Icma.az
close
up
RU
Azərbaycan xalqının qürur tarixi: Şahidlər 20 Yanvar faciəsini necə xatırlayırlar? REPORTAJ

Azərbaycan xalqının qürur tarixi: Şahidlər 20 Yanvar faciəsini necə xatırlayırlar? REPORTAJ

Yanvarın 20-də 1990-cı ildə sovet imperiyasının Bakıda törətdiyi faciənin 35 ili tamam oldu. Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxan o qanlı gecə tək faciənin deyil, həm də milli iradənin, qətiyyətin və azadlıq yolunda verilən ən böyük mübarizənin təcəssümüdür.

Xalqın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvolu olan 20 Yanvar qəhrəmanlıq və fədakarlıq nümunəsidir.

20 Yanvar – bir xalqın müstəqillik yolundakı həm qaranlıq, həm də işıqlı anıdır. Həmin gün şəhid olanların adı yalnız tarixdə deyil, xalqın qəlbində də əbədi yaşayır.

Azərbaycan xalqı üçün 20 Yanvar bir faciə deyil, həm də azadlıq uğrunda verilmiş əvəzsiz vəfa borcudur.

Bu gün xalqımız 20 Yanvar şəhidlərini başı dik və qürurla ziyarət edir, çünki onların bizə qoyduğu azadlıq və vətən sevgisi gələcəyimizi formalaşdırır.

20 Yanvar şəhidlərinin xatirəsi yalnız keçmişin deyil, həm də bugünki müstəqilliyimizin gücünü və xalqımızın sarsılmaz iradəsini simvollaşdırır. Onların qurbanı sayəsində biz öz hüquq və azadlıqlarımıza sahib çıxırıq.

Bu ziyarət, şəhidlərin xatirəsini yaşatmaqla yanaşı, onların bizə bəxş etdiyi müstəqillik və azadlıq dəyərlərini gələcək nəsillərə ötürmək missiyasını daşıyır.

Mövzu ilə bağlı fikirlərini Gununsesi.info-ya açıqlayan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan xalqı bu il 20 Yanvar faciəsinin 35-ci ildönümündə bu faciənin qurbanlarını qeyd etdi, igid övladlarının fədakarlığını məhəbbətlə xatırladı, onların əziz xatirəsini böyük ehtiramla yad etdi.

“1990-cı ilin Qanlı Yanvar faciəsi ləyaqətini qorumaq üçün canını qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifə və milli azadlıq hərəkatının zirvəsi kimi əbədi həkk olunub. 20 Yanvar hadisələri uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın yatdığı Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə çevrilib. 1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakı və bir sıra rayonlarına Sovet ordusunun qanunsuz yeridilməsi, dinc əhalinin amansızcasına qırılması, totalitar rejiminin törətdiyi ən qanlı aktlardan biri kimi tarixə düşüb. Bu hərəkət yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş bir cinayət idi və onun nəticələri əsrlər boyu unudulmaz izlər buraxdı. Şəhərin küçələri, günahsız insanların – qocaların, qadınların və uşaqların qanına batmışdı. Hərbçilər, təsadüfən küçəyə çıxanları, yaşayış evlərini və hətta təcili yardım maşınlarını belə atəşə tuturdular. 20 Yanvar faciəsinin mənzərəsi belə idi: hər tərəfdə öldürülən və yaralanan insanlar, şəhərin başına gələn qanlı qırğın”, – deyə o əlavə edib.

Deputat daha sonra qeyd edib ki, Azərbaycan xalqı əvvəlki illərlə müqayisədə bu gün 20 Yanvar şəhidlərinin hüzuruna daha alnı açıq gedir.

“Çünki Azərbaycanın müstəqil ölkə olsa da, torpaqlarımız 30 ilə yaxın işğalda qalmışdı. Bu, xalqımız üçün hər zaman ağır bir yüklə yaşanan bir acı idi. Lakin 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, bu gün 20 Yanvar şəhidlərinin, 1-ci Qarabağ müharibəsi şəhidlərinin və bütün şəhidlərimizin hüzuruna alnı açıq gedirik”, – deyə N.Həmzəyev fikirlərini yekunlaşdırıb.

Gununsesi.info-ya danışan siyasi şərhçi Elman Cəfərli vurğulayıb ki, 20 Yanvarla simvollaşmış hadisələr Azərbaycan tarixində mühüm bir mərhələnin sonu və yeni tarixin başlanğıcıdır.

“20 Yanvar arxasız, dayaqsız bir xalqın böyük bir imperiyaya qarşı dirənişinin simvoludur. 35 il öncəki Azərbaycan indiki kimi deyildi. Azərbaycan SSRİ-nin tərkibində müttəfiq respublikalardan biri idi. 20 yanvardan 2 il öncə Moskvanın gizli və bəzən aşkar dəstəyi ilə Dağlıq Qarabağda separatçı hərəkat başlanmışdı. 70 il xalqlar dostluğu ideyası ilə yuxuya verilmiş xalq hələ də Lenin Rusiyasının, Moskvanın ədalətinə ümid edirdi. Çünki bizə 70 ildə saxta tarix öyrədilmişdi. Bütöv bir nəsil bu uydurma tarixi ideologiyanın təsiri ilə böyümüşdü. Bizə aşılanırdı ki, 14 respublika kimi Azərbaycan xalqının özünün milli dövlətçiliyi olmamışdı, xalq istismarçı bəy-xan sinfinin zülmü altında inləyirdi, Sovet Rusiyası bizi gəlib istibdaddan qurtardı, işıqlı gələcəyə yollar açdı. Qorbaçovun aşkarlıq və yenidənqurma siyasəti xalqlara fəlakət gətirsə də, tarixi həqiqətlər üzərindən dəmir pərdəni də götürmüşdü. Məlum oldu ki, əksinə, Çar və Sovet Rusiyası xalqlara zülm və istibdad aparmış, toplumlar öz milli tarixi keçmişindən uzaq salınmışlar. 20 Yanvara qədər imperiya bir neçə regionda öz xislətini göstərmiş, dinc insanlara atəş açmışdı”, – deyə siyasi şərhçi bildirib.

E. Cəfərli vurğulayıb ki, Bakıdan öncə Almatıda, Tiflisdə, Vilnüsdə də qırğınlar törədilmişdi:

“Erməni diasporunun, lobbisinin əlində oyuncağa çevrilmiş Qoprbaçov iqtidarının azərbaycanlılara qarşı qəzəbi ortada idi. Açığı Moskvanın Qarabağ siyasətinə etiraz edən, artıq müstəqillik tələbləri ilə meydana çıxan Azərbaycan xalqının cəzalandırılacağı gözlənilirdi. Lakin qırğının miqyasının bu qədər olacağını heç kimin ağlına gəlmirdi. Fikrimcə, Bakı qırğının miqyasının bu qədər olması erməni fitnəsinin nəticəsi idi. Rus və erməni millətçiləri ağızbirliyi ilə Azərbaycan xalqını cəzalandırmaq, gözünü qırmaq, bununla da müstəqillik sevdasından və Qarabağdan vaz keçirmək niyyətini güdmüşdü. Lakin qırğının ertəsi gün şəhidlərin dəfn mərasiminə milyondan çox insanın çıxması imperiya başbilənlərinin ümidlərini puça çıxardı. Məlum oldu ki, tarixin keşməkeşli sınaqlarından üzüağ çıxmış Azərbaycan xalqı yanvar faicəsindən də birləşərək, vahid yumruğa çevrilərək çıxdı. 20 Yanvar faciəsi Azərbaycan xalqının gözünü qorxutmadı, milli cəsarət digər xalqlara da yansıdı.Bütün imperiya ərazisində müstəqillik uğrunda mübarizə genişləndi. Cəmi il yarım sonra SSRİ deyilən dövlət artıq mövcud deyildi”.

E. Cəfərlinin fikrincə, 20 Yanvar günü xalqın qəhrəmanlıq səlnaməsi olaraq yaddaşlarda qalmalı və bu tarix yas, matəm kimi deyil, əksinə, böyük bir qürur və şərəf hissi ilə qeyd olunmalıdır.

“Hadisələrdə şəhid olanlar bir ailənin, elin-obanın deyil, bütöv xalqın milli dəyərinə çevrilib. Azərbaycanın müstəqilliyinin, milli dirçəlişimizin əsası 20 Yanvarda qoyuldu. 20 Yanvardan çıxaracağımız tarixi dərslər də var. Bunlardan biri odur ki, rus imperiyasından dost olmaz. Onlar üçün öz maraqlarına hər şeydən ucada gəlir. Öz slavyan qardaşına zülm edən bir xalq, bir imperiya başqasına acımaz.
Maraqlı bir nüansı da qeyd edim. Rusiya SSRİ-nin geopolitik və siyasi varisidir. Amma qəribədir ki, Sovet Moskvasının çıxardığı qərarlara, törətdiyi cnayətlərə bugünkü Kreml nədənsə cavabdehlik daşımaq istəmir. Rusiya yeni dövlətdirsə, SSRİ-nin törətdiyi əməllərə görə xalqlardan üzr borcu var. Bu gün 20 Yanvarda rus tanklarının qaşrısına əliyalın çıxan igid Azərbaycan oğul və qızlarının ruhu şaddır. Onların qanı boşuna axmadı. Bu gün Azərbaycan müstəqildir, öz ərazi bütövlüyünü bərpa etmiş güclü dövlətdir. Mənə elə gəlir ki, dünyada analoqu olmayan tarixi qəhrəmanlıq nümunəsinin kinoda, ədəbiyyatda əksi lazımi səviyyədə deyil. Biz öz qəhrəmanlarımızı xalqımıza sevdirməli, dünyaya tanıtdırmalıyıq. Çünki onlar gələcək nəsillərə örnək həyat yaşayıblar”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.

Tam 35 il öncə 20 Yanvar günü, qanlı şənbə gecəsi… O gecə, xalqımıza qarşı həyata keçirilən hərbi təcavüzdə Sovet ordusunun qarşısına əliyalın çıxan şəhidlərimizdən biri də Nəriman Allahverdiyevdir.

Allahverdiyev Nəriman Əmir oğlu 11 oktyabr 1965-ci ildə Laçın rayonunun Narışlar kəndində anadan olub.
Atası Əmir Allahverdiyev Böyük Vətən Müharibəsində həlak olduğu üçün uşaqlar anasının himayəsində böyümüşdür.

Sonradan ailə Ağdam rayonunun Şahbulaq kəndinə köçüb, Nəriman isə qardaşı ilə Bakıya təhsil almağa gəlib. Burada o, Dərnəgül peşə məktəbinə sənəd verərək qəbul olub, məktəbi bitirərək bənnalıq sənətinə yiyələnib. Bir çox tikinti obyektlərinin, o cümlədən də Respublika Sarayının tikintisində iştirak edib.

1972-ci ildə ailə qurub, ailə həyatından 6 övladı yadigar qalıb. Nəriman Allahverdiyev 1990-cı il 20 Yanvar günü Sovet ordusunun Bakı şəhərinə hücumu zamanı, şəhərin müdafiəsində iştirak edərkən vətən uğrunda şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra Şəhid Nəriman Allahverdiyevə “20 Yanvar Şəhidi” fəxri adı adı verilib.

Bu gün xalqını qorumaq üçün canından keçən Nəriman Allahverdiyevin həyat yoldaşı Allahverdiyeva Dilşad və qızı Allahverdiyeva Vüsalə ilə həmsöhbət olduq. Onlar danışdıqca həm qürur, həm də dərin kədər hissi yaranır…

Danışılan hər söz, yalnız bir ailənin deyil, bütün bir millətin vətənə olan bağlılığını, həm kədər, həm də qürur hissi ilə ortaya qoyurdu.

Nəriman Allahverdiyevin qəhrəmanlığı, azadlıq uğrunda apardığı mübarizə, hər bir şəhidin arxasında duran güclü əzmi, iradəni daha yaxşı anlamağa kömək edirdi.

Həmin qanlı gecədən 35 il keçməsinə baxmayaraq, o günü heç vaxt unutmayan şəhidin xanımı Dilşad Allahverdiyeva son günləri belə xatırlayır:

“Yanvar ayının 17-dən şəhər tanklarla dolu idi. Mən yanvarın 17-dən yeni doğulan körpəm qızdırmadan əziyyət çəkdiyi üçün onunla birgə xəstəxanada qalırdıq. Yanvar ayının 19-da gecə yoldaşım işdən çıxıb, xəstəxanaya gəlib bizə baş çəkdi. Elə evə qayıdan zaman şəhərdə rus ordusu tərəfindən qətlə yetirildi. Həmin gecə xəstəxanada silah səsləri eşidilirdi, hər kəs ağlayırdı. Növbəti gün bizə məlum oldu ki, rus ordusu əliyalın insanlara hücum edib. Evdəki uşaqlarımdan biri də xəstə idi və oğlum böyük olduğu üçün narahat oldum ki, onun başına bir iş gələr. Ona görə də körpəmi xəstəxanada qoyub, evə gəlib uşaqlarıma baş çəkmək istədim. Mən gələndə evimiz qohum-əqraba ilə dolu idi. Hamı bizə yığılmışdı. İlk öncə düşündüm ki, uşaqlara nəsə olub, sonra dedilər ki, artıq yoldaşım şəhid olub. Yaxşı qonşularım var idi. Mən gəlincə onlar uşaqları yerbəyer edib, öz evlərinə aparmışdılar. Artıq dünya başıma fırlanırdı, 6 uşaqla həyatımın puç olduğunu dərk edirdim. Nə edəcəyimi, uşaqlarımı tək necə böyüdəcəyimi düşünürdüm. Allah kimsəyə belə acı göstərməsin”.

Danışdıqca halı tez-tez dəyişən Dilşad xanım sözlərinə belə davam edir:

“Yoldaşım xəstəxanadan evə qayıdanda rus ordusunun gülləsinə tuş gəlib. Ağır vəziyyətdə sürünə-sürünə özünü evə çatdırmışdı. Evə çatanda artıq huşunu itirmişdi, qonşuların köməyi ilə təcili yardım çağırılıb, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Elə ordan da götürüb dəfn etməyə aparmışdılar. Gec çatmışdım. Son dəfə də olsa, onun nə üzünü, nə də cəsədini görə bilmədim. O günləri əsla unuda bilmərəm. Həyat yoldaşım o qədər mehriban, qayğıkeş vətənpərvər insan idi ki, o vaxtlar sovet hakimiyyətinə qarşı etirazlarda da iştirak edirdi. Dövlətini çox sevirdi.”

Dilşad xanım bildirib ki, həyat yoldaşını itirdikdən sonra çətin günlər davam edirdi:

“Yeni doğulan körpəm xəstəxanada bir aydan çox qaldı. Sağ olsun, həkimlər çox yaxşı baxırdılar. Evə gətirəndən sonra artıq körpəmə baxa bilmədim. Gücüm çatmırdı. Həmin vaxt evə o qədər gələn-gedən var idi ki. Körpəm yenə xəstələndi və vəfat etdi. Həmin vaxtdan xeyli müddət qaynanam da bu acıya dözə bilmədi. Bir müddətdən sonra o da vəfat etdi. Acılarımın üstünə acı gəldi…(ağlayır) Uşaqlarıma görə çox narahat idim. Buna baxmayaraq, şükürlər olsun ki, tək qalmadım. Çox sağ olsun dövlətim, xalqım ki, bizi tək qoymadı. Qayğımıza qaldılar, çox kömək etdilər. Heç kəs bizi tək qoymadı. Dövlətim və yardımsevər insanlar uşaqlarıma sahib çıxdılar. Qızım neft şirkətlərinin birinin himayəsinə götürülmüşdü. 23 yaşınadək hər ay maddi vəsaitlə təmin olunurdu. Millətim evimdə heç bir əskiklik hiss etmirdi. Məni tək qoymadılar. Milli qəhrəman Allahverdi Bağırovun qardaşı vətən oğlu kimi 40 gün palatkadan çıxmadı. Sanki hamı öz doğmasını itirmişdi. Şükürlər olsun ki, heç bir korluq çəkmədim. Sonra özüm də işləməyə başladım. 45 il dövlət qulluqçusu olaraq işləmişəm. Yenə də boş oturmadım.”

Dilşad Allahverdiyeva deyir ki, heç vaxt inanmazdıq ki, sovet ordusu əliyalın insanları qətlə yetirsin:

“Həmin gün onlar çox qəddarlaşmışdılar. Heç kəsin ağlına gəlməzdi ki, rus ordusu əliyalın insanları qətlə yetirə. Sanki gözləri kor olmuşdu. Yolda gedən maşınları, qarşılarına çıxan hər kəsi əzirdilər. Camaatı tanklarla qıra-qıra birbaşa indiki 20 yanvara qədər aparmışdılar. Bu hadisədən sonra bizə məlum oldu ki, bu hadisəni törədənlər əvvəlcədən hazırlanmış qəddarlar olub. Onlar elə məhz o gecə insanları qırmağa gəlmişdilər”.

D.Allahverdiyeva onu da vurğulayıb ki, 44 günlük Vətən Müharibəsi şəhidlərimiz olsa da, torpaqların işğaldan azad olunmasına görə indi çox xoşbəxtdir:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bizim qürur mənbəyimizdir. Allah ordumuzu, prezidentimizi və dövlətimizi qorusun”.

Vüsalə Allahverdiyeva danışarkən sanki zaman geriyə gedib, o ağır anları bir daha yaşadı. Hər sözündə həm kədər, həm də fəxr hissi vardı:

“Sərt və soyuq yanvarın 19-cu gecəsi idi. O zaman 9 yaşım var idi və biz həyət evində yaşayırdıq. Yaşım kiçik olduğu üçün pəncərəyə boyum çatmırdı. Çənəmi qaldırıb göy üzündəki qırmızı işıqlara və atılan silahlara baxırdım. Nənəm də bizimlə qalırdı. O, bizi pəncərənin qabağından çəkirdi, çünki qorxurdu ki, atılan güllələr bizə də dəyər. O vaxtlar yanvar ayı indiki kimi keçmirdi. Dizə qədər qar olardı. Qış sərt keçərdi. Uşaq olduğum üçün həmin vaxtda baş verən hadisələri dərk edə bilmirdim. Həmin vaxtı körpə bacım xəstə olduğu üçün anam onunla birgə xəstəxanada qalırdı. Atam dövlət qulluqçusu işləyirdi. O, işdən çıxıb anama baş çəkib qayıdanda yolda rus ordusunun hücumuna məruz qalıb. Yolda güllə yaralarından əziyyət çəkən insanları və tankların əzdiyi şəxsləri görmüşdür. Hər yer tank altında qalmış insan bədəninin qalıqları ilə dolu idi. Həmin an rus ordusu atama silah dirəyərək, əzilmiş həmin bədən üzvlərinin qalıqlarını bel ilə təmizləyib maşınlara daşımağı əmr etmişdir. Sonra atama silah atəşi açmışdılar”.

O, acılı günlərin xatirələrini belə davam edir:

“Onda biz 2-ci Alatavada yaşayırdıq. Rus ordusu Sumqayıt istiqamətindən Bakıya daxil olurdu. Bu günə qədər yadımdadır ki, tankların qəsəbəyə daxil olmaması üçün Alatavada yaşayan kişilər köhnə lapetləri, maşınları qəsəbənin girişinə yığıb, yolu kəsmişdilər. Günahsız insanların tankların altında əzilməsini istəmirdilər. Həmin o lapetlər bir çox qırğınların qabağını aldı. Silahsız insanların güclərini buna çatırdı. Çünki o vaxtı rus ordusunun gözü heç nə görmürdü. Yaşından asılı olmayaraq hər kəsi tankın altına alıb, üstündən əzib keçirdilər. Düşünmədən, gözlərini qırpmadan hərəkət edirdilər. Yaşlı, uşaq… Heç birinin onlara fərqi yox idi. Onların sadəcə bir məqsədi var idi-şəhərə daxil olub, dinc əhalini qırmaq”.

Vüsalə Allahverdiyeva sözlərinə görə, o anlarda yaşadığı qorxu dolu hissləri heç vaxt unutmayıb:

“Həmin hadisədən xeyli vaxt keçmişdi. Şəhidlər dəfn olunmuşdu, amma vəziyyət hələ də sakitləşməmişdi. Rus ordusu tam olaraq şəhərdən çıxmamışdı və əlləri silahlı əsgərlər, tanklar hələ də şəhərin küçələrində idi. Məktəbə gedəndə, küçələrdəki qərənfil ilə örtülmüş iri qan ləkələri görürdüm. Tankların üstündəki rus əsgərlərinin nifrətli baxışları hələ də gözlərimin önündədir. Rus ordusunun şəhərdə olması hər gecə bizə qorxu, həyəcan verirdi”.

Bir ömür ata yoxluğu yaşayan Vüsalə xanım atasızlığın acısını hər gün daha dərindən hiss edir:

“20 Yanvar faciəsindən məni kimi çox körpələr atasız qaldı. 3-cü sinifədək atamla məktəbə bir gedib-gələrdik. Atam şəhid olandan sonra artıq məktəbə tək gedib- gəlirdim. (ağlayır) Artıq onun yoxluğu özünü göstərmişdi. Hiss etdim ki, mən atasızam. Bilirsiniz, bu, balaca qız uşağı üçün çətin idi. O vaxtlar ata yoxluğu mənim üçün çox ağır idi. Amma indi atamla və bütün şəhidlərimizlə fəxr edirəm, çünki onlar bizə qəhrəmanlıq örnəyi göstərdilər”.

Vüsalə xanım deyir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olandan sonra artıq Şəhidlər xiyabanına başı dik olaraq gedir:

“Əvvəllər Şəhidlər xiyabanına gedəndə ağlayırdım, çünki düşünürdüm ki, istər Birinci Qarabağ müharibəsində, istər 20 Yanvar faciəsi və istərsə də Xocalı soyqırımında şəhid olanların qanı unudulub. Hər dəfə “Fəryad” filminə baxarkən bu hisslərim daha da artırdı. Ancaq bu gün Şəhidlər xiyabanına gedəndə fəxrlə və qürurla gedirəm. Bu gün xalqımız düşmənə nəyə qadir olduğunu sübut etdi, bütün dünyaya güclü bir dövlət olduğumuzu göstərdik. 44 günlük Vətən Müharibəsi günlərində hər dəfə Cənab Prezidentin verdiyi müjdəli xəbərlərdə çox böyük qürur hissi keçirirdim. Bəli, Azərbaycan dünyaya öz gücünü göstərdi və düşmənin bizdən aldığı torpaqları 44 gün ərzində qeyrətli oğlanlarımız geri qaytardı”.

V.Allahverdiyeva qəlblərdə silinməz izlər buraxan bu günlərin Azərbaycan xalqı tərəfindən unudulmasını istəmir:

“20 Yanvar hadisələri tariximizin qan yaddaşıdır. Şəhidlər xiyabanı heç də asan başa gəlməyib. Bilirsiniz, müharibə yaxşı bir şey olmasa da, əvvəlcədən ordu ona hazırlıqlı olur. Ancaq qanlı Yanvar günündə heç kəs hazırlıqlı deyildi. Bilmirdilər ki, nə baş verir…Nəinki 20 Yanvar, Azərbaycanın heç bir qan yaddaşı unudulmamalıdır. Azərbaycanın müstəqilliyi uğrunda canından keçən heç bir şəhidin qanı yaddaşlarda həkk olunmalı, gələcək nəsillərə ötürülməlidir…”

20 Yanvar facisəi dünyada insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq, qan yaddaşımıza əbədi həkk olacaq.

Azərbaycan tarixinin dönüş nöqtələrindən biri hesab olunan 20 Yanvar hadisələrinə ilk rəsmi hüquqi-siyasi qiymət 1990-cı ilin noyabr ayının 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Ali Sovetinin birinci sessiyasında verildi.

Şəbnəm Rəhimova

Gununsesi.info

seeBaxış sayı:39
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri