıcıdır.

Birincisi, məktəb mühitini, başda müəllimlər olmaqla kağız sənədləşmələrdən, kağız materiallardan xilas edir. Mənim ətrafımda kifayət qədər müəllim dostlarım var və hamısı yazı yazmaqdan şikayət edirdilər. Bu platforma müəllimləri kağız asılılığından xilas edəcək. Miqyası, məsafəni genişləndirəcək, məkan baryerini aradan qaldıracaq. Bunlar hamısı 10-15 il əvvəl xəyal olunan məsələlər idi. Bu illər ərzində mütləq ki, hansısa işlər görülüb, sadəcə ictimaiyyətə bu 6 fevralda keçirilən brifinqdə elm və təhsil naziri tərəfindən açıqlandı və detallar deyildi”.

Elmin Nuri qeyd edib ki, “Rəqəmsal məktəb” platforması elə hazırlanıb ki, təhsil üçbucağının hər üç tərəfini özündə əhatə edir - müəllim, şagird və valideyn:

“Rəqəmsal məktəb" də sırf bu üçbucağın tələb və prinsiplərinə görə hazırlanıb. Yəni, buradan müəllimlər də, şagirdlər də, valideynlər də ayrı-ayrı sferalardan faydalana biləcək. Müəllimlər elektron jurnalı, elektron cədvəli artıq buradan hazırlaya biləcək, kağız asılılığından xilas olacaqlar. Eyni zamanda, valideynlərlə virtual əlaqə qura biləcəklər. Bu, həmçinin, məktəb rəhbərliyi ilə, direktor və müavinləri ilə də işgüzar məsələlərə aiddir. Bundan əlavə, şagirdlərin göstəricilərini buradan yoxlamaq imkanına malik olacaqlar. Sadaladıqlarım platformadan müəllimlərin faydalana biləcəyi meyarlardır.

Şagirdlərə gəldikdə, onlar təhsilin ən böyük auditoriyasıdır və bu platformada şagirdlərə gündəlik lazım olan detallar, müxtəlif test və tapşırıqlar, vacib materiallar yer alacaq. Platformada qeydiyyatdan keçən şagirdlər bu üstünlüklərdən faydalana biləcəklər. Ən əsası, şagirdlər bu platforma ilə müəllim və valideynlərinin nəzarətində olacaqlar”.

O əlavə edib ki, valideynlər bu platformada övladlarına, onların nəticələrinə, göstəricilərinə rahat şəkildə nəzarət edə biləcəklər.

“Eyni zamanda, vaxt itirmədən müəllimlərlə münasibət qura, məktəbdəki proseslərlə bağlı müəllimlərə sual verib, cavab ala biləcəklər.

Mən düşünürəm ki, bu, elə bir layihədir ki, burada texniki imkanlar, internet, İT imkanları yaxşı olmasa, bu məsələlərlə bağlı müəyyən problemlər yaşansa, platforma öz faydasını tam göstərə bilməz. Amma inanıram ki, məsələ ilə bağlı bu qədər işlər görülübsə, texniki məsələlərdə, İT məsələlərində də heç bir problem olmayacaq. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi bir çox layihələrdə, məsələn, şagirdlərin yerdəyişməsi, yerləşməsi, elektron qəbul və s. zamanı sistem bəzən yüklənirdi, problem yaşanırdı. Amma sonra bunlar hamsısı aradan qaldırıldı. İnanırıq ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə çox geniş təcrübəsi var və İT istiqamətində də öz sözünü deyəcək”, - deyə E.Nuri vurğulayıb.

Təhsil eksperti Elçin Əfəndiyev də mövzu ilə bağlı Trend-ə bildirib ki, "Rəqəmsal məktəb” platformasının təhsil üçün müsbət məqamları var:

“Bu platforma vasitəsi ilə valideynlər övladlarını daha rahat izləyə biləcəklər. Onların təhsil göstəricilərini, davranışlarını rahat izləmə imkanı qazanacaqlar. Eyni zamanda, övladlarının cədvəlləri rəqəmsal platformada öz əksini tapmış olacaq. Öz fikirlərini rahat şəkildə məktəb rəhbərliyinə bildirə biləcəklər. O cümlədən, müəllim, valideyn və məktəb kommunikasiyasının düzgün qurulmasına bu platforma müsbət mənada təsir göstərək. Eyni zamanda, təhsil keyfiyyətinə təsiri çox böyük olacaq. Çünki valideyn istənilən halda həm sayt vasitəsilə, həm tətbiq vasitəsilə istənilən halda övladının təhsil göstəricilərinə nəzarət etdiyi zaman müəyyən boşluqları görərsə, daha çox çalışacaq ki, övladının təhsil göstəriciləri yaxşı olsun. Əlavə olaraq, valideynin məktəbdə gördüyü hansısa neqativ bir məsələ varsa, bunu məktəb rəhbərliyinə daha tez çatdıra biləcək. O cümlədən, Nazirliyə çatdıra biləcək. İndi bütün məsələlərə baxılacaq. Platforma üzərindən valideyn və müəllimin fikir mübadiləsi aparma imkanı, həmçinin, şagirdin elektron dərsliklərdən, testlərdən istifadə imkanları yaxşılaşacaq. Bütün bunlar da ümumilikdə təhsil göstəricilərinə, təhsil keyfiyyətinə müsbət təsir edəcək”.

Ekspert qeyd edib ki, “Rəqəmsal məktəb” layihəsi hazırda məhdud sayda məktəblərə tətbiq olunub.

“Mən düşünürəm ki, test mərhələsi uğurla həyata keçirilərsə, ondan sonra "Rəqəmsal məktəb" platforması ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrini əhatə edəcək. Digər müsbət məqam da odur ki, əvvəllər müəllimlər jurnala qeydiyyat aparmaqda daha çox əziyyət çəkirdilər. Həm kağız jurnallarda, həm də elektron jurnallarda qeydiyyat aparırdılar. İndi birbaşa yalnız elektron qeydiyyat aparacaqlar. Bu da müəllimlərə əlavə vaxt qazanmaq imkanı verəcək.

Kağız daşıyıcılardan istifadə halları məhdudlaşacaq. Bu da ekoloji cəhətdən üstünlükdür. Ümumiyyətlə, təhsil kefiyyətinə müsbət qatqıları çox olacaq. Hazırda 500 min şagirdi əhatə edir. Gələcəkdə bu platforma bütün təhsil müəssisələrini əhatə etdikdən sonra, bütün təhsilverənlərin və təhsilalanların bu imkanlardan istifadələri mümkün olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Rəqəmsal məktəb” platformasının istifadəyə veriləcəyi haqqında ilk məlumatı elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Bu platforma ötən gün Bakı məktəblərində sınaq müddəti olmaqla istifadəyə verilib. Test mərhələsindən uğurla keçdiyi təqdirdə, ölkə ərazisində fəaliyyət göstərən bütün məktəbləri əhatə edəcək. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin, təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.

Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçiyə qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird, valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsilə fərdi kabinetlərinə giriş edə biləcəklər.

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri