Icma.az
close
up
RU
Azərbaycan Ukrayna: mürəkkəb şəraitdə yüksələn dinamika

Azərbaycan Ukrayna: mürəkkəb şəraitdə yüksələn dinamika

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkələrimizi birləşdirən ortaq məqamlar barədə

Bəzən diplomatiyanın ən mühüm nəticələri imzalanan sənədlərin sayında deyil, yüksək dövlət rəsmilərinin səfərlərinin həyata keçirildiyi zamanın siyasi çəkisində ölçülür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri də məhz belə hadisələrdəndir.

Səfər, ilk növbədə, dünyanın geosiyasi gərginliklər, silahlı münaqişələr və yeni güc balansları ilə üz-üzə qaldığı bir dövrdə Azərbaycanın dəyişməyən xarici siyasət fəlsəfəsinin növbəti təsdiqidir. Bu səfər prinsipiallığın praqmatizmlə, milli maraqların beynəlxalq məsuliyyətlə və dövlət iradəsinin diplomatik məharətlə vəhdət təşkil etdiyi siyasətin təzahürüdür. Azərbaycan belə bir xəttə sadiqliyini dəfələrlə göstərib.

Müasir dünyanın ən böyük problemlərindən biri beynəlxalq hüququn seçici tətbiqidir. Bir çox hallarda dövlətlərin taleyi hüquqla deyil, geosiyasi maraqlarla müəyyənləşdirilir. Belə bir mürəkkəb mənzərədə Azərbaycan öz mövqeyini heç vaxt dəyişməyən azsaylı dövlətlərdən biri kimi çıxış edir. Ölkəmiz üçün dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü situativ yanaşma deyil, milli diplomatiyanın dəyişməz prinsipidir. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünə də eyni mövqedən yanaşır, həmçinin, regional sabitliyin və dialoqun qorunmasını vacib sayır.

Azərbaycan diplomatiyasının gücü emosiyalar üzərində deyil, milli maraqlar üzərində qurulmasındadır. Bu diplomatiya qarşıdurmaların deyil, əməkdaşlığın tərəfdarıdır, blok təfəkkürünə deyil, çoxtərəfli tərəfdaşlığa söykənir. Deməli, C.Bayramovun Kiyevdə keçirdiyi görüşlərə yalnız ikitərəfli münasibətlərin növbəti mərhələsi kimi baxmaq kifayət deyil. Çünki səfər Azərbaycanın beynəlxalq nüfuzunun, sözünün və etibarının göstəricisi kimi yadda qaldı. Etibar isə yalnız iqtisadi güclə deyil, ardıcıl siyasətlə, verilən sözə sadiqliklə, beynəlxalq öhdəliklərə hörmətlə qazanılır. Son illər Azərbaycanın qazandığı məhz belə bir siyasi kapitaldır.

Ümumən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət ölkəmizi regional təşəbbüslərin müəllifinə çevirib. Artıq Azərbaycan təkcə Cənubi Qafqazın deyil, Avrasiyanın nəqliyyat və enerji xəritəsini müəyyənləşdirən əsas dövlətlərdən biridir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən marşrutlar Azərbaycanın iştirakı olmadan təsəvvür edilmir.

Bakı gün keçdikcə siyasi etimadın da mərkəzinə çevrilməkdədir. Ukrayna ilə münasibətlərin yeni məzmunu da bu xarakterdən qaynaqlanır. Özü də söhbət yalnız iki dost ölkənin əməkdaşlığından getmir. Söhbət Qara dənizlə Xəzər hövzəsini birləşdirən yeni iqtisadi və geosiyasi məkanın formalaşmasından gedir. Nəzərə alaq ki, Orta Dəhlizin əhəmiyyətinin artdığı, Avropanın alternativ logistika və enerji marşrutlarına ehtiyac duyduğu bir dövrdə Azərbaycan-Ukrayna əməkdaşlığı daha geniş regional məna kəsb edir. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, Qara dəniz–Xəzər bağlantısı və Avrasiya nəqliyyat sisteminin yenidən formalaşması kontekstində daha geniş əhəmiyyət daşıyır.

Digər tərəfdən, Azərbaycan müharibənin ağır nəticələrini yaşamış dövlətdir. Ölkəmiz otuz ilə yaxın işğalın bütün ağrılarını öz taleyində daşıyıb, şəhərlərinin viran qoyulmasının, insanların doğma yurdlarından didərgin salınmasının acısını yaşayıb. Buna görə də Bakı müharibənin humanitar nəticələrini ən yaxşı anlayan paytaxtlardan biridir. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım da bu tarixi təcrübədən doğan mənəvi məsuliyyətin ifadəsidir.

Bu gün dünya yeni beynəlxalq nizamın konturlarını axtarır. Qlobal güc mərkəzləri arasında rəqabət dərinləşdikcə, etibarlı tərəfdaşların əhəmiyyəti daha da artır. Azərbaycan isə artıq özünü yalnız enerji ixracatçısı kimi deyil, etimad ixrac edən dövlət kimi təsdiqləyib. Nəticədə müxtəlif siyasi platformalarda Bakının mövqeyi diqqətlə dinlənilir, təşəbbüsləri maraqla qarşılanır.

Ceyhun Bayramovun Kiyevə səfəri bu baxımdan da mühüm məna daşıyır. Bununla bir daha təsdiq olunur ki, Azərbaycan diplomatiyası heç vaxt qapıları bağlamır, əksinə, dialoq üçün yeni qapılar açır. Ölkəmiz beynəlxalq münasibətlərdə körpülər quran, etimad yaradan və əməkdaşlığı təşviq edən dövlət kimi çıxış edir. Bu isə Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursunun ən mühüm nailiyyətlərindən biridir.

Hazırda Azərbaycanın diplomatik pasportu təkcə ölkə sərhədlərini keçməyə xidmət etmir. O, dövlətimizin siyasi nüfuzunu, milli maraqlarını və sözünün etibarlılığını da dünyaya daşıyır. Kiyevə uzanan bu diplomatik yol da, əslində, Bakının dünyaya ünvanladığı mühüm mesajdır: Azərbaycan sülhün, beynəlxalq hüququn, qarşılıqlı hörmətin və bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olaraq qalır.

Ayrıca Azərbaycan–Ukrayna münasibətlərinin hazırkı mərhələsindən söz açsaq, onu strateji praqmatizm və prinsipial siyasi dialoq mərhələsi kimi xarakterizə etmək olar. Bakı və Kiyev fərqli geosiyasi şəraitdə olsalar da, hər ikisi öz xarici siyasətində suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə istinad edir. Bu yanaşma uzun illərdir ikitərəfli münasibətlərin siyasi əsasını təşkil edir.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın Ukraynaya humanitar yardım göstərən ölkələrdən biri olduğunu vurğuladıq. Əlavə edək ki, ikincinin enerji infrastrukturunun bərpasına dəstək, tibbi və humanitar yardımlar Bakının siyasi bəyanatlarla kifayətlənmədiyini, praktik addımlar da atdığını göstərir. Bununla yanaşı, Azərbaycan münaqişənin hərbi tərəfinə qoşulmayaraq, balanslaşdırılmış mövqeyini qoruyub. Hazırkı mərhələnin ən mühüm cəhəti Azərbaycanın Ukrayna ilə münasibətlərini Rusiya ilə əlaqələrinə alternativ kimi təqdim etməməsidir. Bakı Moskva ilə dialoqu da saxlayır, Kiyevlə əməkdaşlığı da inkişaf etdirir. Bu, balanslaşdırılmış xarici siyasətin praktik ifadəsidir.

Onu da deyək ki, hazırda Azərbaycan-Ukrayna münasibətləri yalnız siyasi dialoqdan ibarət deyil. Kiyev üçün müharibədən sonrakı bərpa əsas strateji prioritetlərdən biridir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma təcrübəsi gələcəkdə Ukrayna üçün maraqlı əməkdaşlıq modeli kimi qiymətləndirilə bilər. Bu, tikinti, infrastruktur, “ağıllı şəhər” konsepsiyası və enerji sahələrində əməkdaşlıq imkanları yaradır.

Bəli, hazırkı mərhələdə Azərbaycan–Ukrayna münasibətləri ehtiyatlı, lakin yüksələn dinamika nümayiş etdirir. Bakı bir tərəfdən beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qoruyur, digər tərəfdən isə heç bir geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən milli maraqlarına uyğun çoxşaxəli diplomatiya həyata keçirir. Bu mənada, Ceyhun Bayramovun Kiyevə səfəri, sadəcə, növbəti diplomatik təmas deyil. Bu səfər Azərbaycanın xarici siyasətində formalaşmış konseptual yanaşmanın – müstəqil qərarvermə, balanslaşdırılmış əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq xəttinin davamı kimi qiymətləndirilə bilər. Mövcud yanaşma isə Azərbaycanın həm regional, həm də qlobal səviyyədə etibarlı və proqnozlaşdırılan tərəfdaş mövqeyini gücləndirir.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri