Icma.az
close
up
RU
Azərbaycan Türk fəlsəfəsi: ənənələr və çağdaş tendensiyalar (XIX XX əsrlər)

Azərbaycan Türk fəlsəfəsi: ənənələr və çağdaş tendensiyalar (XIX XX əsrlər)

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”
şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

IX Yazı

Ümumilikdə, XIX əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi ilə bağlı özünəməxsus araşdırmalarımız və metodologiyamız aşağı­dakılardan ibarətdir. Birincisi, XIX əsr Azərbaycan Türk fəlsəfəsini yalnız Azərbaycanın bir hissəsində yazıb yaratmış Türk mütəfəkkirləri ilə məhdudlaşdırmadan, onu bir bütün kimi vahid Azərbaycan Türk fəlsəfəsi çərçivəsində tədqiq etmişik. Başqa sözlə, Azər­baycan Türk fəlsəfəsini yalnız Azərbaycanın bugünkü müstəqil hissəsi çərçivəsində görmək, əslində bu fəlsəfənin böyük ölçüdə əhəmiy­yətinin itirilməsi deməkdir. Ən qədim dövrlərdən 19-cu əsrə qədər olan Azərbaycan Türk fəlsəfəsinin bütünlüyünə burada da əməl etmək ən vacib məsələlərdən biridir. Doğrudur, bu gün Azərbaycan türklərinin böyük bir qismi vaxtilə əsrlərboyu hökm sürdüyü Ön Asiyada hazırda ikinci, üçüncü dərəcəyə düşürülərək zəif duruma gətirilmişdir. Türklərin, o cümlədən Azərbaycan türklərinin ən azı son min ildə hakim olduğu Ön Asiyada təxminən bir əsrə yaxın, yad qüvvələrin əliylə hakimiy­yətlərinin əlindən alınıb farsdilli qüvvələrə “hədiyyə” edilməsi, Azərbaycanın quzeyindəki türklərin torpaqlarının bir qisminin işğal edilməsi fonunda müstəqilliyini qazan­ması, Azərbaycan xalqının vahid bir fəlsəfə tarixini, tarixini, mədəniyyət tarixini, ədəbiyyat tarixini yazılması işini çox çətinləşdirmişdir.

Hazırda Azərbaycan Türk tədqiqatçısı vahid bir xalqın fəlsəfəsini, tarixini yazarkən bir tərəfdən müstəqil Azərbaycan üçün hələ də ciddi təhlükə hesab olunan Rusiya Federasiyası, digər tərəfdən isə Azərbaycanın güneyi də daxil olmaqla Türk dövlətində qeyri-qanuni şəkildə hakimiyyətə gətirilmiş irançıların, farsdillilərin “İran İslam Respublikası” faktorları ilə üz-üzə qalmışdır. Belə olduğu təqdirdə, həm milli maraqlarımıza, həm də elmi obyektivliyə zidd olmayacaq Azərbaycan milli fəlsəfəsinin, Azərbaycan milli tarixinin yazılması heç də asan deyildir. Ancaq bir məsələ dəqiqdir ki, Türk (millət) və Azərbaycan (dövlət) kimliyini dərindən dərk edən tədqiqatçı üçün Rusiya, Avropa, “İran” və yaxud digər yad amillər elmi obyektivliyi ortaya qoymaq baxımından əngəl olmamalıdır. Bu anlamda biz tədqiqatımızda həm Azərbaycanın bir hissəsini 19-cu əsrin əvvəl­lərindən işğal edərək uzun müddət burada imperiya siyasətini yürütmüş Rusiyaya, həm də Qacarlar dövlətinin yaranması və inkişafına, eyni zamanda sonuncunun iranlılaşadırılması, farslaşdırılması prosesinə mümkün olduğu qədər elmi obyektivlikdən yanaşmağa çalışmışıq.

İkincisi, tədqiqatımızda “Azərbaycan fəlsəfəsi” deyil, “Azərbaycan Türk fəlsəfəsi” anlayışından istifadə etmişik ki, buna səbəb də fəlsəfənin xalqın mütəfəkkirlərinin dünyagörüşü ilə bağlı olub onun dövlət ya da coğrafiya adıyla məhdudlaşdırılmasını doğru görməmə­yimizdir. Şübhəsiz, 1918-ci ildə qurulan yeni bir Türk dövlətinə Azərbaycan adının verilməsi ilk növbədə, türklüklə bağlı olmuşdur. Ancaq bütün hallarda bir xalqın tarixinin, fəlsəfəsinin, ədəbiyyatının, musiqisinin, mədəniyyətinin adının hər hansı dövlətin adıyla məhdudlaşıdırlması çox da doğru deyildir. Çünki türklərin, o cümlədən Azərbaycan türklərinin Azərbaycan Cümhuriyyətinə qədər bu bölgədə sahibi olduğu onlarla başqa türk dövlətləri də olmuşdur. Bu zaman gərək biz hər dövrə aid fəlsəfəmizi, tariximizi, ədəbiyyatımızı onların adlarına (Albaniya, Azərbaycan Atəbəyləri, Baharlı, Bayandurlu, Səfəvilər və b.) uyğun olaraq Albaniya fəlsəfəsi, Bayandurlu fəlsəfəsi, Səfəvilər fəlsəfəsi adlandıraq. Digər tərəfdən, əgər 1918-ci ildə yeni bir Türk dövlətinin adı “Azərbaycan” deyil, Xəzəristan, Qafqaz Türk Cümhuriyyəti, Oğuzustan və başqa bir adla adlandırılsaydı, o zaman bu gün bizim fəlsəfəmizin, tariximizin, ədəbiyyatımızın, dilimizin adı da onlardan biri ilə bağlı olub Qaf­qaz fəlsəfəsi, Oğuz mədəniyyəti, Xəzər ədəbiyyatı və sair adlan­dır­­laqcaqdı. Ona görə də, burada ən məqbulu və doğru olanı “Azər­baycan Türk fəlsəfəsi” anlayışıdır. Çünki bu anlayış özün­dən əvvəlki Oğuzlar, Səlcuqlar, Baharlılar, Bayandurlular, Səfəvilər və bu kimi Türk dövlətlərin dövründəki mədəniyyəti, fəlsəfəni tamamlamış olur.

Üçüncüsü, burada Azərbaycanın da daxil olduğu İslam-Şərq mədəniyyətində 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərindən başlayan elmi-fəsləfi və ictimai-siyası yeniliklərin mahiyyətini ortaya qoymağa çalışmışıq. Bunun üçün də, ilk növbədə 19-cu əsrə qədərki İslam-Şərq mədəniyyəti, o cümlədən də Azərbaycan Türk mədəniyyətinin düşdüyü həm lokal-ehkamçı-mühafizəkar mədəniyyətin-fəlsəfənin mahiyyəti izah olunmuş, həm də “Şərq mədəniyyəti”, “İslam mədəniyyəti”, “milli mədəniyyət” anlayış­larına aydınlıq gətirilməyə çalışılmışdır. Çünki bu anlayışların əsil mahiyyətini dəqiqləşdirmədən hər hansı müsəlman xalqının fəlsəfi və ictimai fikirdə yerini müəyyənləşdirmək mümkün deyildir. Biz də, bu anlayışları təhlil edərək belə bir qənaətə gəlirik ki, tədqiq etdiyimiz dövrdə Azərbaycan Türk mədəniyyəti və fəlsəfəsi özündə İslam mədəniyyətini, Şərq mədəniyyətini, Qərb mədəniyyətini əks etdiməklə yanaşı milli mədəniyyətlə milli fəlsəfəsində də özünəməxsusluğu ilə seçilmişdir. Hər halda ən azı Orta çağda Azərbaycan Türk mədəniyyəti uzun müddət əsasən İslam-Ərəb mədəniyyəti, Hind-İran mədəniyyəti, qismən də Avropa (Yunan-Roma) mədəniyyəti ilə qarşılıqlı münasibətlər içində olmaqla yanaşı, Türk mədəniyyəti və Türk fəlsəfəsinin əsas nüvəsindən heç bir zaman uzaqlaşmamışdır.

Dördüncüsü, əsərdə daha çox İslam mədəniyyəti ilə Qərb mədəniyyətindən qaynaqlanan fəlsəfi və ictimai məsələlər ayrı-ayrı mütəfəkkirlərimizin (A.A.Bakıxanov, M.Ş.Vazeh, Heyran xanım, H.b. Zərdabi, M.F.Axundzadə, C.Əfqani, M.Ə.Talıbzadə, M.Kazımbəy və b.) dünyagörüşü baxımından təhlil olunmuşdur. Burada da əsas məqsədimiz uzun müddət İslam mədəniyyətinə ya da İslam fəlsəfəsinə əsaslanan mütəfəkkirlərimizin yeni dövrdəki Qərb mədəniyyəti ilə yaxından tanış olduqdan sonra ortaya qoyduqları fəlsəfi və ictimai düşüncələrin mahiyyətini ifadə etməkdir. Eyni zamanda, burada ən önəmli məsələlərdən biri də İslam fəlsəfəsi və Qərb fəlsəfəsi ilə yanaşı, Türk-milli fəlsəfi fikirmizin də varlığının ifadəsidir ki, bunun kitabda doğru-düzgün öz əksini tapmasına çalışmışıq.

Əslində milli fəlsəfə dedikdə, burada əsas məqsədimiz Azərbaycan Türk mütəfəkkirlərinin İslam fəlsəfəsi və Qərb fəlsəfəsinə aid görüşləri ilə yanaşı, özünəməxsus görüşlərinin tədqiq olunub ortaya çıxarılmasıdır. Əks təqdirdə belə anlaşıla bilər ki, bu dövrdəki mütəfəkkirlərimiz sadəcə, İslam fəlsəfəsi və Qərb fəlsəfəsi ilə bağlı münasibətləri təhlil etməklə məşğul olmuş, milli varlığımızdan qaynaqlanan orjinal fikirlər və mülahizələr yürütməmişlər. Başqa sözlə, burada irəli sürdüyümüz “milli fəlsəfə” ilk növbədə, Azərbaycan Türk fəlsəfəsinin digər xalqların (ərəb, alman, yunan, fars, ingilis və b.), xüsusilə də “İslam mədəniyyəti” çərçivəsinə daxil millətlərin fəlsəfəsi ilə müqayi­sədə az-çox özünəməxsusluğunu ortaya qoymaq olmuşdur.[1]

Ümumiyyətlə, əsərdə bütün bunları obyektiv şəkildə ifadə etmək, milli fəlsəfəmizin hansı yollarla inkişaf etdiyini göstərmək üçün XIX əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixini üç istiqamətdə təhlil etmişik:

1) Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi: A. A. Bakıxanov, H.Z.Şirvani, Q.b.Zakir, M.M.Nəvvab, S.Ə.Nəbati, Heyran xanım, Ə.Axundoğlu, M.H.Nigari və başqaları;

2) Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü: M.Ş.Vazeh, T.Z. Qürrətul-Eyn, M.M.Kazım bəy, M.F. Axundzadə, N.b.Vəzirov, Z.Marağalı və başqaları;

3) Şərq-İslam-Türk mədəniyyəti və Qərb-Avropa mədəniyyətinin “sintezi” problemi və həll yolları: C.Əfqani, H.b. Zərdabi, S.Ə.Şirvani, M.Ə.Talıbzadə və başqaları.

XIX əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixində Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin davamı əsas yerlərdən birini tutmuşdur. Bu, ilk növbədə Azərbaycan Türk mütəfək­kirlərinin Şərq mədəniyyəti, o cümlədən də əsasən İslam mədəniyyəti və müəyyən qədər də Türk mədəniyyəti-fəlsəfəsi ilə əsrlər boyu izini sürdüyü bağlılığın nəticəsi idi. Artıq o başqa məsələ idi ki, 19-cu əsrdə mövcud olan İslam mədəniyyəti və Türk mədəniyyəti öz ilkin mahiyyətindən nə qədər uzaqlaşmışdır ya da uzaqlaşmamışdır. Əlbəttə, həmin dövrdə olduğu kimi indinin özündə də bu məsələ ilə bağlı fərqli fikirlərin olması təbiidir. Sadəcə, burada real olan odur ki, həmin dövrdə Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin varlığı ortada olub, üstəlik aparıcı mövqeyə malik idi. Ancaq bununla yanaşı o da, bir gerçəklik idi ki, Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin bu formada, bu üsulda davamı artıq mümkün deyildi. Hər halda bunu, bu yolun davamçısı olan Azərbaycan Türk mütəfəkkirlər­indən xeyli qismi ciddi şəkildə hiss etməyə başlamışdılar. Buna səbəb isə, heç də yalnız İslam Şərqi xalqlarının, o cümlədən Türk-müsəlman xalqlarının yanı başında olan Avropa dövlətlərinin tərəqqisi deyil, eyni zamanda müsəlman xalqları arasında sxolastik fəlsəfi təfəkkürün dünyəvi fəlsəfi təfəkkürü, dini qayda-qanunların dünyəvi qayda-qanunları xeyli dərəcədə üstələyərək özünün pik nöqtəsinə çatması idi. Xüsusilə də, müsəlman xalqlarının, İslam ölkələrinin İslam dininin bir çox hallarda ona aid olmayan sərt dini qayda-qanunlarla idarə olunması, eyni zamanda az qala dünyəvi elmlərinin əksəriyyətinin tədrisinin qadağan olması ciddi problemlərə yol açmışdı.

[1] Xəlilli Xəliyəddin. Çarəsiz qalanda insanlığın sığındığı fəlsəfə. Bakı, Xan nəşriyyatı, 2023, s.27-37

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Mart 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see267

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see227

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see196

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Yıldız Çağrı Atiksoy ilə Berk Oktay ayrıldı?

06 Avqust 2025 16:38see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri